Skoda Azerbaijan yaxud Skaz Autohouse-dan yarıtmaz müştəri xidməti

“Azərbaycanda bu Skoda avtomobilini bir alan sevinir, bir də satan.”

Bu fikri eşitmişdim, amma ciddiyə almırdım. Çünki Çexiyanın məşhur Skoda avtomobilinin keyfiyyətinə, yüz ildən çox tarixinə yaxından bələd idim. Deyirdim ki, o boyda Volkswagen Group-a aid olan bu Skoda avtomobilindən niyə insan narazı olsun axı?

Amma necə deyərlər, sən saydığını say, gör Skaz Autohouse nə sayır. Azərbaycanda Skoda avtomobilinin rəsmi distribyuteri olan bu şirkətin servisi haqqında nə desəm, azdır. Çaşıb birdən kimsə Skoda avtomobili alar.

Skaz Autohouse-Skodanın Azərbaycanda rəsmi nümayəndəliyi

2021-ci ilin istehsalı olan, turbo-mühərrikli Skoda Octavia avtomobilini 46500 manata əldə etmişdim. Rusiyanın Kaluqa şəhərində istehsal olunan bu avtomobili almağımda yaxınlarımın tövsiyəsini, Skoda-nın yerli marketinq komandasının aktiv reklamını, maşının xarici görünüşünü, funksionalını, rahatlığını nəzərə almışdım.

Haqqına desək, yerli mağazanın satış komandası da çox peşəkar idi. Xüsusən də orda satış meneceri işləyən Namiq bəy də çox yaxşı təəssürat bağışlamışdı. Maşını istifadə etdiyim dövrdə həmişə yardım etmiş, məsləhətlərini əsirgəməmişdi. Yerli avtomobil dilerləri arasında ən yaxşı satış menecerlərindən biridir deyərdim.

Şkoda Oktaviya

Amma...Amma ki, satış komandası nə qədər səriştəlidirsə, servis komandası bir o qədər yarıtmaz, problem yaradan və məsuliyyətsizdir.

Avtomobilin özündə kiçik zavod nasazlıqları vardı. Hər dəfə servis işçiləri iddia edirdi ki, bu maşın elə belə də olmalıdır, heç bir problemi yoxdur. Mən də çox fikir vermirdim. Maşın xoşuma gəldiyimə görə bir-iki xırda problemi şişirtmirdim. Əsas odur ki, drayv zamanı rahat idim.

Amma get-gedə problemlərin sayı artmağa başlayırdı. Müxtəlif bəhanələrlə servis komandası dəstək göstərməkdən imtina edirdi.

Siz özünüz deyin, belə servisi olan şirkətdən avtomobil almağa dəyərmi?:

  • “Maşının qarantiyasının qurtarmasına 1 gün qalıb, biz təmirdən imtina edirik”. Absurdun dərəcəsini görürsünüzmü? Lap 1 saat qalsa da, siz zəmanət göstərməlisiniz.
  • “Kaluqadakı zavod bağlanıb, ona görə biz ehtiyat hissəsini gətirə bilmirik“. Xoruz yox idi, səhər açılmırdı? Rusiyada zavod bağlanıbsa, deməli bütün Skoda avtomobilləri nasaz olmalıdır? Axı elə Çexiyanın özündə zavod var, ordan da ehtiyat hissələri də gətirmək olar.
  • “Maşından səs gələr də...Hər maşının özünün səsi olur Öyrəşin birtəhər“. İngilislər demiş, no comments.

İndi isə gələk kulminasiya nöqtəsinə.

Avtomobilin mühərrikində və sürət qutusunun selektorunda nasazlıq yaranmışdı. Servisə müraciət edib soruşmuşdum ki, ay yoldaşlar, bu sonra ciddi problem yaratmaz ki? Avtomobilin 2 illik qarantiya müddətindən sonra bu problem şiddətlənsə mən nə edim?

Məni əmin etmişdilər ki, “narahat olma. Hətta zəmanət müddəti qurtarsa da, bizlikdir. Problem olmayacaq, təmir edərik pulsuz”

Hər ay kredit ödənişini etmək üçün sərasər getdiyimə, satış meneceri ilə olan səmimi münasibətimə və orada işləyən bəzi yaxın tanışlara görə mən də onlara inamışdım.

Və budur...2 illik zəmanət müddətinün üstündən 2 ay keçəndən sonra avtomobildə əməlli-başlı problem yarandı. Şəkiyə gedəndə yolda qalmışdım. Güc-birtəhər ötürücü qutusundakı problemi həll etmişdim.

Ümidlə servisə gəlib problemin həlli üçün onlardan dəstək istədim. Sağ olsunlar, insanlığa olan ümidimin üstündən xətt çəkdilər. Dedilər ki, “zəmanət bitib, bizə aidiyyatı yoxdur, pulsuz təmir etmirik”.

Onlara əvvəldən olan söhbəti xatırlatsam da, dedilər ki, heç yerdə bu razılıq fiks olunmayıb, rəsmi kağız yoxdur və s.

O avtomobili təmir etmək üçün maddi vəsaitim də var, əvvəllər ondan daha böyük maşın problemlərini həll etmişəm. Söhbət puldan, ödənişdən getmir. İnsana təsir edən onların sözlərinin üstündə durmamaqları, insanlara etinasız münasibətləridir.

Servisə məsul olan şəxslər, SR Auto-nin rəhbərliyi, bir az da dərinə getsək SR Holding-in rəhbərliyi, sualım sizədir:

  1. Niyə belə edirsiniz? Sözünüzə niyə sahib çıxmırsınız, niyə fikrinizin arxasında durmursunuz?
  2. Onsuz da qiymətləri aşağı olmayan servisiniz niyə bərbad gündədir?
  3. Maşını sata bilirsiniz, amma onu təmir etmək, ehtiyat hissələrini təmin etməyi bacarmırsınız?
  4. Marketinq, satış, reklam və s. üçün gördüyünüz işlərin üstündən niyə xətt çəkirsiniz?
  5. Olmazmı ki, məşhur çex brendinin adını ölkədə batırmaq əvəzinə əksinə, müştərilərdə yaxşı müştəri məmnuniyyəti yaradasanız?
  6. Niyə məcbur edirsiniz ki, biz istehlakçılar gedib digər avtomobil brendlərinə üz tutaq?

 

Oxşar məqalələr

 

0 şərh