Zəmanəyə ayna tutan “Zəmanə adamı”

Bağladı dilimi zamanın zəhmi,
Yüzdə bir sözümü deyə bilmədim.
Əyil keç, dedilər, saqqal altından
Vüqarlı qəddimi əyə bilmədim.
Vidadi Babanlı

Böyük və dəyərli yazıçımız Vidadi Babanlı özü zəmanə adamı ola bilməsə də “Zəmanə adamı” haqqında iki hissəli möhtəşəm bir roman yazdı, roman içində roman. Bu əsəri mən vaxtilə böyük ədəbi hadisəyə çevrilmiş “Vicdan susanda” əsərinin davamı kimi təsəvvür edirəm.
Rəngarəng, qeyri-adi olduğu qədər də təbii, gözlənilməz situasiyalarla zəngin bir romanla qarşılaşdım.
Nə yaxşı ki, bu iki romanda bir dənə də müsbət qəhrəman yoxdur. Axı Vidadi müəllimin yaradıcılıq manerası köhnə steoretiplərdən həmişə uzaq olub. Sadə, həm də mürəkkəb sujet xəttinə malik əsərdə hadisələrin gedişatı qəhramanların ömrünü “yeyir”. Elə yeyilməlidir də.  
Romanda əsas qəhrəman (mənfi qəhrəman) Əfsun bütün əxlaq və mənəviyyat normalarını ayaq altına atan, öz mənfəəti üçün min bir sifətə düşən dələduz bir adamdır. O, birinci romanda fatalizmə və şəhvətə uymuş bir qadının ailəsini dağıdır, ailə namusuna təcavüz edir. Elə buna görə də müəllif roman içində birinci romanını “Ləkələnmiş namus” adlandırır. Sonra isə siyasi dələduzluğa başlayır, özünü xalq hərəkatına sırımaq istəyir, həyasızlığı o dərəcəyə çatır ki, xalqın elçisi də olmaq istəyir.
Əfsunları yetişdirən nədir? Zəmanəmizdəki insanların böyük bir kəsimində fərdlərin daxili senzor mexanizminin çalışmaması.
 İnsanlarımızın böyük bir kəsimində fərdlərin daxili senzor mexanizmi çalışmır. Tamah, şəhvət, ucuz şöhrət hissi çoxdan bu senzorun qoyduğu məhdudiyyət həddini aşıb. Bir sümük parçasına otuz-qırx illik dostlarını satan, varlanmaq xatirinə min sifətə düşən, abırsız eyş-işrətlə gün keçirən zəmanə insanı azdırmı?
Müəllifin əsas məqsədi cəmiyyətimizdə əxlaq və mənəviyyatda gedən aşınmaya diqqət çəkməkdir. Bizim coğrafi itkimizdən çox mənəvi itkimizin olmasına diqqət çəkməkdir.
Mənəvi itki ən təhlükəlisidir. İndi cəmiyyətdə əxlaq sipəri çox kövrəkdir.
Cəmiyyətdə güclü əxlaq sipəri olsaydı, insana, vətəndaşa, ailə namusuna, peşə namusuna və vətən, torpaq namusuna münasibət də fərqli olardı.
Müəllif zəmanəmizdəki əxlaq məsələsini qabardaraq insanın mənəvi baxışları və hissləri, həyat motivasiyalarını, istiqamətlərini və prinsiplərini əhatə edərək xeyir və şər, vicdan və vicdansızlıq, şərəf və şərəfsizlik, ədalət və haqsızlıq, normal və qeyri-normallıq, mərhəmət və qəddarlıq və sair arasındakı qeyri-səlis sərhədləri çox ustalıqla göstərir.
Mənəviyyat ictimai və şəxsi səviyyədə özünü göstərir. İndivid əxlaq normalarını sosiallaşma prosesində əldə edir. Humanizmə, xeyirxahlığa, şərəfə, ədalətə, alicənablığa yönəldilmiş proseslərdə mənimsəyir.
Mənəviyyat və əxlaq anlayışları müxtəlif çalarlara malikdir. Əxlaq bir qayda olaraq kənar qiymətləndirici subyektin (başqa adamların, cəmiyyətin, məscidin və sair) olmasını nəzərdə tutur. Mənəviyyat isə əsasən insanın daxili aləminə və onun özünün etiqadına yönəlib. Müəllif göstərir ki, bu gün zəmanəmizdə mənəviyyat əxlaqdan daha sürətlə aşılanıb.
Ailə insan cəmiyyətinin əxlaq və mənəviyyatının əsasını təşkil edən özəkdir. Buna görə də əxlaq və mənəviyyatı cəmiyyətdə müəyyən səviyyədə mühafizə etmək üçün ailə prinsiplərinin və dəyərlərinin mənəvi əsasını toxunulmaz olaraq qorumaq vacibdir.
Əks halda ailənin tənəzzülü qaçılmazdır, həmçinin ailə ilə birlikdə bütün cəmiyyətin tənəzzülü qaçılmazdır. Durnanın bunu qoruya bilməməsinin necə böyük faciələrə gətirdiyi hamı üçün Babanlı tərəfindən göndərilən dəyərli ismarıcdır. Burada bir şeyi də qeyd etməyə bilmərəm. Real həyatda hər bir şeyin bir əndazəsi olmalıdır. Elə Bəhlulun da sadəlövhlüyünün, maymaqlığının əndazəsi də. Durnanın əri Bəhlul həyat yoldaşının “sevgilisi” Əfsuna belə müraciət edir: “Bir də tapşırıram ayağını çəkmə bizdən. Boş vaxtlarında təşrif buyur. “Üç telli” də, mən də yolunu gözləyəcəyik”. Ailəni qorumaq kişi işidir. Bu baxımdan müəllifin bədii priyomu çox  düzgündür ki, Bəhlulun həyatı belə faciəvi qurtarır.
Əfsuslar olsun ki, bu vicdan təbili çalan əsər cəmi 500 tirajla çap olunub. Axı V.Babanlının “Vicdan susanda” əsəri Moskvada 2 dəfə 100.000 tirajla çap olunmuşdu. Görünür, bu da zəmanə işidir. Heç yadımdan çıxmaz 1981-ci ildə Moskvada Kalinin Prospektindəki kitab maqazininə gələrkən küçədən tutmuş 2-ci mərtəbəyə kimi böyük bir növbə gördüm. Düzü tez-tez baş çəkdiyim bu kitab evində heç vaxt belə bir növbəyə rast gəlməmişdim. Soruşdum nəyə növbədir. Dedilər: “Когда молчит совесть”. Fəxr etdim ölkəm üçün, millətim üçün.
Vidadi Babanlının “Zəmanə adamı”ndan insanlara ünvanlanan mesajı budur ki, müasir cəmiyyətin əsas əxlaqi prinsipləri bütün klassik əxlaqi imperativləri — “öldürmək olmaz”, “oğurluq etmə”, “yalan danışma” (böhtan atma), “canıyanan ol və başqalarına kömək et” — özündə ehtiva edir.
Romanda yazıçı rəvan bir dildə oxucu qarşısına çıxır.
Sonda oxucunun bu dəyərli romanı oxumağını tövsiyə edirəm. “Zəmanə adamı” bütün məziyyətləri ilə diqqətə layiq və maraqlı romandır.
Zəmanəyə ayna tutan bu əsərin müəllifi, usdad sənətkar V.Babanlı bu romanda bütün insanlara isamarıc göndərir ki, çalışaq ki, həyatda çaşmayaq.  
Rafiq Əliyev, professor
 

0 şərh