Şəhər Bələdiyyə İdarəsi və Duma

Rusiyada təhkimçilik sisteminin ləğv edilməsindən sonra şəhərlər inkişiaf etməyə başlayır. Əhalinin sayı çoxalır. Bununla əlaqədar şəhərlərin büdcələri də artırdı. Buna görə keçmiş şəhərlərin idarə edilməsi sistemi daha yaramırdı. Şəhərləri idarə etmək sistemində mütləq reforma yaradılmalı idi. Bu reformanın yaradılması hazırlığı 8 il çəkdi. Nəhayət 1870-ci ilin 16 iyununda təsdiq edildi. O əvvəlcə Rusiyanın daxili quberniyalarında həyata keçirildi. Zaqafqaziyada isə onun həyata keçirilməsi ləngiyirdi. Buna da bəhanə o idi ki, guya yerlilərin şəhər özünü idarə işində səriştələri yoxdur. Qafqaz canişini və qubernatorlar da bu fikirdə idilər. Bakı qubernatoru Kolyubakin də isbat etməyə çalışırdı ki, bu məsələ nə qədər uzansa yaxşıdır. Guya yerli əhali bu məsələnin həlli üçün hələ lazımınca inkişaf eləməmişdir. Qubernatorların etirazının səbəbi məlum idi. Bilirdilər ki, şəhərlərdə dumaların yaradılması müəyyən ictimai fikirlərin yaradılması ilə əlaqədardır. Bu iddialar şübhəsiz ki, onların müstəmləkəçilik siyasəti ilə əlaqədardı. Həmin səbəbdən şəhər özünü idarə sistemi haqqında fərman yalnız 7 ildən sonra Bakıda həyata keçirilməyə başladı. Bakı qubernatoruna təklif olunurdu ki, dumaya qlasnıların seçilməsinə hazırlıq aparılsın. Qlasnıların sayı yarısınadək xristian olmayanlardan, yəni yerlilərdən seçilməlidir.
Əvvəla dumaya hər adam seçilə bilməzdi. Ancaq müəyyən varidatı olanlar: böyük mülk sahibləri, ticarət və sənaye müəssisələri başçıları, şəhərdə iki ildən az olmayaraq yaşayanlar seçilə bilərdilər. Bundan başqa şəhər vergisi verən müəssisə və şirkətlərin, monastır və kilsələrin də nümayəndələri seçki hüququndan istifadə edə bilərdilər. Bir  sözlə bu seçkilər ancaq xüsusi mülkiyyət  hüquqlarına əsaslanırdı. Seçicilərin də iştirakı çox məhdud idi. Fəhlələr, pedaqoqlar, müəllimlər, kiçik xidmətçilər, əgər vergi vermək üçün mənzilləri yoxsa seçkilərdə iştirak edilməyə buraxılmırdı. Habelə qadınlar və 25 yaşından kiçik olan gənclər də seçkiyə buraxılmırdı. Belə məhdudiyyət nəticəsində əhalinin yalnız 2-3 faizi seçkilərdə iştirak edə bilərdi. Seçiləcək qlasnıların ümumi sayı seçicilərin sayından asılı olaraq 30 ilə 72 arasında olurdu. Birinci dumaya Bakıdan seçilən 72 nəfərdən 36 nəfəri müsəlman idi.
 
Səsvermə hər bir namizəd üçün ayrılıqda keçirilirdi. Seçki qutuları iki yerə bölünmüşdü: yarısı ağ, yarısı qara. Hər seçiciyə bir şar verilirdi. Namizədin xeyrinə səs vermək istəyən şarı sağ tərəfdəki ağ qutuya, əleyhinə səs vermək istəyən isə qara tərəfə salmalı idi. Yalnız çox nadir hallarda mütərəqqi ziyalılar dumaya seçilə bilirdilər. Məsələn, 1877-ci il dekabrda Bakı şəhər dumasına seçilən qlasnılar içərisində yalnız iki-üç nəfər ziyalı var idi: Həsən bəy Zərdabi, müəllim Həbib bəy
Mahmudbəyov, Ə.  M. Topçubaşov.  Bunlar  seçilmək  hüququ qazanmaq  üçün
başçısı ölmüş varlı ailələrindən birinə qəyyum təyin edilməli idi. Yalnız bu yolla onlar dumaya seçilə bilmişdilər. 1877-ci ildə dumaya seçilmiş 36 nəfər müsəlman qlasnıları içərisində Bakı varlılarından aşağıdakılar da vardı: H. Z. Tağıyev, Şəmsi Əsədullayev, İbrahim bəy Aşurbəyov, Əliİskəndər Aşurov, İsabəy Hacınski, Ağabala Quliyev, Musa Nağıyev, Nəcəfqulu Sadıqov və başqaları.
Şəhər özünü idarə orqanlarının vəzifəsi əvvəllər yerli təsərrüfat məsələləri ilə məhdud edilmişdi. Şəhər vergilərini toplamaq, küçələri, döşəmələri səliqəyə salmaq, bazarlar düzəltmək, yanğına qarşı tədbirlər görmək və sairə. Lakin təsərrüfat məsələlərində də duma müstəqil deyildi. Vergiləri öz bildikləri kimi müəyyən etməyə, vəsaitlərini xərcləməyə onların ixtiyarları yoxdu. İctimai idarə üzərində qubernator və onun yanındakı quberniya idarəsi tərəfindən daima nəzarət vardı. Duma tam mənada yerli poiis idarəsindən asılı idi. Şəhər idarəsi şəhər təsərrüfatına aid bütün qərarları polis idarəsi ilə razılaşdırmalı idi. Çünki bu qərarları həyata keçirmək üçün güc polisin əlində idi. Şəhər dumasının icraiyyə orqanı şəhər başçısının (qolovası) başçılıq etdiyi idarə (uprava) idi. Şəhər başçısı, idarə üzvləri və katibi də iki qat seçki ilə seçilir və qubernator tərəfindən təsdiq edilirdi. İdarənin üzvləri adətən 3-4 nəfərdən artıq olmurdu. Onun tərkibinə hər millətdən bir nümayəndə seçilirdi. Məsələn, 70-80-ci illərdə idarənin üzvləri aşağıdakılardan ibarət idi: Kamil bəy Səfərəliyev, Arütünov Cümşüd Cavadoviç, Makedonski Boris Aleksandroviç və Məmməd Həsən Hacınski. İdarənin katibi isə bir müddət Nəcəf bəy Vəzirov olmuşdu.
Qlasnıların bəziləri öz vəzifələrindən sui-istifadə edərək qanunu pozur, qanunsuz olaraq torpaqları mənimsəyir və hər yolla varlanmağa çalışırdılar. Onlar şəhərin ancaq varlılar yaşayan hissəsinin qayğısına qalırdılar. Yoxsulların, fəhlələrin yaşadıqları məhəllədə isə həmişə palçıqlı, natəmiz və qaranlıq olurdu.
Bunu hətta «Kaspi» qəzeti də etiraf etməyə məcbur olmuşdu. Qəzetin 1895-ci il 19 may  tarixli  nömrəsində  yazılmışdı:  «Bizim  qlasnılardan  kim  əhalinin  yoxsul təbəqəsinin həyat şəraitinin yaxşılaşdırılması qeydinə qalır, günəş şüalarının onların həyatına daxil olması, palçıq içərisində boğulmamaları, murdar su içməmələri barədə fikirləşməyi özünun mənəvi vəzifəsi hesab edir? Bu barədə hər hansı bir qlasnıya söyləyəndə o gözünü döyəcləyə-döyəcləyə gülümsəyəcək və özünə haqq qazandıracaqdır ki, bütün bunların ona heç bir dəxli yoxdur».
Dumanın iclaslarında yalnız demokratik cərəyana daxil olanlar (bunların sayı çox az idi) haqq və ədalət uğrunda mübarizə aparırdılar: Həsən bəy Zərdabinin dumada tutduğu mövqe xüsusilə qeyd edilməlidir. O maarif və mədəniyyətin inkişaf etdirilməsi, yoxsul adamların qayğısına qalmaq yolunda  yorulmadan mübarizə aparırdı. Azərbaycan dilində məktəblərin açılması,  mədəni  ocaqların təşkili və Azərbaycan dilinin tərəqqisi uğrundakı çıxışları da çox dönməz və qəti idi. Dumanın elə bir iclası olmurdu ki, o çıxış edib, konkret təkliflər irəli sürməsin. O ta 1907-ci ilədək qlasnı seçilmişdi. Dumada təhsil və tibb komisiyonunun üzvü idi. Neft rayonlarında məktəb şəbəkəsinin genişləndirilməsini, müəllimlərin maaşlarının  artırılmasını  təkidlə  tələb  edirdi.  Tiflis  və  Bakı  varlıları  xalq  vəsaiti hesabına Tiflisdə politexnikum açılmasını təklif etdikdə Zərdabi etiraz etmişdi: «Qoy şəhər əhalisinin yoxsul təbəqələri üçün çoxlu ibtidai, professional və kənd təsərrüfat məktəbləri açılsın. Tiflis politexnikumu üçün qoy Montaşev, Xetisov, Qukasov pul versin. Çünki bu texnikumda onların uşaqları oxuyacaqlar».
Həsən bəy Zərdabi dumanı haqsızlıq, cəhalət və geriliyə qarşı  tribuna çevirmişdi. Şəhər idarəsinin hər bir ədalətsiz hərəkəti onu qəzəbləndirirdi. O qlasnı olmağı müqəddəs hesab edirdi. Seçicilərə məsləhət bilirdi ki, dumaya namuslu, ədalətli adamları seçsinlər. Elə adamlar seçsinlər ki, şəhərin mədəni tərəqqisi uğrunda mübarizə apara bilsinlər. "Əkinçi" qəzetinin 1877-ci il 1 avqust tarixli nömrəsində yazrdı: "...Biz intixab edici qardaşlarımıza bir az məsləhət edəcəyik. Siz Allah, intixab edən zaman intixab elədiyiniz adamların uzun saqqalına, böyük qurşağına, dəmir sandığının doluluğuna baxmayın. Şəhər divanxanalarında danışıq, yazı-pozu rus dilində olacaq. Ona binaən gərək rus dili bilən doğru adamlar intixab edəsiniz ki, xaçpərəstlər intixab edən calislərin (onlar üçdən iki hissə intixab edəcəklər) arasında bizim adımızı dəxi ziyadə batırmasınlar".
Həsən bəy Zərdabinin dediyi kimi də olmuşdu. Dumaya elə adamlar seçilmişdi ki, iclaslarda gedən mübahisələrdən bir kəlmə də başa düşmürdülər. Bu ucbatdan kvorum olmadığından; iclaslar baş tutmurdu. Şəhər duması qlasnıları seçicilər qarşısında hər cür məsuliyyətdən azad idilər. Seçicilər qlasnılara heç bir təlimat verə bilməzdilər. Buna görə qlasnıların əksəriyyəti özünü idarə orqanlarına çox laqeyd yanaşırdılar. Məsələlərin çox ciddi müzakirəsi zamanı iclası tərk edib, gedirdilər. «Bakinskaya izvestiya» qəzeti 1878-ci il 7-ci nömrəsində yazırdı: «Bizim qlasnılar arasında bir nəfər də universitet təhsilli texnik və mütəxəssis yoxdur. İçərilərində hətta elələri var ki, rus dilini ağıllı-başlı bilmirlər. 36 nəfər müsəlman qlasnısından ancaq 5 nəfəri rus dilində öz fikrini izah edə bilir».
Bəlkə bu səbəbdəndir ki, 1892-ci ildə şəhər bələdiyyəsi haqqındakı yeni qanunun 44-cü maddəsində deyilirdi ki, qlasnıların ümumi siyahısında müsəlman qlasnılarının sayı üçdə bir hissədən artıq olmamalıdır. Bu III Aleksandrın fərmanı idi. Bu fərmanla şəhər özünü idarəsinin hüquqları da azalır, əvəzində qubernatorun nəzarəti gücləndirilirdi. Şəhər əhalisinin artmasına baxmayaraq, seçicilərin sayı daha da azalmışdı. 1891 — 1901-ci illərdəki seçkilərdə əhalinin yalnız 1,5 faizi iştirak etmişdi.
Bundan sonra Qafqaz canişinliyinə və mərkəzi hökümətə çoxlu ərizələr getdi. 1900-cü il dekabrın 1-də imperatorun təzə fərmanı çıxdı. Bu fərmana əsasən əvvəlki qayda bərpa olundu və müsəlman qlasnılarının sayı ümumi sayın yarısından çox olmayaraq, müəyyən edildi.
Dumanın birinci iclası 1878-ci il yanvarın 14-də Bakı şəhər başçısı Cakelinin sədarəti altında açılmışdı.
 
Şəhər dumasına seçkilərlə yanaşı Bakı quberniyasında Dövlət Dumasına da seçkilər keçirilmişdi. Birinci Dövlət Dumasına seçkilər barədə qanun 1905-ci il 11 dekabrda olmuşdu. Dövlət Duması rus imperiyasının əhalisi tərəfindən seçilən üzvlərdən təşkil olunurdu. Birinci Dumaya Rusiyanın quberniya şəhərlərindən 412 nəfər, Polşanın rus əhalisindən 38 nəfər, Qərbi Sibirdən 14 nəfər, Asiya ölkəsindən 10 nəfər, Qafqazdan, 29 nəfər, Şərqi Sibirdən 7 nəfər, Orta Asiyadan 13 nəfər üzv seçilmişdi. Birinci Dövlət Dumasına Bakı quberniyasından Şamaxı taciri Məmmədtağı Əliyev, Cavad qəzasından qəzada tərcüməçi işləyən müəllim Əsədulla bəy Muradxanov, Bakıdan Əlimərdan bəy Topçubaşov, keçmiş Gəncə quberniyasından Şuşa Bələdiyyə İdarəsinin üzvü Əbdürrəhim bəy Haqverdiyev, Gəncə xanları nəslindən olan Gəncə prokurorunun müavini İsmayıl bəy Ziyadxanov seçilmişdilər.
1906-cı ildə Moskvada çap olunmuş Bonoviçin «Dövlət Dumasının üzvləri birinci çağırış» adlı kitabında adlarını çəkdiyimiz deputatların tərcümeyi-halları və şəkilləri verilmişdir.
İkinci Dövlət Dumasına seçkilər haqqında qanun 1907-ci il 3 iyunda olmuşdu. Dövlət Dumasına Bakıdan H. Z. Tağıyevin oğlu İsmayıl bəy Tağıyev, Əmirhacıyan  kəndindən  fəhlə  Zeynal  Zeynalov,  müəllim  Mustafa  Mahmudov, keçmiş Gəncə quberniyasından vəkil Fətəli xan Xoyski, hüquq təhsilli iri mülkədar Xəlil bəy Xasməmmədov seçilmişdir.
Birinci Dövlət Dumasında müsəlman fraksiyası olmadığı üçün azərbaycanlılar kadetlərin tərkibinə daxil edilmişdilər. Əslinə qalarsa, 1907-ci il 3 iyun tarixli seçki qanunu Stolıpin höküməti tərəfindən bir növ sakit çevriliş idi. O İkinci Dumanı qovmuşdu. Çünki İkinci Dövlət Dumasının üzvləri daha sol idilər. Onlar həmin illərdə xalqın çarizm əleyhinə qəzəbli çıxışlarından sonra seçilmişdilər. Dumanın buraxılması Rusiyada yaşayan müsəlman əhalisinə ağır bir zərbə idi. Dumanın buraxılması barədə çarın fərmanında açıq deyilirdi: «Rus dövlətini möhkəmlətmək məqsədilə yaradılmış Dövlət Duması öz ruhu etibarilə rus Duması olmalıdır. Dövlətimizin tərkibinə daxil olan başqa xalqların nümayəndələri yalnız öz ehtiyaclarının nümayəndəsi olmalıdırlar. Onlar xalis rus məsələsinin həll edilməsində qəti səsə malik olmamalı və olmayacaqlar. Dövlət vətəndaşlığının kifayət qədər inkişaf etmədiyi ucqarlarda Dövlət Dumasına seçkilər müvəqqəti olaraq dayandırılır».
Beləliklə Zaqafqaziya üzrə 20 deputat yerindən cəmi 5 yer saxlanmışdı. Bundan əlavə bir yer də Zaqafqaziyanın quberniyaları deputatları müstəqil seçirdilər. İndi isə bütün quberniyalar 6 seçki dairəsində birləşməli idilər. Bakı şəhəri isə seçki hüququndan tamamilə məhrum edilmişdi.
Bu göstərirdi ki, çar mütləqiyyəti Rusiyanın tərkibində yaşayan xalqlardan çəkinirdi. Xüsusilə 1905-1907-ci illərdə bu xalqların inqilabi hərəkatda yaxından iştirak etmələri Nikolay hakimiyyətini bərk qorxuya salmışdı. İkinci Dövlət Dumasının buraxılmasının başlıca səbəblərindən biri də bu idi.
Bakı Duması 1878-ci ildən Qoşa Qala qapısı yanında olan iki  mərtəbəli binada yerləşirdi. Bu bina sonralar fəhlə klubu adı ilə tarixə düşmüşdü. 1900-cü ildə isə duma və şəhər idarəsi üçün yeni binanın əsası qoyulur. Bu, məşhur memar Qoslavskinin layihəsi əsasında tikilmiş (indiki Bakı Sovetinin binası) əzəmətli bir bina idi. Burada sərf olunmuş materialların bir hissəsi xarici ölkələrdən gətirilmişdi. 1904-cü ildə bina hazır olur və duma, şəhər idarəsi Qoşa Qala qapısı ağzındakı iki mərtəbəli binadan buraya köçür. Hazırda binaya tamaşa edənlər onun üstündə yazılmış 1870 rəqəmini gördükdə binanın həmin ildə tikildiyini güman edirlər. Əslində isə 1870 rəqəmi binanın tikilmə tarixi deyil, şəhər özünü idarələr barədə verilmiş fərmanın tarixidir. Dumanın və şəhər idarəsinin xidməti az olmamışdır. Şəhərin abadlaşması, şəhərə su çəkilməsi, atlı dəmir yolunun (konkanın) işə düşməsində və sairədə böyük fəaliyyət göstərmişdir. Şəhər idarəsi bütün tədbirləri ayrı-ayrı varlılara  icarəyə  vermək  yolu  ilə  həyata  keçirirdi. Məsələn, atlı dəmir yolunun çəkilməsi əvvəl başdan H. Z. Tağıyevə, ondan sonra başqalarına icarəyə verilmişdi. İçəri şəhərə giriş yolunun çətinliyni nəzərə alaraq, 1806-cı il oktyabrın yeddisində Şəhər idarəsi icazə verir ki, şəhərin Şamaxı darvazası yanında ikinci darvaza açılsın. Bu iş torq yolu ilə Hacıbaba Haşımova tapşırılır. Birinci dərəcəli tacir olan Hacıbaba Haşımovun həmin meydançada iki mərtəbəli gözəl bir binası da vardı. 1880-ci ilin 14 mayında şəhər duması yeni çəkilməkdə olan dəmir yolunun vağzalı üçün Krasilnikovun  üzüm  bağında  yer ayırır (indiki vağzalın yeri). 1883-cü ildə Tiflisdən gələn ilk qatar, daha sonra 1900-cü ildə Dərbənddən gələn ilk qatar bu vağzala qəbul olunur. 1884-cü ildə şəhərin ikinci alçaq divarı şəhərin baş memarı Hacıbabayevin rəhbərliyi altında sökülür və onun daşlarından birinci divarın möhkəmlədilməsi üçün istifadə edilir. Onu da qeyd edək ki, şəhərin abadlaşdırılması üçün görülən bütün tədbirlər dumanın iclaslarında böyük mübahisələrə səbəb olurdu. Bakıda telefon xəttinin çəkilməsi zamanı yerli əhalinin,  xüsusilə  böyük  mülk  sahiblərinin  narazılıq ərizələri böyük mübahisəyə səbəb olmuşdu. Mülk və mağaza  sahibləri  razı olmurdular ki, onların binaları qarşısında iri taxta şalbanlar basdırılsın. Sonralar bu taxta şalbanların bəziləri dəmir dirəklərlə əvəz edildi. Bundan  da  narazı  olanlar vardı. Nəhayət, qərara alındı ki, telefon xətləri divarlara vurulan kronşteynlər vasitəsilə çəkilsin. Telefon şalbanları ancaq Qara şəhərə gedən küçədə qaldı. Bu küçədə telefon dirəkləri meşə ağacları kimi bir-birinin böyründə bitmişdi. O vaxtdan bu küçənin adı Telefon küçəsi qalmışdı. Sonralar, 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi ilə əlaqədar bu küçəyə  «Romanovlar»  adı verilmişdi. 1890-cı illərin axırlarında Bakı şəhərinin herbi təsdiq olundu. Bu lövhə üzərində  rəsm  edilmiş  üç  alovdan  ibarətdi.  Lakin  bu,  Bakının  ilk  herbi  deyildi.
 
Bakının birinci herbi hələ 1840-cı ildə Bakı keçmiş Xəzər oblastına daxil olduğu zaman təsdiq edilmişdi. Məlum olduğu üzrə I Pyotr dövründə nizami qoşun ərzaqla təmin olunmaq üçün quberniya və şəhərlərdə yerləşdirilmişdi. Onlar yerləşdikləri yerin adı ilə adlandırılmış və özlərinə herb də düzəltmişdilər. Bakının herbi dörd hissəyə bölünmüş lövhədən ibarətdi. Yuxarıda sağ tərəfdəki hissədə yerdən çıxan üç qaz şırnağı, sol hissədə isə pələng şəkli həkk edilmişdi. Aşağıdakı hissələrdə isə sağ tərəfdə lövbər, sol tərəfdə isə yüklü dəvə rəsm edilmişdi. Dəvənin üstündəki yükün isə hər tərəfində açmış zəfəran çiçəyi vardı. Bu onu bildirirdi ki, zəfəranın vaxtı çatanda quru yerdə də çiçəkləyə bilər. Yuxarıdakı  birinci  və  ikinci hissələrdəki şəkillər Bakının görkəmli yerlərini, aşağıdakı lövbər və yüklü dəvə isə Bakı əhlinin məişətini əks etdirirdi. Sonralar Bakının ikinci herbindəki üç alov da birinci herbdəki üç  yanan qaz şırnağının davamı idi. Üç atəş qədim İran əfsanəsindən götürülmüşdü. M. Ə. Rəsulzadə 1918-ci il 3 dekabr tarixli «Azərbaycan» qəzetində əfsanə haqqında belə yazırdı:  "Ən  qədim  İranlılarda  üç atəş əfsanəsi vardır. Bu əfsanə Azərbaycan ənənəsi ilə əlaqədardır".
Herbin üzərində təsvir olunan pələng şəkli çox qədimlərdən Abşeron yarımadasında, xüsusilə Binə düzənliyindən başlayaraq, Zirəyədək uzanan tuğayı meşələrində yaşayan vəhşi heyvanlara işarə idi. Lövbər yerli əhalinin dənizçiliklə məşqul olduğunu göstərirdi. Yüklü dəvə yeganə nəqliyyat vasitəsinin simvolu, çiçəkləyən zəfəran isə Abşeronda bitən qiymətli bitkiyə işarə idi.
Bakının ikinci herbi təsdiq ediləndən sonra şəhər bələdiyyə idarəsi tərəfindən dövlət binaları üstünə vurulurdu. Bu, lövhə üzərində həkk olunmuş üç alovdan ibarət herb idi.
 
Müəllif: Qılman İlkin. BAKI VƏ BAKILILAR 
Mənbə: BAKI VƏ BAKILILAR (Üçüncü nəşri).ISBN-9952-426-12–7
 
 

0 şərh