Milli kimlik

Öncədən qeyd edim ki, yazıda millət anlayışına ingilis dilində olan “nation” prizmasından baxdığım üçün xalq və millət arasındakı fərqlərin irdələnməsinə keçməmişəm. Bundan başqa yazıda qeyd olunan “azərbaycanlı” adını müxtəlif dövrlər ərzində millət anlamında işlətmişəm.
Millət hər şeydən əvvəl ümumilik, insanların müəyyən ümumiliyi əsasında formalaşan icmadır. Bu icma heç bir zaman irqi və ya tayfa ittifaqı əsasında ortaya çıxmayıb. Mövcud italyan milləti romalılardan, almanlardan, etrusklardan, yunanlardan, ərəblərdən meydana gəlib.
Fransız milləti qallar, romalılar, ingilislər, almanlardan ibarət idi. Azərbaycan milləti dedikdə də bu ərazidə yaşayan ləzgi, saxur, talış, erməni, türk, rutul, gürcü və bir çox etnik qrupun vahid formada birləşdiyi bir icma başa düşülür. Müxtəlif irq və tayfaların bir xalq formasına birləşdiyi almanlar və ingilislər barədə də eyni sözləri söyləmək mümkündür.
Milli kimlik
Beləliklə millət anlayışını irqi və tayfa ittifaqları çərçivəsində deyil, insanların tarixi proseslər nəticəsində ümumi yaşayış birliyi kimi qiymətləndirmək lazımdır. Digər tərəfdən, 2-ci Kir ya da Makedoniyalı İsgəndərin fərqli tayfalardan və irqlərdən meydana gələn topluluqlarını millət adlandırmaq olmaz. Onlar bu və ya digər hökmdarın qalibiyyəti və ya məğlubiyyətindən asılı olaraq birləşən və yaxud dağılan, bir-biri ilə az əlaqədə olan icmalar yığımı idi. Beləliklə, biz millət anlayışına təsadüfi və müvəqqəti konqlomerat olaraq yox, insanların möhkəm ümumiliyi olaraq baxmalıyıq. Buna əsasən biz iddia edə bilərik ki, indiki Azərbaycanda millət anlayışının formalaşması Sasanilər dövründə başlayıb. 300 il ərzində Sasanilər ilk dəfə regional olaraq bütün Azərbaycanı əhatə edən və sistemli mərkəzləşmiş dövlət idarəçiliyi formalaşdırdı.
Buna baxmayaraq hər möhkəm birliyin də millət yaratdığını deyə bilmərik. Avstriya-Macarıstan imperiyası və Rusiya imperiyası uzun müddət ərzində formalaşan möhkəm bir icmaya sahib idi, lakin heç kəs onları bir millət olaraq təsnifləndirmədi. Bu paraleli Azərbaycan tarixi çərçivəsində də göstərmək olar. 90 illik Çar Rusiyası dövrü Azərbaycanda yaşayan əhalidə “rusiyalı” identifikasıyası yaratmadı. 70 illik Sovet dövrü barədə də eyni sözləri demək mümkündür. O zaman belə bir sual ortaya çıxır: Milli icmanın dövlət icmasından fərqi nədir?
Milli icma onları birləşdirəcək ümumi dil olmadan mümkün deyil, ancaq dövlət icması ümumi dil olmadan da mümkün ola bilər. Məsələn, Avstriya-Macarıstan imperiyasında yaşamış çexlərin, Rusiya imperiyasında yaşamış azərbaycanlıların milli ümumiliyi dil olmadan mümkün ola bilməzdi. Buna baxmayaraq Rusiya və Avstriyanın içində müxtəlif dillərin olması onların əsrlər boyunca bütövlüyünə mane olmurdu. Bu surətlə iddia edə bilərik ki, dilin ümumiliyi millətin xarakterik xüsusiyyətlərindən biridir. Əlbəttə, bu o demək deyil ki, millətlər hər yerdə müxtəlif dildə və eyni dildə danışırsa deməli bir bütov mexanizm təşkil edə bilərlər. Hər bir millət üçün ümumi dil icbaridir, lakin müxtəlif millətlər üçün müxtəlif dil icbari deyil. Fərqli dillərdə danışan bir millətin olmaması eyni dildə danışan 2 millətin olmaması anlamı çıxartmamalıdır. İngilislər və amerikalılar eyni dildə danışsalar da bir millət təşkil etmirlər. Eyni şeyi makedonlar və bolqarlar, avstriyalılar və almanlar, rumınlar və moldovanlar haqqında da demək olar.
Bu mənada azərbaycanlılar xüsusi önəm təşkil edir. Hal-hazırda azərbaycanlılar tarixi məskunlaşma baxımından Azərbaycanda, Gürcüstanda, Rusiyada, İranda, Türkiyədə, İraqda və Suriyada yaşayırlar. Bəs nəyə görə, məsələn Rusiya və Gürcüstan azərbaycanlıları istisna İraqda, Suriyada, İranda, Türkiyədə yaşayan azərbaycanlılarla Azərbaycanda yaşayan azərbaycanlıların dillərinin bir olmasına baxmayaraq eyni millət deyillər? Hər şeydən əvvəl ona görə ki, onlar bir yerdə deyil, müxtəlif yerlərdə yaşayırlar. Millət insanların yalnız uzun müddət və müntəzəm münasibətləri nəticəsində, nəsilbənəsil birlikdə yaşaması ilə əmələ gəlir. Ərazi birliyi olmadıqda uzun müddət birgə yaşamaq mümkün deyil.
Azərbaycanlılar, türklər və türkmənlər əvvəl birlikdə Oğuz yabqu dövlətinin özəyində formalaşmış ümumi millət idi. Oğuzlar 11-ci əsrdə cənuba doğru irəlilədikcə 2 dəfə ad dəyişdirdilər. İlk öncə oğuz tayfalarının ümumi adı türkmən kimi xarakterizə olunurdu. 1038-ci ildə artıq Səlcuq dövlətinin qurulması ilə oğuzlar səlcuq türkləri adlandırılmağa başlandı. İndiki Türkmənistanda qalan səlcuq türkləri burada yaşayan soğdlarla, taciklərlə qarışaraq türkmən xalqını, Zaqafqaziyaya axın edən səlcuq türkləri burada yaşayan irandilli və qafqazdilli xalqlarla qarışaraq azərbaycanlı millətini, Anadoluya axın edən səlcuq türkləri isə burada yaşayan yunan, erməni və digər millətlərlə birləşərək indiki literaturda deyildiyi kimi türk millətini formalaşdırdı.
Təbii ki, 11-ci əsrdən bugünə qədər bu regionlarda baş verən siyasi qarşıdurmalar və digər formada köçürülmə regiondakı etnik mənzərəyə təsirini göstərdi. Ancaq bütün bunlar səlcuq türklərinin regionda yaratdığı etnik hemegonluğu zəiflətmədi (əksinə gücləndirdi). Bu mənada ingilis-amerikan misalını da çəkə bilərik. Amerikaya ingilis axınından əvvəl amerikan milləti deyə bir anlayış yox idi. Sonra ingilislərin bir hissəsi İngiltərədən köçüb Amerikaya getdi və burada digər Avropa ölkələrindən köçüb gələnlərlə birlikdə amerikan millətini əmələ gətirdilər. Ərazinin müxtəlif olması müxtəlif millətlərin əmələ gəlməsinə səbəb oldu. Beləliklə, ərazi birliyi millətin başlıca xüsusiyyətlərindən biridir.
Lakin bu da azdır. Ərazi birliyi özü-özlüyündə hələ millət əmələ gətirmir. Millətin əmələ gəlməsi üçün bundan əlavə millətin ayrı-ayrı hissələrini birləşdirib vahid şəklə salan daxili iqtisadi əlaqə lazımdır. İngiltərə ilə ABŞ arasında bu cür əlaqə yoxdur, buna görə də onlar iki müxtəlif millətdir. Əmək bölgüsü, yolların inkişafı və i.a. sayəsində Amerikanın müxtəlif bölgələri birləşib bir iqtisadi vəhdət təşkil etməsəydi, amerikalıların özləri də millət adlanmağa layiq olmazdılar. Buna görə İraqda, Suriyada, İranda, Türkiyədə yaşayan azərbaycanlılar ayrı bir millət təşkil edirlər. Onların indiki Azərbaycanla ən az 200 illik daxili iqtisadi münasibəti yoxdur.
Gürcüstan və Rusiya (Dərbənd) azərbaycanlıları isə bu qrupa daxil deyil. Həm Çar Rusiyası, həm də Sovet dönəmində bu regionlar Azərbaycanla iqtisadi olaraq sıx bağlı idi. 1991-ci ildə SSRİ-nin dağılmasından sonra Borçalı regionu ilə Azərbaycan arasındakı iqtisadi əlaqələr müəyyən qədər zəifləsə də yox olmadı. İndiki dövrdə də bu regionun Azərbaycanla sıx iqtisadi münsibətləri var. Ancaq eyni nüansı Gürcüstanın şimal qərbində yaşayan Laqodexi azərbaycanlıları barədə demək olmur. Bu regionun qonşu Balakənlə iqtisadi münasibətləri zəifdir və bu səbəblə millətin formalaşması üçün vacib olan iqtisadi vəhdət get-gedə ortadan qalxır. Bu iqtisadi vəhdətin ortadan qalxması ümumi fikir anlayışının formalaşmasına imkan vermir və yadlaşma yaradır. Bunun tipik nümunəsini Dərbənd azərbaycanlılarında görürük.
SSRİ dağıldıqdan sonra Dərbənd azərbaycanlıları sürətlə Dağıstana inteqrasiya etməyə başlayıb. Bunun səbəbi Rusiyanın iqtisadi baxımdan Azərbaycandan güclü olması və sərhədlərin formalaşmasının gətirdiyi iqtisadi zəiflikdir. Bu surətlə iddia edə bilərik ki, Dərbənd azərbaycanlılarını bir müddət sonra İran, Türkiyə misalında olduğu kimi ayrı bir millət qrupunun üzvü kimi təsnifləşdirmək mümkün olacaq. Daha anlaşılan olması üçün regionumuzda yaşayan bir digər millət olan gürcüləri misal götürək. 1861-ci il islahatından əvvəl gürcülər bir ərazidə yaşayıb bir dildə danışırdılarsa da əslində yenə vahid bir millət deyildilər, çünki bir-biri ilə əlaqəsi olmayan bir sıra knyazlıqlara parçalanmışdılar, ümumi bir iqtisadi həyat keçirə bilmirdilər, bir-biriləri ilə müharibə edirdilər. Yalnız XIX əsrin ikinci yarısında, yəni təhkimçiliyin aradan qalxması və ölkədə iqtisadi həyatın inkişafı, kapitalizmin ortaya çıxması Gürcüstan əyalətləri arasında əmək bölgüsü yaratdığından, knyazlıqların təsərrüfat məhdudluğunu tamamilə sarsıdıb onları birləşdirdikdən sonra Gürcüstan bir millət halına gəldi. Feodalizm mərhələsini keçirmiş və öz ölkəsində kapitalizmi inkişaf etdirmiş olan başqa xalqlar haqqında da eyni sözləri demək lazımdır. Beləliklə, iqtisadi həyat birliyi, iqtisadi əlaqə millətin başlıca xüsusiyyətlərindən biridir.
Lakin bu da azdır. Millət halında birləşmiş insanların, bütün bu deyilənlərdən başqa mənəvi xüsusiyyətləri də nəzərə alınmalıdır. Millətlər bir-birindən ancaq həyat şəraiti ilə deyil, milli mədəniyyət xüsusiyyətləri, mənəvi simaca da fərqlənirlər. Əgər bir dildə danışan İngiltərə, ABŞ, Yeni Zellandiya üç müxtəlif millətdirsə, yaşayış şəraitinin eyni olmaması ucbatından bu millətlərdə nəsilbənəsil əmələ gəlmiş olan xüsusi mənəviyyat da burada az rol oynamır. Milli xarakter ayrılıqda götürüldükdə, müşahidəçi onu qavraya bilməz, lakin ümum millətin mədəniyyət xüsusiyyətində ifadə olunduğundan qavranıla bilər və ona etinasızlıq göstərmək olmaz. Milli xarakter daimi bir şey olmayıb həyat şəraiti ilə birlikdə dəyişir, lakin o hər bir müəyyən zamanda mövcud olduğu üçün millətin simasına təsir edir.
XVIII əsrin sonlarında və XIX əsrin əvvəllərində, Şimali Amerika hələ “Yeni İngiltərə” adlandığı zaman ingilis milləti ilə amerikan milləti arasında nə kimi fərq var idi? Əlbəttə, milli xarakter fərqi ola bilməzdi. Çünki ingilislər Amerikaya öz dillərindən başqa eyni ilə İngiltərədə yaşayan insanların xarakterini də gətirmişdilər və yerli şəraitin təsiri onlarda özlərinə məxsus xarakter yaratsa da ingilis milli xarakterini tezliklə itirə bilmirdilər. Buna baxmayaraq hələ o zaman onlar yenə də İngiltərədən ayrıca bir millət idilər. O zamankı “Yeni İngiltərə”nin bir millət olan İngiltərədən fərqi, xüsusi milli xarakterdən daha çox, İngiltərədəkindən fərqli olan mühitdə, həyat şəraitində yaşaması idi.
Beləliklə, demək olar ki, həqiqətdə millətin heç bir fərqləndirici əlaməti yoxdur. Yalnız əlamətlər məcmusu vardır və millətləri tutuşdurduqda bu əlamətlərdən gah biri (milli xarakter), gah digəri (dil), gah da üçüncüsü (ərazi, iqtisadi şərait) daha aydın şəkildə ortaya çıxır.
Azərbaycan nümunəsində milli xarakter dedikdə 86,6 min kvadrat kilometr ərazidə yaşayan ümumi müsəlman əhali nəzərdə tutulur. Azərbaycanda yaşayan ermənilərin, gürcülərin belə bir milli xarakteri yoxdur. Bunun əsas səbəbi islam mühafizəkarlığının xalqın psixologiyasında formalaşdırdığı mənəvi xüsusiyyətlərdir. Bu xüsusiyyətlər cəmiyyətin istər sosial sferasında, istərsə də dövlət idarəetməsində müəyyən ayrıseçkiliklər yaradır. Bunu Qarabağ müharibəsi dövründə daha aydın görmək mümkün oldu. Azərbaycana loyal münasibət göstərən ermənilərə qarşı da ayrıseçkilik və təqib kampaniyası baş verdiyi üçün onlar ölkəni tərk etmək məcburiyyətində qaldılar. Azərbaycan gürcüləri (müsəlman ingiloylar istisna) və udinləri isə Qarabağ müharibəsinə ümumiyyətlə aparılmadı.
Hal-hazırda da ölkədə xristian icmasına münasibət birmənalı deyil. Tarix institutu Qafqaz Albaniyası dövrü barədə sadəcə erməni iddialarına cavab vermək üçün araşdırma aparır. Ölkədə bəzi Qafqaz Albaniyası kilsələrinin restavrasiyasına Norveç, gürcü kilsələrinin restavrasiyasına isə Gürcüstan maliyyə ayırsa da Azərbaycan hökuməti bu mövzuda laqeyd münasibətini davam etdirir. Bu isə ölkədə hegemon olan milli müsəlman xarakterinin göstəricisidir.
Beləliklə, biz millətin bütün xüsusiyyətlərini göstərdik. Millət-insanların tarixən əmələ gəlmiş sabit birliyidir ki, bu da dil, ərazi, iqtisadi həyat birliyi, mədəniyyət ümumiliyində təzahür edən mənəviyyat birliyi zəminində meydana çıxmışdır. Təklikdə bu əlamətlərin heç biri millətin tərifini vermək üçün kifayət deyil. Bundan əlavə həmin əlamətlərdən hətta biri də olmasa millət millət ola bilməz. Milli xarakteri bir olan insanları təsəvvür etmək olar, lakin bunların arasında iqtisadi əlaqə yoxdursa, müxtəlif ərazidə yaşayır, müxtəlif dillərdə danışırlarsa onların bir millət olduğunu söyləmək olmaz. Məsələn, Rusiya, İspaniya, ABŞ, Gürcüstan və Dağıstan yəhudiləri bu qəbildəndir və vahid millət deyillər. Bir ərazidə yaşayan və iqtisadi həyatı bir olan insanlar təsəvvür etmək olar, lakin dili və milli xarakteri bir olmazsa yenə bir millət deyillər. Məsələn, Azərbaycanda (Dağlıq Qarabağda) yaşayan ermənilər və gürcülər bu qəbildəndir. Yalnız bütün əlamətlər birlikdə mövcud olduğu zaman millət mövcud olur. Millət-birlikdə götürülən bütün əlamətlərin məcmuudur.

Ümumiləşmiş formada Azərbaycan ərazisində milli kimliyin formalaşmasını 4 dövrə ayırmaq olar.

– İlkin dövr- 3-cü əsrdən 7-ci əsrə qədər
– İkinci dövr- 7-ci əsrdən 16-cı əsrə qədər
– Üçüncü dövr- 16-cı əsrdən 19-cu əsrə qədər
– Dördüncü dövr- 19-cu əsrdən (1828-ci il) indiki dövrə qədər

Yuxarıda qeyd etdiyim kimi, Azərbaycanda ilk mərkəzləşmiş dövlət Sasanilər olduğu üçün milli kimliyin ilk formalaşdığı dövrü 3-cü əsrdən hesablamaq lazımdır. Təbii ki, bu milli kimliyə indiki kontekstdə baxmaq düzgün olmaz. Sasani idarəçiliyinin formalaşdırdığı milli kimlik tamamilə fars kimliyi üzərində qurulmuşdu. Regionda xristianlığın yayılmasına baxmayaraq əhalinin əksəriyyətinin atəşpərəstliyə inamı Azərbaycanı Sasanilərin formalaşdırdığı dini və milli kimliyə bağlı millətlər birliyinə çevirmişdi.
İkinci dövr Sasanilərin dağılması və regionda islamın yayılması ilə xarakterizə olunur. Ərəblər Azərbaycanı ələ keçirərək bu bölgədə islamı yaysalar da Sasani mədəniyyətinin xeyli təsirində qaldılar. Bu təsir əhalinin islamı qəbul etməsinə baxmayaraq regionda əsrlər boyu formalaşdırılan fars kimliyini yox edə bilmədi. Ərəblərin gəlişi ilə bu regiona köç edən istənilən tayfalar bu milli kimliyin içərisində əridilər. Orta Asiyada olanda köçəri tayfaların konfederasiyası formasında bir idarəçilik formalaşdırmış oğuz türkləri İranın içlərinə daxil olduqdan sonra mərkəzləşmiş bir dövlət olan Səlcuqları qurur. Böyük ərazilər fəth edən Səlcuqlar da eyni ilə ərəblər kimi üst kimlik olaraq fars kimliyini qəbul edir. Beləcə regionda ordunun türk tayfalarından formalaşacağı, rəsmi dilin isə fars dili olacağı 8 əsrlik bir dövlətçilik tarixi başlayır. Səlcuqların gəlişi ilə indiki azərbaycanlıların dil baxımından formalaşmasının ilk hissəsi tamamlanır.
Üçüncü dövrü isə Səfəvi dövlətinin qurulmasından hesablamaq lazımdır. Dövlət idarəçiliyi və milli kimlik baxımından Səfəvi dövrünün Səlcuq imperiyası ilə xüsusi fərqi yoxdur. Lakin yuxarıda qeyd etdiyimiz kimi azərbaycanlı millətinin formalaşdığı bəzi xarakterik xüsusiyyətlər məhz bu dövrdə baş verdi. Səfəvi ilə birlikdə İran coğrafiyası sünnilikdən şiəliyə keçdi. Bu, azərbaycanlılara sünni olan indiki türklər və türkmənlərdən fərqli bir mədəni, psixoloji xüsusiyyətlər aşıladı.

Dördüncü dövr isə 1828-ci il Türkmənçay müqaviləsi ilə başlayır. Bu dövrün özünü də 2 hissəyə ayırmaq lazımdır.

– 1828-ci ildən 1936-cı ilə qədər
– 1936-cı ildən bugünə kimi

Türkmənçay müqaviləsinin imzalanması ilə Şimali Azərbaycan Rusiya imperiyasının tərkibinə qatıldı. Artıq bu dövrdən etibarən Çar Rusiyası Arazın digər hissəsində olan azərbaycanlılarla əlaqəni kəsmək və daha fərqli bir milli kimlik yaratmaq üçün bəzi dəyişikliklər həyata keçirdi. Bunlardan biri mədrəsələrin fars dilindən yerli Azərbaycan dilinə dəyişdirilməsi haqqında general Yermolovun əmri idi. Azərbaycan xanlıqlarının hər birinin ləğvi vahid bir kimlik yaradılmasına şərait yaratdı. İranla iqtisadi izolyasiya, Rusiya ilə iqtisadi vəhdət bu regionda yaşayan insanların Rusiyada və Avropada təhsil almasına gətirib çıxardan yeni bir mədəni inqilaba səbəb oldu. Beləcə Səlcuq imperiyası dövründən Şimali Azərbaycan ərazisində yaşayan azərbaycanlılarda formalaşdırılmış fars kimliyi yox olmağa başladı.
Bu mədəni inqilab nəticədə yeni bir azərbaycanlı inteligensiya formalaşdırdı. Bu inteligensiya Rusiyada baş verən inqilablarla birlikdə yeni bir kimliyin formalaşdırdığı Azərbaycan Xalq Cümhuriyyətinin və daha sonra Azərbaycan SSR-inin qurulmasına vəsilə oldu. Milli kimliyin formalaşmasına baxmayaraq millətin adının nə olduğu hələ də müzakirə mövzusu idi. Çar Rusiyası dövründə azərbaycanlılar gah tatarlar, gah azirbicanlılar, gah da qarapapaq türkləri adlanırdı. Azərbaycan SSR-inin ilk dönəmlərində müxtəlif tayfa adları birləşdirilərək millətə “türk” adı verildi. Ancaq 1923-cü ildə Türkiyənin də Azərbaycanda olduğu kimi türk milli kimliyinə sahiblənməsi bolşeviklərin azərbaycanlılara xas yeni bir milli kimlik yaratmasına səbəb oldu. Beləcə, 1936-cı ildə millətin adı azərbaycanlı adlandırıldı. Bu vahid milli kimliyin formalaşdırılması üçün Azərbaycanda yaşayan digər müsəlman xalqlar azərbaycanlı etnik-milli kimliyi içərisində birləşdirildi. Azərbaycanda hal-hazırda mövcud olan müsəlman milli kimlik şüuru bu siyasətin nəticəsidir.
Hazırda ölkədə azərbaycanlı dedikdə ümumi olaraq həmin müsəlman çoxluq nəzərdə tutulur. Bu isə Azərbaycan sərhədləri çərçivəsində vahid azərbaycanlı kimliyinin formalaşmasının qarşısını alır. Yalnız Dağlıq Qarabağ ermənilərinin və xristian gürcülərin də bizim milli kimliyə sahiblənməsi halında, Azərbaycanda millətin tam formalaşdığını söyləyə bilərik. Hazırda isə optimizm üçün səbəb görünmür.
 
 
 
Müəllif: Tural Həmid
Mənbə: azlogos.eu
 
 
 

0 şərh