Kəlağayı - İpək kimi tarix

İncəlik və zəriflik nümunəsi olan kəlağayı, qədim zamanlardan günümüzədək xanımlarımızın sevimli aksesuarıdır. Bu zərif baş örtüyü müasir dövrdə də öz aktuallığını qoruyub saxlayır. Qədim zamanlar gəncliyə addım atan hər bir xanıma, elçilikdə ailə həyatı quracaq xanıma kalağayı hədiyyə edərdilər. Kalağayı Azərbaycan adətlərinə xüsusi rəng qatan dəyərdir. Qızlar sevdikləri oğlanın elçi göndərməsinə razılığı ona kəlağayısını verməklə bildirərdilər. Kəlağayını oğlana bağışlayan qız eşqinə ömürlük sadiq qalacağına and içərmiş. Ənənəyə görə, yeni qurulan ailədə uşaq dünyaya gələn zaman onu, anasının gəlin gedərkən başına örtdüyü qırmızı kəlağayıya bükərmişlər. Gənc qızların, orta və yaşlı qadınların örtdüyü kəlağayılar bir-birindən fərqlənirdi. Adətən, toy zamanı gəlinin başına qırmızı kəlağayı örtər, yasda hər kəs qara kəlağayıya bürünərdi. Gənc qadınlar və qızlar kəlağayını “örpək”, yaşlı qadınlar isə “çalma” və ya “dingə” üsulu ilə bağlayardılar. Bu adət indi də davam edir. Qısacası kalağayı Azərbaycan xanımının qarderobunda daim xüsusi yerdə olub və olmağa da davam edir. 
 
Araşdırdıqca görürsən ki, kəlağayı sosial fərqləri də aradan qaldırıb, varlı qadınların kəlağayısı yoxsul qadınların kəlağayısından çox seçilməyib.
 
İndi isə gəlin kalağayının tarixinə nəzər salaq. 
Kəlağayı – Azərbaycanda qadınlara məxsus, ipək sapdan toxunmuş dördkünc formalı baş örtüyüdür. Ölkəmizin qərb zonasında buna “çarqat” da deyilir. Bu örtük gözəllik, ismət, ləyaqət, ehtiram, sədaqət rəmzi olmaqla yanaşı, özündə Odlar Yurdu Azərbaycanın qədim tarixini, mədəniyyətini, adət-ənənələrini yaşadır.
Kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində yüksək keyfiyyətli kəlağayılar hazırlanırdı. Bu baş örtüyünün bir çox bölgələrdə istehsal olunmasına baxmayaraq, kəlağayı paytaxt Bakıdan 165 km. şimal qərbdə yerləşən İsmayıllı rayonun Basqal qəsəbəsində və elə həmin səmtdə, lakin 320 km. məsafədə olan Şəki şəhərində daha geniş yayılmışdır.
Kəlağayının daha çox məhz bu bölgələrdə toxunmasının və yüksək keyfiyyətinin səbəbi, heç şübhəsiz Şəki ipəyidir. Kəlağayının hazırlandığı bu unikal parçanın yaranması özü böyük prosesdir, tarixi isə çox qədimdir.
Azərbaycanda ipəkçilik qədim zamandan təşəkkül tapıb böyük inkişaf yolu keçmişdir. Tədqiqatlar göstərir ki, Şəkidə ipəkçiliyin tarixi hələ miladdan əvvəlki dövrlərə təsadüf edir. Şəki uzun illər Azərbaycanda, eləcə də Qafqazda ipəkçiliyin mərkəzi olmuşdur. XIX əsrdə dünyada ən böyük ipəksarıma fabriki məhz Şəkidə fəaliyyət göstərirdi. Şəki ipəyi nəinki Azərbaycanda, həmçinin Şərq ölkələrində, Avropada, Rusiyada da tanınır və yüksək qiymətləndirilirdi. Hətta II Nikolayın çarlığı dövründə rus imperiyasında tədavülə buraxılan beşyüzlük əsginazlara əzilməməsi, qırışmaması üçün məhz Şəki ipəyi qatılırdı. 1862-ci ildə Londonda keçirilən beynəlxalq sərgidə Şəki ipəyi medala layiq görülmüşdü. Fransanın Lion şəhərinin Sent-Etyen şirkəti Şəki ipəyinin daimi alıcılarından idi. Təsadüfi deyil ki, XIX əsrin əvvəllərində Şəkini ipəkçilikdə qazandığı uğurlarına görə “Qafqazın Lionu” adlandırırdılar.
 
Elə bu səbəbdən kəlağayı istehsalı ilə məşğul olan yerli əhali ipəyi adətən Şəkidə hazırlayıb, kəlağayını isə Basqalda yaradırdılar. Beləcə iki bölgə arasında müəyyən qədər məsafə olsa da, onların yollarını, elə məhz kəlağayı bağlayırdı.
Müxtəlif illərdə ölkəmizdə səfərdə olmuş A.Oleari, A.Cenkinson, E.Çələbi, A. Düma, F.Kotov kimi səyahətçi və diplomatlar öz qeydlərində kəlağayıdan ağız dolusu danışmışdılar. 1870-ci ildə Basqal kəlağayısı Londonda keçirilən sənət sərgisində gümüş medala layiq görülmüşdür.
 
Azərbaycanda kəlağayıçılığın dəqiq tarixi məlum deyil. Bu barədə fikirlər müxtəlifdir. Akademik Ə.Əlizadə “Hüdud-əl-aləm” əsərinə istinadən X əsrdə toxuculuğun əsas mərkəzlərindən olan Bərzənd şəhərində baş örtüyü istehsal olunduğunu qeyd edir. Ancaq hansı baş örtüyündən danışıldığı bilinmir. “Əcaib-əd-dünya” adlı XIII əsrə aid anonim mənbədə Təbrizin sənət məhsulları içərisində güləbətinlə tikilmiş xüsusi baş örtüyünün adı çəkilir. Sənətşünaslıq doktoru S.Sadıxova XVI əsrin 70-ci illərinə aid miniatür sənəti nümunələrində sadə (aşağı) zümrədən (təbəqə) yünün Şamaxıda mövcudluğundan bəhs edir. Məşhur türk səyyahı Evliya Çələbinin Naxçıvan kişilərinin qələmkar parçadan köynək geydikləri haqqında məlumatı, hələ XVII əsrə qədər Azərbaycanın toxuculuq mərkəzlərində basmanaxış üsulu ilə bəzək texnikasının özünün yüksək inkişaf mərhələsində olduğunu sübut edir. Şəkidə də əl dəzgahı ilə kəlağayı toxunmasının 500 ilə yaxın tarixi olub. Bu tarix qonşu Xanabad və ümumən Ərəş mahalı toxuculuğu ənənələri ilə eyni yaşda, eyni xarakterdədir. Əgər Xanabad ipək parça toxuculuğunun ən bariz nümunələri olan qanovuz, darayı, alafa ilə şöhrətlənibsə, Şəki özünün müxtəlif ölçülərdə olan ağ, qara, soğanı, innabı və s. kəlağayıları ilə öyünüb. Kəlağayı istehsalı Azərbaycanda basmanaxış sənətinin bir sahəsini təşkil edib. Bu sənət sahəsi XIX-XX əsrin əvvəllərində daha çox Şəki, Gəncə, Şuşa və Şirvanın Basqal və Mücü kəndlərində geniş yayılıb. Təkcə Basqalda XX əsrin əvəlində 1500 dəzgaha malik 900 kustar şərbafxana (toxuma emalatxanası) vardı ki, burada il ərzində 1 milyon 800 min ədəd kəlağayı istehsal olunub.
 
Bir kalağayının hazırlanmasında bir çox insanın imzası olur. Kalağayının rənglənməsi, naxış vurulması və s.
Toxucu (tərrax) (kəlağayı toxuyan), boyaqçı (kəlağayını boyayan), qəlibçi (qəlibin köməkliyi ilə kəlağayıya müxtəlif naxışlar vuran), kəlağayıçı (ornamentalist sənətkar). Bu proseslərdən ən qəlizi boyaqçının işi hesab edilir.



Çünki lazım olan rəngi qaynar suda olan kalağayıya vermək incə duyum və zövq tələb edir.



Bu o qədər də asan iş deyil. 
Kəlağayının rənglənməsində adətən sumaq, zirinc, narınc, cır alma, zəfəran, qarağat və s. bitkilərindən istifadə edilir.
 




Kəlağayıya daha da zəriflik qatan naxışları dəmir və taxta qəliblər vasitəsilə vururlar.



Kəlağayının yeləni (haşiyəsi), bəzən də xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və ya nəbati naxışlarla bəzədilir. Kəlağayıya vurulan naxışlar özündə böyük məna ehtiva edir.



Kəlağayıda olan hər bir naxışın öz mənası var. Ən çox sevilən və üstünlük verilən naxış isə butadır

.

Bu naxış «balalı buta», «küsülü buta», «qovuşan buta», «qönçə buta» və s. bir çox növə ayrılır. Onu da qeyd etmək lazımdır ki, tədqiqatçılar butanın atəşpərəstlik dövrünə məxsus bəzək forması olduğunu ehtimal edirlər. Kəlağayıları onlara vurulan naxışlara diqqət edərək hansı bölgəyə aid olduğunu anlamaq olar.
Məsələn Şəki və Basqal kəlağayıları içərisində “Şah buta”, “Saya buta” və “Xırda buta” çeşniləri ilə digərlərindən seçilir.



“Heyratı”, “Soğanı”, “İstiotu”, “Albuxarı”, “Abi”, “Yeləni” adlı əlvan kəlağayılar isə vaxtı ilə Yaxın Şərq və Qafqaz xalqları arasında böyük şöhrət qazanmışdı.
Kəlağayı bu gün də Azərbaycanda geyim elementi kimi istifadə olunur və çadradan fərqli olaraq onun dinlə heç bir əlaqəsi yoxdur.
 
Adına şeirlər, qəzəllər yazılan, Azərbaycan xanımının nəcibliyinə naxış kimi yaraşan kalağayı bizim heç vaxt itirməyəcəyimiz bir dəyərdir. 
 
Qeyd edək ki, UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 2014-cü il noyabrın 26-da keçirilən iclasında Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə qurumun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib.
 
Qeyd: Hal-hazırda Basqalda “İnkişaf” Elmi Təşkilatın təşəbbüsü ilə “Kəlağayı” Mərkəzi fəaliyyət göstərir. Burada bütün kəlağayı ənənələri tamamilə bərpa olunmuşdur. Həmçinin Basqalda unikal interaktiv “Kəlağayı” muzeyi yaradılmışdır. Bura gələn ziyarətçilər nəinki kəlağayının tarixi və ənənələri ilə tanış olurlar, eləcə də sənətin yaranma prosesini canlı görüb, hətta məhsulun hazırlanmasında da iştirak edə bilərlər.
 
Kəlağayı yalnız Basqalda yerləşən muzeydə deyil, eyni zamanda Moskvada Dövlət Şərq Xalqlarının İncəsənət Muzeyində, Bakıda Milli Tarix Muzeyində, Azərbaycan İncəsənət Muzeyində xalqımızın məişətində və həyatında oynadığı böyük rol kimi təqdim olunur. Əminliklə deyə bilərik ki, kəlağayı daim Azərbaycan xalqının ayrılmaz hissəsi kimi yaşayacaq. Çünki kəlağayı ənənəsini yalnız bu sənətlə məşğul olanlar deyil, bütünlükdə xalq yaşadır.
 

0 şərh