Məhrumlar.

Bir kanalda veriliş var, hansı ki, orda uşaq evindən olan uşaqlar yarışırlar. Onlar mahnı oxuyurlar, səs verilir və sonda ən çox səs toplayan uşağa ev veriləcək, digərlərinə isə başqa hədiyyələr. Məncə o uşaqlara sms yollamağa dəyər. Bunun üçün heç hayıfım gəlmir, əksinə sevə-sevə edirəm.

Dünən həmin verlişin təkrar fraqmentlərinə baxanda qaçırdığım bəzi hissələri göstərdilər və o qədər kövrəldim ki... Bir uşaq ana haqqında mahnını o qədər içdən oxudu ki, o qədər ürəkdən oxudu ki, özü də ağlaya-ağlaya. Ürəyim parçalandı. Həmin uşaq qardaşı ilə birlikdə uşaq evinə atılıb. Atası səhv etmirəmsə həbs olunub (və ya anası ilə ayrılmışdılar), anası isə başqa birinə ərə gedib. Düşünürsən ki, bunlar kimi o qədər uşaq var ki.



Bir tərəfdən onun gözlərindəki həsrətə, qəmə, suallara və istəyə baxıb can yandırırsa, digər tərəfdən isə onları bu halda qoyan valideynlərə əsəbləşirsən. Uşaq özü də anasını elə istəyirdi ki.. Hmm...hələ uşaqdır, başa düşmür, bir az keçəcək, vaxt ötəcək, bəlkə də sonra valideyni gəlsə belə onu bağışlamayacaq. Niyə bağışlasın ki?! Nə üçün?!

Doğru deyiblər, ana dünyaya gətirən deyil, ana böyüdüb, boya-başa çatdırandır. Ana gecələr yatmayıb, uşağının başı üstündə durub, ona can yandırandır. Ana uşağın ona ehtiyacı olan hər an onun yanında olan şəxsdir. Ana, onu həqiqətən sevib, bağrına basandır. Bu uşaqlar isə ana sevgisindən, diqqətindən, nəvazişindən məhrumdular, isti ana qucağından məhrumdular. 




Başa düşmürəm, o valideynləri ki, imkansızlıq deyib, uşağı atıb, özləri yenidən ərə gedib, yaşayırlar. Həyatlarına heç nə olmamış kimi davam edirlər. Bunu necə bacarırlar?! Sanki geridə qoyduqları bir oyuncaq parçasıdır, sanki geridə qoyduqları heç nədir.

Əslində mən bir çox vəziyyətlərdə tolerant qalan insanam. Çox vaxt olur ki, hər iki tərəfi də başa düşməyə çalışır və qınaya bilmirəm, amma, yuxarıda qeyd elədiyim valideynə heç cür haqq qazandırmıram. O uşağı hələ də gözlərimin önünə gətirəndə canım yanır. O qədər gözəl, həvəsli, şirin uşaqlardılar.. 

Uşaqları necə atmaq olar; uşaq baxışı, uşaq səsi, uşaq gülüşü, uşaq ətri qədəri varmı dünyada?!

Keçən yay bir uşaq evinə getmişdim. 3-4 yaşlı balaca, şip-şirin uşaqlar adama elə baxırlar ki.. Bir az keçdikdən sonra isə adama isnişib, ondan ayrılmaq istəmirlər. Haqsızlıq deyilmi? Qurban olduğum bir çoxlarına belə dəyərlər nəsib edir, onlar isə bunun dəyərini bilmirlər, atırlar. Elələri də var ki, illərlə bunun həsrətini çəkirlər, müalicələr alırlar...Allah özü kömək olsun..
 

12 şərh

2ral
Bütün qadınlara riyaziyyat dərsində bu riyazi bərabərsizlik öyrədilməlidir:
Bioloji cəhətdən dünyaya gətirənana
IDEAL
İslama görə uşağın məsuliyyəti atanın boynunadır ananın yox. Hətda boşanmada qadından uşaq alınıb kişiyə verilir və qadın uşaq üzərində hüquqa sahib deyil. Bunu islam alimləri əsaslandırır ki, Allah bu qanunu qadının ikinci dəfə ərə getməsini təmin etmək üçün qoyub. Əgər  ata ölübsə belə uşaq onun yaxın qohumunun himayəsində olmalıdı ananın yox. Bunu əsas götürərək bəzən qadınlar belə addım atır və Allahın hökmündən suiistifadə edirlər. Mənsə uşağını ikinci dəfə ərə getmək məqsədi ilə atan anaya heç vaxt haqq qazandıra bilmərəm. Bir çox məsələrdə tolerantam ancaq bu barədə tolerant olmağım mümkün deyil.
bloqçu

Tolerantlıq barəsində elə mən də yazıda qeyd etmişəm ki, belə halda heç cürə haqq qazandırmaq olmaz..

Elm, hüquq, din — bunlar bir yana, bəs axı o hisslər ki varee hansı ki, onları heç nə əvəz edə bilməz, hanı onlar?! Hanı mənəviyyat, duyğu?! Hanı analıq?!

IDEAL
Yazıda oxuduğum üçün belə yazdım. Yəni sizinlə bu barədə eyni düşüncəyə malik olduğumu qeyd etdim sadəcə. Qaldı ki, hüquq və dini bu məsələdə istifadə edən qadınlara isə heç bir sözüm yoxdu. Təəssüf ki, belələri yetəri qədərdi.
bloqçu
Içim ölü, çölüm diri,
Keçir günümün də biri
Hər gün vidalaşıram
ölümün gəlişini,
dəqiqə-dəqiqə,
anbaan
canıma çağırıram…

Doğulandan bu bəxtim,
qara gətirib, bilirəm,
mən ki, nahaq demirəm.
Gərəksizdir sandılar,
dünyaya gəlişimlə,
məni bələk yerinə, bir paketə bürüyüb,
məni beşik yerinə, zibil qabına atdılar.
Gəlmədi mənə ölüm,
o gündən yaşayıram.


Döydülər, söydülər,saçlarımı yoldular,
incitdilər, yıxdılar,ürəyimdən vurdular,
sinəmi dağladılar..
Bədənim qamçı-qamçı, qəlbim isə yaralı..
bu qamçılı bədəni 3 qəpiyə satdılar
bu çart olmuş ürəyə, bir də qamçı vurdular,
vurdular, sındırdılar.

Sonra da damğalayıb, adıma ləqəb taxdılar.
Şanlı oldum aləmdə;
tüpürcəyə qərq oldu bədənim tək üzüm də..
Qamçılar bitdi getdi,
yerində daş izləri,
daş gülləri yetişdi


Mən küstüm bu həyatdan
bir tək ölümə sığındım
gözümdə yoxdu heçnə,
bircə ölüm, bircə xilas.
Beynim zillənib ipə
dedi ki, özünü as.
Asmaqla bitmədi ki,
həyat buraxmır məni

Qayıdıb o küsdüyüm
həyatımla barışdım
Barışdım da,
yana-yana alışdım.
Ölü olan ruhumla,
ölümün gəlişini
dəqiqə-dəqiqə, anbaan
bədənimə çağırdım


İnsan kimi doğuldum, heç yerinə qoydular,
yaşama nifrət etdirib, ölümü arzulatdılar.
Içim ölü, çölüm diri, Keçir günümün də biri
Hər gün vidalaşıram
ölümün gəlişini,
dəqiqə-dəqiqə, anbaan
canıma çağırıram…

Şerə şer demək olmaz, bir söz yığınıdır düzmüşəm, sadəcə demək istəyirəm ki, bəs o uşaqların tasleləri necə olacaq, gələcəkləri necə olacaq?!

IDEAL
Niyə? Şeir mütləq əruz vəznində olmalıdı ki? Müasir Ədəbiyyat nümayəndələri qafiyəyə fikir vermir. Əsasən şeirdə ritm olmalıdı o da var. Hətda ritm olmasa belə keçərlidi. Təki şeirin maraqlı və yeni bir ideyası olsun. Onu da qeyd edim ki, sərbəst şeir yazmağı hər adam bacarmır. Qafiyə ilə yazmaq ondan qat-qat asandır. Bu şeirin müəllifi kimdi bilmək olar?
bloqçu

Əlbəttə ki, olar — müəllif özüməm. Arada, ilham gəldikcə  həvəskarcasına şer də, hekayə də yazıram.
 Dəyərləndirdiyiniz üçün sevindim.

girl_moon
Belə valideynlərə Allah insaf versin deməkdən başqa bir söz tapmıram, bu cür  mövzuları oxuyanda ən çox uşaqların gələcəyi gözümün önünə gəlir.
bloqçu
Kimisinin taleyi üzünə güləcək, kimisi isə zəif olacaq, bəlkə də batacaq… Canlarım mənim… Allah hər birinə elə kamillik, elə ağıl, elə güc və elə şans nəsib etsin ki, gələcəyin ən uğurlu şəxslərindən olsunlar. Xoşbəxt olsunlar. Amin.
IDEAL
Şeir barəsində yox ancaq şairə barəsində onu deyə bilərəm ki, mənə elə gəlir ki, siz Türk ədəbiyyatına meylli insansız. Düzdü lap falçılar kimi danışdım. Ancaq nə etmək olar belə hiss edirəm ki, siz Türklərin şeirlərini daha çox oxuyursuz. Və yaxud dinləyirsiz.
bloqçu
Yanılırsınız. Türk ədəbiyyatını da oxuyuram və dinləyirəm, amma, daha çox deyəcək qədər yox.
IDEAL
Daha çox oxumaqı vacib deyil əsas odu az oxusazda təsirlənirsiz. Bəzən bir şeiri oxuyursan və onun təsirinə düşürsən. Təsir istər istəməz yaradıcılıqda özünü göstərir. Ancaq çox oxuyub təsirlənməmək də mümkündü o zaman yaradıcılıqda heç bir təsir his olunmaz. Yəni əsas emosiyanal-psixoloji təsir almaqdı.