Uşaqlar arasında münasibət

Leyla (9 yaşında): “- Ana, Xədicənin etdiyini gördünmü? Yenə də dəftərlərimi qaralamış, qələmimi qırmış, kitablarımı cırmış. Nə istəyir məndən. Artıq yetər. Nə olar, Xədicəyə bir söz söylə!..”

Usaqlar arasinda munasibet

Xədicə (6 yaşında): “- Ana, bacım mənə heç nə vermək istəmir. Mən dəftər, kitab, qələm istəyirəm. Nə üçün hər şey ilk öncə ona alınır? O da mənim əşyalarımdan istifadə edir.”

Sevgi, hörmət, məsuliyyət, yardımlaşma və fədakarlığın yaşandığı ailə mühitində tərbiyə alan uşaqların doğumla başlayan və ömürlərinin sonuna qədər davam edən qardaşlıq əlaqələrinin sağlam təməllər üzərində qurula bilməsi ata-anaların diqqətlə üzərində durması lazım olan bir xüsusdur.

Uşaqlar ailədə böyüyərkən bəzən fərqli cinsiyyət, yaş və xüsusiyyətlərdə olduqları üçün bir sıra problemlər yaşayarlar. Kiçik yaşlardan etibarən uşaqlar arasındakı mübahisələr bir çox analara mənfi təsir edər və onları çətin vəziyyətə salar. Uşaqlar arasında yaşanan bu cür problemlərin ən mühüm səbəbi qısqanclıqdır. Qısqanclıq duyğusu sevgini bölüşə bilməməkdən yaranır. Belə ki, körpə yaşlarda uşağın səhhəti və qidalanması qədər, ailə mühitinin ona verdiyi sevgi və şəfqət də son dərəcə mühümdür. Sevgi bir uşaq üçün ən az ana südü qədər dəyərli olan əsas qidadır.
Əgər ata-ananın sevgisi uşaqlar arasında bərabər paylanmışsa, onların arasında rəqabət və qısqanclıq olmaz. Rəqabət və qısqanclıq daha çox uşağın maraq və sevginin bölünməsindəki əskikliyi hiss etməsiylə başlayar. Birinci uşaq evin ilki olduğu üçün bəzi imtiyazlara sahibdir. Onun düşüncəsinə görə ata-anası yalnız ona aiddir və bu halını heç kimlə bölüşmək istəməz. Qardaş və ya bacısının dünyaya gəlməsilə bu imtiyaz sona çatar. Uşağın düşdüyü ilk xəyal qırıqlığı ata-ana tərəfindən daha da dərinləşdirilməməlidir. Valideynlərə düşən ilk vəzifə yeni doğulan körpə ilə daha çox məşğul olub böyüyü unutmamaqdır. İlk uşağa onun ailədəki yeri anladılmalı, özündən balaca qardaş və ya bacısı ilə müqayisə edilməməli və ondan yaşından böyük davranışlar gözlənilməməlidir.

Bir kitabda oxuduğum bu hadisə yeni körpənin dünyaya gəlməsiylə böyük uşağın davranışını və ananın etdiyi xətalı davranışı göstərməsi baxımından çox maraqlıdır:
Biruşaqlı ailənin ikinci uşaqları dünyaya gəlir. Lakin ilk uşaq yeni doğulan körpəyə heç isinişə bilmir, bədbinləşir və qısqanclıq edir. Tez-tez anasına:
“ — Ana, bu körpəni tullayaq!..” deyir. Anası da onu məmnun etmək üçün:
“ — Baş üstə, tullayarıq.” deyə cavab verir. Bir gün ana paltar yumaq üçün hamama girir. İşini qurtardıqdan sonra körpəni yedirtmək üçün otağa gəlir, ancaq körpəni beşiyində görmür. Təlaşlanaraq:
“ — Körpə haradıdır?” deyə böyük uşaqdan soruşur. O da:
“ — Ana, onu tullayacaqdıq da! Buna görə də mən, onu pəncərədən aşağı atdım!” cavabını verir. Açıq olan pəncərədən aşağı baxan ana, həqiqətən də körpəni yerdə qanlar içində görür və özündən gedərək yerə yıxılır.

Yaş ötdükcə yox olacağı düşünülən, ancaq həsəd, paxıllıq və.s kimi fərqli şəkillərə bürünərək davam edən uşaqlar arasındakı qısqanclıq və nifrətin, hələ başlanğıcda ikən meydana gəlməməsi üçün hər mənada onlara qarşı eyni gözlə baxılmalı, ayrı-seçkilik edilməməlidir.
Uşaqlar arasında fərq qoyulmaması onların bir-birlərinə olan sevgi və hörmətini artırır. Ona görə də ailə üzvləri bölüşməyi, yardımlaşmağı, çətinliklərə qatlaşmağı, bir sözlə məsuliyyətlərini hiss etməyi birlikdə ifa edə bilməlidirlər.
Uşaqlar arasında olan qısqanclıqlar ananın səhlənkarlığı və ya həddindən artıq diqqət göstərməsi halında daha əhəmiyyətli hala gələr. Ailə içində sərt və mənasız davranışlar da buna təsir edər. Bu, eyni zamanda uşaqların evdən soyumalarına da səbəb olar. Ata-anaların uşaqları ilə maraqlanmaları, onlara dəyər verdiklərini hiss etdirəcək davranışlar etmələri, xüsusilə cəmiyyət içində bu davranışı sərgiləmələri uşaqların şəxsiyyətinin inkişafında mühüm bir faktor olaraq ortaya çıxar.
Umumi olaraq ifadə etsək uşaqlarımız arasında problemlərin yaranmasının qarşısını almaq və ya səhlənkarlıq etmək, hətta yaranmış problemlərin ortadan qalxması ailə mühitində reallaşmalıdır. Belə ki, qarşılıqlı sevgi, hörmət, anlayış və tolerantlığın hakim olduğu ailələr bütün çətinliklərin öhdəsindən asanlıqla gələ bilər.
Uşaqlar arasında ayrı-seçkilik salmadan onlara şəxsiyyət qazandıracaq davranışlar təlqin etmək, sevgi və şəfqət göstərmək, diqqətlə yaxınlaşmaq, onları özlərinə xas davranışlara təşviq etmək, oyun oynamalarına icazə vermək, gözəl əxlaq və tərbiyə qaydalarını aşılamaq, analarının yaxınlığından və nəzarətindən uzaq tutmamaq xüsusilə üzərində durulması lazım olan məsələlərdir. Eyni zamanda uşaqlarımızın psixoloji cəhətdən sağlam böyümələri üçün bunlara diqqət edilməlidir. Əgər bu və buna bənzər xüsuslara diqqət edilməzsə, uşaqlarda ruhi sarsıntılar müşahidə edilər.
Hər xüsusda yeganə rəhbərimiz və öndərimiz Həzrət Məhəmməd (s.ə.s)-in “üsveyi-həsənə” (ən gözəl nümunə) olmasını övlad tərbiyəsində də həyatımıza dərindən əks etdirməliyik. Bu xüsusda əlimizdə olan tarixi qaynaqlardan öyrəndiyimiz məlumatlara görə Peyğəmbərimiz uşaqlara sevgi ilə yanaşmış, onlarla xoş rəftar etmiş, onları yersiz yerə danlamamış və danlayanlara da müdaxilə edmişdir. İki cahan günəşi olan Peyğəmbərimiz (s.ə.s) bir hədisi-şərifində belə buyurur:
“Uşaqlarınız arasında ədalətli davranın.” 

Gülbahar ÇİÇEK
Tərcümə: Aqil ƏLİYEV
Mənbə: İrfan dərgisi

ailə problemləri, uşaq münasibətləri 

Həmçinin bax: Çətin uşaqlar 

9 şərh

pascal

İnanmıram ki, əsil ata-ana övladları arasında fərq qoya. Uşaqlar arsında isə yaş fərqinin çox olmasının tərəfdarıyam, ən azından 6-7 yaş. 

 

asel
bu qədər yaş fərqi lazım deyil məncə.ən çox 3 yaş. çox fərq olarsa ister-istəməz valideyn uşağa baxmaqda yadırğayır.
pascal

Yadırğanmaz. :) 

Az yaş fərqi olanda da uşaqlar bir-birlərin qısqanırlar da.

asel
sizinlə həmfikir deyiləm
pascal
  Mən öz fikrimi dedim.
asel
hörmətlə yanaşıram
ayxansevda
uşaq arasında yaş fərqi çox olarsa mübahisə lap çox olur  çünki böyük uşaq özündən kiçiyin hərəkətlərinə tab gətirə bilmir onu başa düşmür məlumdur ki az yaşlıya ana daha çox diqqət ayırır(yedirtmək, pampers və s böyüksə bunu özü sərbəst də edə bilər) böyük uşaq da kiçiyə olan diqqəti qısqanır deyəndə ki" sən böyüksən o balaca" evin ilki üçün bu böyük yük olur «mən böyüyəm deyə günahkaram o kiçikdi deyə haqlıdır?» deyə düşünür arada fərq az olanda onlar dost olur eyni düşünür eyni maraq dairəsi olur və s 6 yaşlı uşaq bir başqa cizgi filminə baxir 3 yaşlı uşaq onun baxdığını dərk etmir 3 yaşlının baxdığı 6 yaşlıya primitiv gəlir və bu cür yaş fərqi az olsa yaxşıdır ki uşaqlar bir biri ilə darıxmasın mehriban olsunlar bir birini başa düşsünlər