Böyük coğrafi kəşflərə hazırlıq dövrü (XV əsr)

Böyük coğrafi kəşflərin ilkin mərhələsində bir sıra səbəblər üzündən İspaniya və Portuqaliya digər ölkələrlə müqayisədə qarşıda duran mürəkkəb vəzifələrin yerinə yetirilməsinə  daha çox hazır idilər. Məhz bu iki Pireney ölkəsinin səyyahları bir neçə onilliklərdə Afrikanın ətrafını dolanmaqla Şərq ölkələrinə və Amerikaya gedən yolları kəşf etmişlər, Şərq yolunun axtarışı ilə onlar Hindistanı və Qərb yolunun axtarışı ilə isə iki böyük materiki — Şimali və Cənubi Amerikanı kəşf etdilər və öyrəndilər.
Lakin XVI əsrin ortalarından başlayaraq Pireney ölkələri zəbt etdikləri sərvətlər ilə məhdudlaşaraq, yeni torpaqlar axtarışından imtina etdilər və əsas diqqəti tutuqları yerləri əldə saxlamağa yönəltdilər. Göstərilən vaxtdan sonra onların yerinə daha güclü olan İngiltərə və Hollandiya gəldi.
Deməli, Böyük Coğrafi kəşfləri ilkin hazırlayan və həyata keçirən iki Pireney dövləti- İspaniya və Portuqaliya olmuşdur. Böyük coğrafi kəşflər dövrü X.Kolumb və F.Magellanın adları ilə bağlı olsa da, bu bir həqiqətdir ki, həmin dövrdə uzaq dəniz səyahətlərinin elmi və texniki bazasını böyük təkid və həvəslə hazırlayan Portuqaliya şahzadəsi Henrix Dənizçi (1395-1460) olmuşdur. Dənizçi ləqəbi Henrixə XIX əsrdə verilmişdir. Bu adı almasına baxmayaraq, çoxlu ekspedisiyalar təşkil etsə də, onun özü heç bir dəniz səyahətinə çıxmamışdır.
O, hələ gənc ikən 1415-ci ildə Şimali Afrika  limanı olan Suyetanın  Portuqaliya tərəfindən alınmasında iştirak etmişdir. Hələ orada olarkən  öyrənir ki, bu şəhərdən cənuba — Böyük səhranı kəsib keçən və qızılla zəngin olan ölkələrə karvan yolu uzanır. Odur ki, Henrix Dənizçi Afrikanın qərb sahili boyu gəmilər göndərib bu zəngin ölkələrə çatmağa can atırdı. O, bütün ömrünü belə məqsədlərin həyata keçirilməsinə həsr etmişdir.
Henrix Avropanın ən qərb burnu olan San-Visentedə rəsədxana, kosmoqrafiya və dənizçilik məktəbləri təşkil edir və Avropanın hər yerindən buraya ən yaxşı kartoqrafları, astronomları, naviqasiya cihazlarından başı çıxan mütəxəssisləri dəvət edir. Səyahətlər zamanı səmt küləkləri, dəniz axınları, burunlar və adalar haqqında toplanan ən yeni məlumatlar burada qeydiyyata alınırdı. Hindistana dəniz yolu axtarmaq üçün Henrix məktəbi tərəfindən ilbəil Afrikanın sahilləri boyuna Portuqaliya gəmiləri göndərilirdi.
Okean qarşısında qorxu hissi insanlarda hələ böyük idi və hətta bəzən heç nə ilə nəzərə çarpmayan adi bir burun keçilməz maneəyə çevrilirdi. Henrix Dənizçi adamları məcbur edirdi ki, bu qorxunu aradan qaldırsınlar, o əsl dənizçilər tərbiyə edirdi. Elə Afrikanın cənub ucqarındakı Ümid burnunu keçməyin qorxu xofunu məhz onun yetişdirdiyi dənizçilər aradan qaldırdılar.
Portuqaliyalılar hələ lap qədim zamanlardan başlayaraq Afrikanın qərb sahillərini qarış-qarış öyrənir­dilər. Henrix Dənizçinin yetişdirmələri isə bu prosesi sürətləndirirdilər. Tezliklə Alvize de Kadamosto Yaşıl Burun adalarını kəşf edir. Afrika sahilləri ilə cənuba hərəkət edən Perri di Sintra 1462-ci ildə lap sahilə yaxın hündür dağlar görür, onun buludlarda gizlənən zirvəsindən pələng nərəsi eşidir və ona görə də bu dağa Syerra-Leone (Pələng dağı) adını verir.
1470-1473-cü illərdə portuqaliyalılar Qvineya körfəzinin sahillərini mənimsəməyə başlayırlar və bu zəngin yerlərə müxtəlif adlar verirlər: Fil Dişi Sümüyü sahilləri, Qızıl sahil, Gölə sahil və s… İlk dəfə 1441-ci ildə buradan Avropaya aparılan qara qul əsl sensasiya doğurur. Sonrakı illərdə portuqaliyalıların təşkil etdikləri bir çox ekspedisiyaların başlıca məqsədi rüsvayçı və qeyri-insanı qul ovu idi, belə ki, qul alveri böyük gəlir gətirirdi. Qvineya körfəzindən cənuba hərəkət edən portuqaliyalılar sahilin görkəmli yerlərində daş sütunlar-padranlar qoyurdular. Onun yuxarı hissəsi xaç şəklində olurdu, üzərində isə Portuqaliya kralının və həmin sahilə ilk dəfə çıxan dəniz səyyahının adı yazılırdı.
Padranlar gələcək dəniz səyahətləri üçün oriyentir (mayak) rolunu oynayırdı və Portuqaliyanın bu yerlərin kəşflərində olan üstünlüklərini sübut edirdi.
Hindistana yol axtaran Diaş Bartolomeu (1450-1500) ilk dəfə 1487-1488-ci illərdə  Afrikanın cənub ucqarlarından keçərək indiyə qədər qapalı hesab olunan  Hind okeanına çıxır. Lakin güclü  fırtınalar  onun gəmilərini əldən elə salır ki, o, həmən burnu «Fırtına burnu» adlandırır. Amma indi biz coğrafiya xəritələrində bu ada rast gəlmirik, ona görə ki, Portuqaliya Kralı II Juan «Fırtına burnu»nu «Ümüd burnu» adlandırmağı əmr edir. Çünki Diaşın kəşfi portuqaliyalılara zəngin Hindistana dəniz yolu ilə gedib çıxmaq ümidini verirdi və doğrudan  da bundan on il sonra Vasko da Qamanın səyahəti bu ümidi doğrultdu.
Portuqaliyalılar Afrikanın sahilləri ilə hərəkət etdikləri bir vaxtda, digər yerdə Hindistana və Çinə qərb dəniz yolunun axtarılması ideyası yetişirdi. Bu ideya antik coğrafların ideyaları ilə tanışlıq əsasında yaranan ümumi coğrafi baxışlar idi.

Mənbə Coğrafiya tarixi
Müəllif Tapdıq Həsənov,Əbdürrəhim Hacızadə
Həmçinin bax:
 

0 şərh