Coğrafiya tarixinin inkişaf dövrləri

Coğrafiyanın inkişaf tarixini aşağıdakı kimi mərhələlərə və yaxud dövrlərə bölünməklə öyrənilməsi məqsədəuyğun sayılır.
1. Qədim dövr - V əsrə qədər olan dövrü əhatə edir (orta əsrlərə qədər). Ilkin coğrafi təsəvvürlər: Qərbi, Şərqi və Cənubi Asiya, Qərbi Avropa, Şimali Afrika xalqlarının quru və dəniz yolları ilə torpaqlar kəşf etməsi, finikiyalıların üç il müddətində Qırmızı dənizdə üzərək Hind, Atlantik okeanlarını keçməklə Aralıq dənizinə daxil olmaları bu dövrdə öz əksini tapır (e.ə. XI əsr).
E.ə. I əsrdə Asiya qitəsinin şərq sahillərini yuyan Sarı, Şərqi-Çin, Cənubi Çin dənizlərində ilk dəfə üzən, Xaynan və Tayvan adalarının, Orta Asiya, Qərbi Asiya və qədim romalılarla ticarət əlaqələrinin yaradılmasına şərait yaradan yolların çinlilər tərəfindən kəşfi, həmçinin qədim dövrə məxsus coğrafi nailiyyətlərdir. E.ə. XXVIII əsrdə qədim misirlilərin Afrika sahillərində üzmələri haqqında məlumatlar antik dövründə onların coğrafi kəşflərdə daha qədim tarixə malik olmalarını güman etməyə əsas verir.
E.ə.IV əsrdə Ay tutularkən üzərindəki kölgəyə əsaslanaraq yerin kürə formasında olması fikri, Aristarx Samoslunun heliosentrik nəzəriyyənin əsasını e.ə. III əsrdə qoymaqla elmdə ən böyük çevrilişin başlanğıcını qoyması (təəssüf ki, fikirlərini elmi cəhətdən əsaslandıra bilməmişdir), e.ə. III-II əsrlərdə yaşamış K.Eratosfenin Yerin ölçülərini verməsi qədim dövrün ən böyük nailiyyətindəndir.

2. Orta əsrlər dövrü - V-XV əsrləri əhatə etməklə Avropada bir sıra elm sahələrində olduğu kimi coğrafi biliklər sahəsində də xristian dininin təsirindən tənəzzül hiss olunan dövr sayılır. Buna baxmayaraq Avropanın cənubunda və şərqində yeni torpaqların kəşfi davam edir, ölkələrlə əlaqələr yaratmaq məqsədilə dəniz yolları axtarılırdı. Hindlilər Kiçik Zond adalarını, o cümlədən, Bali, Sombok, Sumbava, Sumba, Flores, Timor və s. adaları özlərinə birləşdirməklə buddizm və braxmanizm dinlərini yaymaqda davam edirdilər. Bu dövrdə çinlilər Tibet yaylasını, Xuanxe (Sarı) və Yanszı (Mavi) çaylarını, həmçinin bu çayların keçdiyi ərazilərin torpaq-iqlim şəraitini öyrənməklə bir daha dəqiqləşdirirdilər.
V əsrin birinci yarısından Yaponiyaya Çin heroqrafik yazıları koreyalılar tərəfindən gətirildikdən sonra coğrafi biliklər sahəsində müəyyən irəliləyişlər olmuşdur. Yaponlar məskunlaşdıqları adaların yaxınlıqlarındakı digər adaları özlərinə birləşdirdilər.
1183-1186-cı illərdə Ceralt Bari (Ceralt Uelsk) üç dəfə Irlandiyada olmaqla bu ölkəni tədqiq etmiş, Skandinaviya yarımadasında məskunlaşmış normanlar isə VII-VIII əsrlərdə Fransanın Sena çayı sahillərindən Baltikyanı ölkələrə qədər böyük bir ərazini öyrənməklə zəbt etmişlər. Daha sonra onlar Avropanın daxili hissələrinə irəliləmək məqsədilə Reyn, Elba, Oder, Visla və Qərbi Dvina çaylarının mənsəblərini müəyyənləşdirmişlər.
İlk dəfə I əsrdə Flippində olmuş ərəblər 1380-ci ildə yenidən bu adalara üzməklə daha ətraflı tədqiq etmiş və islam dinini yaymışdılar.
1271-1295-ci illərdə məhşur italyan səyyahı Marko Polo Mərkəzi Asiyadan Çinə səyahət etmiş, 17 il bu ölkədə yaşamaqla Avropaya şərq ölkələri haqqında qiymətli məlumatlarla qayıtmışdır.
1466-1472-ci illərdə rus taciri Afanasi Nikitin Azərbaycandan keçməklə Iran və Hindistanda olmuş, bu ölkələr haqqında «Uç dəniz arxasında» əsərində (dəftər yazısında) qiymətli məlumatlar vermişdir.
1488-ci ildə Bartolomey Dias Ümid burnuna çatmaqla Klavdiy Ptolomeyin Hind okeanını qapalı hövzə kimi göstərilən xəritəsinə ilk zərbə vuran portuqaliyalı səyyah olmuş- dur. Bununla o, Afrikanın cənubundan Hindistana dəniz yolunun axtarılmasının əsasını qoymuşdur.
XIII-XIV əsrlərdə Avropada kompas və portolan adlanan naviqasiya xəritələrinin tətbiq edilməsi coğrafi kəşflərin sürətlənməsinə bir daha təkan vermişdir.
Türk dünyasının görkəmli alimlərindən biri olan Əbu Reyhan Biruninin astronomiya və coğrafiya sahəsində elmə verdiyi tövhələr əvəzedilməzdir. O, polyak alimi Kopernikdən 500 il əvvəl geosentrik nəzəriyyəni inkar etməklə heliosentrik nəzəriyyəni irəli sürmüş dərin zəkalı türk dünyasının alimidir.
XIII əsrdə yaşamış azərbaycanlı Nəsirəddin Tusi nəinki türk dünyasının görkəmli alimi, həmçinin dünya miqyasında tanınmış alim olmuş, ulduz qlobusunu düzəltmişdir.

3. Yeni dövr - XV-XIX əsrləri əhatə edən böyük coğrafi kəşflər dövrüdür. Bü dövr kapitalist münasibətlərinin Avropada yaranması, ölkələrdə istehsal və ticarət münasibətlərinin daha da genişlənməsi, həmçinin yeni torpaqların kəşf edilməsilə xarakterikdir. Ptolomey və Toskanellinin xəritələrinə əsaslanaraq daim qərb istiqamətdə üzməklə Hindistana və Çinə çatmaq ideyasını həyata keçirmək üçün Xristofor Kolumbun səyahətə çıxması üçüncü dövrün başlanğıcı üçün ən əlamətdar hadisələrdən biri sayılır (1492, 1493, 1498, 1502).
Bu dövrdə portuqal mənşəli Bortolomey Dias Afrikanın cənubundan dəniz yolunun olmasının əsasını qoydu. Bu dövr «Yeni dünyanın» kəşfi ilə yanaşı, onun Ameriqo Vespuççi tərəfindən Xristofor Kolumbun güman etdiyi Hindistan olmadığının müəyyən edilməsilə məşhurdur.
Ilk dəfə olaraq Vasko Nunyes Balboa hindlilərin köməyi ilə Panama bərzəxini keçərək bərzəx arasında özünün cənub dənizi adlandırdığı Sakit okeanı kəşf etmişdir. 15191524-cü illərdə Kortesanın hərbi dəstəsinin Meksikanı bütövlükdə zəbt etməsi Latın Amerikasında ispanların məskunlaşması ilə nəticələndi.
1519-cu ildə Fernando Magellanın dünya səyahəti coğrafiya elminə daha böyük yeniliklər gətirməklə yerin kürə formasında olmasını, qərb istiqamətində üzməklə Hindistan və Çinə getməyin mümkünlüyünü, dünya okeanının bütövlüyünü əməli surətdə birdəfəlik həll etdi.
Yeni dövr daha bir materikin, Avstraliyanın Hollandiya dənizçisi Villem Tanszon Torres tərəfindən 1606-cı ildə kəşfi və Holland Abel Tasmanın Avstraliyanın müstəqil materik olmasını müəyyən etməsi ilə əlamətdardır.
Göründüyü kimi, üçüncü dövr yeni torpaqların kəşfində mühüm əhəmiyyətə malik olan bir dövr kimi coğrafiya tarixinə daxil olmuşdur.
XVII əsrin sonu, XVTII əsrin əvvəllərində dənizdə hegemon dövlətlərdən biri olan Fransa 1701-1783-cü illər arasında 33 il davam edən müharibədə ingilislər tərəfindən məğlubedici zərbələr almaqla dəniz yollarında mövqelərini itirdilər. Dəniz yollarını ələ keçirən ingilislər Amerika qitəsində Afrikadan köçürülən qullar hesabına qul kaloniyaları yaratmağa başladı.
XIX əsrin birinci yarısında (1820) rus səyyahları F.F.Bellinshauzen və M.P.Lazaryev tərəfindən sonuncu Antarktida materikinin kəşf olunması bu dövrə təsadüf edir.

4. Müasir dövr - XIX əsrin ikinci yarısı XX əsrin sonuna qədərki dövrü əhatə edir. Müasir dövrün 1867-1888-ci illərdə Nikolay Mixayloviç Prjevalski beş dəfə Asiya ölkələrinə əsyahət etməklə Mərkəzi Asiya, Çin, Tibet, Monqolustan haqqında, 1870-ci illərdə isə Nikolay Nikolayeviç MikluxoMaklay Yeni Qvineya, Malakka yarımadası və bir sıra adalarda olmaqla bu ölkələrin əhalisi, məşğuliyyəti, təbii şəraiti, sərvətləri haqqında qiymətli məlumatlar vermişlər.
Ingilis mənşəli David Livinqstonun Afrikanın daxili hissələrini tədqiq etməklə topladığı qiymətli materiallar əsasında ingilis, fransız və portuqallar tərəfindən regionun xəritəsi tərtib olundu və materikə aid olan əsas problem tədqiqatlar aradan qaldırıldı. Saxara səhrasının və Madaqaskar adasının öyrənilməsində fransızlar xüsusi rol oynadılar.
Müasir dövrün coğrafiyasının zənginləşməsində Vasiliy Vasilyeviç Doquçayevin torpaq coğrafiyası sahəsində apardığı tədqiqatlar, 1909-cu il aprelin 6-da şimal qütbünün Robert Piri tərəfindən fəth edilməsi, Aleksandr Ivanoviç Voyeykovun yer kürəsinin iqliminin səciyyələndirilməsi kimi işlər mühüm əhəmiyyətə malik olmuşdur.
Hindistan topoqrafiyasının görkəmli nümayəndəsinin şərəfinə 1856-cı ildə verilmiş Everest 1953-cü ildə mənşəcə Yeni Zelandiyalı alpinist Edmurd Hillari tərəfindən fəth olunmuşdur.
1960-cı il 23 yanvar tarixində «Triyest» batiskafında ilk dəfə olaraq Sakit okeanında yerləşən dünyanın ən dərin Marian çökəkliyinə enərək 30 dəqiqə köməkçisi ilə birlikdə qalan Ian Pikar olmuşdur.
Coğrafiyanın son mərhələsinin inkişafı yerdə və atmosferdə baş verən prosesləri öyrənmək üçün daha dəqiq cihazların kəşf olunması, dünya okeanında dinamik proseslərin səbəbləri, çayların, buzlaqların, torpaqların öyrənilməsi ilə daha da zənginləşmişdir. Hazırda isə yerin və onu əhatə edən hava okeanının öyrənilməsində süni peyklər əhəmiyyətə malikdir.

Mənbə: «COĞRAFİ KƏŞFLƏRİN TARİXİ VƏ SƏYYAHLAR»
Müəlliflər: Fəlsəfə elmləri namizədi, dosent Əliyev Mustafa Cahan oğlu və coğrafiya elmləri namizədi Həsənli Fərrux Ağayar oğlu

 

0 şərh