Hədər gedən ömür və peşmançılıq

Ömür gəldi-gedərdir. Nə uşaqlıq, nə gənclik, nə də qocalıq daimi deyil.
Zaman ötdükcə uşaqlığı gənclik, gəncliyi isə qocalıq əvəz edir. Qocalıqdan sonra isə, adətən, əcəl gəlir. Təbii ki, əcəl ancaq qocaları gözləyən bir son deyil, əcəl ömrün bütün anlarında insanları gözləyən bir dünyəvi sondur. Bəli, məhz dünyəvi sondur, çünki əcəl sayəsində insan fani olan dünyadan əbədi olan axirətə köçür...
Hər yaşda ölüm haqdır və Haqdandır. Əsas olan odur ki, bəxş edilən ömür payını səmərəli və faydalı işlərə sərf edəsən. Yəni bir daha geri verilməyəcək olan həyatı hədər etməyəsən.

Həyatlarını cismaniyyətin dar məhbəsinə həbs edənlər, dünyadan kam alıb onun nemətlərindən bol-bol istifadə edənlər, gənclik illərini ötəri zövqlərə aludəçiliklə keçirənlər bir gün geri dönüb yaşadıqları həyata baxdıqda peşman olacaqlar. Çünki artıq olan olmuş, keçən keçmiş, əldə qalan isə bir “heç“ olacaq. Xüsusilə də, yaşa dolub gənc yaşlarında zövq aldıqları cismani həzlərdən eyni ləzzəti ala bilmədikləri vaxtda özlərini dünya nemətlərindən tamamilə məhrum olunmuş hesab edirlər. Məhz bu vaxt gəncliklərini hədər işlərə sərf etdiklərini anlayır, bunun üçün peşman olsalar da, geriyə dönməyin mümkün olmadığını anlayırlar.

Dünya həyatını sabit zənn edən o müflis ruhlar üçün hər şey bir yuxu kimi gəlib keçir. Bir yuxu kimi dedim. Çünki yuxudan ayıldıqdan sonra ondan əsər-əlamət qalmır. Onların da ömürləri yuxu kimidir: geriyə boylandıqda heç bir gözəl əməldən, saleh işlərdən, xoş bir təəssüratdan əsər-əlamət yoxdur...
Belələri “kaş ki...“ deyib inləyirlər. Bir çox hallarda bu iniltini onların dillərindən eşitməsək də, sifətlərindəki ifadələr onların vəziyyətinə işarə edir. Bu ifadələrlə sanki onlar bunu demək istəyirlər: “Kaş ki həyatın əsl qayəsinin nə olduğunu daha əvvəl anlaya biləydim. Kaş ki cismaniyyətin qaranlıq iqlimindən vaxtında uzaqlaşa biləydim. Kaş ki zillətli həyatı vaxtında tərk edə biləydim. Kaş ki vicdanımızın harayına cavab verə biləydim. Kaş ki bütün ömrün hədər getməsinə imkan verməyəydim“..

Mənbə: Zaman qəzeti
 

0 şərh