Tibbi eksperimenlərin tarixi

İnsan və heyvanlar üzərində aparılan tibbi eksperimenlərin tarixi
Hələ qədim Roma həkimi və alimi Sels (e.ə. I əsr) belə bir məsələnin müzakirəsini aktual hesab edirdi: insan və ümumiyyətlə, canlı varlıqlar üzərində eksperimentlərə yol verilməlidirmi? O, özünün qoyduğu suala aşağıdakı kimi cavab verirdi: xalis elmi mülahizələr baxımından eksperimentlər məqsəduyğundur, baxmayaraq ki, təcrübəyə məruz qalan canlı varlığın iztirab və əzabları normal həyatı təhrif edir. Antik dövrün bir çox alimləri bu qəbildən olan tədqiqatları aparmışlar. Məsələn, Erazistrat (e.ə. III əsrdə ) və K.Qalen qullar və heyvanlar üzərində eksperimentlər keçirirdilər.
Bu baxımdan XVI əsrdə həmin problemin həllinə dair aşağıda göstərilən fakt çox maraqlıdır. Fransa kralı II Henrix turnirdə gözündən nizə zədəsi aldıqda, həkimlər həmin yaranı öyrənmək üçün dörd məhkumu eynilə belə zədəyə məruz qoymuşlar.
Anatomiyanın banisi Andreas Vezaliy (1514-1564) özünün meyidlər barədə aldığı elmi nəticələri əsasən, heyvanlar üzərindəki təcrübələrdə sınaqdan çıxarırdı. O, qeyd edirdi ki, bunu edərkən xüsusi olaraq kilsənin hökmünə — viviseksiyanı yalnız dilsiz heyvanlar üzərində etmək olar, prinsipinə riayət edir. Bununla yanaşı, o, aydın dərk edirdi ki, insan və heyvanların beyinləri oxşar olsa da yalnız heyvanlar üzərində təcrübə aparmaq elmin imkanlarını xeyli məhdudlaşdırır.
Müasir eksperimental təbabətin banilərindən biri sayılan K.Bernard ilk dəfə olaraq insan üzərində sırf elmi-tibbi təcrübələrin etik hüdudları problemini ayrıca məsələ kimi qoymuşdur. 1869-cu ildə özünün məşhur “Eksperimental patologiya” üzrə mühazirələrində o, yazırdı ki, zəmanəmizdə pasiyent verə biləcək hər bir təcrübənin insan üzərində aparılmasını etikaa haqlı olaraq qəti şəkildə pisləyir. Buna görə də biz heyvanlar üzərində eksperiment aparmalı oluruq. K.Bernard bu mövzuya dəfələrlə qayıtmışdır. O, yaranmaqda olan eksperimental fiziologiyanın metodlarının tətbiqini nəzərdə tutaraq göstərildi ki, təcrübədə heyvanların ölümü qeydə alınarkən həm əxlaq, həm də elmin sosial təyinatı baxımından belə bir qənaət hasil olur ki, bu təcrübə insan üzərində edilməməlidir. O yazırdı: “Bizə etibar olunan xəstələr üzərində biz eksperiment apara bilmərik, çünki biz onları müalicə əvəzinə öldürmək kimi riskli iş görmüş olarıq. Elm, hər şeydən əvvəl, insan həyatına hörmət etməlidir”. Yeri gəlmişkən qeyd edilməlidir ki, K.Bernard heyvanlar üzərində bir çox amansız, qanlı və ağrılı təcrübələr aparmışdır.
            Lakin artıq XX əsrin sonunda, təbabətdə elmi-tədqiqat fəaliyyətinin genişləndiyi bir şəraitdə K.Bernardın eksperimentləri insan üzərində deyil, yalnız heyvanlar üzərində aparmaq tələbi insanilik baxımından nə qədər nəcib səslənsə də,  hər halda səthi fikir kimi qəbul edilməyə başlandı.
            A.Moll da 1903-cü ildə dərc etdirdiyi “həkimlik etikası” əsərində bizi maraqlandıran problem baxımından bəzi məqamlara toxunur. Məsələn, o, hesab edirdi ki, mikroskopik analiz üçün tük, qan götürmək kimi hallar etik problem yaratmır. Gec-tez klinik yenilikləri birinci xəstəyə tətbiq etmək lazımdır. Həkim, hər şeydən əvvəl, xəstənin üzərində tibbi təcrübə aparmaq üçün onun razılığını almalıdır. Belə təcrübənin aparılması müəyyən inkişaf səviyyəsi ilə bağlı olduğundan, təcrübə mədəni insanlar üzərində (yaxşı olar ki, tibb işçiləri üzərində) aparılsın.
            Yuxarıda deyilənlər sübut edir ki, etik və hüquqi tələblərin pozulması ilə müşayiət olunan tibbi təcrübələr haqlı olaraq cəmiyyət, eləcə də həkimlərin əksəriyyəti tərəfindən pislənilir. Bu mənada insanlar üzərində eksperimentlərin aparılmasının tənzimlənməsinə icazə verən ilk xüsusi etik-hüquqi sənəd 1900-cü ildə Prussiyada dərc edilmiş fərman olmuşdur.
HERBA FLORA jurnalı
 

0 şərh