Şüşə qırıntısı - Elnur Rehimov

Bir vaxt sən də böyük bir pəncərəydin,
Günəşlə görüşən ağ mənzərəydin,
Axı hansı cismin xətrinə dəydin,
Çilik-çilik olub yerdə gəzirsən.


Bəlkə də kimlərə güzgü olmusan,

İç üzün göstərib, düzgün olmusan,

Sahibin qəlbinə üzgün olmusan,

Gücü çatıb sənə, sındırıb yəqin.



Dörd divar içində tənhasan, təksən,

Dibçəkdən boylanan körpə çiçəksən,

Qaranlıq otaqda nurlu gerçəksən,

Dörd divar, boş otaq partladır səni.



Yağışla üzünü islat və toxta,
Günəş qonaq gəlir, istəyən vaxtda,
İçəri yol tapa bilməyən şaxta,
Zəncirli biləklə çartladır səni.



Kimisi önündə yol gözləyərkən,
Sübhəcən kimisə bərk özləyərkən,
Üzünə əl çəkib əzizləyərkən,
Buna heç dözməyib parçalanırsan.


Sınıb, əvvəlkitək düzəlməyirsən,
Qopmuş qırıntına düz gəlməyirsən,
Bir dəfə qırıldın heç bərkimirsən,
Qəlbi də sənintək sındırmaq olmaz.
 

0 şərh