Şükür edən qul olmaq!!

Uca Rəbbimiz Qurani-Kərimdə belə buyurur: "( Ey qullarım!) Siz məni xatırlayın ki, Mən də sizi yada salım! Mənə şükür edin, Məni danmayın (nankorluq etməyin)." (əl-Bəqərə, 152) Allah-Təala bu ayə ilə biz insanları Özünü zikr etməyə və verdiyi sayısız nemətlərə qarşılıq olaraq şükür etməyə dəvət etməkdədir. Heç şübhə yoxdur ki, biz insanlar Allah-Təalaya layiqincə həmd və şükür edə bilmirik. Hətta tam əksinə, Ona qarşı nankorluq edirik. Bu həqiqəti Uca Rəbimiz belə ifadə edir: "Həqiqətən insan Rəbbinə qarşı çox nankordur. Və özü də buna şahiddir. Həqiqətən o insan var-dövlətə çox hərisdir." (əl-Adiyat, 6-8) Bu ayədən də gördüyümüz kimi, var-dövlətə hərislik, dünyaya və dünya malına olan sevgi çox vaxt insanı Allahdan, Ona şükür etməkdən qafil qoymaqdadır. Halbuki əlimizdə olan nemətlər üçün Rəbbimizə layiqincə şükür etsək, Ona yaraşan şəkildə həmd və tərif etsək, bunun müqabilində Haqq Təala bizə olan nemətlərini daha da artıracaqdır. Bu haqda da Müqəddəs Kitabımızda belə bildirilir; "Əgər şükür etsəniz, sizin üçün nemətlərimi mütləq artıraram." (İbrahim, 7)

Biz bəndələrin Allah-Təala qarşısında ən mühüm vəzifəsi Onun gözəl adını dildən düşürməmək və lütf etdiyi saysız-hesabsız nemətlər üçün Ona şükür etməkdir. Bəndələr Allah-Təalanı üç şəkildə zikr edib xatırlayarlar: 
Dil ilə - Bu, Onun gözəl adlarını xatırlayaraq, verdiyi hər şeyə həmd və şükür edərək, Qurani-Kərimi oxuyaraq və Ona dua edərək olur. 

Qəlb ilə - Onun varlığını göstərən dəlilləri təfəkkür edib daxili şübhələri ataraq, kainatın sirlərini anlamağa səy göstərib, Allahın hər əmrinə boyun əyərək zikr etmək.

Bədən ilə - Bu da orqanların hər birini Allahın əmr etdiyi kimi yerli-yerində istifadə edərək zikr etməkdir. Bu zaman Allah-Təala da nemətlərinə qarşı nankorluq etməyən, Onu unutmayan şükür edən bəndəsinə mərhəmət edər, ona verdiyi nemətlərini daha da artırar, dualarını qəbul edər və onu içinə düşdüyü kədər və sıxıntılardan xilas edər. 
Bundan əlavə, şükür hər nemətin öz cinsindən olmalıdır. Bu da üç şəkldə olur. 
Bədənin şükrü - Bu, Allah-Təalanın bəxş etdiyi fiziki sağlamlığın şükrüdür ki, bu da yalnız namaz, oruc kimi bədəni ibadətləri yerinə yetirməklə olur. 
Var-dövlətin şükrü - Allah-Təalanın lütf etdiyi var-dövləti Onun rizası üçün zəkat, fitrə, sədəqə və infaq kimi xeyirli işlərdə xərcləməklə olur. Yəni Allah-Təalanın ona verdiyi pulu-paranı cibindən çıxarmayıb; " Ya Rəbbi! Sənə çox şükür, həqiqətən bu nemətlərin yeganə sahibi Sənsən. Bütün bunları mənə bəxş edən sənsən" deməklə, şükür edilmiş olmaz. 
Elmin şükrü- İstər dünyəvi, istərsə də dini elimlər olsun faydalı elm əldə etmək, hər kəsə qismət olan bir nemət deyildir. Bunun üçün də kimə belə bir nemət bəxş olunubsa, bildiklərini başqalarına öyrətmədikcə bu nemətin şükrünü etmiş sayılmaz. Əsasən də dini elimləri təhsil edib, imkan daxilində bunu insanlara çatdırmayıb, başqa işlərlə məşğul olmaq, çox vəbalı olan bir işdir. Çünki hal-hazırda dini elimləri təhsil edənlərin sayı xeyli azdır. 
Sevimli Peyğəmbərimiz (s.ə.s) hər bir işinin, əməlinin dərhal arxasından Allah-Təalaya şükür edər və Onu xatırlayardı. Məsələn, yemək yedikdən, su içdikdən, yataqdan qalxdıqdan, miniyə mindikdən, namaz ibadətini bitirdikdən dərhal sonra Uca Yaradanı xatırlayar, Ona həmd və şükür edərdi. Bununla da bizə şükür etməyin nə qədər mühüm bir ibadət olduğunu göstərmişdir. 

Allah Rəsulu (s.ə.s) bəzi gecələr ayaqları şişənə qədər namazda ayaq üstə durar, dua edər, ağlayar və ibadət edərdi. Yenə bir gecə o qədər ibadət etmişdi ki, ayaqları şişmiş, daha ayaq üstə dayanmağa halı qalmamışdı. Bunu görən xanımı Həzrət Aişə (r.anhə): " Ey Allahın Rəsulu, Allah-Təala sizin keçmiş xətalarınızı bağışlamışkən, sizə cənnətdə olacağınızı müjdələmişkən heç bir bəndəyə verilməyən bu qədər nemətlər (peyğəmbərlik, merac kimi) verilmişkən bu qədər ibadət edib, özünüzə niyə əziyyət edirsiniz?" - dedi. Allah Rəsulu isə cavabında bu mükəmməl cavabı verdi: "(Bəs Allah-Təala sənin saydığın bu qədər neməti mənə lütf etmişkən, mən də bunların müqabilində) Şükür Edən Qul Olmayımmı?" (Buxari, Təfsir 324/4557)

Mənbə:İrfan Dərgisi

Aqil Əliyev

 

5 şərh

cahandar

Bəli doğrudan şükür edən qul olmaq çox vacibdir.Bu ən çox insanın bədbəxt hadisə ilə qarşılaşdığında daha mühümdür.Çünkü çoxu başlarına bəla gəldikdə isyankarlığa yol verirlər.Bəxtsizliyi də yalnız pulda axtarırlar.İslam gözündə bu təmamən fərqlidi.Sözü çox uzatmaq lazım deyil.Əgər sən yuxudan ayılırsansa,heç kəsə möhtac olmadan yemək yeyə və ya öz təlabatlarını qarşılayırsansa (söhbət fiziki baxımdan gedir) görürsənsə gəzə bilirsənsə fikirləşə bilirsənsə və ya s.Bunların hamısı şükür etmək üçün yetərli deyilmi????indi özünüz fikirləşin.Old Baku təşəkkürlər.

seyidova
wükür her günümüze,her anımıza
Ramil
Hər zaman şükr etmək lazımdır, nankorlar isə təkcə dara düşəndə yadlarına düşür. ALLAH ona uzanan əlləri boş qaytarmaz.
asel
ALLAH hər birimizin köməyi olsun