Tükənən xəzinə

Kral böyük bir ziyafət təşkil etmiş və bu ziyafətə ölkənin ən varlı adamlarını dəvət etmişdi. Ziyafətin ortasında kral üzünü qonaqlara tutdu və: «Dostlarım! Yeni vergilər qoyduğumuz halda gəlirlərimiz artmaq əvəzinə azalmaqda davam edir. Kim bunun səbəbini mənə izah edə bilər? » — deyə soruşdu. Qonaqlar bir-bir söz almağa və vəziyyəti izah etmək üçün cürbəcür «iqtisadi nəzəriyyələr» irəli sürməyə başladılar. Nəhayət, söz yaşlı bir qonağa çatdı. Qonaq: «Mən yığılan pulların aqibətini hamınıza göstərmək istəyirəm», — dedi və əlinə böyük bir buz parçası götürdü. Sonra o, bu buz parçasını yanında oturan adama ötürdü və hamıdan bu buz parçasını bir-birinə ötürməyi xahiş etdi. Bir qədər sonra artıq buz parçası kralın qarşısında idi. Ancaq o kiçilə-kiçilə noxud boyda olmuşdu. Kral yenə üzünü qonaqlara tutdu və: «Dostlarım! Artıq başqa bir izaha ehtiyac yoxdur. Gəlirlərin niyə bu qədər „sürətlə əridiyini“ başa düşdüm», — dedi…                                                                          
 

1 şərh

pascal
Nədənsə, bir anlıq Azərbaycan gözümün önündə canlandı.