Uzundur dünyanın bu əfsanəsi/Şiringül Musayeva(1-ci hissə)

                                   Bilinməz  nə  vaxtdan  hərlənir  bu tas,
                                  Nə  zaman  pozular  bu  gözəl  əsas.
                                   Belə nazik  fikri  dərindən duyub
                                  Ağıl  ölçüsüylə  dərk  etmək  olmaz.
      Keçmiş  günlərə  baş  vuranda  ,  xəyala   dalanda     öncə  gözü   önünə  kəndlərinin  kənarını  əhatə   etmiş  yamaclar   gəlirdi.    Nədənsə  həmişə     yaz   vaxtları  canlanırdı   xəyalında  ;  yamaclar   yaşıl  dona  bürünmüş  olurdu  .Və   ən  qəribəsi   o  idi  ki  ,  yamaclar   aralıdan  dağa  bənzəyirdi,  yaxından  isə   elə  yamac idi  ki, vardı.  Sonra   uca   Pirdirəki  dağını  xatırlayırdı.  Və  anlayırdı ki  ,  Pirdirəki  dağı,  sözsüz ,  dağdır,  çünki  ətrafdan  ,  hətta  çox  uzaqdan  belə  görünür. Və  ona  çox  təəccüblü  gəlirdi   nədən   aşağılar   -  dağın  yamacları   yaşıl   ,zümrüd   rəngində, əsas  özəyi — başı  isə    yumru  və  bozumtuldur:  sanki  sal  qranit  parçasıdır.
    Uşaq   vaxtı   babası  ilə  dəfələrlə  dağa   getmiş  və   yəqinləşdirmişdi  ki, dağ  qranit  parçası  — filan  deyil,  amma  daşlı- kəsəklidir.  Yəqin ,elə  buna   görə   də    ətraf  yamyaşıl    zümrüd  rəngunə   boyananda  o, eləcə  bozumtul  qalır  .Bozumtul...
   Nədənsə   bu  rəng  həmişə  ona  kasıb  gəlirdi ,  qoca  gəlirdi   və   o ,  həmişə  o  vaxt  da, indi  də  düşünürdü  ki ,bu  dağ nə  isə   qocadır,  kasıbdır  .Dağ   onda   qəribə   bir  təəssürat   yaradırdı.
 …  O, bu  dağın  bozumtul   və   dik  təpəsində   durub  ətrafa  baxırdı, babası  da  yanındaydı.  İlk  dəfə   o,  aralıdan   daha  bir  dağ  müşahidə   etdi-  ağappaq   ,qarla  örtülü  bir dağ .   Heyrətlə  babası  Əkrəmdən  soruşdu:
  — Baba ,  o  nədir  elə?
   -Qardır  ,bala.
   -Bu  vaxtı  qar ?
  -Bəli , canım,  o dağın  başı  avqust  ayında  da  qarla  örtülü  olur.
  -O dağın  adı  nədir ?
  -Qarlı   baba.
  -Qarlı  baba ?
 -  Bəli.
 -Bəs  bu   dağa   niyə   baba   demirlər ?
 
-O  dağ   ziyarətgah  sayılır  .İnsanlar  ora  ziyarətə   gedirlər.
        Birdən- birə  onun  öz  dağına, ona  daha  yaxın  olan  dağa  yazığı  gəldi.  Əyilib  xırdaca  əlləri  ilə  dağın  boz   təpəsini   sığalladı.
   -Baba , nədən  bizim  dağın  yaylağı, sıx  meşəsi ,qaynar  çeşməsi. gur şəlaləsi  yoxdur ?
    Əkrəm  kişi  gülümsündü.
    -Hə ,   olur  elə  dağlar. Bu da belə dağdır.  Sevmədinmi  bu  dağı ?
   — Sevdim  .Amma   istərdim:  bu  dağ  da  köksü  sıx  meşəlikli, gur  çəlaləli , qaynar  çeçməli  bir  dağ  olsun.
     -Yetər ,canım, bu  da  belə  dağdır. Hər  dağın  öz   gözəlliyi  var. Bunun da  gözəlliyi  qranitə  bənzəməsindədir.
Bu, dağ  deyil  sal  qranit  parçasıdır.
        Ah,  onun  əziz,  sevimli  və  həmişə  ona  yoxsul  görünən  sal  qranit  parçası- dağı.
         Amma   yox   yaşamaq   lazımdır. Yaşamaq   üçün  isə  xatirələrdən  bir  qədər  aralanmaq , bu  günlə uyuşmaq  lazımdır.  Bu  günü  yaşamaq  lazımdır.  Bu  günü  yaşamaq  üçün  müəyyən     imtiyazlar  lazımdır.  Amma  onun  bu  imtiyazları   yoxdur.  Nədənsə  yoxdur .Bu  hansı  səbəblərlə  bağlıdır ,nədən   o  bu  imtiyazlar-
dan  məhrumdur?
    Bunu  heç  kəsə  izah  edə  bilməz, özü  üçün  də  aydınlaşdıra   bilməz.  Deyən ,  bu ,elə  taleyin  qismətidir, hərəyə  bir  cür  yazılır.
   Hava   da   bu  gün  lap  qiyamətdir. Televizor  bar-bar  bağırır  ki, son  otuz-qırx ilin  ən  sərt  qışıdır. Otağı  da  buz  kimidir  :soba  axşamdan  sönüb. Sobaya  atmağa  odun  da  yoxdur.
   Əvvəllər  çoxlu  üzüm  bağı  var  idi  kənddə ; camaat  budamadan  sonra  gətirib  çırpısından,   kötüyündən   qapısında  taya   vururdu,  qış  yazatan  yandırırdı –pulsuz-parasız. İndi  hardadır  kötük ki  ,yandırasan  da… Bağlar   elə   qurudu  ki ...Təzək  də  qəhətə  çıxıb.
      Yox...Bərk  üşüyüb  deyəsən.
      Bəlkə, getsin   qardaşının  qapısını  döysün?  Yəqin,  küləyin, çovğunun  səsinə oyanıblar. Bəlkə, elə  indi  onu  düşünürlər,  bəlkə, rəhmləri  gəlir  ona; bir də  gördün  uşağı  göndərib  onu  çağırırlar ki ,  gəlib  qaz  peçinin  kənarında  qızınsın,  çay  içsin.
     Yox  səs  -səmir  yoxdur. Yəqin  bərk-bərk  bürünüblər  yorğana .Qoy o da  girsin  yorğana.
     Yorğanda  da  boş –boş uzanmaq  olmur; keçmiş  günlər  öz-özünə  gəlib  halay  vurur  gözlərinin  qarşısında.
… -Gəl ,Nəriman , gəl  gedək  Kərəm  Mürşüd  bulağına. İndi  oralar  cənnətə  bənzəyir  lap;  zanbaqlar, lalələr  bir – birinə  qarışıb.  Sənin  sevdiyin   cığcığalar  da  səslənir  daha  .Gəl  gedək  şomu  yığaq,  turşəng  yığaq, yemlik  yığaq.  Nənən  bir  yaxşı  şomu  qovursun  ,  yeyək  ağzımız  dada  gəlsin.
  — Baba ,Kərəm  Mürşüdü  kim  inşa  edib ?
  -Kərəm  Mürşüd.
    -Nədən  bunun  suyu  belə  boldur?  Heç  Ağ Bulaq , Qoca  Bulaq  belə  deyil.
  -Bu  Quru  dağın  ətəyində  yerləşir ,bala ,  yəqin ki, dağdan  qidalanır.
  -Baba,  bu  quşlar  nə  gözəldir . Adları  nədir ?
   -Qumru  quşlarıdır.
   -Bu  quşları  sevdim,  baba; səsləri  cığcığa  gülünün  səsinə  oxşayır  lap. Baba , bu  çəmən  çox  gözəldir. Bizim  baxçamız  da  gözəldir  .Bu  çəmənin  öz  gözəlliyi, bizim  baxçamızın  da  öz  gözəlliyi  var .  Baxçamızdan  baxanda  Quru  dağ  görünür  ;quru  yox ,  yamyaşıl  görünür. Elə  ,  doğrudan  da, yamyaşıldır.  Nədən  ona  Quru  dağ  deyirlər ?
  -Yəqin, yamacları  ətəklərinə  nisbətən  quru  olub  ona  görə. Əvvəllər  bu  düzlər  bütün  su  olub.
  -Gör  a… Baba , əmimgilin  baxçasındakı  yapon  almasından  da ək də  baxçamıza.   Çox  yekədir ,xoşum  gəlir. Cümşüd  deyur  ki ,o  almalar  bir  kilo  gəlir.
  -Gəlir.
 -Onu  kim  əkib?
   -Əmin  əkib  ,calaq  almadır.  Mən  sevmirəm  calaq  almanı. Hər  meyvə  öz  tamında, dadında  daha  gözəldir, xeyirlidir.  Məgər  bizim almalar, alçalar ,armudlar,  heyvalar   pisdirmi ?
   -Şəhanədir ,  baba  .Bircə  yay  gəlsəydi. Lap  ağzım  sulandı.
     Babası    Əkrəm  bığaltı-bığaltı  gülümsəyir.
     Amma  yox… yaşamaq   lazımdır. Yaşamaq   üçün   isə  insana   ailə  , uşaq   lazımdır.  Onunsa   ailə -uşağı   yoxdur.  Əvvəllər  arvadı    var  idi ,amma   nagah   badi-sərsər  əsdi  üstünə  və  arvadı    öldü. Uşaqları  isə   olmamışdı.  O  da  dərd- sərdən   xəstələndi, bir  müddət  yatağa   düşdü.  Sonra   qardaşı   Rövşən    baxımsız  qaldığı  üçün  onu  qəsəbədən   həyətdəki  daxmasına   daşıdı  ki,  arvadı   baxsın.
   İndisə   artıq  əlli  yaşı  var.  Ömür-gün  sürətlə  gəlib  keçdi  .Əvvəllər   qardaşı ,qohumlar  ona  evlənmək  təklif  edirdilər .Evlənmədi  .İndisə  çətin  ona  gələn  olar; nə  varı var ,nə  də  də görkəmi .
   Hərdən    lap   təəccüb  edir  ;  insanların  ,lap  elə    onun   qardaşı  arvadının  qəlbində  nə  üçün  rəhm, məhəbbət  qalmayıb .  Əvvəllər  belə  deyildi, deyəsən. Anası  qonşuları  Güllü  xalanın     səksən  yaşlı  anasını   böyük   bir  ehtiramla  süfrənin  kənarında  oturdardı,  xiyarın  özəyini ,  yeməyin   ən  dadlı, yumşaq   tikələrini   onun  qarşısı-
na   düzərdi.
  Fikirləri  özündən  uzaqlaşdırdı .  Əvvəla,  Güllü  xalanın  anasının  səksən  yaşı  vardı, onunsa  əlli  yaşı  var.
Güllü  xalanın  anası  belini  büküb  gəzirdi ,  osa  dimdik  gəzir.   Deyəsən, onun  möhtaclığı  heç  qocalıq   möhtaclığı  deyil, bədbəxtlik  möhtaclığıdır.
    Hə...o,  bunu    demək istəyirdi,  amma  deməyəcək.  İstəyir  həyata   daha   yumşaq  nəzərlərlə  baxsın-yumşaq...yupyumuşaq...Qoy  həyat  da  ona  yumşaq  nəzərlərlə  baxsın  -  yumşaq  ...yupyumuşaq...
     Amma    həyat    ona  sərt   nəzərlərlə  baxıb,  deyəsən. Onun  taleyi  çoxlarının  taleyindən  nə  isə  seçilir ,fərqlənir.
   Məgər   o, həyata  gələndə   başqa  uşaqlardan   fərqlənirdimi ?
   Uşaqlar   onsuz  da   bir- birindən  fərqlənir; biri  qaraşın  olur ,biri   sarışın; biri  arıq  olur  ,biri  kök     :  biri
tez     böyüyür,  birinin  böyüməsi   nisbətən  ləng  gedir.  Bütün  bunlar  ta  əzəldən  belə  olub.  Böyüyüb  insan   olan  cocuqların  xoşbəxtliyinin  ,bədbəxtliyinin   göstəricisi   deyil  bunlar.  Düzdür ,  bəzən  uşaqlarda  müəyyən  qüsurlar  olur ,  amma  bu  əsas  vermir  ki,  onların  gələcəkdə  bədbəxt  olacağını   söyləyəsən.  Çox   vaxt   hansısa  bir  qüsuru  olan   uşağın    taleyində    elə  bir  bədbəxtçilik  olmur, deyəsən.
    Bax...bax...  yenə  də  sərt  prizmaya   keçdi.  Olmaz ,  əzizim ,  olmaz.  İnsanları  qüsurlu, qüsursuz  cərgələrə  bölmək   düzgün  deyil .İnsan   insandır. İnsanın  ruhu  insandır. Bədən   isə  bu  ruhun    hələlik  yaşadığı   biologi  bir   canlıdır. Ondan  daha  ağıllılar ,  sözü  keçərlilər  belə  deyib,  həlhəlbət..
    Kənddə   təkcə  omu  bədbəxtdir?  
   Yox,  var  belələri,- qonşuları   Əlxan  ,-   orta  məktəbdə  ona   şair  deməyə  başladılar. Vardı  hərdən  bədahətən  şeir  deməyi. Kəndlərində  oxumağa  gələn   Maygülü   adlı   gözəl  bir  qıza   aşiq  olmuşdu  ,  ona  şeir  qoşmuşdu. Bir  beyti  yadındadır:
                                                          Maygülü  qonaq  gəlib .
                                                           Əlxan  dur  kəs  quzunu.
   Əlxan  Maygülü  ilə  evlənə  bilmədi.  Maygülü   kimi  gözəli  kasıb,  sısqa ,  xəstə  uşaq  olan  Əlxana   verməzdilər. Maygülünün  sonrakı  taleyindən  xəbəri  olmadı.  Əlxan  isə  özündən  on  yaş    böyük   xalası  qızı   ilə  evləndi. Bir    neçə  il  uşaqları  olmadı   .Sonra  biri  oldu. Uşağın    adını  Taleh  qoydular. Talehin  iki – üç  yaşı  olanda   Əlxan  öldü   və  s.  və  i .
  Çoxdur   bədbəxtlər.  Və  o,  deyəsən, bu  bədbəxtlərə  baxıb  təsəlli  də  tapır.
  Təsəlli  özü   böyük  şeydir. İnsan  təsəllisiz  yaşaya  bilməz.  İnsan  çox  şeysiz  yaşaya  bilməz. Amma  insan  yaşamalıdır.  Həyatdakı  bütün  çətinliklərə  rəğmən  yaşamalıdır.  İnsanlar    yaşamağa və  ölməyə  məhkumdurlar.
  Yaşamaq  və  ölmək  ...Dünyaya  gəlmək   və  getmək. Bu  ikisinin  arasında    duran  cəmiyyət. Deyəsən, insanın    xoşbəxtliyini  və  bədbəxtliyini  şərtləndirən  də  elə  bu  cəmiyyətdir.
      Qoy   getsin   baxsın  , bəlkə ,  Nailə, uşaqları  durub  yuxudan  .Saat  artıq  on  birdir. 
   Köhnə   paltosunu   çiyninə  salıb   qardaşı  evinə  yollandı.  Qardaşı   evdə  olmamalı  idi .  Qardaşı   evdə   olanda   həyat  daha   gözəl  olur.  Nailə   Rövşəndən   çəkinib  qapını  ona  açır. Və  o  isti  otağa   daxil  olur. Uşaqları min   bir   şirin   dil  ilə  dindirərək  isti  peçin   kənarında  çay  içir  ,kasada  xoç  ətir  saçan,  buğlanan   zəfəranlı  küftə  yeyir.
  Çoxları  var, bəlkə  də, bilmir  çay   necə  gözəl  nemətdir; çay  bəzən  insana həyat   verir.   Onu  içdikcə  canına   can  gəlir.   Böyründə  mürəbbəsi, konfeti  olsa  lap   qiyamətdir.
  İçəridən   çən  gülüş  səsləri   gəlir.  Nailə   uşaqlara  səslənir.  Qapını  döyür. Səslər  xırp  kəsilir. Yəqin,  Nailə  tapşırır  ki,  səsinizi  çıxarmayın : guya  hələ  yatıblar.
     Nədənsə  Nailə  onu  sevmir.  Bir  o  deyil, qonşular  da  onu  sevmir. Sevilməməyinin  səbəbi  onun
bədbəxtliyidir.  Cəmiyyət  bədbəxtliyi  sevmir.  Heç  kim  istəmir  ki,  səhər- səhər  qanı   qaralsın.   Eybi  yox  qoy  səhər- səhər  keflərinə  soğan  doğramasın. Getsin  Əsligilə  .Əlxanın  arvadı  Əsli  hərdən  acıyıb  ona   çay  təklif   edir  .
   Əsli    pərdəni  gizlicə  aralayıb  baxır, amma  qapını  açmır.  Axır  vaxtlar  o  da  çay  dəsgahını  kəsib , yəqin,  camaatın  dilinə  düşməkdən   qorxur. Camaat  bəzən  bədbəxtləri  bəzəyib-  düzəməkdən  xüsusi   zövq  alır.
  Nə  Nailə  qınanılasıdır,  nə  də   Əsli.  Qınanılası   elə  odur  ,  ya  da  onun  bədbəxtliyi   qınanılasıdır. Hərçənd  ondan  daha  ağıllılar, sözü   keçərlilər  deyib  ki, lağ  etmə  bədbəxtə, gülmə  nakama.
   Olmadı   yenə  yumşaq ,  şəfqətli  dairədən  çox kənara  çıxdı.   Bu  dairədən   kənara  çıxmaq  insana   heç  vaxt  xoşbəxtlik  verməyib   və   verməyəcək.   Bu   dairənin  içində  hər-hər  hərlənmək  çox  gözəldir  .Anası   çox   gözəldi  ,babası, atası,   Güllü  xala  ,  bütün  kəndləri  çox   gözəldi.  Amma   o  gözəl   deyil. 
    Hərdən  rast  gəldiyi  qohumları   onun  gözəl  nənəsini, babasını,  ata- anasını,  su  sonası  bibilərini  xatırlayıb  ağlayırlar   .Elə  o  da  ağlayır.  Çünki  onun  həyatda   görüb  götürdüyü  elə   o  illər  oldu.  O  illər də  zamanın  hansısa  əl  irişməz  qatlarında   -  çox –çox  dərinlərdə  qaldı.  Zamanın  bu   günkü  qatlarında  isə  o   və  onun   bədbəxtliyi  durub.   O  və  onun  bədbəxtliyi    zamanin  çarxlarında  fırlanır.  Fırlandıqca  dairə  böyüyür  və  bədbəxtlik  çoxalır.  Bir  müddət  sonra  o  və   onun  bədbəxtliyi  də  zamanin  əl  irişməz   qatlarında  qalacaq.
   Zamanın  əl  irişməz  qatları  ...O   qatların  hansısa  birində   Ömər  Xəyyam  durub , hansısa  birində  Füzuli  durub,  hansısa  birində   Mirzə   Ələkbər   Sabir  durub,  daha  birində  babası    durub, daha  birində   də  o  və  onun  bədbəxtliyi   durub.
    Və  bu   gün  nəsə  ona  xoş  gəlir,  deyəsən ,  özünün  də  hansısa   bir  qatda   durmağı.  Hər  halda   zaman  camaat   deyil .  Camaat  onu   qapı  arxasında  qoysa   da , zaman  onu   qatlar   arxasında   qoymayacaq.  Zamanın  da  möhtəşəmliyi  elə  bundadır.
   Zaman...Əl  irişməz   qatlar  .Aparıb  özünü  Ömər   Xəyyamla  ,  Füzuli  ilə  müqayisə   edir.  Amma   burada   Ömər  Xəyyamın  təbirincə   elə   bir   qəribəlik  yoxdur.  Çünki   Ömər  Xəyyama   görə  şah  və  gəda  Allahın   hüzurunda  , ölümün   qarşısında   eynidir.
                                   Yaşasın  üç  yüz  il, beş  yüz  il, min  il  
                                    Bu  köhnə   dünyadan  gedəcəksən   bil.
                                    İstər   dilənçi ol, istərsə   şah  ol
                                    Sonda  qiymət  birdir   iki  cür  deyil.
       Hə...belə...belə… işlər… Amma   yox...  yaşamaq   lazımdır. Yaşamaq   üçün  isə   bir  isti   bucaq  lazımdır. İsti  bucağısa  dağıldı.  Yenisini  yaratmaq  isə   çətindir,  bəzən  mümkünsüzdür.  İnsan   gücdən  düşür, 
Ömür- gün, sağlamlıq  əhdə  vəfa   etmir  .Amma  insan  tək  də  yaşaya  bilməz.  İnsan  vəhşi  yalquzaq ,  şir  deyil  ki,  tək  yaşasın.  Heç  yalquzaq, şir  də   tək  yaşayanda  xoşbəxt  olmur.
    Hərçənd,  bu  an  özünü  lap  vəhşi  yalquzaq  kimi   hiss  edir. İçində nə  isə  bir  vəhşinin  qımıldandığını  duyur.  İşində   qımıldanan  bu  vəhşi  ona  pıçıldayır  ki  ,arvadı  xəstələnəndə qardaşları  (o  vaxt   o,  uzaqda  idi ) onu  şəhər  xəstəxanasına  belə  aparmayıblar. Qəsəbə   xəstəxanasındakı  həkim  də  sevinclə  onu  yarıb  töküb (çünki   filan  qədər  pul  qazanacaqdı.)  Sonradan  xəstənin  sağalması  şərt  deyil ,  operasiyadan  sonra  o  qədər  ağırlaşmalar  olur  ki ,  yazar  birinin  ayağına . Sonra   elə  belə  də  oldu.
   Hamı ;  onun   qohumları  da  ,  arvadının  qohumları  da  laqeyd-  laqeyd  tərpəşirdilər.  .  Nitsşe    deyib  ki, yıxılanı  heç  vaxt  qaldırma , itələ  qoy  canı  çıxsın. Onun   qohumları  da  məhz  belə  etdi;  xəstəxana    döşəyinə   yıxılmış  arvadını  itələdilər  ki, canı  çıxsın .Çıxdı  da.  Can  nədir  ki  ,birdən  elə   guppultu  ilə  çıxır  ki ...
   Hə...belə...belə..işlər… Ha  deyir  ki, yaxşıları  xatırlayacaq :  olmur  ki ,  olmur. Pislər  onun  dövrəsində  halay  vurub  hərlənirlər. Hərdən  yuxusuna  girir  kəndləri : ikimərtəbəli  daş  evləri , Ağ  Bulağa  ,Qoca  Bulağa  gedən  cığırlar.  Gündüzləri  ha  əlləşsə  də  xatırlamadığı  küçələr     yuxusuna  elə  xırdalığına  qədər  aydınlıqla  girir  ki ....Ağ  Bulağa  gedən  cığırın  tinindəki  daş  skamyaya  qədər.  Nabat  xalanın cığıra  baxan  qırmızı  pərdəli  pəncərəsinə   qədər. Qışda   qışlağa, yayda  yaylağa  köçən  Əsbət  xalanın  otlu -ələfli  həyətinə  qədər. Nədənsə  onların  kəndində  qadınlar  lap  mələyə  bənzəyirdi. Qocaların  isə   üzlündən  nur  yağırdı.  Niyə  görən  beləydi  ?
   Üz – gözündən  nur   yağan     nənəsi   bir  dəfə  söhbət  edirdi :   “Anam  o  qədər   gözəl  idi  ki ,aya  deyirdi  sən  çıxma,  mən  çıxacam ,  günə  deyirdi:  sən  çıxma  mən  çıxacam.   Atam  da əsl  igid : yeriyəndə  yer  tərpənirdi,
qəbzəsindən  qan  damırdı  .Qapımızda  odunumuzu  doğrayan ,  suyumuzu   daşıyan    bir  nökərimiz    var  idi.
Anam  nökərdən  yaşınmağı   özünə  ar  bilib  yaşınmayıb.  Bu  nökər  də  bir  gün  belə, beş  gün  belə  vurulub  anama  .Atam  da   arif  kişi  olub  nökərin  qırımını  anlayıb.  Bir  gün  nökər  anama  pis- pis  baxanda  daşı  götürüb  vurub  nökərin  başına, nökərin  canı  elə  orada  çıxıb  .”
 
      O  vaxtı    bu  söhbəti   eşidəndə  də  ,  indi  bu  söhbəti  xatırlayanda  da -  hər  dəfə   elə  bilir     daş  elə  nökərin  yerinə  onun  başına  dəyir.
  — Ay  nənə, niyə  axı  ,nökər  də  insandı  da, vurulub  da  nənəmə.
 
--Kəs   səsini, haramdı  olmaz  axı.
    Amma  yox...yaşamaq   lazımdır. Yaşamaq  üşün  isə  həyatla  bacarmaq  lazımdır.  Görən  həyat  özü  mürəkkəbdir  ,yoxsa  insanlar  onu   mürəkkəbləşdirib   Deyən,  elə  həm  həyat  özü  mürəkkəbdir , həm  də  insanlar   onu  mürəkkəbləşdirib.  Yaşamaq  üçün  mübarizə   aparmaq  lazımdır  .Necə   ki  heyvanlar  yaşamaq   üçün   mübarizə  aparırlar,  elə  də  insanlar  yaşamaq   üçün   mübarizə   aparırlar.  Şirlər  ceyranları  maralları  zürafələri;  tülkülər  dovşanları, dələləri; quşlar  da  cücüləri, soxulcanları ,  balıqları, nə  bilim  nələri  ovlayırlar.  Heyvanlar  bu  gün  nə  tapdılar  onu  yeyirlər, insanlar  isə  həm  bu  gün  yaşamalıdırlar  ,  həm  də   sabahın  qayğısına  qalmalıdırlar.
   Sabahın  qayğısına  qalmaq  da  bir  az  çətin   məsələdir. İnsan  bəzən  heç  bu  günü  əməlli  dolana  bilmir ,gəl  indi  sabahın  da   qayğısına  qalsın. Hələ  mollalar, din  xadimləri  üçüncü  bir  məsələni  -  o  dünyanı  da  atırlar  ortaya . İnsanlar  o  dünyanı  da  fikirləşməlidir. Lap   çətin  məsələdir.  Bu  günü  əməlli  yaşaya  bilməyən  insan  o   dünyanın   öhdəsindən  necə   gələcək  ?
    Ömər   Xəyyam   da  deyir  ki :
                                                  Xoş   həyat  kədərlə  vurulmaz  başa.
                                                  Şad   könül  şüşəsi  çırpılmaz  daşa.
                                                  Kim  bilir  dünyada  nələr  olacaq!
                                                   Şərab  iç, ay  üzlü   gözəl  sev,  yaşa.
      Ömər  Xəyyamın  heç  olmasa  içməyə  meyi, qucaqlamağa   gözəli  olub. Bəs  o  neyləsin  ?
    Durub  bir  kəndə  çıxsın.  Hara  getsin  axı ?  Küləkdə  qarda- qiyamətdə  kim  var  axı ?
   Arvad  deyil   ki,  bulağa  getsin.  Heç  indi  bulaqda   arvad  da  yoxdur.  Klubun  yanında  da  adam  olmaz.
    Bir  kisə  kömür  bəzən  hər  şeyi  həll  edir  :  qalayırsan   peçə ,  qızınırsan  özünçün  .Bir   kisə  də  kartof.  Kartof  külləməsi   lap  xanlara, bəylərə  layiq   yeməkdir.
    Xanlar...Bəylər...Xandan  bəydən  söz   düşən  kimi  Koroğlu  da  gəlib  öz-özünə  yadına  düşür.
    — Baba ,  Koroğlu  harada  yaşayıb?
    -Çənlibeldə.
   -Çənlibel  haradadır ?
   -Deyilənə  görə  Şamaxı  tərəfdədir.
    -Doğrudan  oradadır.  Gedək  də   bir  dəfə.
     -Qoy  yaz  açılsın  gedərik.
      Bircə  yaz  açılsaydı.  Kasıbınki  yenə  də  yazdır  ,yaydır: odun  dərdi  çəkmirsən  ,  qaz  dərdi  çəkmirsən.
   Bu      Əlxan  da  ölməyə  vaxt  tapdı.  Yenə  yaxşı  həmsöhbət  idilər.
                                                          Bir   məhlədə  iki   şair  ,
                                                          Yazır  bir- birinə  dair.- 
   Əlxanın   kəlamlarından  idi.  Bərk  üşüməyinə  baxmayaraq   dodağı  da   qaçdı. Hərcənd,  o , şair  deyildi  ,amma  Əlxan  qafiyə   xatirinə   deyirdi  də.
  Nə isə, yüz  fikir  bir  borcu  ödəməz . Qoy  bir  də  gedib  qapını  döysün.
 Qapını  döyür . Nailə  qapıya  çıxır.
-  Sabahın  xeyir.
 -Sabahın  xeyir-Nailə  nə  isə  həmişə  onun  salamını  dodağını  büzərək  alır.
 -Bir  çayın  olmaz?
  -Heç  su  var  ki  çay  da  olsun. Get   bulaqdan  su  gətir.   Soyuqdur, gedə   bilmirəm.
  Hərçənd   bulağa   şox  vaxt  arvadlar  gedir ,  amma  eyb  etməz  ,çünki   adam  qocalanda  və  onun  kimi  kasıb, bədbəxt  olanda  arvadlıq ,  kişilik  də  əhəmiyyətini  itirir.
     Yolda  bibisi  qızı  Nigarla  rastlaşır.  Nigar  ondan  bir-iki  yaş  böyükdür.
      -Ay   qadan  alım  bu  soyuqda  uşaq  yox  ,  köşək  yox  niyə  yıxılıb  yatmırsan?-bibisi   qızı  Nigar  səslənir.
  Cavab  vermir.
  -Bu  qədər  suyu  neynirsən  ?
— Nailə  üçün  aparıram.
—  Rövşən  buradadır ?
-  Yox,  Sumqayıtdadır.
  -Odunun  varmı  yandırmağa ?
  -…-  Bu  zəhrimar  yaşlar  da  onu  lap  kişilikdən  qoyub .Kişi  də  qadının  qarşısında   ağlayarmı ?
 -Yoxdur   demək.  Gəl  bizə  bir  kisə   kömür  apar  .  Yenə   bir  həftə  yandırarsan  .
Qabları  doldurub  elə  Nigarla  birlikdə  evə  dönür. Nailəni  səsləyir.
Nailə  içəridən
-Çıxart  eyvana — deyir.
     Tələsə- tələsə  bidonları  eyvana  çıxarır. Nailə,  deyəsən ,heç  onu  içəri  dəvət  etməyəcəkdi.  Amma  bu  indi  elə  də  əhəmiyyət   kəsb  etmir,   çünki  onun  ümıd  mələyi — Nigar  onu  doqqazın  ağzında  gözləyir.  Pillələri  cəld  düşüb  Nigarla  birlikdə  uzaqlaşır  və  hiss  edir  ki, Nailə  dodaqlarında  həmin  narazı  ifadə    onun  Nigarla   qoşa  getməsini  izləyir

0 şərh