Heminquey - Amerika ədəbiyyatının təkrarsız dühası

Ernest HeminqueyDüşündürücü, insanın həyat amallarını, duyğularını ifadə edən yaradıcılıq nümunələri zaman və məkan hüdudlarına sığmır. Bəzən min illər öncədən çağımıza səslənən fikirləri rahatlıqla qəbul edir, daha doğrusu, ona ehtiyac duyuruq. Elə də olur ki, okeanın o tayından, min kilometrlərlə uzaqda yaranmış bir hekayənin, bir rəsm əsərinin sorağını alıb oxumağa, tamaşa etməyə can atırıq...

Bu yazımızın 120 yaşlı qəhrəmanı – ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1954) Ernest Heminquey də bir əsrə yaxındır uzaq Amerikadan bənzərsiz bədii yaradıcılığı ilə bəşəriyyətə söz, sənət zövqü yaşadır. O, qələmə aldığı nəsr əsərlərilə yanaşı, macəralarla dolu qeyri-adi həyatı ilə də tanınır.

Ernest Miller Heminquey 1899-cu il iyulun 21-də Çikaqo yaxınlığındakı Ouk-Park şəhərciyində doğulub. Ailədə altı uşaqdan ən böyüyü idi. Anası opera müğənnisi, 1928-ci ildə həyatına intiharla son qoyan atası isə həkim olmuşdu.

Orta təhsilini başa vurduqdan sonra hərbi xidmətə getmək istəsə də, gözlərində problem yarandığından arzusuna çatmamışdı. Bir müddət Kanzasda çıxan “Star” qəzetində çalışdıqdan sonra könüllü dəstənin tərkibində Avropaya, Birinci Dünya müharibəsi (1914-1918) cəbhələrinə yollana bilmişdi. Amerika Qırmızı Хaç Cəmiyyətinin sürücüsü kimi müharibənin od-alovundan keçmiş, ayağından yaralanmışdı. İgidliyinə görə İtaliyanın iki hərbi medalı ilə təltif olunmuşdu…

***

12 yaşı olanda Ernestin həyatında önəmli bir hadisə baş vermişdi. Babası ona 20 kalibrli təklülə ov tüfəngi bağışlayır. Bu hədiyyə nəvə ilə baba arasında möhkəm dostluğa səbəb olur. Babasının ov haqqında danışdığı maraqlı əhvalatların çoxu sonralar Ernestin əsərlərində öz təsvirini tapırdı. Bir sözlə, babasının ov əhvalatları Ernestin ədəbiyyata olan həvəsini daha da artırır və o, ömrü boyu babasını xoş duyğularla xatırlayırdı...

Gənc Ernest “Manitanın mühakiməsi” adlı ilk hekayəsini də ova həsr etmişdi. Hekayənin qəhrəmanı simasında isə əsasən atasını və bir az da babasını canlandırmışdı. Əsərin qəhrəmanı isə ovda faciəli şəkildə həlak olurdu. Nə qədər qəribə olsa da, Ernestin atası Klarens də hekayədə təsvir edildiyinə oxşar şəkildə intihar etmişdi. Bu hekayə “Skrijal” adlı məktəb jurnalında dərc edilmişdi. Müəllifin “Bütün iş dərinin rəngində idi” adlı ikinci hekayəsi də maraqla qarşılanır. Əsərdə boksun pərdə arxasında aparılan çirkli kommersiya məqsədlərindən danışılırdı.

Çikaqoya qayıtdıqdan sonra Heminquey yazıçı Şervud Andersenlə tanış olur. Yaşlı həmkarının məsləhəti ilə “mənəviyyatsız həyat”dan canını qurtarmaq üçün Parisə yollanır. Amerikanı tərk etməmişdən əvvəl, 1921-ci ildə Elizabet Riçardsonla evlənir. Bu, yazıçının dörd rəsmi evliliyindən birincisi idi.

Parisdə E.Heminquey həmvətəni olan yazıçılarla – Gertruda Stayn, Ezra Paund, Skott Fitsceraldla görüşmüş, “Toronto star” qəzeti üçün yazmağa başlamışdı. Müəllifin “Hekayələr və üç şeir” (1923), “Bizim zəmanəmizdə” (1924) adlı ilk kitabları da Parisdə nəşr olunmuşdu. 1926-cı ildə isə Heminquey ədəbi tənqidin хeyirхahlıqla qarşıladığı “Günəş çıxır” romanını çap etdirdi. Romanda Fransa və İspaniyada yaşayan amerikalıların həyatından bəhs olunurdu. Bu insanların arasında müəllifin özü də vardı. Onlar I Dünya müharibəsindən sonra meydana çıxan “itirilmiş nəsil” nümayəndələri idilər.

“Qadınsız kişilər” (1927) kitabının nəşrindən sonra Heminquey Parisdən ABŞ-a qayıdır. Florida ştatında, Karib dənizi sahilindəki Ki-Vest kurort şəhərciyində məskunlaşır və ikinci romanı “Əlvida, silah”ı yazıb başa çatdırır. Nisbətən sonrakı dövrün məhsulu olan “Zəng kimin üçün çalınır?” (1940) romanı ilə birlikdə “Əlvida, silah” üslub gözəlliyi və ifadəliliyi baxımından Heminqueyin ən yaxşı əsəri sayılır.

***

1930-cu ilin payızında yazıçı avtomobil qəzasına düşür və ağır zədələr alır. O, yarım il müalicə prosesində olsa da, ədəbi yaradıcılığını davam etdirir. 1932-ci ildə Heminquey “Günortadan sonra ölüm” adlı romanını qələmə alır. Bu roman çapdan çıxan kimi bestsellərə çevrilir, yazıçıya Amerika və ondan kənarda yeni şöhrət gətirir. Müəllifin 1933-cü ildə “Qalib heç nə almır” adlı seçilmiş hekayələri çapdan çıxanda artıq ədəbi mühit onu ciddi yazıçı kimi qəbul etmişdi...



Qeyd etdiyimiz kimi, Heminqueyin ruhunda ovçuluğa həmişə böyük həvəs olub. 1933-cü ilin sonlarında Afrikadakı Tanqanika gölü ətrafına ova gedir. 1934-cü ilin yanvarında ağır xəstələnir. Həkimlər ona ovçuluqla məşğul olmağı qadağan edirlər. Afrikaya ov səfəri təəssüratları barədə 1935-ci ildə yazıçının “Afrikanın yaşıl təpələri” adlı kitabı işıq üzü görür.

İspaniyadakı vətəndaş müharibəsi onun bir sıra diqqətəlayiq cəhətlərini üzə çıхarmışdı. O, hərbi jurnalist kimi iç savaşın ən qaynar nöqtələrində olmuşdu. İnsan qəhrəmanlığının və xəyanətinin dəhşətli səhnələrini müşahidə etmişdi. “Beşinci dəstə” (1937) pyesi və “Zəng kimin üçün çalınır?” romanı bu dövrün acı ibrət dərslərinin nəticəsi kimi meydana çıxmışdı.

1950-ci ildə Heminquey “Çayın o tayında, ağacların kölgəsində” romanını oxucuların ixtiyarına verir. İki il sonra “Layf” jurnalında “Qoca və dəniz” povesti dərc edilir. “İnsanı məhv etmək olar, amma məğlub etmək mümkün deyildir” – əsərin əsas leytmotivi müəllifin bu qanadlı ifadəsində öz əksini tapmışdı. İnsanın gücünə, iradəsinə, dözümünə və əbədiyyət sevgisinə ehtiraslı himn olan bu əsər heç kimi laqeyd buraxmadı.

Povestdə dənizdə təkbaşına taleyin hökmünə buraxılan və yaşamaq uğrunda köpək balıqları ilə mübarizə aparan qoca balıqçıdan danışılır. Bu mübarizə o qədər təsirli təsvir edilib ki, oxucu özü də bilmədən ruhən baş verən hadisələrin iştirakçısına çevrilir. “Qoca və dəniz” povesti beynəlxalq aləmdə böyük əks-sədaya səbəb olur. 1953-cü ildə bu povestə görə Heminqueyə beynəlxalq “Pulitser” mükafatı verilir. Bir il sonra isə Heminquey Nobel mükafatına layiq görülür. Bu, yazıçının fəth etdiyi ən yüksək zirvə, yaradıcılığına verilən əvəzsiz töhfə idi. Görkəmli ədib 1956-cı ildə Parisdə olarkən “Riç” hotelinin zirzəmisindən uzun illər qoyub getmiş olduğu çamadanını tapır. Onun içindən əldə etdiyi Paris həyatından bəhs edən gündəliyi əsasında “Həmişə səninlə olan bayram” adlı avtobioqrafik əsərini yazır. Lakin bu kitab onun ölümündən sonra, dördüncü arvadı Meri Velş Heminqueyin səyi nəticəsində 1964-cü ildə işıq üzü görür.

***

E.Heminquey dəfələrlə ölümlə üzləşmiş, lakin hər dəfə xilas ola bilmişdi. Bu qəzalar zamanı, həmçinin I Dünya müharibəsində aldığı yaralar onun sağlamlığına mənfi təsir etmişdi. 1950-ci illərin ortalarından başlayaraq yazıçı depressiyadan və paranoyadan əziyyət çəkməyə başlayır. Ona elə gəlirdi ki, hər yerdə ABŞ-ın Federal Təhqiqat Bürosunun (FTB) əməkdaşları tərəfindən izlənir. Yazıçını elektrik cərəyanı verməklə müalicə etməyə çalışsalar da, 20 seansdan sonra Heminquey yaddaşını itirir. Fikrini sərbəst şəkildə ifadə etmək üçün bir kəlmə belə yaza bilmirdi. Böyük qələm sahibi bu xəstəlikdən xilas yolunu intiharda görürdü. O, bir neçə dəfə bu yola əl atsa da, ailəsi və dostları mane olmuşdular. Bundan sonra Heminqueyi psixoloji klinikaya müalicəyə göndərirlər. Ancaq hər yerdə onun gözünə FTB-nin agentləri görünürdü. İki aydan artıq davam edən müalicədən sonra yazıçını evə buraxmışdılar.

Vəziyyətinin daha da ağırlaşdığını görən ədib bu dəfə onun hər addımını nəzarətdə saxlayan həyat yoldaşı Merinin diqqətindən yayına bilir. 1961-ci ilin 2 iyul tarixində canına qəsd edir.

E.Heminqueyin həyatını tədqiq edən şəxsi bioqrafı F.Yanq məşhur yazıçının bütün həyatının ölüm və intihardan qaçmaqdan ibarət olduğunu qeyd edir. Bildirir ki, bu amil onun yaradıcılığında güclü iz buraxıb.

Dünya ədəbiyyatında hətta ölümü ilə ədəbiyyat yaradan, seçdiyi ölümü belə şöhrəti üçün “işlətməyə” müvəffəq olan nadir yazıçılardan olan Heminquey bu gün də dünyanın ən çox sevilən müəlliflərindəndir. Onu sevməmək, təsirinə düşməmək, sadəcə, mümkünsüzdür.



Aynurə ƏLİYEVA
«Mədəniyyət» qəzeti
 

0 şərh