Cəlil Məmmədquluzadənin dini görüşləri

Dövrünün tanınmış ziyalısı, böyük demokrat C.Məmmədquluzadə də M.F.Axundov kimi, İslam dini və onun təbliğatçıları, dəllalları və bunlara inanan avam camaatın başına gətirilən rüsvayçılıqlar barədə öz fikir və mülahizələrini söyləməkdən çəkinməmişdir. Naxçıvanın dindar mühitində, dindar ailədə böyüyüb başa çatmasına baxmayaraq, o, İslama, daha doğrusu, onun mahiyyətini təşkil edən Allaha qarşı çox kəskin mövqe tutur və sərt çıxışlar edirdi. Çoxlarının cəsarət edib deyə bilmədiklərini o, çəkinmədən, qorxmadan deyirdi. C.Məmmədquluzadə göstərir ki, İslam ehkamının Allaha isnad verdiyi sifətlər Allahın müsbət mahiyyətini deyil, mənfi mahiyyətini müəyyən edir, çünki bu sifətlərdən heç birinin Allaha məxsus olduğunu müsbət dəlillərlə sübut etmək olmur. Sifətin (nəticənin) olmaması isə mahiyyətin (səbəbin) olmamasına dəlalət edir.
Deməli, bir halda ki, Allaha heç bir sifət vermək olmur, onda o yoxdur, müsbət ilahiyyat da mümkün deyildir. Sonra müəllif üzünü Allaha tutub soruşur:”Əgər bu işləri görürsən, niyə bəs dinmirsən? Əgər bacarmırsan və acizsən, bəs sənə niyə “qadir” deyirlər? Bunlar hamısı keçəndən sonra axı bir de görüm haradasan? Yerdəmisən? Əgər Yerdəsən, bir de görüm harasındasan? Əgər Göydəsən, Göyün harasındasan? Əgər yerini məxfi saxlamaq istəyirsən, niyə? Bunun da səbəbini bilsək, nə eybi var? Bir surətdə ki, nə dinirsən, nə danışırsan, nə yerini, yurdunu bildirirsən, nə varlığından bir xəbər göndərirsən, nə cisimsən, nə cövhər, nə ərəz, demək, nə Yerdəsən, nə Göydə, nə adilsən, nə zalım, nə böyüksən, nə kiçik, nə yaxşısan, nə pis, dəxi bir yolluq deginən:” İnsanlar, məndən əl götürünüz. Mən yoxam, yoxam, yoxam” (“Tərəqqi” qəzeti, № 4, 5 iyul 1909)
Cəlil Məmmədquluzadənin dini görüşləri
C.Məmmədquluzadə də M.F.Axundovun düşündüklərini, dilinə gətirdiklərini təsdiq edir, ruhanilərin özlərinin də bu əqidədə olduqlarını, ikiüzlülük edərək, avam camaata düşündüklərinin əksini söylədiklərini göstərir. C.Məmmədquluzadə insanla birlikdə (bərabər) bütün canlıların Allah tərəfindən yaradıldığını təkid edən Quran ayələrinə də inanmır. Peyğəmbərlərin Allahın elçiləri olduqlarını qəbul etmir və deyir ki, onlar riyasət məqsədilə meydana atılmış nadürüst adamlardır. O,, “Şeytan” adlı felyetonunda avam və cahil valideynləri tənqid edirdi ki, onlar öz uşaqlarını “damdabaca”, “quleybanu”(qyl yabanı və ya qule-biyabani—çöl adamı, vəhşi insan-(M.A), cin, şəyatin və s. ilə qorxutduqları üçün “otuz beş yaşında igid müsəlmanlar meşədə ayıdan qorxmur, öz evində divdən, cindən, “quli-biyabani”dən qorxurlar.
Qaraguruhçu mollaların təbliğatı nəticəsində ömründə bir qədəm qoya bilmir, heç bir işə yapışa bilmir ki, orada şeytan olmasın. Dünyanın heç bir nöqtəsində, heç bir tayfa arasında şeytan o qədər modda deyil ki, biz müsəlmanların arasındadır. Hər bir işdə, hər bir məqamda, məscid və minbərdən başlamış evlərimizə, küçələrimizədək öz qəlblərimizi şeytanın adı ilə doldurmuşuq”( Əsərləri, 2-ci cild, 1967, səh.311)
Dövrünün savadlı, ağıllı, bilikli, dünyügörmüş ziyalıları Quranın axirət dünyası haqqında dediklərini də sarsaqlama adlandırırdılar. Guya, insanlar əməllərinə görə cənnətə və ya cəhənnəmə göndəriləcəklər. Mömin müsəlmanlar (kişilər-M.A) altında kəhriz axan bağçalarda hurilər ilə şənlənəcək, (qadınlar, yəqin ki, qılmanlar ilə-M.A), kafirlər isə cəhənnəm odunda qovrulacaqlar. Ona görə də insan bu dünyaya çox bağlanmamalı, axirət dünyası üçün bir şey əldə etməlidir.
C.Məmmədquluzadə bu dünyadan imtina edib axirət dünyasında xoş və firəvan yaşamaq arzusunda olanlara rişxəndlə gülür, cənnətin elə bu dünyada olduğunu, özü də Allahın cənnətindən daha gözəl olduğunu, o dünyada heç bir cənnət və cəhənnəmin olmadığını cəsarətlə söyləyirdi. “Qəbirdən məktub” felyetonunda dünyasını dəyişmiş bir mollanin dilindən yazırdı: “Ey mənim ruhani qardaşlarım! Yadınızdadır ki, mən naxoş olan vaxt bir gün gəlmişdiniz, deyirdiniz: ay molla Cəlilağa, sən niyə ölümdən qorxursan? Qoy qorxsunlar günahkarlar və bəd əməl sahibləri. Sən ki allaha şükür, behişti-bərinə qalxıb cənnətməkan və Firdovsaşiyan və məlaikələrlə həmcins olacaqsan.
İndi mən buraya gəlib həmin sözlərinizi yadıma salıram və ürəyim az qalır qanla dolsun...Yenə hədsiz şükürlər olsun dünyada gördüyüm günlərə! Ax o günlər, o dəmlər, o zamanlar”(Əsərləri, 3-cü cild, səh.17-18).
Əbdürrəhim bəy Haqverdiyev də “Xortdanın cəhənnəm məktubları”əsərində bu fikri müdafiə etmiş, İslamın axirət dünyası haqqındakı ehkamını rədd edərək göstərmişdir ki, cənnət və cəhənnəm olsaydı, birinci növbədə ruhanilər İslamın tələblərinə əməl edərdilər.
Maarifpərvər ziyalılar dini ayin və mərasimlərin də çox zərərli olduğunu, insanların vaxtını aldığını, hər hansı bir faydalı işlə məşğul olmasına mane olduğunu söyləyirdilər. C.Məmmədquluzadə “Xatirat”ında yazır:” Namaz və oruc mömin müsəlmanların il uzunu bütün vaxtını alırdı. Onlar ruhanilərin təhriki ilə hər bir əhəmiyyətli və ya əhəmiyyətsiz iş və hadisə münasibətilə namaz qılıb oruc tuturdular. Həmin namaz və orucların təkcə adları uzun bir siyahıdır: namazi-yovmiyyə, namazi-cümə, namazi-eydi-rəməzan, namazi-meyit, namazi—sokənd, namazi-əhd, namazi-nəzir, namazi-icarə, namazi-ayat, yəni zəlzələ namazı, qara yel namazı, xüsuf və küsuf namazı(ayın və günəşin tutulması zamanı qılınan namaz), namazi-eydi-Qurban, namazi –zifaf, namazi- Cəfəri Təyyar, namazi-filan və filan”.
Bütün bu namazlar hələ bir yana dursun, vay o kəsin halına ki, qıldığı namazların içində “namazi-nafileyi-nuzdəhimi-mahi-mübarəki-rəməzan” yoxdur. Həmin namaz altı yüz qırx dörd rükətdən ibarətdir. Oruclara gəldikdə, bunları sayıb qurtarmaq mümkün deyildir: otuz gün rəməzani-mübarək orucu, qəza orucu, atadan qalma qəza orucu, nəzir və and orucu, meyit və kəffarə orucu, dümahə orucu, mövlud orucu, məbəs orucu, eydi-qədr orucu, hər ayın üç günü orucu, ərəfə orucu, mübahilə orucu, təsəddüq orucu, üç gün şəban ayının orucu, dəhvəl-ərz orucu, hər ayın əvvəlinin orucu, aşura orucu, hər pəncşənbə və hər cümə günlərinin orucu, zilhiccə ayının səkkizinci gününün orucu, eydi-rəməzandan sonra altı gün şəvval ayının orucu və i.a”(əsərləri,2-ci cild.1967).
 
Maarifçi ziyalılar göstərirdilər ki, oruc tutmaq müsəlmanların arasında vəba xəstəliyinin yayılmasına zəmin yaradır. Oruc tutanların çoxu mədə-bağırsaq xəstəliklərinə düçar olurlar. Ü.Hacıbəyov “Xolera və rəməzanəl-mübarək” felyetonunda yuxarıdakı fikirləri müdafiə edərək yazırdı: ”Müsəlman ruhaniləri yalandan təharət, izaleyi-nəcasət, dəstəmaz, qüsuldan dəm vururlar, əslində təmizliyin, murdarçılığın nə olduğunu bilmirlər, gigiyena və sanitariyadan qətiyyən xəbərləri yoxdur. Oruc tutmağı bunda görürlər ki, dindarlar gündüz ac qalsınlar, gecələr isə “pəndam” olanadək yesinlər. Natəmizlikdən, mədənin pozulmasından dindarlar ishal olanda da deyirlər: əşi, xolera nədir, iş əcəlnəndir, qorxma, vur içəri”. (Əsərləri,3-cü cild, səh.40-41)
Orucluğun ailə-məişətdə törətdiyi pozğunluqlar barədə M.Ə.Sabir, M.Ə.Möcüz, Ə.Nəzmi, Ə.Haqverdiyev və başqaları da öz yazılarında çox kəskin mövqe tuturdular. İslamın digər ayinləri olan qurban bayramı, aşura mərasimi də ziyalılar tərəfindən tənqid edilir, satira atəşinə məruz qalırdı. Bu ayin və mərasimlər müsəlmanlara heç bir fayda vermirdi. Başına, döşünə zərbələr endirən, zəncirlə kürəklərini qançır edən və al qana boyanan avamlar çox vaxt ağır vəziyyətə düşür, aylarla yataqda qalmalı olurdular.
Ramazanın da, qurbanın da, aşuranın da “ləzzətini” ruhanilər dadır və həzz alırdılar. Mirzə Cəlil müsəlmanların geri qalmasında aşuranın da mənfi təsirini qeyd edir və göstərirdi ki, bundan müstəmləkəçilər öz xeyirləri üçün istifadə edirlər. Şərqin oyanmaması üçün fanatizmin yayılmasına rəvac verirdilər. O yazırdı: ”Hərgah imam Hüseyn Allahın qədəri ilə qətl olunub, özü də indi cənnətdə hurilər ilə kef çəkirsə, onun üçün təziyə saxlamağın nə mənası var? Baş yarmaq, zəncir vurmaq və küçələrdə “şaxsey” təpmək adəti vəhşi bir adətdir. Və əgər min üç yüz il bundan qabaq nadan ərəblərin qəbilə sərkərdələri bir-birilə “portfel” üstə dalaşıb vuruşurdularsa, bizə indi nə düşüb ki, küçələrə doluşub bambılı kimi “şaxsey-vaxsey” çığırıb atılaq-düşək, qonşuları öz üstümüzə güldürək, özümüzü xəncər-bıçaqla yaralayaq? ” (əsərləri, 3-cü cild, səh.238).
İslam dininin ayin və mərasimlərini, ictimai inkişafa, tərəqqiyə zidd olan bəzi ehkamlarını ciddi tənqid edən qabaqcıl, azadfikirli ziyalılarımızın məqsədi insanlarda öz qüvvə və bacarıqlarına dərin inam yaratmaq, onları dinin buxovlarından azad etmək, xoşbəxt və firəvan həyat qurmaq, haqqını, hüququnu bərpa etmək üçün qətiyyətli, ardıcıl və mütəşəkkil surətdə mübarizə aparmağın zəruriliyini anlatmaq idi. Çünki din heç bir zaman bəşəriyyətə xoşbəxtlik, səadət, rahatlıq gətirməmişdir. Mənafeyə uyğunluq, yararlılıq dərəcəsindən asılı olaraq dinə münasibətdə böyük fərqləq özünü göstərməkdədir. Cəmiyyətdə müəyyən mövqe tutan, hakim ideologiyaya xidmət edən, öz mənafeyini ümumxalq mənafeyindən üstün tutanlar həmişə yerli-yersiz dini müdafiə etmiş, onun ehkamlarını, ayin və mərasimlərini, əxlaq qaydalarını kütlə içərisində yaymağa çalışmış, xalqı öz azadlığı uğrunda mübarizədən çəkindirmiş, millətin ictimai, iqtisadi, mədəni və siyasi cəhətdən geri qalmasına səbəb olmuşlar.
İnsanların cəmiyyət, cəmiyyətin dövlət forması alması üçün onların arasında mütləq birlik, qarşılıqlı əlaqə və münasibət olmalıdır. Dövlətin öz funksiyasını yerinə yetirməsi, bir dövlət kimi uzun müddət mövcud olması, insanları öz tabeliyində saxlaya bilməsi üçün müəyyən qayda-qanunlar sistemi olmalıdır. Vətəndaşların cəmiyyət içərisində özlərini aparması, davranışı, münasibəti haqqında müəyyən qaydalar, qanunlar, göstərişlər meydana çıxır ki, bunların məcmusu ə x l a q adlanır.
Hər bir cəmiyyətin özünəməxsus əxlaq qaydaları mövcuddur. Bu qaydalar konkret şərait, mühit, məkan və zamanla bağlıdır, əbədi, dəyişilməz və sabit deyildir. Zaman, mühit, çərait dəyişdikdə, əxlaq qaydaları da dəyişir, yeni şəraitə, mühitə uyğun əxlaq norması yatanır. İbtidai cəmiyyətin öz əxlaq qaydaları, quldarlığın, feodalizmin, kapitalizmin və sosializmin öz əxlaq qanunları, əxlaq fəlsəfəsi var idi. Bunlara uyğun olaraq bütpərəstliyin də, xristianlığın da, buddizmin də, zərdüştlüyün də, islamın da özünəməxsus əxlaq qaydaları olmuş və indi də qalır. İslamın əxlaq qaydalarını ucdantutma mürtəce, insanlığa yabançı, zərərli hesab etmək, zənnimizcə, ədalətsizlik, qərəzçilik və sadəlövhlük olardı. Düzdür, bu qaydalar içərisində mahiyyət etibarilə zamanla, şəraitlə uzlaşmayanları vardır. İnsanın sərbəstliyini məhdudlaşdıran, bədbin əhval-ruhiyyənin yaranmasına səbəb olan, əlaqə və münasibətlərin zəifləməsinə, pozulmasına zəmin yaradan, birgəyaşayışa, həmrəyliyə mane olan əxlaq qanunları həmişə tənqid edilmiş, bəzən açıq, bəzən gizli şəkildə bunlara etirazlar da olmuşdur. Etiraz doğuran səbəblərdən başlıcası bundan ibarətdir ki, İslam dini özünün əxlaq qayda-qanunlarını ilahi, mütləq və dəyişməz hesab edir. Əslində isə bu qaydalar, bu qanunlar heç bir ilahi mahiyyət kəsb etmir. Məsələn, “yalan danışma”, “oğurluq etmə”, “tamahkar olma”, “zina etmə”, şər işlərdən çəkin”, “adam öldürmə”, “ev yıxma” və s. öyüd və nəsihət xarakterli ifadələr xalqın həyatından, məişətindən, təcrübəsindən götürülmüşdür.
İnsanlar onlara xeyir və şər gətirən hərəkətləri min illərlə təcrübədə görmüş, onları təqdir və ya tənqid etmişlər. İslam əxlaqının mahiyyətində isə Allahın yer üzündə kölgəsi olan hökumətə, dövlətə, padşaha inam, böyüklərə hörmət və sözsüz tabeçilik fəlsəfəsi durur. Əxlaq qaydalarının pozulması cinayət sayılır və şəriətə görə müxtəlif formada cəza növləri tətbiq olunur.
Qeyd etmək lazımdır ki, müəyyən əxlaq qaydalarının pozulmasına görə cinayət məsuliyyətinə cəlb olunma hallarını bu gün biz azərbaycanlılar da müdafiə edirik. Məsələn, əxlaqsızlıq, namussuzluq, imicimizə kölgə salan, milli mentalitetimizə uyğun gəlməyən, bizə ləkə gətirən çılpaq gəzmə, gəbəkatma, narkotik maddələrdən istifadə və s. (bunlar ən çox qadınlara aiddir).
 
Hər bir inkişafa, tərəqqiyə mane olan köhnəlikləri tənqid edib yeniyə, yaşamağa qabil olanlara yol açmağa səy göstərmək bir şeydir, elə ağa da qara deyib, qarşına çıxanların yaxşımı, pismi olduğuna etina etmədən pisləmək, qırıb tökməık, yandırıb yaxmaq, “ağa deyir sür dərəyə, sür!” əmrinə itaət edib “kişilik” göstərmək, “ad çıxarmaq” tamamilə başqa şeydir.
Elə dövrlər, zamanlar, anlar olubdur ki, istər irticaçı dindarlar, istərsə də hökumətin ədalətsiz qayda-qanunlarını öz mənafeyi xatirinə müdafiə edən “ziyalılar” mənsub olduqları zümrənin, qrupun, sinfin mövqeyini qorumaq naminə hər şeyi məhv etməyə hazır olublar.
İslamın ümumbəşəri səciyyə daşıyan gözəl əxlaq nümunələri də var ki, onları yalnız ağıldan kəm adamlar və yüngül xasiyyətlilər bəyənməz, bunlara ağız büzər və etiraz edərlər. Məsələn, haram yemə, mərdümazar və tamahkar olma, əxlaqsız, namussuz olma, öz əlinin, zəhmətinin bəhrəsi ilə yaşa, qəddar və zalım olma, əlsiz-ayaqsızların malına göz dikmə, rüşvət alma, heç kəsin qadınına, qızına, gəlininə pis ğözlə baxma, şeytan olma, kimsənin qəlbinə dəymə, könlünə toxunma, böhtan atma və s., və i.a. kimi tövsiyə, nəsihət və məsləhət tipli çox qiymətli sözlərə nə üçün “cəhalət”, “ətalət”, “mürtəce” damğası vurulmalıdır, “köhnəlmiş əxlaq normaları” hesab edilməlidir? Axı bu deyilənlər, bu sifətlər, bu hərəkətlər əslində insanı bəzəyən, ona şərəf, hörmət, böyüklük, ucalıq gətirən ifadələrdir, əxlaqi keyfiyyətlərdir.
İslamın əxlaq normaları öz əksini Quranda və ondan sonra Şəriətdə tapmışdır. Quranda göstərilir ki, insanların səbirsizliyi ( surə 17, ayə 11), naşükürlüyü (surə 17, ayə70;surə 70, ayə 13), qorxaqlığı(surə 70, ayə 20, ) onların özlərindən asılı deyil, bu keyfiyyətlər onlarda fitridir. İnsanların bütün xeyirxah, xoş əməlləri, gözəl arzuları Allahın adı ilə, pis işlər, cinayətkar əməllər isə insanların özləri ilə bağlıdır. Yəni bütün yaxşı, bəyənilən əməllər Allahdandır, pis əməllərin səbəbkarı insan özüdür. Burada insanın iradə azadlığı məsələsi çox dolaşıq və təəccüblüdür. Quranda deyilir:”Ey insan! Sənə yetişən hər bir yaxşılıq Allahdandır, sənə üz verən hər bir pislik isə özündəndir”. ( surə 4, ayə 71).
Ümumiyyətlə, Allahın qadirliyi haqqında deyilənlərlə bu ayədəki fikir ziddiyyət təşkil edir Əgər bütün yaxşı işlər Allahdandırsa, onda pis işlərə də insanın iradəsi şata bilməz. Bu da Allahdandır. Deməli, insan özlüyündə heç bir cinayət törədə və pis işlər görə bilməz. Bütün xoşagəlməz hallar üçün Allah cavabdehdir, burada insanın günahı yoxdur.
Belə olduqda, insanı suçlamaq, cəhənnəm odunda yandırmaq, ona hər hansı bir cəza vermək ədalətdən kənardır. Elə böyük filosof M.F.Axundovun da gəldiyi son qənaət belə idi. Buna görə də bir sıra ziyalılar, o cümlədən Mirzə Cəlil də dindəki bu dolaşıqlıq və ziddiyyətləri dərhal sezmiş, nəzəri deyilənlərə Quranda yazılanların uyğun gəlmədiyini əsas gətirərək, İslam əxlaqını əsassızlıqda tənqid etmişlər.

N.Nərimanov da İslam əxlaqının bəzi cəhətlərini tənqid etmiş, əxlaqın Allah tərəfindən müəyyən edildiyini və insanlara göndərildiyini qəbul etməmiş, onun tarixən dəyişkən olduğunu, şərait və mühitdən, mövcud ictimai, siyasi quruluşdan asılı olduğunu göstərmişdir. Lakin bütövlükdə, ağına, bozuna baxmadan İslam əxlaqını mürtəce, yaramaz, pozucu adlandırmaq düzgün deyil.
İslam əxlaqı haqqında Quranda öz əksini tapmış aşağıdakı höknlərə nəzər yetirək: “ Ey Məhəmməd! (mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya örtülü saxlasınlar). Bu onlar üçün ( ədəb, ərkan, təmizlik baxımından) daha yaxşıdır”( surə 24, ayə 30).
Mömin qadınlara da de ki, gözlərini haram buyurulmuş şeylərdən çəksinlər ( naməhrəmə baxmasınlar), ayıb yerlərini ( zinadan qorusunlar və ya örtülü saxlasınlar), öz-özlüyündə görünən( əl, üz) istisna olmaqla, zinətlərini ( zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s.) naməhrəmə göstərməsinlər, baş örtüklərini yaxalarının üstünə çəksinlər ( boyunları və sinələri görünməsin); zinət yerlərini ərlərindən, yaxud öz oğullarından, yaxud ərlərinin oğullarından, yaxud öz qardaşlarından, yaxud qardaşının oğullarından, yaxud bacılarının oğullarından, yaxud öz ( müsəlman) qardaşlarından, yaxud sahib olduqları (müşrik cariyələrdən), yaxud kişiliyi qalmamış xidmətçilərdən, yaxud qadınların məhrəm yerlərini hələ anlamayan uşaqlardan başqasına göstərməsinlər; gizlətdikləri bəzək şeylərini göstərmək üçün ayaqlarını (yerə və ya bir-birinə) vurmasınlar. Ey möminlər! Hamınız Allaha tövbə edin ki, bəlkə, nicat tapasınız” ( surə 24, ayə 31).
Bu ayələr bütövlükdə əxlaqa həsr olunmuşdur. Burada sadalanan əmr və ya hökmlərin hansı birisi mürtəce, pozucu xarakter daşıyır? Hansı birisi insanları pis yola sürükləyir, insanı azdırır? Əlbəttə, heç biri! Əgər Quranda padşahlara, hökmdarlara, böyüklərə, ümumiyyətlə, başçılara tabe olmaq, onların əmrlərini, nəsihət və göstərişlərini yerinə yetirmək təklif olunursa, bu, heç də o demək deyil ki, sən hökmən müti qul olmalısan, zalımlara baş əyməlisən, ədalətsizliklə barışasan, haqsızlığa dözəsən.

Əvvələn, Allah bütün insanlara: istər sıravi olsun, istər mənsəb sahibi, hökmdar, padşah, ağsaqqal, ağbirçək olsun — ədalətli, düzgün, rəhimli, mehriban, qayğıkeş, səmimi və s.,və i.a.olmağı “tapşırır”. Bu sifətlərə malik olan “böyüklərə” tabe olmağı, onların dediklərinə riayət, özlərinə hörmət etməyi buyurur. Zalım, dinsiz, haqsız, ədalətsiz olanlara qarşı, kimliyindən asılı olmayaraq, mübariz olmağı, susmamağı tövsiyə edir Ədalətli olmaq haqqında Allahın belə bir hökmü də diqqətdən yayınmamalıdır: “ Və izə həkəmtum beynən-nəs, ən təhkumu bil ədl” ( insanlar arasında hökm verəndə, ədalətli hökm verin).

Başqa bir əmrdə buyurulur ki, “vaməllahu yuridu zulmən bil ibəd” ( Allah öz bəndələrinə, yəni ona qulluq göstərənlərə, itaət edənlərə zülm etmək istəməz). Deməli, əgər hökmdarlar, padşahlar, rəhbərlər, hakimiyyət başçıları Allahın əmrlərinə tabe olmayıb, öz bildikləri kimi hərəkət etsələr, zalım və müstəbid olsalar, o zaman onlara qul kimi baş əymək, qarşılarında alçalmaq günah sayılır. İnsan Allah qarşısında baş əyməlidir, bəşər qarşısında yox!
 

Mənbə: Müstəqil Ağayev AMEA Fəlsəfə İnstitutu, Azərbaycan fəlsəfə tarixi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, Qabaqcıl Maarif Xadimi


 

0 şərh