Ədəbiyyatımızın yorulmaz mücahidi - Qılman İlkin

Əli VƏLİYEV:  Ədəbiyyatımızın yorulmaz mücahidi olan Qılman İlkin həyatı bütün gözəlliyi ilə, dolğunluğu ilə əks etdirməyi bacaran yazıçıdır.                       
«O, 96 il yaşadı, Azərbaycan yazıçıları arasında misli olmayan bir uzunömürlülüyə imza atdı.
Bəlkə, 100 il də yaşayardı, hətta ikinci yüzilliyə də qədəm basardı. Amma düz 96 yaşında xəstəlik ona aman vermədi. Ömrünün sonuna qədər də qələmdən, yazıdan əl çəkmədi» — Vaqif Yusifli
BAKU ARTAzərbaycanın Xalq yazıçısı Qılman İlkin (Qılman İsabala oğlu Musayev).
Qılman İlkin
O, 1914-cü il aprel ayının 28-də Bakının Mərdəkan kəndində anadan olmuşdur. O, burada ilkin təhsilini başa vurduqdan sonra 1926-1929-cu illərdə şəhər Pedaqoji texnikumunda oxumuş, 1932-1936-cı illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Pedaqoji Universitetin) dil-ədəbiyyat fakültəsində ali təhsil almışdır.
Qılman İlkin əmək fəaliyyətinə Xaçmaz rayonunun Əhmədoba kəndində məktəb müəllimi kimi başlamış, 1931-1932-ci illərdə “Gənc işçi” qəzeti redaksiyasında ədəbi işçi olmuş, 1938-ci ildən isə “Uşaqgəncnəşr”də məsləhətçi, baş redaktor və direktor vəzifələrində işləmişdir.
İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar olaraq Qılman İlkin ordu sıralarına çağırılmışdır. O, müharibə illərində keçmiş Sovet Ordusu tərkibində Qafqaz cəbhəsində və İranda hərbi qəzetlərdə müxbir olmuş, Təbrizdə çıxan “Vətən yolunda” adlı əsgər qəzetinin redaksiyasında çalışmışdır.
Qılman İlkin müharibədən qayıtdıqdan sonraNizami Gəncəvi yubileyi komitəsində elmi katib, Azərbaycan Dövlət Universitetində baş müəllim vəzifələrini tutmuşdur. O, bədii yaradıcılıqla yanaşı, uzun müddət mətbuat sahəsində fəaliyyət göstərərək, 1960-1963-cü illərdə Azərbaycan Dövlət Nəşriyyatının baş redaktoru, 1963-1967-ci illərdə “Azərbaycan” jurnalının baş redaktoru, 1967-1971-ci illərdə isə yenidən Azərbaycan Dövlət Nəşriyyatında direktor vəzifələrində çalışmışdır.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Qılman İlkin 1943-cü ildən etibarən ədəbi yaradıcılığa başlamışdır. O, altmış ildən artıq bir dövr ərzində nasir kimi zəngin fəaliyyət göstərmiş və ədəbiyyatımızın inkişafına öz töhfəsini vermişdir. Yazıçının qələminin məhsulu kimi meydana çıxan çox sayda hekayə, povest və romanlarda tarixilik, vətənpərvərlik və tərbiyəvi mövzular aparıcı yer tutmuşdur. Bu əsərlər yaxın keçmişimizdə baş verən hadisələrlə və müasirlərimizin həyatından alınan bədii lövhələrlə zəngin nəsr nümunələridir.
Qılman İlkinin qədim Bakının tarixi yerləri və görkəmli şəxsiyyətlərimiz haqqında silsilə xatirələri oxucular tərəfindən maraqla qarşılanmışdır. YazıçınınQarabağ müharibəsindən bəhs edən publisistik məqalələri gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması işində mühüm rol oynamışdır.
Qılman İlkin Azərbaycanın kino salnaməsinə daxil olmuş bir neçə bədii filmin və televiziya tamaşalarının ssenari müəllifi kimi də tanınmışdır. Yazıçı bir sıra xalqların dillərinə tərcümə olunaraq ölkəmizin hüdudlarından kənarda yayılan əsərləri ilə nəsrimizi layiqincə təmsil etmişdir. Eyni zamanda onun tərcümələri sayəsində Azərbaycan oxucusu dünya ədəbi fikrinin bəzi nümunələri ilə tanış olmaq imkanı qazanmışdır.
Qılman İlkin
Qılman İlkinin müasir Azərbaycan ədəbiyyatı və mətbuatının inkişafında səmərəli xidmətləri qiymətləndirilmişdir. O, bir çox mükafatlara və təltiflərə, o cümlədən Azərbaycan Respublikasının Xalq Yazıçısı və Əməkdar İncəsənət Xadimi fəxri adlarına layiq görülmüşdür.
«Qırmızı əmək bayrağı», "İkinci dərəcəli Böyük Vətən müharibəsi" ordenləri, Azərbaycan Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanları və müxtəlif medallarla təltif edilib. Qafqaz xalqları Ali Dini Şurasının «Paklıq» mükafatına layiq görülüb.
«Qalada üsyan» (1959), "Şimal küləyi" (1962), «Hədiyyə» (1969), «Dağlı məhəlləsi» (1978), «Dəniz qapısı» (1984), «Madam Qədri» (1988), «Bakı və bakılılar» (2006) və başqa kitabların, «Kölgələr sürünür», «Yenilməz batalyon» bədii filmlərinin və bir neçə televiziya filminin ssenari müəllifidir.
 O, 2009-cu il noyabrın 6-da ömrünün 96-cı ilində vəfat etmişdir.
Tanınmış yazıçı, gözəl publisist və təvazökar insan Qılman İlkinin xatirəsi onu tanıyanların, sevənlərin qəlbində həmişə yaşayacaqdır.
 
 
 
Mənbə: gunaydin.az
 
 

0 şərh