Ekoloji tarazlıq

Ekoloji tarazlığın pozulmasının nəticələri hansılardır? Onun qorunması və bərpası üçün hansı tədbirlər görülür?
Təbiət öz-özünü tənzimləmə gücünə malikdir. O, təbii proseslər və qanunauyğunluqlar əsasında yaranmış, uzunsürən təkamül prosesində inkişaf etmişdir. Təbiətdə baş verən təbii proseslərlə yanaşı, ali varlıq olan insanın təbiətə göstərdiyi təsir də Yer kürəsinin ahəngini, tarazlığını pozmuşdur. Bu bütün tarix boyu müşahidə edilsə də, son dövrlərdə daha çox nəzərə çarpır.
Ekoloji tarazlığın pozulmasına həm təbii, həm də texnogen xarakterli hadisələr səbəb olur.
Təbii fəlakətlər - zəlzələ, sunami, torpaq sürüşməsi, meşə yanğını, quraqlıq, daşqın və s. hadisələr canlı aləm üçün əsl təhlükə mənbəyidir. Meşə yanğınları planetin ekoloji tarazlığını pozmaqla ciddi problemlər yaradır. Karbonun və suyun dövr etməsində meşələrin mühüm əhəmiyyət kəsb etdiyini artıq bilirsiniz. Meşələrin yanması bu həyati əhəmiyyət daşıyan prosesi pozur.
təbii fəlakətlər
Yanğınlar meşə fondunun ekoloji və resurs potensialını azaldır, meşə ekosistemlərinə, torpağın üst qatına dağıdıcı təsir göstərir, yanmış tullantı məhsulları ilə atmosferi və suyu çirkləndirir.
Təbii fəlakətlər nəticəsində ekoloji tarazlığın pozulmasının qarşısını almaq və gözlənilən fəsadları maksimum səviyyədə azaltmaq üçün mütəxəssislər müxtəlif təkliflər irəli sürür, tədbirlər planı hazırlayırlar.
Mütəxəssislər hesab edirlər ki, Yaponiyanın ən aktiv vulkanı Sakuracima növbəti 30 il ərzində püskürəcək.
Son dövrlərdə bir çox texnogen xarakterli ekoloji problemlər insanın biganəliyi, təbii sərvətlərdən istifadə edərkən səhvlərə yol verməsi, təbiəti şüurlu surətdə dəyişməsi səbəbindən yaranır və nəticədə ekoloji sabitlik pozulur.
«Hər il bizdə „Ekologiya ili“ olmalıdır. Çünki bu həyatımızdır, sağlamlığımızdır, gələcəyimizdir».
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ağacəkmə aksiyasında
Azərbaycan dövlətinin strateji məqsədlərindən biri də ekoloji mühitin sağlamlaşdırılmasıdır. Bu sahədə ölkəmiz müvafiq beynəlxalq konvensiyalara qoşulmuşdur. Bununla bağlı dövlət səviyyəsində xüsusi sənədlər işlənilib hazırlanmışdır. Bu istiqamətdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi təxirəsalınmaz tədbirlər həyata keçirir.
Müasir dövrdə təbiətdən istifadə nə qədər vacib və aktualdırsa, onu qorumaq, bərpa etmək, cəmiyyətin davamlı inkişafını təmin etmək bir o qədər əhəmiyyətlidir.
Respublikamız aşağıda adları çəkilən konvensiyalara qoşulmuşdur:
«Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında» Beynəlxalq Konvensiya;
«Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında» Çərçivə Konvensiyası.


Müəllif: Nüşabə Məmmədova, Könül Mahmudova, Sevil Bəhrəmova, Pərviz Ağalarov
Mənbə: Həyat Bilgisi — 8 Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün Həyat Bilgisi fənni üzrə Dərslik
 
 

0 şərh