8. Vergiqoyma xərcləri

Çox vaxt məhz vergilər qızğın siyasi mübahisələrin mərkəzində dayanır. 1776-cı ildə Britaniya hökuməti tərəfindən müəyyənləşdirilmiş vergilərdən narazı qalan Amerika koloniyaları Amerika inqilabını həyata keçirdilər. Bill Klinton 1992-ci il seçkilərində əsasən ona görə qalib gəldi ki, amerikalılar onun sələfi olan ata Corc Buşa 1988-ci ildə «Eşidin, heç bir yeni vergi olmayacaq»- deyərək sonradan ona əməl etməməsini bağış­la­madılar.

Biz vergilərin iqtisadiyyata təsirini 6-cı fəsildə öyrəndik və gördük ki, hər hansı bir məhsulla əlaqədar satış vergisinin tətbiq edilməsi məhsulun bazar tərəfindən tələb olunan həcminə təsir edir. Bu öz təsirini tələb və təklif qüvvələrinin alıcı və satıcılar arasında vergi yükünün bölüş­dürülməsinə də göstərir. Bu fəsildə biz tədqiqat predmetini genişlən­dirəcək və bazar iştirakçılarının rifahına, iqtisadi vəziyyətinə vergilərin təsirini nəzərdən keçirəcəyik.
Ilk baxışda vergilərin rifaha təsiri aydın görünür. Hökumət öz gəlirlərini artırmaq üçün vergiləri artırır. Deməli, yeni əlavə daxilolmalar (ödənişlər) kiminsə «cibinin» hesabına baş verə bilər. Biz əmin olduq ki, məhsullara vergi­qoyma həm alıcıların, həm də satıcıların vəziyyətinə neqativ təsir edir:

Vergilərin tətbiq edilməsi nəticəsində istehlakçılar üçün məhsulun qiyməti yüksəlir, istehsalçıların məhsulunun qiyməti isə aşağı düşür (fəsil 6). Biz isteh­lak artıqlığı və istehsalçı artıqlığı kimi alətlərdən istifadə edərək, təhlili­mizi davam etdirmək imkanına malikik.
Bizim tədqiqatımız göstərəcək ki, alıcılar və satıcılar üçün vergi xərcləri hökumətin əldə etdiyi gəlirdən daha çoxdur.
Əvəzsiz itkilər  - vergiqoymanın nəticəsi kimi
6-cı fəsildə əldə etdiyimiz paradoksal nəticələrdən birini yada salaq: əmtəə ilə bağlı verginin alıcılardan və ya malın satıcılarından tutulmasının heç bir fərqi yoxdur. Əgər vergi istehlakçılardan tutularsa, tələb əyrisi verginin həcminə uyğun olaraq aşağıya doğru yerini dəyişir. Nəticədə pulun hökumətə kim tərəfindən ödənilməsindən asılı olmayaraq alıcılar və satıcılar vergi yükünü bölüşdürürlər. Şəkil 8.1-i nəzərdən keçirək. Bu şəkildə sadələşdirmə naminə nə tələb əyrisinin, nə də təklif əyrisinin yerdəyişməsi göstərilməmişdir. (Baxmayaraq ki, onlardan biri mütləq öz yerini dəyişməlidir). Konkret olaraq hansı əyrinin öz mövqeyini dəyişəcəyi verginin kimdən:satıcıdan (bu zaman təklif əyrisi yerini dəyişir) və ya alıcıdan (bu halda tələb əyrisi yerini dəyişir) tutulacağından asılıdır. Lakin burada əyrilərin yerdəyişməsini nəzərə almağa ehtiyac yoxdur. Iş ondadır ki, vergi alıcıların ödəyəcəyi qiymətlə satıcıların əldə edəcəyi qiymət arasına daxil olur ki, bu da vergitutmanın olmadığı bir şəraitdə satıla biləcək məhsulun kəmiyyəti ilə müqayisədə məhsulun real satışının azalmasına gətirib çıxarır. Başqa sözlə, məhsulla bağlı verginin müəyyən edilməsi bazarın həcminin azalması ilə nəticələnir.Verginin tətbiq edilməsinin nəticəsi
 

0 şərh