22. Yaşayış dəyərinin ölçülməsi problemləri

IQI istehlak səbətinin dəyərində baş verən dəyişiklikləri müəyyən­ləşdirmək üçün istifadə edilir. Başqa sözlə, əmtəə və xidmətlərin qiymətinin artdığı bir şəraitdə IQI istehlakçının əvvəlki yaşayış səviyyəsinin saxlanılması üçün onun gəlirlərinin nə qədər artmalı olduğunu müəyyən etməyə kömək edir. Lakin bir sıra səbəblər üzündən əhalinin həyat səviyyəsinin qiymət­ləndirilməsində IQI kifayət etmir. Bunlar aşağıdakılardan ibarətdir.
Birinci səbəb- Istehlak səbətində əmtəə və xidmətlərin qarşılıqlı əvəz olunması. Bir qayda olaraq ayrı-ayrı əmtəə və xidmətlərin qiyməti müxtəlif sürətlə dəyişir. Ona görə də istehlakçı bu prosesə özünəməxsus reaksiya verir. Belə ki, qiyməti daha sürətlə artan əmtəədən az, qiyməti tədricən artan əmtəədən isə daha çox satın alır. Istehlak səbətinin təsbit olunmuş quruluşu əsasında IQI hesablanması zamanı çeşidin bu cür dəyişməsi heç cür nəzərə alınmır. Amma əmtəə və xidmətlərin qarşılıqlı əvəzlənməsini nəzərə almadıqda IQI istehlak səbətinin dəyərinin illik artımını həddindən artıq şişirdir.


Sadə bir misalı nəzərdən keçirək. Belə təsəvvür edək ki, bizim qəbul etdiyimiz baza ilində alma armuda nisbətən ucuz olmuşdur. Bu səbəbdən də istehlakçı daha çox alma istehlak etmişdir ki, bu da əməyin statistikası Bürosunda müvafiq olaraq nəzərə alınmışdır. Tutaq ki, növbəti il qiymətlər əksinə dəyişmiş və istehlakçı daha çox armud almışdır. Lakin əməyin statistikası Bürosu istehlak səbətinin tərkibini dəyişməz qəbul etdiyindən meyvələrin istehlak nisbəti dəyişməmişdir. Belə olduğu halda IQI isteh­lakçının xərcinin artımını həqiqətdə olduğundan artıq əks etdirir.

Ikinci səbəb istehlakçılar tərəfindən istehlak olunan əmtəələrin çeşidinin daimi olaraq genişlənməsi ilə əlaqədardır. Istehlakçı seçimi nə qədər müxtəlif olarsa, hər bir manatın alıcılıq qabiliyyəti də yüksək olar. Nəticədə yaşayış səviyyəsinin müəyyən həddə saxlamaq üçün bir o qədər az pul kütləsi lazım olar. Lakin IQI istehlak səbətinin təsbit olunmuş çeşidi əsasında hesablandığından pulun alıcılıq qabiliyyətində baş verən dəyişikliklər nəzərə alınmır.
Misala müraciət edək.  Videomaqnitafonun yaranması ilə biz evdən çıxmadan sevimli kinofilmlərə baxmaq imkanı əldə etdik. Şübhəsiz, yeni əmtəə tələbatın ödənilməsi üçün əlavə imkanlar yaratmaqla, istehlakçıların maddi-rifah halını yüksəltmişdir. Lakin bu IQI-nin aşağı düşməsinə səbəb olmamışdır. Sonda əməyin statistikası Bürosu videomaqnitofonu istehlak səbətinin tərkibinə daxil edir, onun qiymətinin dəyişməsi isə özünü IQI-nin hesablanmasında əks etdirir. Ancaq bazara yeni əmtəənin daxil olması ilə əlaqədar yaşayış səviyyəsində baş verən dəyişiklik heç bir vaxt IQI-də öz əksini tapmır.

Üçüncü problem əmtəələrin keyfiyyət dinamikasının uçotunun dəqiq aparıla bilməməsi ilə əlaqədardır. Belə ki, istehlak səbətinə daxil olan əmtəələrin keyfiyyəti ildən-ilə artarsa, buna müvafiq olaraq onların dəyəri də artacaqdır. Əksinə, məhsulun istehlak xüsusiyyətinin daima pisləşməsi, onun dəyərinin də aşağı düşməsinə səbəb olacaqdır. Əməyin statistikası Bürosu istehlak səbətini təşkil edən əmtəələrin keyfiyyət dəyişikliyinin uçotunu aparmaq üçün mümkün olan hər şeyi edir. Məsələn, avtomobilin mühərrikinin gücü artırsa və ya yanacaq xərcinin xüsusi çəkisi azalırsa əməyin statistikası Bürosu tərəfindən hesablamalarda müvafiq düzəlişlər edilir. Əmtəələrin keyfiyyətinin ölçülməsi çox mürəkkəb bir məsələ olduğundan yenə də əvvəlki kimi aktual olaraq qalır.
IQI-nin ölçülməsi metodları və onların dəqiqliyi ilə bağlı iqtisadçılar arasında diskussiyalar səngimək bilmir. Məsələnin vacibliyi həm də onunla müəyyən olunur ki, çoxsaylı hökumət proqramlarının maliyyələşdirilməsi, məsələn müxtəlif sosial müavinətlərin ödənilməsi IQI-nin əhəmiyyəti nəzərə alınmaqla təşkil edilir və bir çox mütəxəssislərin fikrincə burada mütləq təshihə ehtiyac vardır. Bir çox tədqiqatçılar belə bir nəticəyə gəlmişlər ki, IQI inflyasiya səviyyəsini 0.5-2.0% arası qabaqlayır. Bu nəticəyə istinad edərək ABŞ konqresi sosial yardım proqramını elə təshih etməyə çalışır ki, müavinətlərin illik artımı inflyasiya səviyyəsindən 1% geri qalmış olsun. Bu addım keyfiyyət probleminə daha ciddi zəmin yaratmaqla milyardlarla dollar dövlət vəsaitinə qənaət etməyə imkan verir.

 

0 şərh