22. ÜDM deflyatoru və ya IQI?

ÜDM deflyatoru və ya IQI? THE GDP DEFLATOR VERSUS THE CONSUMER PRICE INDEX
ÜDM-un nominal dəyəri cari ilin qiymətləri, real dəyəri isə baza ilinin qiymətləri əsasında hesablanır. ÜDM deflyatoru faktiki olaraq baza və  cari ilin qiymətlər səviyyəsinin nisbətini əks etdirir.
Qiymətlərin vəziyyətini müşahidə etmək üçün iqtisadçılar ümumi mənzərəni bütövlükdə eyni cür əks etdirən hər iki göstəricidən istifadə edirlər. Buna baxmayaraq onların arasında müəyyən fərqlər mövcuddur.
Bu fərqlərdən birincisi ondan ibarətdir ki, ÜDM deflyatoru daxili istehsalçılar tərəfindən istehsal olunmuş əmtəə və xidmətlərin qiymət səviyyəsini, IQI isə istehlakçılar tərəfindən alınan əmtəə və xidmətlərin qiymət səviyyəsini əks etdirir. Məsələn, Boeing şirkəti tərəfindən istehsal olunmuş və ABŞ-ın Hərbi Hava Qüvvələri tərəfindən alınmış təyyarələrin qiyməti artarsa bu halda ÜDM deflyatoru da artır. Lakin təyyarə istehlak səbətinin tərkibinə daxil olmadığı üçün IQI dəyişməz qalır.
Başqa bir misala nəzər salaq. Tutaq ki Isveç şirkəti olan Volvo öz avtomobillərinin qiymətini artırır. Bu məhsul ABŞ ÜDM-na aid olmasa da amerika alıcıları tərəfindən alındığındın və avtomobil istehlak səbətinin tərkibinə daxil olan tipik əmtəə olduğundan IQI artır, ÜDM deflyatoru isə dəyişməz qalır.
Birinci fərq neft və neft məhsullarının qiymətinin dəyişməsi zamanı özünü daha qabarıq surətdə göstərir. ABŞ-ın özünün neft yataqlarının olmasına baxmayaraq, neftin əsas hissəsi Yaxın Şərq ölkələrindən idxal edilir. Buna görə də benzin və mazut kimi neft məhsullarının qiymətinin dəyişməsi ümumi istehsal göstəricilərinə nisbətən istehlak səbətinin artımında özünü daha çox göstərir. Deməli ÜDM deflyatoru ilə müqa­yisədə IQI daha sürətlə artır.
Ikincisi, daha incə fərq kimi bu və ya digər məhsul növlərinin qiymətlərinin dəyişməsinin bu göstəricilərdən hər birinə təsirini qeyd etmək olar. IQI istehlak səbətinin cari və baza ilində dəyərini müqayisə etdiyi halda, əməyin statistikası Bürosu vaxtaşırı istehlak səbətinin tərkibində dəyişiklik aparır. ÜDM deflyatoru isə əksinə, cari ildə istehsal olunmuş bütün əmtəə və xidmətlərin qiymətini onların baza ilindəki qiymətlərilə müqayisə edir, başqa sözlə, məhsulun çeşidinin dəyişməsi onda avtomatik olaraq nəzərə alınır. Bütün əmtəələrin qiymətləri bərabər artdığı bir şəraitdə hər iki göstəricinin mahiyyəti eyni olur. Ayrı-ayrı əmtəələrin və xidmətlərin dəyərinin daha sürətlə atdığı bir şəraitdə isə ÜDM deflyatoru və IQI arasındakı fərq mühüm əhəmiyyətli olur.

22.2-ci şəkildə ABŞ-da 1965-ci ildən 1998-ci ilə qədər olan dövrdə IQI və ÜDM deflyatorunun köməyi ilə hesablanmış inflyasiya templərinin dəyişməsi qrafiki əks etdirilmişdir. Müəyyən kənarlaşmaya baxmayaraq, Qanunauyğunluqdan daha çox müstəsnalıq təşkil edən hər iki göstərici təxminən eyni «inflyasiya mənzərəsini» göstərir.
Şəkil 22.2 ABŞ-da inflyasiyanın ikiqat ölçülməsi

 

Inflyasiya təsiri nəzərə alınmaqla iqtisadi parametrlərin təshih edilməsi
Müxtəlif vaxtlarda qiymətlərin ümumi səviyyəsinin müəyyən edilməsində məqsəd dolların alıcılıq qabiliyyətinin dəyişilməsini qiymət­lən­dirməkdən ibarətdir. IQI-nin necə hesablandığını öyrəndikdən sonra, dol­ların keçmişdə və hazırda imkanlarını müqayisə etmək üçün həmin gös­təricidən istifadə edək.

Müxtəlif dövrlərdə dolların alıcılıq qabiliyyətinin qiymət­ləndirilməsi
Əvvəlcə Beyb Rutun əmək haqqına qayıdaq. 1931-ci ildə onun qazan­dığı 80 min ABŞ dolları ilə beysbolçuların indiki qazancları hansı nisbətdədir?
Bu suala cavab vermək üçün əvvəlcə bizə bu günün qiymətləri ilə 1931-ci ilin qiymətlər səviyyəsinin nisbətini müəyyən edək. Sonra isə dolların hazırki alıcılıq qabiliyyətini nəzərə almaqla B.Rutun 1931-ci ildəki gəlirinin yeni miqyasını hesablayaq. Başqa sözlə qiymətlər indeksinin dəyişməsi yenidən hesablama üçün düzəliş əmsalını təyin edəcəkdir.
Statistik göstəricələrə əsasən qiymət indeksi 1931-ci ildən 1999-cu ilə kimi 15.2-dən 166-ya qədər artmışdır (bazis ili kimi 1992-ci il götü­rül­müşdür). Buna uyğun olaraq qiymətlərin ümumi səviyyəsi (116/15.2=10.9) 10.9 dəfə artmışdır. Indi biz B.Rutun əmək haqqını 1999-cu il səviyyəsi ilə hesablaya bilərik. Hesablama aşağıdakı kimi olacaqdır.
1999-cu ildə əmək haqqı ($) = 1931-ci ildəki əmək haqqı ($)x 1999-cu ildə qiymətlər səviyyəsi
1931-ci ildə qiymətlər səviyyəsi= 80000$x(166/15.2)= 873684$
Beləliklə, B.Rutun 1931-ci ildəki qazancının müasir ekvivalenti indiki 1 milyon ABŞ dollarına da çatmır. Əlbəttə ki, bu hətta hazırki dövr üçün də pis deyil, amma müasir ortabab beysbolçunun qazancı ilə müqayisədə xeyli azdır. Beysbol ulduzlarının qazancı ilə isə onu heç müqayisə də etmək olmaz. Məsələn, Çikaqo Çubs beysbol komandasının oyunçusu Semmi Souzanın 1999-cu ildə qazancı 10 milyon ABŞ dolları olmuşdur.
Indi isə 1931-ci ildə ABŞ prezidenti Q.Quverin aldığı əmək haqqını qiymətləndirək. Onun aldığı əmək haqqını- 75 000 dolları hesablama əmsalına-10.9-a vurub, onun əmək haqqının indiki ekvivalentinin 819079 ABŞ  dolları olduğunu görərik. Əlbəttə bu məbləğ ABŞ prezidenti B.Klintonun aldığı 200000 ABŞ dolları ilə müqayisədə heç də pis deyildir. (hətta yeni qanunvericiliyə əsasən kiçik C.Buşun aldığı 400000 ABŞ dolları ilə müqayisədə də). Beləliklə biz tam əminliklə deyə bilərik ki, 1931-ci il prezident Q.Huver üçün heç də pis olmamışdır.

Indeksləşdirmə
Məlum olduğu kimi qiymət indeksinin tətbiqi ayrı-ayrı dövrlərdə pul vəsaitlərinin müqayisəsi zamanı inflyasiyanın təsirini nəzərə almağa imkan verir. Inflyasiya səviyyəsindən asılı olaraq müqavilələr və öhdəliklər üzrə tədiyyələrin həcminin avtomatik təshih edilməsi üsulu iqtisadiyyatın müxtəlif sahələrində geniş istifadə olunur və iqtisadi ədəbiyyatda indeks­ləşdirmə adlanır.
Məsələn, işverənlərlə həmkarlar ittifaqları arasında çoxsaylı müqa­vilələrdə IQI-nin dəyişməsi ilə əlaqədar əmək haqlarının tam və ya qismən indeksləşdirilməsi barədə bəndlər nəzərdə tutulur. Belə şərt bəzi hallarda bahalaşmaya görə əlavələr adlanır və o qiymətlər indeksinin dəyişməsi zamanı avtomatik olaraq əmək haqqı tarifinin artırılmasına təminat verir.
Indeksləşdirmə şərti ABŞ-ın bir çox qanunvericilik aktlarında da öz əksini tapmışdır. Məsələn, qocalığa görə pensiyanın məbləği mütləq qaydada ildə bir dəfə təshih edilir. Inflyasiya nəzərə alınmaqla müxtəlif dərəcələrlə gəlir vergisinə cəlb olunan gəlirlərin məbləği də avtomatik olaraq dəyişir. Lakin indeksləşdirmə vergi sisteminin bəzi aspektlərinə toxun­­mur, halbuki indeksləşdirmənin həmin sahələrə də tətbiqi məq­sədəuyğun olardı. Bu barədə kitabın növbəti fəsillərində söhbət açacağıq.

Real və nominal faiz dərəcələri
Faiz dərəcələrində inflyasiyaya uyğun dəyişiklik aparılması çox mürəkkəb və çətin bir məsələdir. Siz banka pul qoyanda müəyyən müddətdən sonra faiz dərəcələrinə uyğun gəlir əldə etməyi proqonzlaşdırırsınız. Bankdan ssuda götürmüsünzsə (məsələn, təhsil haqqının ödənilməsi üçün), bu halda siz mütəmadi olaraq kreditdən istifadəyə görə faiz ödəməlisiniz. Beləliklə, faiz dərəcələrinin səviyyəsi müxtəlif dövrlərdə pulun alıcılıq qabiliyyəti, mövcud və gələcək inflyasiya səviyyəsi nəzərə alınmaqla müəyyən edil­məlidir.

Sadə bir misala baxaq. Tutaq ki, Salli Seyver banka illik faiz dərəcəsi 10% olmaqla min dollar depozit qoyub. Bir ildən sonra o, faiz dərəcələri nəzərə alınmaqla bankdan 1100 dollar pul alır. Indi isə müəyyən etməyə çalışaq ki,Salli həqiqətənmi 100 dollar varlandı?
Bu sualın cavabı ondan asılıdır ki, biz «varlı» məfhumu altında nə başa düşürük. Həqiqətən də onun pulu bir il əvvəlki pulundan 100 dollar çoxdur. Əyər bu müddət ərzində qiymətlər qalxarsa, dolların alıcılıq qabiliyyəti aşağı düşəcək və onun faktiki gəlir 10%-dən az artacaqdır. Əgər illik inflyasiya 4% olarsa, deməli Selli bir il bundan əvvəlkinə nisbətən cəmi 6% çox əmtəə və xidmət əldə edə bilər. Illik inflyasiya faizi 15% olarsa, deməli onun pulunun alıcılıq qabiliyyəti 5% azalmış olacaqdır.
Inflyasiya nəzərə alınmadan depozitlər üzrə bank faizinin kəmiyyəti nominal faiz dərəcəsi, inflyasiya nəzərə alınmaqla isə real  faiz dərəcəsi adlanır.
Deyilənləri nəzərə alaraq biz aşağıdakı nisbəti verə bilərik:
Real faiz dərəcəsi = Nominal faiz dərəcəsi-inflyasiya tempi
Nominal faiz dərəcəsi bir il ərzində Sizin bank depozitinizin nə qədər artdığını, real faiz dərəcəsi isə onun alıcılıq qabiliyyətinin faktiki olaraq nə qədər artdığını göstərir.
22.3-cü şəkildə 1965-ci ildən 1998-ci ilədək olan dövrdə ABŞ-da nominal və real faiz dərəcələrinin dəyişilməsi göstərilmişdir. Nominal dərəcələr 3 aylıq Xəzinədarlıq öhdəliklərinin (səhmlərinin) gəlirlilik dərəcəsi əsasında, real dərəcələr isə bundan inflyasiya göstəricilərinin çıxılması, daha doğrusu IQI-nin faiz dəyişməsinə əsasən müəyyən edilmişdir.
Şəkil 22.3 nominsl və real faiz dərəcələri
Nəticə

Şəkildən görünür ki, faiz dərəcələrinin göstərilməsi özünü müxtəlif cür biruzə verə bilər. Məsələn, 1970-ci illərin sonlarında nominal faiz dərəcələri kifayət qədər yüksək olmuşdur. Lakin inflyasiyanın yüksək olması nəticəsində real faiz dərəcələri 0-dan aşağı olmuşdur ki, bu da əhalinin əmanətlərinin ucuzlaşmasına gətirib çıxarmışdır. 1980-ci illərin axırlarında isə bunun tam əksi müşahidə olunmuşdur.

 

0 şərh