23. Iqtisadi artım və dövlətin siyasəti

ECONOMIC GROWTH AND PUBLIC POLICY
Beləliklə, biz müəyyən etdik ki, cəmiyyətin həyat səviyyəsi onun əmtəə və xidmətləri istehsal etmək qabiliyyəti ilə müəyyən olunur, məhsuldarlıq isə fiziki və insan kapitalının, təbii resursların və texnoloji biliklərin mövcudluğundan asılıdır. Dünyanın bütün siyasətçilərini narahat edən bir suala müraciət edək: dövlətin iqtisadi siyasəti əmək məhsuldarlığının və əhalinin həyat səviyyəsinin artımına necə təsir göstərir?

Yaddaş guşəsi

Istehsal funksiyası
Iqtisadiyyatda buraxılan məhsulun həcmi və istehsal amillərinin sərfi arasındakı qarşılıqlı əlaqəni təsvir etmək üçün istehsal funksiyası anlayışından istifadə olunur. Əgər buraxılan məhsulun həcmini Y kimi , əməyin kəmiyyətini – L, fiziki kapitalın kəmiyyətini  - K , insan kapitalının kəmiyyətini –H və təbii resursların kəmiyyətini – N kimi işarə etsək onda istehsal funksiyası aşağıdakı kimi ifadə olunacaq:
Y=AF(L, K, H, N)
Burada F (…) – məhsul buraxılışının həcminin istehsal amillərinin sərfinin qiymətindən asılılığını müəyyən edən funksiya, A isə istehsal texnologiyalarının səmərəliliyindən asılı olan dəyişən kəmiyyətdir.
Bir çox istehsal funksiyaları miqyasdan asılı olaraq daimi faydalı iş əmsalı xüsusiyyətinə malikdirlər. Əgər istehsal funksiyası bu xüsusiyyətə malikdirsə onda bütün istehsal amilləri eyni zamanda eyni kəmiyyət qədər dəyişərsə o, özü həmin kəmiyyət qədər dəyişir.
Riyazi olaraq bu o deməkdir ki, x istənilən müsbət rəqəmi üçün
xY=A F (xL, xK, xH, xN).
Məsələn, x=2 olduqda, yəni bütün istehsal faktorları iki qat artdıqda buraxılan məhsulun həcmi də iki dəfə artacaqdır.
Miqyasdan asılı olaraq daimi faydalı iş əmsallı istehsal funksiyasının köməyi ilə belə bir maraqlı nəticəni əldə etmək olar. Fərz edək ki, x=1/L onda düstur aşağıdakı formanı alır.
Y/L=A F (1, K/L, H/L,N/L).
Qeyd edək ki, Y/L bir fəhləyə düşən məhsulun kəmiyyətini ifadə edir, yəni, əmək məhsuldarlığının göstəricisidir. Beləliklə, bizim düstur əmək məhsuldarlığının bir fəhləyə düşən fiziki və insan kapitalının kəmiy­yətindən (K/L,H/L), bir fəhləyə düşən təbii resursların kəmiyyətindən (N/L) və texnologiyaların inkişaf səviyyəsindən yəni, bu fəsildə tanış olduğumuz  həmin dörd əsas amildən asılılığını ifadə edir.

Əmanətlərin və investisiyaların əhəmiyyəti
THE IMPORTANCE OF SAVING AND INVESTMENT
Kapital istehsalın təkrar istehsal amillərinə aid olduğu üçün onun kəmiyyəti daha çox cəmiyyət tərəfindən müəyyən olunur. Əgər bu gün iqtisadiyyat daha çox kapital formasında istifadə olunan yeni əmtəələr istehsal edirsə onun potensialı artır və sabah o, əhalini əmtəə və xid­mətlərin böyük çeşidi ilə təmin edə bilər. Beləliklə, əmək məhsuldarlığının yüksəldilməsi üsullarından biri istehsal sferasına investisiyaların artırıl­masıdır.
Iqtisadi nəzəriyyənin on prinsipindən biri iddia edir ki, insan daim seçim problemi ilə qarşılaşır (fəsil 1). Bu prinsip kapital yığımı məsə­lələrində xüsusi əhəmiyyət kəsb edir. Doğrudan da, resurslarımızın məhdudluğu şəraitində kapitalın təkrar istehsalına investisiyaların istənilən artımı (maşınlar, tikililər, binalar) cari istehlak üçün istifadə olunan əmtəə və xidmətlərin buraxılışına yönəldilmiş resursların azalmasına gətirib çıxarır. Başqa sözlə cəmiyyət iqtisadiyyatın inkişafına böyük həcmdə vəsait­ləri yönəltmək imkanını əldə etmək üçün cari istehlak üçün istifadə olunan resursları məhdudlaşdırmaq və kapital yığımını artırmaq  məcbu­riy­yətin­dədir. Iqtisadı artım böyük səylər nəticəsində əldə olunur və cəmiyyətdən gələcək yüksəliş naminə maddi qurbanlar tələb edir.
Sonrakı fəsildə maliyyə bazarının əmanətlərin və investisiyaların həcmlərini necə koordinasiya etdiyi, eləcə də onun tənzimlənməsi üzrə dövlətin imkanları ilə daha ətraflı tanış olacağıq. Lakin, artıq  indidən onu qeyd edə bilərik ki, əmanətlərin və investisiyaların həvəsləndirilməsi üzrə dövlət siyasəti iqtisadi artımın sürətləndirilməsinin və deməli əhalinin həyat səviyyəsinin yüksəldil­məsinin yollarından biridir.
Fəsil 2-yə əla­və­dən öyrəndiyimiz kimi iki dəyişən kəmiyyət arasındakı asılılığın mövcudluğundan onlardan birinin dəyişməsinin digərinin dəyişməsinin səbəbi, yaxud nəticəsi olması barədə birmənalı nəticə əldə etmək olmaz.  Buna görə də investisiyaların artırılmasının iqtisadi artımın əsas amili olması ehtimalı tamamilə düzgündür (yaxud bu proseslərin hər ikisi bizim təhlildə iştirak etməyən hansısa üçüncü dəyişənin dəyişikliklərindən asılıdır). Lakin bir halda ki, kapital yığımı aşkar və bilavasitə əmək məhsuldarlığının artımına təsir edir, iqtisadçıların əksəriyyəti iqtisadi artımın əsas şərtinin investisiyaların artırılması olmasını hesab etməyə meyillidirlər.

 

Azalan gəlirlilik və «cəld start» effekti
DIMINISHING RETURNS AND THE CATCH-UP EFFECT
Fərz edək ki, əvvəlki paraqrafın nəticələrindən həvəslənmiş iqtisadçıların təsiri altında hər hansı bir ölkənin hökuməti əmanət normalarını yəni əmanətlərə yönəldilən ÜDM-un payının artırmaq qərarını qəbul edir. Bu siyasətin nəticəsi nə olacaq? Aydındır ki, əmanətlərin artması zamanı istehlak mallarının istehsalına yönəldilmiş resursların azaldılması baş verir və kapital əmtəələrinin buraxılışı üçün istifadə olunan resursların payı isə artır. Nəticədə kapitalın artması əmək məhsuldarlığının və ÜDM-un artım surətinin  yüksəlməsinə gətirib çıxaracaq. Lakin bu meyllər nə qədər uzun müddət ərzində dayanıqlı olacaq? Yeni daha yüksək əmanət normaları əldə olunan ÜDM-un artımını saxlamağa imkan verəcəkmi, yaxud zaman keçdikcə onun surəti azalacaqmı?
Istehsal prosesinə ənənəvi baxışlara əsasən kapitalın əsas xüsusiy­yətlərindən biri onun azalan gəlirliliyidir. Bu o deməkdir ki,  bərabər əlavə kapital qoyuluşları məhsul buraxılışının artımının aşağı düşməsinə gətirib çıxarır. Başqa sözlə əgər hər bir fəhləyə müəyyən həcmdə məhsul istehsal etməyə imkan verən kapitalın əhəmiyyətli kəmiyyəti düşürsə onun sonrakı artımı əməyin nəticələrinin nisbətən azalması ilə müşayiət  olunur. Azalan gəlirlilik nəticəsində əmanət normalarının ilkin artımı sürətli iqtisadi artıma gətirib çıxarır. Yeni daha yüksək əmanət normaları akkumulyasiya edilmiş kapitalın artmasına imkan yaratdığı zaman onun artımının gətirdiyi gəlirlər getdikcə daha da azalır, istehsalın artım sürəti isə aşağı düşür. Uzunmüddətli dövrdə əmanətlərin daha yüksək norması əmək məhsuldarlığının və gəlirlərin daha yüksək səviyyəsinə gətirib çıxarır, əsla bu dəyişənlərin sürətli artımına yox. Lakin belə vəziyyətə yetişmək tez baş vermir. Beləliklə, dünya iqtisadiyyatının inkişafı barədə məlumatların təhlilinə əsasən əmanət normalarının artırılması bir neçə onillik ərzində iqtisadi artımın sürətinin əhəmiyyətli dərəcədə artması ilə müşayiət olunur.
Kapitalın azalan gəlirliliyi fenomeninin mahiyyətini təhlil edərək daha bir mühüm nəticə əldə etmək olar: digər bütün bərabər şərtlər daxilində aşağı səviyyəli inkişafa malik olan ölkələrin daha sürətli iqtisadi artım üçün zəminləri vardır. Ilkin şərtlərin sonrakı inkişaf sürətinə təsirinin belə nəticəsini bəzən «cəld start» effekti adlandırırlar. Kasıb ölkələrdə fəhlələrə bəzən, hətta ən sadə alətlər belə məxsus deyil, buna görə də əmək məhsuldarlığı çox aşağı səviyyədədir. Nəticədə onun əhəmiyyətli artımına cüzi investisiyalar şəraitində də nail olmaq olar. Inkişaf etmiş ölkələrdə isə istehsalın texniki təchizatı çox yüksəkdir. Bunun nəticəsində də hər fəhləyə düşən kapitalın hətta əhəmiyyətli artımı belə əmək məhsuldarlığının çox kiçik artımına gətirib çıxarır. Müxtəlif ölkələrin iqtisadi inkişaf göstə­ricilə­rinin təhlili «cəld start» effektinin mövcudluğunu təsdiq edir: digər göstə­ricilərin xüsusilə, investisiyalara yönəldilən  ÜDM-un payının bərabərliyi şəraitində kasıb ölkələr varlı ölkələrə nisbətən daha yüksək inkişaf sürətinə nail olurlar.
«Cəld start» effekti bizə  şəkil 23.1-in diaqramlarında verilən bəzi qəribə rəqəmləri izah etməyə imkan verir. Beləliklə, 31 il ərzində ABŞ və Cənubi Koreya demək olar ki, ÜDM-un bərabər payını investisiya etmişlər. Lakin ABŞ-nın ÜDM-nun artımı təqribən 2% təşkil etmişdir, eyni zamanda Cənubi Koreyada bu göstərici 6%-ə çatmışdır. Bu fenomeni biz «cəld start» effekti ilə izah edirik. 1960-cı ildə Cənubi Koreya ABŞ-a nisbətən təqribən 10 dəfə az adam başına düşən ÜDM göstəricisinə malik idi, bu da, o cümlədən investisiyaların aşağı səviyyəsini izah edirdi. Başlanğıc kapitalın aşağı səviyyəsi nəticəsində onun akkumulyasiyası arzu olunan nəticələrə tezliklə nail olmağa imkan verdi, bu da ÜDM-un artımının yüksək göstəricisinə səbəb oldu.
«Cəld start» effekti həyatımızın müxtəlif aspektlərində özünü göstərir. Məsələn, təhsildə müvəffəqiyyətə nail olan şagird yəqin ki, ilə çox da yüksək ol­mayan qiymətlərlə başlamışdır. Çalışqan olmağa adət etmiş məktəbli isə əksinə, daha yüksək qiymətlərə nail ola bilməyəcək, amma onun bilikləri daha dol­­­ğun və möhkəm olacaq. Analoji olaraq Cənubi Koreyanın iqtisadiyyatı Ame­­­rika iqtisadiyyatına nisbətən daha yüksək sürətlə inkişaf etmişdi, lakin ABŞ adambaşına düşən ÜDM-un ən yüksək göstəricisinə malik idi və qalmaqdadır.

Xarici investisiyalar
INVESTMENT FROM ABROAD
Indiyə qədər biz əmanət normalarının artırılmasına yönəldilmiş iqtisadi siyasətin investisiyaların həcminin yüksəldilməsinə və beləliklə də uzun­müddətli iqtisadi artıma necə gətirib çıxaracağını müzakirə edirdik. Lakin kapitalın artırılması təkcə daxili resursların hesabına baş vermir. Bunun digər mənbəyi xarici investisiyalar ola bilər.
Xarici kapital qoyuluşlarının müxtəlif formaları mövcuddur. Belə ki, Ford avtomobil korporasiyası ola bilsin ki, Meksikada yeni zavodlar tiksin. Xarici firmanın mülkiyyətində və tabeçiliyində olan kapital qoyuluşları birbaşa xarici investisiyalar adlanır. Başqa bir halda ABŞ vətəndaşı Meksika kompaniyasının səhmlərini almaq (yəni onun şərikli mülkiyyətçisinə çevrilmək) hüququna malikdir, kompaniya isə satışlardan əldə etdiyi vəsaitlərlə yeni istehsalı inkişaf etdirir. Yerli sahibkarların tabeçiliyindəki  xarici mənbələrdən olan kapital qoyuluşları portfel investisiyaları adlanır. Hər iki misalda ümumi cəhət ondan ibarətdir ki, Meksika iqtisadiyyatına kapital qoyuluşları amerikan resursları hesabına həyata keçirilir. Başqa çözlə amerikalıların daxili əmanətləri meksika sənayesinin maliyyələşdirilməsi üçün istifadə olunur.
Xaricilər digər ölkənin iqtisadiyyatına vəsaitlər qoyduqda ümid edirlər ki, investisiyalar onlara gəlir gətirəcək. Ford kompaniyasının avtomobil zavodu Meksikanın kapitalını və deməli ölkədə əmək məh­suldarlığını və ÜDM-un səviyyəsini artırır. Lakin korporasiya əldə etdiyi gəlirlərin bir hissəsini ABŞ –na qaytarır. Eləcə də Meksika kom­paniyasının səhmlərini alan amerikalı investor onun gəlirinin bir hissəsini almaq hüququna malikdir.
Beləliklə, xarici investisiyalar ÜDM-a və MIM –a müxtəlif təsir göstərirlər. Yada salaq ki, ÜDM – ölkənin ərazisi daxilində həm onun sakinləri, həm də xaricilərin əldə etdiyi bütün gəlirlərin cəmidir, MIM-a isə  ölkə vətəndaşlarının əldə olunması yerindən asılı olmayaraq bütün gəlirləri daxildir. Buna görə də, gəlirlərinin bir hissəsi ABŞ-a qaytarılan Fordun Meksikadakı zavodu Meksikanın MIM-u deyil daha çox ÜDM-nu artırır. 
Xarici investisiyalar milli iqtisadiyyatın artım mənbələrindən biridir. Xarici kapitalın iştirakı ilə yaradılmış müəssisələrin gəlirlərinin bir hissəsinin xaricə getməsinə baxmayaraq xarici maliyyələşdirmə mənbələri ölkənin sənaye potensialını artırır, əməyin ödənilməsi və məhsuldarlığı səviyyələrinin yüksəl­dil­­məsinə imkan yaradır. Bundan başqa xarici investisiyalar inkişaf etməkdə olan ölkələrə sənayecə inkişaf etmiş ölkələrdə işlənib hazırlanmış və tətbiq edilən ən qabaqcıl texnologiyaları məni­msəməyə imkan yaradır. Bu səbəbdən inkişaf etməkdə olan ölkələrin hökumətlərinin bir çox iqtisadi məsləhətçiləri xarici investisiyaların cəlb olunması siyasətinin aktiv tərəfdarlarıdırlar.
Geridə qalmış ölkələrin iqtisadiyyatlarının inkişafına yönəldilmiş bir çox investisiya layihələri Dünya Bankının – sənayecə inkişaf etmiş dövlətlərdən, məsələn ABŞ kimi vəsaitlər alan və onları zəif inkişaf etmiş ölkələrə kreditlərin (yolların, su təchizati və kanalizasiya sistemlərinin, məktəb və digər həyati əhəmiyyətli obyektlərin tikintisi) verilməsi üçün istifadə edən beynəlxalq təşkilatın himayəsi altında həyata keçirilir. Bank eləcə də borc alınan vəsaitlərin ən səmərəli istifadəsi üzrə məsləhət xidmətlərini də təklif edir. Dünya Bankı və ona yaxın təşkilat - Beynəlxalq Valyuta Fondu II Vətən Müharibəsindən sonra yaradılmışdılar, bu müharibənin verdiyi dərslərdən biri ondan ibarət idi ki,  çox vaxt məhz iqtisadi fəlakətlər ölkədaxili siyasi qeyri-sabitliyə, beynəlxalq gərginliyin artmasına və silahlı qarşıdurmalara gətirib çıxarır. Buna görə də  Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun fəaliyyəti dünyanın bütün ölkələrinin iqtisadi çiçəklənməsinə yönəldilmişdir.

Təhsil
EDUCATION
Məğzi insan kapitalına investisiyalardan ibarət olan təhsil, dayanıqlı iqtisadi artıma nail olunmasında fiziki kapitala yeni pul qoyuluşlarından heç də az əhəmiyyətə malik deyil. Statistik məlumatlara görə ABŞ-da fərdin yeni biliklərin əldə olunmasına sərf etdiyi hər il işçinin əmək haqqısını orta hesabla 10% artırır. Insan kapitalı qıtlığının xüsusilə kəskin hiss olunduğu daha zəif inkişaf etmiş ölkələrdə yüksək ixtisaslı professionalların və aşağı ixtisaslı işçilərin əməyinin ödənilməsi arasındakı fərq daha çoxdur. Beləliklə, həyat səviyyəsinin yüksəldilməsinə yönəldilmiş dövlətin daxili siyasətinin istiqamətlərindən biri məktəb və digər təhsil ocaqları sisteminin inkişaf etdirilməsi və əhalinin təhsil əldə etmək təşəbbüslərinin həvəsləndirilməsidir.
Fiziki kapital qoyuluşları kimi insan kapitalına investisiyalar da alternativ məsrəflərlə bağlıdır.  Məsələn məktəbə gedən yuxarı sinif şagird­ləri faktiki olaraq, iş yerində qazana biləcəkləri əmək haqqından imtina edirlər. Təhsilin verdiyi şübhəsiz üstünlüklərə baxmayaraq zəif inkişaf etmiş ölkələrdə çox vaxt uşaqlar gənc yaşlarında öz ailələrinə maddi yardım etmək üçün iş axtarmaq məcburiyyətində qalırlar. 
Bəzi alimlər iddia edirlər ki, insan kapitalı iqtisadi yüksəliş üçün xüsusilə vacibdir, ona görə ki, müsbət xarici effektlərlə müşayiət olunur. Eksternlər (xarici effektlər) – ətrafdakıların rifahına təsir edən fərdin fəaliyyətinin dolayı nəticəsi məsələn, yüksək ixtisaslı mütəxəssis əmtəə və xidmətlərin istehsalının təkmilləşdirilməsi üzrə yeni ideyalar irəli sürə bilər. Onlar hamının ixtiyarına keçdikdən sonra təhsilin təsirinin müsbət xarici sferasına daxil olan hər kəs onlardan istifadə edə bilər. 
Çox vaxt zəif inkişaf etmiş ölkələr «beyinlərin sızması» - daha ixtisaslı mütəxəssislərin yüksək həyat səviyyəli ölkələrə mühacirət etməsi, adlanan problemlə üzləşirlər. Əgər insan kapitalı həqiqətən də xarici effektlərə malikdirsə «beyinlərin sızması» daha ixtisaslı işçilərin tərk etdiyi ölkənin vəziyyətinin getdikcə pisləşməsinə gətirib çıxaracaq. Bu problem siyasətçilər üçün az çətinliklər törətmir. Bir tərəfdən ABŞ  ən yüksək ali təhsil sisteminə malikdir, buna görə də maraqlı olan ölkələrin hökumətləri öz ən yaxşı tələbələrini Amerikaya oxumağa göndərə bilərlər. Digər tərəfdən xaricdə bir neçə il təhsil alandan sonra gənc mütəxəssisin orada qalıb işləmək istəməyəcəyinə heç bir təminat yoxdur, bu da onun doğma ölkəsinin onsuz da  az olan insan kapitalını azalda bilər.

Mülkiyyət hüquqları və siyasi sabitlik
PROPERTY RIGHTS AND POLITICAL STABILITY
Iqtisadi artıma şərait yaradan dövlətin daxili siyasətinin istiqamətlərindən biri də mülkiyyət hüquqlarının qorunması və iqtisadi sabitliyin möh­kəm­lənməsidir. Fəsil 2-nin qarşılıqlı iqtisadi əlaqələr problemlərinə həsr olunmuş hissəsində qeyd olunduğu kimi bazar şəraitində əmtəə milyonlarla işçinin və çoxlu firmaların mürəkkəb qarşılıqlı əlaqələrinin nəticə­sidir. Məsələn, əldə etdiyiniz avtomobilə avtomobil dilerlərinin, isteh­sal­çı zavodların, polad tökmə, filiz emal edən və bir çox digər kompa­niya­ların əmə­yinin nəticələri daxildir. Müxtəlif firmaların müəyyən növ məhsul bura­xılışı üzrə ixtisaslaşması istehsal amillərindən maksimal səmərəli istifadəyə nail olmağa imkan verir. Yüksək iqtisadi göstəricilərə nail olmaq üçün həm ayrı-ayrı firmalar, həm də istehsalçılar və istehlakçılar arasındakı münasibətlərin tənzimləmə mexanizminin yaradılması zəruridir. Bazar iqtisadiyyatında belə tənzimləyici kimi istehsal və istehlakın balansına nail olmağa imkan verən bazar qiymətləri çıxış edirlər.
Bazar iqtisadiyyatının normal fəaliyyətinin mühüm şərti mülkiyyət hüquqlarına hörmət olunması və qorunmasıdır.  Mülkiyyət hüquqları altın­da insanların malik olduqları resurslara azad sərəncam vermək imkanı başa düşülür. Məsələn, dağ mədən kompaniyası filizin satışından gələn gəlirləri əldə edəcəyinə əmin olmasa çətin ki, onun hasilatına başlasın. Bu səbəbdən də bazar iqtisadiyyatında mülkiyyət hüquqlarını qoruyan qanunlar mühüm rol oynayırlar. Cinayət hüququ bizi əmlakımıza birbaşa qəsd edilməsindən qoruyur, mülki hüquq isə satıcılar və alıcılar arasındakı əlaqələri tənzimləyir.
Yüksək inkişaf etmiş ölkələrin sakinləri bütün mülkiyyət hüquq­larından tam həcmdə istifadə edirlər, lakin bu hüquqların yoxluğu ciddi problem olan bir çox ölkələr mövcuddur. Bir çox ölkələrdə məhkəmə sistemi pis qurumuşdur, tez-tez müqavilələrin şərtlərinə əməl olunmaması və cəzasız qalmış dolandırıcılıq hallarına rast gəlinir. Hökumətin mülkiyyət hüquqlarını təkcə qorumadığı deyil, hətta əksinə onları həyasızcasına pozduğu hallar məlumdur. Bəzi ölkələrdə biznes fəaliyyətinin mü­vəffə­qiyyətlə aparılması üçün yüksək mənsəbli dövlət məmurlarına böyük məb­ləğdə rüşvət vermək zəru­ridir. Korrupsiya bazar mexanizm­lərinin normal fəaliyyətinə, daxili əmanət­lərin stimullaşdırılmasına, xarici investisiyaların cəlb olunmasına  mane olur.
Mülkiyyətçilərin hüquqlarına daxili siyasi qeyri-sabitlik də təhlükə törədir, xüsusilə inqilab və dövlət çevrilişləri adi hala çevrilən yerlərdə. Əgər yeni  inqilabi hökumət şəxsi kompaniyaları mülkiyyətlərindən asanlıqla məhrum edirsə, hansı ki, belə hallar kommunist çevrilişləri zamanı tez-tez baş verir, əhalinin əmanətlərə, investisiyalara və öz işini açmağa stimulları itir. Buna görə də özü-özlüyündə sadəcə inqilab təhlükəsi belə həyat səviyyəsinin artımına maneçilik törədir.
Beləliklə, iqtisadi çiçəklənmə qismən dövlətdə bərqərar olmuş daxili siya­si şərtlərdən asılıdır. Yüksək səmərəli məhkəmə sistemini, korrupsiyasız hö­kuməti və dayanıqlı konstitusiya intizamı olan ölkələr həmişə qanunlara əməl olunmayan, məmurların rüşvət aldığı və daimi inqilab, yaxud çevrilişlər təh­­­lü­kəsi olan ölkələrə nisbətən daha yüksək həyat səviyyəsinə malik olacaqlar.

Azad ticarət
FREE TRADE
Bir çox kasıb ölkələr daha sürətli iqtisadi artıma qapalı qapı siyasətinin köməyi ilə nail olmağa çalışırdılar. Bu siyasətin məqsədi ətraf aləmlə işgüzar əlaqələrin eyni zamanlı məhdudlaşdırılması ilə əhalinin  həyat səviyyəsinin yüksəldilməsidir, ona görə ki, çox vaxt daxili istehsalçıların xarici əmtəələrin rəqabətindən qorunma tədbirlərinə ehtiyacları var (fəsil 9). Milli istehsalçıların zəifliyini əks etdirən belə dəlillər xaricilərə ümumi inamsızlıq hissləri ilə birlikdə çox vaxt iqtisadi cəhətdən geridə qalmış dövlətlərin hökumətlərini yüksək gömrük hədləri qoymağa və ticarətin məhdudlaşdırılmasının digər tədbirlərini tətbiq etməyə məcbur edir.
Lakin bu gün iqtisadçıların əksəriyyəti belə bir nəticəyə gəlmişlər ki, zəif inkişaf etmiş ölkələrin dünya təsərrüfatına inteqrasiyasına yönəldilmiş açıq qapı siyasəti özünü daha effektiv təqdim etmişdir.  Fəsil 3 və 9-da beynəlxalq ticarətin əhalinin rifahının yüksəlməsinə səbəb olması göstərilmişdi. Müəyyən mənada ticarət xüsusi texnoloji prosesdir. Belə ki, buğdanı ixrac edib, poladı idxal edən ölkə faktiki olaraq bir əmtəənin digərinə çevrilməsinin yeni texnologiyasını icad edir. Buna görə də beynəlxalq ticarətə maneələri ləğv edən ölkələr özləri üçün yeni istehsal texnologiyalarının tətbiqi zamanında olduğu kimi iqtisadi artım üçün zəmin yaradır.
Qapalı qapı siyasətinin mənfi nəticələri zəif inkişaf etmiş ölkələrin iqtisadiyyatlarının çox da böyük olmayan ölçülərini nəzərə aldıqda daha da aydın görünür. Belə ki, məsələn, Argentinanın ÜDM –u təqribən Filadel­fiyanın məcmu məhsulunun həcminə bərabərdir. Bu şəhərin haki­miyyət orqanlarının sakinlərin ABŞ –nın digər əhalisi ilə ticarət etməsini qadağan etdiyi situasiyanı təsəvvür edin. Ticarətdən əldə olunan gəlirlərdən istifadə etmək imkanlarından məhrum olunmuş Filadelfiya  təkcə istehlak malları deyil, istehsal vasitələri də istehsal etmək məcburiyyətində qalacaq. Şəhərin əhalisinin həyat səviyyəsi dərhal düşəcək və azalmağa davam edəcəkdir. Belə bir vəziyyət XX əsrin böyük hissəsi boyunca qapalı qapı iqtisadi siyasətini həyata keçirən Argentinada da müşahidə olunurdu. Digər tərəfdən azad ticarətə yönəlmiş  Cənubi Koreya, Sinqapur və Tayvan kimi ölkələr iqtisadi artımın yüksək göstəricilərinə nail olmuşdurlar.
Xarici ticarətin həcmi təkcə dövlətin siyasətindən deyil, coğrafi mövqedən də asılı ola bilər. Belə ki, dənizə çıxışı olan ölkələr qitənin daxilində yerləşən ölkələrə nisbətən öz ticarətlərini daha aktiv inkişaf etdirirlər. Təsadüfi deyil ki, dünyanın bir çox böyük şəhərləri məsələn, Nyu-York, San-Fransisko, yaxud Hon-Konq dənizlərin və okeanların sahillərində yerləşirlər. Hər tərəfdən quru ilə əhatə olunmuş ölkələr isə xarici iqtisadi əlaqələrin qurulması və saxlanılmasında çətinliklər hiss edirlər və çox vaxt da məhz bu səbəbdən onların əhalisinin həyat səviyyəsi qonşu ölkələrinkindən aşağı olur.

Əhalinin artımına nəzarət
THE CONTROL OF POPULATION GROWTH
Əmək məhsuldarlığı və həyat səviyyəsi göstəriciləri qismən əhalinin artım sürətindən asılı olur. Aydındır ki, ölkə əhalisinin sayı onun əmək resurslarını müəyyən edir. Təəccüblü deyil ki, çoxlu əhalisi olan ölkələrdə məsələn, ABŞ və Yaponiya, Lüksemburq və Niderlandda olduğundan daha yüksək ÜDM-a malikdirlər. Lakin ÜDM-un səviyyəsi öz-özlüyündə iqtisadi rifahın obyektiv meyarı ola bilməz. Həyat səviyyəsinin müəyyən olunması üçün əhalinin adambaşına düşən ÜDM-u yəni, bir nəfərə düşən istehsal olunmuş əmtəə və xidmətlərin dəyərini bilmək daha vacibdir.
Əhalinin artımı adambaşına düşən ÜDM-un göstəricisinə necə təsir göstərir? Aydındır ki, azalma istiqamətində, ona görə ki, işləyənlərin sayı artdıqda digər istehsal amillərinin bir nəfərə düşən payı aşağı düşür. Xüsusilə, əhalinin sürətli artımı zamanı hər işləyənin böyük istehsal Vasi­tə­ləri kəmiyyəti ilə  təmin olunması çox problemli olur. Bir fəhləyə düşən kapitalın miqdarının aşağı göstəricisi onun əmək məhsuldarlığının uyğun səviy­yəsini və deməli, əhalinin adam başına düşən ÜDM-nun aşağı səviy­yəsini müəyyən edir.
Insan kapitalındakı dəyişikliklərin təhlili zamanı problem daha aydın üzə çıxır. Belə ki, əhalinin artım sürəti yüksək olan ölkələrdə məktəb yaşlı uşaqlar çoxdur, bu da təhsil sistemi üçün əhəmiyyətli çətinliklər yaradır. Buna görə də təəccüblü deyil ki, belə ölkələrdə məktəblərdə əldə olunan biliklərin səviyyəsi çox da yüksək deyil.
Müxtəlif ölkələrin əhalilərinin artım sürəti göstəriciləri müxtəlifdir. Belə ki, Qərbi Avropanın yüksək inkişaf etmiş ölkələrində və ABŞ-da son on illiklər ərzində əhali ildə təxminən 1 % artmışdır: bu göstəricinin gələcəkdə aşağı düşməsi gözlənilir. Afrikanın bir çox yoxsul ölkələrində isə əksinə, əhali ildə 3% artır. Belə sürətin saxlanılması şəraitində əhali hər 23 ildən bir 2 qat artacaq.
Ümumi rəyə əsasən, inkişaf etməkdə olan ölkələrin əhalisinin artım sürətinin azalması onların həyat səviyyəsinin yüksəldilməsi yollarından biridir. Bəzi ölkələrdə bu məqsədə ailədə uşaqların sayını reqlamentləşdirən qanunların köməyi ilə nail olunur. Məsələn, Çində evli cütlərə yalnız bir uşağa malik olmağa icazə verilir, bu qaydanın pozulması isə ciddi cərimələnir. Daha liberal ölkələrdə bu problem kontraseptiv vasitələrin geniş tətbiq olunması yolu ilə həll olunur.
Nəhayət, doğum sayının azaldılması yollarından biri də stimulların insanların hərəkətlərini müəyyən etməsini iddia edən Ekonomiksin on qaydasından birinin tətbiqindən ibarətdir. Digər hərəkətlər kimi uşağın doğulması əldən çıxarılmış imkanlarla bağlıdır. Əgər alternativ məsrəflər yüksəkdirsə insanlar kiçik ailələrə üstünlük verirlər. Xüsusilə, təhsil əldə etmək və karyera qurmaq imkanına malik olan qadın özü üçün evdən kənarda heç bir perspektiv görməyən qadına nisbətən daha az uşağının olmasına üstünlük verəcək. Beləliklə, faktiki olaraq cinslərin bərabərliyinin təmin olunmasına yönəldilmiş siyasət zəif inkişaf etmiş ölkələrə əhalinin artım sürətini azaltmağa kömək edəcək.

 

Elmi tədqiqat və iqtisadi inkişaf
RESEARCH AND DEVELOPMENT
Müasir amerikalıların həyat səviyyəsinin 100 il bundan əvvəlkindən əhəmiyyətli dərəcədə yüksək olmasının əsas səbəbi yeni texnoloji bilik­lər­dən ibarətdir. Telefon, tranzistor, kompüter və daxili yanma mühərrikləri bizim əmtəə və xidmətləri istehsal etmək imkanlarımızı artıran həmin min­lərlə texniki yeniliklərə aiddirlər.
Kəşflərin əksəriyyəti fərdi tədqiqat firmaları və ayrı-ayrı istedadlı şəxslər tərəfindən olunsa da cəmiyyətdə həmişə  onların səylərini sti­mul­laşdıran maraq mövcuddur. Geniş mənada biliklər özündə ictimai sərvəti əks etdirirlər: bir insanın kəşfi ümumi  biliklər «xəzinəsinə» daxil olur və hər kəsin ixtiyarına verilir. Belə ki, hökumət ictimai rifahın təmin olunması üzrə öz öhdəliklərinə əsasən müdafiə məsələləri ilə məşğul olduğu üçün o, yeni texnologiyalar sahəsində kəşfləri və tədqiqatları həvəsləndirir.
Uzun müddət ərzində ABŞ hökuməti texniki biliklərin yaradılması və yayılmasında mühüm rol oynamışdır. Hələ 100 il bundan əvvəl o, kənd təsərrüfatı sahəsində tədqiqatları maliyyələşdirirdi və fermerləri torpaqları səmərəli istifadə etməyə öyrədirdi. Son on illiklərdə hökumət NASA tərəfindən aparılan aerokosmik tədqiqatlara böyük dəstək verirdi, bunun nəticəsində Amerika aviasiya və kosmik texnika istehsalçıları arasında qabaqcıl mövqe  tutur. Hökumət Milli Elm Fondu və Milli  Sağlamlıq Ins­titutu tərəfindən bölüşdürülən qrant sistemləri vasitəsilə, eləcə də qabaqcıl tədqiqatlarda iştirak edən firmalara vergi güzəştlərinin təqdim olunması yolu ilə elmin inkişafını həvəsləndirir.
Ixtiraçı fəaliyyətinin himayə edilməsinin digər istiqaməti patent sisteminin qorunması və təkmilləşdirilməsidir. Məsələn, ayrıca ixtiraçı, yaxud firma doğrudan da orijinal olan yeni məhsul yaradırsa dövlət ona patent almaq imkanını təqdim edir. Patentləşdirilmiş məhsulun istehsalçısı müəyyən müddət ərzində onun hazırlanması üzrə  müstəsna hüquqa malik olur. Əslində patent ictimai sərvətə çevrilmiş ideyadan şəxsi gəlir əldə etməyə imkan verən kəşfə ixtiraçının mülkiyyət hüququnu özündə özündə əks etdirir. Belə yolla patent sistemi yaradıcı fikrin inkişafı üçün maddi stimul yaradır.

Nəticə: uzun müddətli iqtisadi artımın əhəmiyyəti
Bu fəsildə biz müxtəlif ölkələrin əhalilərinin həyat  səviyyəsini müəyyən edən amilləri və hökumətin iqtisadi artıma yönəldilmiş siyasətinin əhəmiyyətini nəzərdən keçirdik. Bu fəsildə deyilənlərin əksəriyyəti Iqtisadi nəzəriyyənin on prinsipindən biri: ölkənin həyat səviyyəsi onun iqtisa­diy­ya­tının əmtəə və xidmətləri istehsal etmək qabiliyyətindən asılıdır prinsipi ilə  ümumiləşdirilir. Milli rifahın yüksəldilməsinə can atan dövlət xadimləri istehsal amilləri yığımının yüksək sürətlərini həvəsləndirməklə və onların ən səmərəli istifadəsinə təminat verməklə iqtisadi artım üçün şərait yaratmalıdırlar.
Alimlər iqtisadi yüksəlişin təmin olunmasında dövlətin roluna dair müxtəlif baxışların tərəfdarıdırlar. Lakin onların hamısı onda həmfikirdilər ki, onun əsas funksiyası mülkiyyət hüquqlarının təminatçısı olmaq və siyasi sabitliyin qorunmasıdır. Texniki tərəqqi baxımından daha  mühüm olan ayrı-ayrı sənaye sahələrinə subsidiyaların verilməsi və planlaşdırılmasının zəruriliyi barədə məsələ daha mübahisəli görünür. Buna baxmayaraq bu problemlər müasir iqtisadiyyat üçün mühüm olaraq qalırlar. Siyasətçilərin iqtisadi artımın determinantlarının nə dərəcədə yaxşı dərk etməsindən  gələcək nəsillərin həyatı çox asılıdır.

 

0 şərh