Ev quşları və yumurta

Ərzaq fondunda quşların da xüsusi yeri vardır.Toyuq yetişdirilməsinin tarixi beş min ildən çoxdur. Quş ətində 190-a yaxın maddə vardır, buna görə də quş əti qiymətli ərzaq növüdür.Toyuq cinslərinin vətəni Cənubi-Şərqi Asiyadır.
İnsan neolit dövründə quşları həm ovlayır, həm də əhliləşdirməyə cəhd göstərirdi. Bu cəhətdən qədim Misir ilk quş bəsləyən ölkələrdən biri sayılır. İnkubator yaratmaq ideyası məhz qədim Misirdə meydana gəlib. Orta əsrlərdə bu ölkədə süni toyuq yetişdirmək sahəsində çox ustalıqla məşğul olublar.
Sənaye üsulu ilə, sözün əsl mənasında, süni toyuq yetişdirməyə Avropada XVIII əsrdə məşğul olmağa başlayıblar. Əhliləşdirilməzdən əvvəl hər toyuq ildə cəmi 15-ə yaxın yumurta verirmiş. Müasir dövrdə isə bir toyuq ildə 200-250 ədəd yumurta verir.
Bizim eradan əvvəl II əsrdə Romada ev quşlarından ən çox toyuqla məşğul olurdular. Toyuq yumurtası çox qiymətli sayılırdı. Onu suda, yağda bişirir, eyni zamanda xəmirə və şirniyyata qatırdılar. Qədimlərdən yumurta mayonezin istehsalında vacib xammal hesab olunur.

Mayonez ilk dəfə 1757-ci ildə Fransada meydana gəlmişdir. Onun tərkib hissələri əsas etibarilə yumurtadan və bitki yağından ibarət olmuşdur. İngilislər 1757-ci ildə Mayon adasında fransız əsgərlərini mühasirəyə alırlar.  Onların ərzağı tükənir, yalnız yumurta və bitki yağı qalır. Əsgərlər qayğanaq yeməkdən bezirlər. Hersoq Rişelye aşpaza əmr edir ki, fikirləşib qalan ərzaqdan yeni xörək növü hazırlasın. Aşpaz yumurta və bitki yağından sous hazırlayır. Sous çox xoşa gəlir. Şəhərin şərəfinə yeni ərzağa «mayonez» adı verirlər.

A.Villen «Duz dənəsinin tarixi» kitabında çinlilərin yumurtanı duzlaması barədə yazır: «Duzlu su hazırlayıb yumurtanı onun içinə atırlar. Yumurta əvvəlcə suda üzür, sonra ona duz hopduqca, suyun dibinə enir. Bu, onun «yetişmə»sinə işarədir. Yumurtanı çıxarıb üzünün duzunu silir, qurulayırlar».Müəllifin yazdığına görə, belə duzlu yumurta çox dadlı olur.
Kumıklar, darginlər yumurtadan düşbərə də bişirirlər, daha doğrusu, onlar düşbərənin içinə ət əvəzinə yumurta qoyurlar.
Qədim vaxtlarda toyuqla bərabər ördək, qaz, hind quşu və başqa qanadlıların ətindən də geniş istifadə edilirdi.
Təqribən üç min il bundan əvvəl Çində ördək əhliləşdirilmişdir.Avropada isə bu sahədə Yunanıstan və Qədim Roma öncül olmuşdur. Yunanıstanda ördəyin əhliləşdirilməsinin təqribən üç min ildən çox tarixi vardır.
Qədim Misirdə qaz əti geniş istifadə olunurdu. Qaz yağından müxtəlif dərmanlar da hazırlanırdı.
Bizim hind toyuğu adlandırdığımız ev quşunun vəhşi əcdadları Şimali Amerikanın mülayim zonalarında yaşamışdır. Maraqlı faktdır ki, ingilislər bu quşa «türk quşu», bolqarlar isə «misirka» deyirlər. Hind quşu Qərbi Avropaya 1530-cu ildə gətirilmişdir. Daha sonra o, Rusiya, İran, Hindistan və digər ölkələrə aparılmışdır.

Müəllif Mətləb Əlizadə Nuruş oğlu,Yusif Quliyev Eyyub oğlu ƏRZAQLARIN MƏNŞƏYI kitabı

 

0 şərh