Poeziyanın sosial təyinatı | Tomas Eliot

  • Esse
Tomas EliotEssemin başlığı müxtəlif insanlar tərəfindən o dərəcədə fərqli başa düşülə bilər ki, əvvəlcə gərək bununla hansı mənanın nəzərdə tutulmadığını izah etməyə çalışam və yalnız bundan sonra nə demək istədiyimi anladım. Söhbətin mövzusunun nədən ibarət olmasından asılı olmayaraq, iş gəlib “təyinat” məsələsinə dirənəndə biz nəyin olmalı olduğunu göstərməyə meyllənirik, nəinki nəyin olmasına, yaxud olduğuna. Bu fərqi qeyd etmək vacibdir, çünki mən burada poeziyanın hansı məqsədə xidmət etməli olduğundan danışmaq fikrində deyiləm.

Bu mövzu ilə bağlı fikrini bölüşən insanlar, xüsusən də əgər onlar üstəlik şairdirlərsə, bir qayda olaraq bu hallarda onlar yazmaq istədikləri şeirləri nəzərdə tuturlar.

Görünür, keçmişdə olduğundan fərqli olaraq poeziya qarşısında gələcəkdə tam başqa vəzifələrin duracağını işarələyən imkanlar həmişə mövcuddur; ancaq belə olsa belə, müxtəlif epoxa və milli ədəbiyyatlarda, həm də həmişə və hər yerdə olduğu kimi keçmişdə də poeziyanın təyinatının nədən ibarət olduğunu müəyyənləşdirməyin böyük mənası var.

Necə şeir yazdığımı, onları necə yazmaq istədiyim haqqında danışmaq, daha sonra isə keçmişin bütün yaxşı şairlərinin də məhz bu şəkildə yazmağa cəhd etdikləri və yaxşı şeirin də elə belə yazılmalı olması haqqında sizi inandırmaq mənim üçün bir elə çətinlik törətmir, — və təəssüf ki, onlar bunu hər istədikdə bacarmayıblar və görünür bunda onların günahı da yoxdur. Ancaq tam aydındır ki, əgər poeziya, — mən şübhəsiz ki, bütün dövrlərin böyük poeziyasını nəzərdə tuturam, — keçmişdə hansısa təyinata malik olmayıbsa, bunu o, gələcəkdə əldə edib.

Düşünsək ki, baxış bucağımda hazırda bütün böyük poeziya ərazisi qərar tutub, seçdiyim mövzuya bir mümkün yanaşmadan qaçardım. Axı poeziyanın çox sayda növlərini bir-birinin dalınca tədqiq etmək və bu ardıcıllıqla onların sosial təyinatını göstərmək mümkündür, həm də sualı ümumi şəkildə qoymadan: bir ədəbi növ kimi poeziyanın hansı sosial təyinatı var? Poeziyanın ümumi təyinatını onun ayrı-ayrı funksiyalarından seçib ayırmaq istərdim, məqsəd aydındır: söhbətin konkret olaraq nədən gedəcəyini bildirmək. Poeziyanın dərk edilmiş ictimai funksiyası ola bilər. Bu funksiya onun inkişafının çox erkən mərhələlərində tam aydınlıqla nəzərə çarpırdı. Məsələn, məlum erkən runalar* (*1. skandinaviyalıların daşlar və başqa şeylər üzərində qalmış qədim yazıları; 2. karel-finlərin qədim xalq mahnıları) və mahnılar, onların bir çoxu tam praktiki ovsun səciyyəsi daşıyırdı: insanları bədnəzərdən qorumaq, hansısa xəstəliyi sağaltmaq, bəd ruhları qovmaq və sair. 

Dini ayinlərdə poeziyadan çox erkən çağda istifadə edilməyə başlandı və bu proses bu gün də davam edir: zəbur surəsini oxuyanda yenə də əvvəlki kimi poeziyadan dəqiq ictimai məqsədlə istifadə edirik. Erkən epik poemalar və saqalar, görünür, o dövrün tarix haqqında təsəvvürünü əks etdirməkdən ötrü idi və yalnız indi biz onları müstəsna dərəcədə cəmiyyətin əyləndirilməsi vasitəsi kimi qavrayırıq; yazı meydana gələnə qədər nitqin təşkilinin şeir forması nəyisə yadda saxlamaq lüzumu yarandıqda böyük köməklik göstərib, ibtidai icma quruluşunda tərənnümçülərin, nağılçıların və bilik qoruyucularının yaddaşı təsəvvür edilməyəcək dərəcədə güclü olub. Daha təkmil cəmiyyətlərdə, deyək ki, qədim Yunanıstanda poeziyanın etiraf edilmiş sosial təyinatı aydın idi. Yunan dramı dini mərasimlərdən doğulmuşdu və ənənəvi dini bayramlarla bağlı formal ictimai mərasim olaraq qalır; Qədim yunan şairi Pindarın odaları ona görə yaşayır ki, onlar məlum ictimai hadisələrlə bağlıdır. Poeziyanın bu kimi qəti sosial çərçivəli müəyyən tətbiq sahələri söz yox ki, onu daha geniş ictimai sferaya daxil edirdi, bu da poeziyanın ayrı-ayrı formalarının kamilləşməsinə şərait yaradırdı.

Bu formalardan bəziləri, məsələn, artıq xatırlatdığım zəbur surəsi müasir poeziyada da qorunub-saxlanılır. “Didaktik poeziya” termininin mənası “informasiya ötürən” kimi anlaşıla bilər, ancaq həm də “əxlaqi öyüd” mənasını da hifz edə bilər. Məsələn, Vergilinin “Qeorqiki” (Əkinçilik) mətni həm də əkinçilik haqqında dəyərli məlumatları özündə əks etdirən əla poeziya nümunəsidir. Ancaq müasir dövrdə həm də incə poeziya ruhunda əkinçilikdən bəhs edən kitab yazmaq mümkünsüzdür; belə bir kitabın predmetinin özü kifayət qədər mürəkkəbləşib və sırf elmi xarakter kəsb edib, digər tərəfdən isə bunu nəsrlə ifadə etmək daha münasibdir. Romalılardan fərqli olaraq bizim ağlımıza gəlməz ki, şeir formasında astronomik və ya kosmik mövzularda traktatlar yazaq. 

Məxsusi vəzifəsi informasiyanı ötürmək olan şeir bu gün prozaik janrlar tərəfindən sıxışdırılıb. Didaktik poeziya zaman keçdikcə yalnız əxlaqi pafoslu poeziyaya, oxucunu bu və ya digər mövzu ilə bağlı müəllifin ədalətli olduğuna inandıran bir sənətə çevrilib. 

Məhz bunun sayəsində o özündə “satira” adlana biləcək bir elementi də ehtiva edə bilər, halbuki “satira” anlayışı qismən də olsa məqsədi hər şeydən öncə şənləndirmək, şən ovqat yaratmaq olan “burlesk” və “paradiya” kimi anlayışlarla üst-üstə düşür. Draydenin XVII əsrdə qələmə aldığı bəzi poemaları satıradır, belə ki, onlar qarşı olduqları nəsnələri gülüş hədəfinə çevirməyə çalışırlar; ancaq bu həm də didaktik poeziya nümunələridir, çünki müəllifin məqsədi oxucunu müəyyən siyasi və ya dini baxış bucağına təhrik etməkdir; bunun üçün müəllif real olanı uydurulmuş bir şey kimi kinayə obyektinə çevirməyə əl atır və bu tipli poeziyanın ən qabarıq nümunələrindən biri “Xallı maral və panter”dir, burada müəllif oxucunu inandırmağa çalışır ki, həqiqət ingilis kilsəsinin deyil, Roma kilsəsinin tərəfindədir. XIX əsr şairlərindən hər bir sosial və siyasi islahatdan ilhamlanan Şellini misal gətirmək olar. 

Dramatik poeziyaya gəlincə, o, hal-hazırda olduğu kimi sosial təyinata malikdir. Əgər bu gün poeziya əksərən təklikdə, yaxud kiçik bir dərnəkdə sadəcə oxu üçün hesablanıbsa, dramatik poeziya istisnalıq təşkil edir: onun vəzifəsi səhnədən nümayiş etdirilən hansısa uydurulmuş tarixə tamaşa edən insanlara birbaşa təsir etməkdir. Dramatik poeziya bütün digər poeziya növlərindən fərqlənir, ancaq onun spesifik vəzifələrinə həm də dramatik olmaq xasdır, təyinatı da burada toxunmaq istəmədiyim dramaturgiyanın təyinatı ilə qaynayıb-qovuşur. 

Fəlsəfi poeziyanın əlahiddə təyinatına gəlincə isə, onun izahı müfəssəl tarixi ekskursların edilməsini və xüsusi analizin aparılmasını tələb edir. Mənə belə gəlir ki, artıq burada poeziyanın kifayət qədər növ müxtəlifliyindən bəhs etdim, yəni, dediklərimdən də aydın olur ki, bu növlərin hər biri üçün xarakterik olan funksiya başqa bir növün funksiyaları ilə bağlana bilir: dramatik poeziyanın funksiyaları dramın təyinatı ilə, didaktik poeziyanın funksiyaları informasiyanın predmetinin özünün təyinatı ilə, tərkibi fəlsəfi, dini, siyasi və əxlaqi elementlərdən hörülən didaktik poeziyanın funksiyaları bütün bu kateqoriyaların təyinatı ilə əlaqələnir. Poeziyanın bütün bu növ müxtəlifliyini əhatəli şəkildə araşdırmaq mümkündür, ancaq yenə də poeziyanın özünün təyinatı izahsız qalacaqdır. Çünki bütün bu funksiyalar nəsrdə də mövcud ola bilər. 

Ancaq mövzu ilə bağlı irəli addım ata bilmək üçün belə bir mümkün etirazı dilə gətirmək istərdim. Çox vaxt, qarşısına bu və ya digər vəzifəni qoyan, özlüyündə hər hansı əxlaqi, sosial, siyasi və ya dini ideyaları ehtiva edən poeziyaya şübhəli yanaşılır. Xüsusən də, vaxtaşırı olaraq deyilir ki, şairin irəli sürdüyü hər hansı ideya ilə razılaşmayanda deyirlər ki, bu poeziya deyildir; və əksinə, şəfqət, acıma hissi doğuran, bu duyğuların şərh edildiyi şeirləri həqiqi poeziya nümunəsi kimi qəbul edirlər. Hesab edirəm ki, burada məsələ şairin öz yaradıcılığını hər hansı ictimai mövqenin təbliğatına, yaxud onun rədd edilməsinə tabe tutması, yaxud tutmamasındadır, ancaq bunun bir mənası varmı? Əgər şair hal-hazırda yayılan nöqteyi-nəzəri ifadə edirsə, pis şeirlərin populyarlığı uzun çəkmir; ancaq həqiqi poeziya bu nöqteyi-nəzər dəyişildikdən sonra da, hətta şairdə çox ehtiraslı əks-səda qazanmış məsələlər artıq heç kəsi maraqlandırmayanda belə poeziya olaraq qalır. Lukresiyanın poeması yenə də əzəmətini qoruyub-saxlayır, halbuki burada astronomiya və fizika haqqında təsəvvürlər artıq çoxdan köhnəlib; 

Draydenin poeziyası da malik olduğu keyfiyyəti itirməyib, halbuki indi bizi XVII əsrin dini debatları heç maraqlandırmır; yenə də, keçmiş əyyamların böyük, qüdrətli şeirləri yenə də bizə böyük zövq aşılayır, halbuki o nümunələrdə haqqında bəhs edilən nəsnələri nəsrlə söyləyib keçmək də olar. 

Beləliklə, əgər poeziyanın sosial təyinatını anlamaq istəyiriksə, əvvəlcə biz onun daha aydın, min verstlikdən görünən funksiyalarını nəzərdən keçirməliyik, bunlarsız heç bir şeir mövcud ola bilməz. Fikrimcə, haqqında tam əminliklə mühakimə yürüdülə bilən onlardan birincisi odur ki, poeziya həzz verməlidir. Soruşa bilərsiniz: hansı həzzi? Mən cavab verirəm: yalnız poeziyanın verə biləcəyi həzz, ona görə belə qısa cavab verdim ki, istənilən digər versiya bizi o qədər uzaqlara apara bilər ki, incəsənətin mahiyyəti haqqında düşüncələrin ətrafında fırlandıqca fırlanarıq. 

Düşüncəmə görə, belə bir fikri sübut eləməyə ehtiyac yoxdur ki, hər hansı xalis şair, hətta böyük şairlər pleyadasına mənsub olmayan şair də yazdığı şeirlərlə bizə təkcə həzz vermir; çünki hər şey həzdən ibarət olsaydı, onunla bitib-tükənsəydi, bu həzzin özü də elə bir yüksək səviyyədə olmazdı. Poeziyanın öz qarşısına qoyduğu və mənim ayrı-ayrı poeziya növlərini nümunə gətirməklə haqqında artıq bəhs etdiyim xüsusi vəzifələrdən başqa, poeziya həmişə yeni təcrübə, yaxud artıq bizə tanış təcrübənin yeni şərhi, yaxud buna bənzər, bizim artıq təcrübədən keçirdiyimiz ancaq ifadə etməyə söz tapmadığımız nəsnə haqqında artıq formalaşmış informasiyanı çatdırmaq funksiyasını icra edir; elə bununla da poeziya daxili dünyamızı zənginləşdirir və gerçəkliyi qavramaq hissiyyatımızı gücləndirtir. Ancaq burada bizi poeziyanın fərdə xeyirxah təsiri və həzz almanın xarakteri maraqlandırmır. Olsun ki, biz poeziyanın aşıladığı həzz spesifikasını da, ancaq bununla məhdudlaşmadan həyatımıza təsir gücünü də çox yaxşı bilirik. Ancaq poeziyanın bu iki funksiyanı icra etməsiylə razılaşaraq nəzərdən qaçırmaq olmaz ki, poeziya bizim hamımızın həyatında, eləcə də cəmiyyətin həyatında çox önəmli rol oynayır. Və bu rolu mən nəzərdə tutulduğundan da geniş təsəvvür edirəm. Çünki, fikrimcə, hər bir xalqın özünəməxsus poeziyasının olması çox vacibdir, və bu təkcə poeziyanı anlayan insanlar üçün vacib deyil, — bu inşalar çox asanlıqla xarici dilləri öyrənə və bu dillərdə poeziya nümunələrindən feyziyab ola bilərlər, — həm də poeziyanı anlamayan, hətta mənsub olduğu ölkənin böyük şairlərinin heç birinin adını bilməyən insanlar da daxil olmaqla bütün cəmiyyət üçün mühümdür. Mənim düşüncələrimin predmeti elə budur – bütün cəmiyyət üçün poeziya hansı rolu oynayır. 

Bilirik ki, digər sənət növlərindən tam fərqli olaraq poeziya şairlə eyni kimlik və eyni dili bölüşən insanlar üçün elə bir dəyər kəsb edir ki, başqa bir ölkənin insanları üçün bunu ifadə etmək mümkünsüzdür. Şübhəsiz ki, yerli və milli xüsusiyyətlərin izi hətta musiqi və rəngkarlıqda da var; ancaq bu da şübhə doğurmur ki, digər xalqların rəngkarlıq və musiqisini qavramaq bir elə çətinlik törətmir. Digər tərəfdən aydındır ki, nəsr əsərləri tərcümə edildikdə daşıdıqları dəyəri qismən itirirlər, ancaq həmişə duyduğumuz budur ki, tərcümədə romanla müqayisədə şeir daha çox itirir; müəyyən qism elmi əsərlərin tərcüməsində isə itki praktiki olaraq hiss edilmir. Bu ondan irəli gəlir ki, nəsrlə müqayisədə poeziya milli zəminlə daha sıx bağlıdır, bunu Avropa dillərinin tarixi də sübut edir. Erkən orta əsrlərdən başlayaraq latın dili fəlsəfə, ilahiyyat və elmlərin dili idi.

Ədəbi dil kimi xalq dilindən istifadə poeziyanın xidmətidir. Bu da tam təbiidir, nəzərə alsaq ki, poeziyanın ilkin məqsədi hiss və yaşantıların ifadəsidir; bütün insanlar üçün fərqli mənalar kəsb edən ideyalardan fərqli olaraq hiss və yaşantılar nadirdir. Başqa bir dildə düşünmək o dildə hiss etməkdən daha asandır. Buna görə də heç bir sənət növü poeziya qədər özünün milli mənsubiyyətini bu qədər inadla qorumur. Hər hansı xalqdan onun dilini qoparıb almaq olar, onun məktəblərindən ana dilini sürgün edib bura digər yabançı dili oturtmaq olar, ancaq bu o zaman gerçəkləşə bilər ki, həmin xalq bu yad dildə hiss etməyi bacara bilsin. Ana dilinin kökünü kəsmək mümkün deyildir, kəsdiyini güman etdiyində o, hissin hərəkətverici qüvvəsi olan poeziyada bir daha boylanıb özünü ifadə edəcəkdir. Mən dedim: “yad dildə hiss etmək”, bu ifadə ilə mən “yad dilin köməyi ilə öz fikirlərini ifadə etməkdən” başqa bir şeyi nəzərdə tutmuram. Yad dildə ifadə edilmiş fikir mahiyyətcə elə həmən fikir olaraq qalır, ancaq yad dillə ötürülən hiss və yaşantı artıq o olmur. Heç olmazsa bir xarici dili öyrənməyə sövq edən səbəblərdən biri odur ki, bununla biz özümüz üçün necə deyərlər başqa bir kimlik tapırıq; necə ki, xarici dil öyrənməməyin səbəblərindən biri də ana dilini güzəştə getməməklə bağlıdır, — çünki əksər halda biz isinişib-öyrəşdiyimiz şəxsimizlə vidalaşmaq istəmirik. İnkişaf etmiş dili onu danışan xalqı məhv etməmiş aradan qaldırmaq olmaz. Ancaq xalq yad dildə danışmağa başlayanda, bu adətən o zaman baş verir ki, yeni dil bir sıra üstünlüklərə malikdir və bu dəyişiklik də özünü ona görə doğruldur ki, yenisi təkcə köhnə dili sıxışdırmaqla qalmır, həm də zəif inkişaf etmiş dillə müqayisədə eyni zamanda həm fikirləri, həm də hiss və yaşantıları incə şəkildə bidlirməyə güclü imkanlar açır. 

Beləliklə, hiss və yaşantılar xalqın danışdığı dildə daha kamil şəkildə ifadə edilir, başqa sözlə, cəmiyyətin bütün zümrələri üçün ümumi olan dillə: dilin strukturu, ritmikası, fonetikası və ideomatik quruluşu həmin dildə danışan xalqın milli xüsusiyyətini ifadə edir. Təsdiq edəndə ki, nəsr yox, ilk növbədə poeziya hissi və yaşantıları daha mükəmməl ifadə edir, mən heç də bunu nəzərdə tutmuram ki, poeziya intellektual məzmuna və fikir yükünə malik deyildir. Qarşıma qoyduğum birbaşa məqsəddən yayınmamaq üçün bu barədə daha bəhs etməyəcəyəm. Sübut edilmiş kimi qəbul edək ki, insanların yaşantılarının dərindən-dərinə ifadəsi, başqa bir sənət növündə, yaxud başqa dildə yaradılmış poeziyada deyil, onların ana dilində yaradılmış poeziyada baş verir. Buradan şübhəsiz ki, o nəticə hasil olmur ki, xalis poeziya yalnız hamıya və hər kəsə ayrılıqda məlum olan hiss və yaşantılardan ibarətdir; bütün poeziya aləmini hamının əlinin çatdığı sahə kimi dəyərləndirmək olmaz. Bunu demək kifayətdir ki, öz bütövlüyünü saxlamış xalq üçün maarif yolu keçmiş və mürəkkəb mənəvi həyat yaşamış insanların hisləri sadə insanların hisləri ilə ümumi xassəyə malikdir. Əgər sağlam sivilizasiyadan bəhs edilərsə, deyə bilərik ki, böyük şair bu və ya digər dərəcədə hansı dərəcədə təhsilli olub-olmamasından asılı olmayaraq mənsub olduğu xalqın bütün üzvlərinə anlaşıqlıdır.

Təsdiq edə bilərik ki, məhz şair kimi hər hansı şairin borcu yalnız dolayı yolla öz xalqı qarşısındakı borcdur; bu borc hər şeydən öncə şairin dili qarşısındakı borcdur; hər şeydən qabaq o, bu dili qorumağa borcludur, ikincisi onu təkmilləşdirməli və zənginləşdirməlidir. Digər insanların hiss etdikləri duyğuları ifadə etməklə şair bununla eyni zamanda bu hissin özünü dəyişdirir, onu daha “dərk edilmiş” şəklə salır; o, insanları özlərini daya aydın şəkildə təsəvvür etməyə, bu an, bu məqamda nə duyduqlarını bildirməyə sövq edir, bununla da onlara özləri haqqında bilmədiklərini də söyləyir. Ancaq şair təkcə fərd deyildir, daha çox digərlərindən fərqli olaraq qavramaq duyğusuna malikdir; bir fərd kimi o digər insanlardan və şairlərdən fərqlənir və o, öz oxucularını onunla birgə “dadmadıqları” hisləri yaşamağa sövq edə bilər. 

Burada artıq xarakterik cəhəti məlum qəribəliklər və çılğınlıq olan yazıçı ilə həqiqi şair arasındakı fərq ehtiva olunur. Birincisi də ona qədər sirli qalan hisləri keçirə bilər, ancaq bu hislərə kimsə gəlib şərik olmaz, lazım olmayan bir şey kimi; ikincisi isə elə yeni qavrayış üsullarını təqdim edir ki, başqaları da tez bir zamanda bunları ondan öyrənib əxz etsinlər. Praktiki olaraq, şair bu yeni qavrayış üsullarını həyata keçirərək irəli addımlayar, danışdığı dili zənginləşdirə bilər. 

Mən deyəsən, müxtəlif xalqlarda hislərin quruluşundakı incə fərqlər haqqında çox bəhs etdim; bu fərqlər həmin xalqların dillərində də əksini tapır və inkişaf edir. Ancaq müxtəlif xalqlar dünyanı təkcə ona görə fərqli bucaqdan qavramırlar ki, fərqli yer və məkanlarda yaşayırlar; qavrayışda fərqlər dövrlər rasındakı fərqdən də yaranır. Həqiqətən də, bizim qavrayışlarımız ətraf mühitdəki dəyişikliklərə müvazi olaraq durmadan dəyişir; bu mənada biz təkcə çinlilərdən və industlardan deyil, bir neçə əsr əvvəllər yaşamış həmvətənlərimizdən də fərqlənirik. Beləliklə, biz atalarımızdan, nəhayət elə özümüzdən də hər gün bir damcı fərqlənirik. Bütün bunlar hamıya aydındır; başqa bir məsələ deyəsən tam aydın deyil – bizi şeir yazmaqdan, poeziya ilə uğraşmaqdan əl çəkməyə qoymayan səbəb nədir? 

Bir sıra savadlı insanlar mənsub olduqları xalqın böyük yazıçıları ilə fəxr edirlər, halbuki onları heç zaman oxumayıblar. Ancaq uşaq da bilir ki, fəxr etmək, qürur duymaq azdır; bəs, birdən o böyük yazıçılar bir daha yetişmədi, xüsusən də böyük şairlər, xalqın dili sönməyə üz qoyar, onun mədəniyyəti də çürüməyə başlayar və ən pisi, bir gün o, daha güclü mədəniyyətin həzm-rabesindən keçər. 

Beləliklə, bu gün canlı ədəbiyyat olmasa, şübhəsiz ki, keçmişin ədəbiyyatı da bizə günü-gündən yadlaşar və uzaqlaşar; İnkişafın sinxronluğuna nail ola bilməsək, keçmişin ədəbiyyatı da bizdən getdikcə uzaqlaşar və bir gün biz ona sanki yad bir xalqın ədəbiyyatı kimi baxmalı olarıq. Axı dilimiz durmadan, dayanmadan inkişaf edir; bizi əhatə edən gerçəklikdə maddi dəyişikliklərin təzyiqi altında bizim həyat tərzimiz dəyişir; əgər bizim aramızda müstəsna istedadı, söz üzərində müstəsna hakimiyyət bacarığı ilə birləşən bir neçə insan, şəxs… olmasa, bizim təkcə ifadə etmək deyil, hətta kobud hislərdən fərqli şeyləri qavramaq qabiliyyətimiz də məhv olar. 

Sağlığında şairin populyarlığının böyük əhəmiyyəti olmur. Vacib olan həmişə auditoriyasının olmasıdır, nəsillər dəyişdikcə bu oxu bitməsin, sona varmasın. Ancaq digər tərəfdən, yuxarıda deyilənlərdən belə çıxır ki, şairin rolu öz dövrünün müasiri olan insanın oynadığı roldur, bu gün canlı şairimiz yoxdursa, ölü şairlər bizim üçün nəsə ifadə etməyəcək. Bundan artığını da deyim: şair çox tezliklə böyük bir auditoriya qazanırsa, bu şəraiti şübhəli hesab etməmək olmaz. Güman edə bilərik ki, həmin şair mahiyyətcə poeziyaya yeni heç nə gətirməyib, sadəcə oxucularına onların adət etdikləri şeyləri bəxş edib, bu şeyləri onların yaxın keçmişin şairlərindən də eşidiblər. 

Ancaq şairin özünə layiq kiçik bir auditoriyasının olması doğrudan da şərtdir. Bütün dövrlərdə, dövrdən asılı olmayan, mahiyyəti ilə onu ötüb keçən, yeni olan şeyi mənimsəyə bilən avanqarda həmişə ehtiyac var. Mədəniyyətin inkişafı daha yüksək mədəni səviyyəyə hamılıqla canatmanı və hərəkəti nəzərdə tutmur — əks halda, biz marş-paraddan söz aça bilərdik. Mədəniyyətin inkişafı, tam əksinə, sözü gedən elitanın qorunub-saxlanmasını bir şərtlə önə çıxarır ki, oxucuların əsas, daha passiv kütləsi ondan çox geridə qalmasın. Əvvəlcə çox az adamda özünü göstərəcək dəyişikliklər, qavrama üsullarının təkamülü sonra dilin özünə müdaxilə edəcək, çünki bu dəyişikliklər çox tez bir zamanda populyarlıq qazanan digər yazıçılara da təsir edəcəkdir. 

Həmin dəyişikliklərin hamılıqla təsdiq və qəbul edildiyi zamana qədər yeni addımlar atılmalıdır. Yalnız hazırda yaşayan yazıçıların köməyi ilə keçmişin söz adamları da yaşamağa davam edirlər; Məsələn, Şekspir ingilis dilinə çox güclü təsir göstərib və təkcə ona görə yox ki, o, özünün yaxın müasirlərinə də təsir edib. Məsələ bundadır ki, həqiqətən böyük yaradıcıların poeziyası heç də dərhal üzə çıxmayan keyfiyyətlərə malikdirlər; bu sənətkarlar yüz illər keçdikdən sonra da yeni şairlərə birbaşa təsir edirlər və buna görə də canlı həyata təsir etməkdə davam edirlər. Həqiqətən də, əgər müasir ingilis şairi sözdən istifadəni öyrənmək istəyirsə o, öz dövründə digərlərindən tam fərqli olaraq sözdən istifadə edən sələflərinin irsini dərindən öyrənməlidirlər. 

Poeziyanın göstərdiyi təsirlə bağlı söz açılanda mənim əsas hesab etdiyim müddəanı hələ ki formulə etməmişəm; bu təsiri onun son statiyasına qədər izləməli olsaq, təsdiq edə bilərik ki, poeziya nitqdə, qavrama tərzində, cəmiyyətin bütün üzvlərinin həyatında, ayrı-ayrı insanların poeziyanı mütaliə edib-etməməsindən, ondan həzz alıb-almamasından, hətta öz xalqlarının böyük şairlərinin adlarını bilməmələrindən asılı olmayaraq cəmiyyətin bütün üzvlərində dəyişikliklər yaradır. 

Poeziyanın belə bir dərin səviyyədə təsiri zənnimizcə çoxlaylıdır, son dərəcə dolayıdır və çox çətinliklə üzə çıxır. Bu təsiri izləyərək biz quşun, yaxud təyyarənin uçuşundan gözünü ayırmayan insana bənzəyirik; bu insan quşun, yaxud hava balonunun onun baş üstündən keçdiyini duyan kimi, gözlərini çəkmir və hətta adı çəkilən nəsnələr çox-çox uzaqlara getdikdə belə onları görməkdə davam edir, ancaq göydəki bu nöqtəni digər insanlara göstərdikdə onlar neyləsələr də onu tapa bilməyəcəklər.

Poeziyaya qarşı son dərəcə həssas olan oxuculardan başlayaraq ta ömründə əlinə şeir kitabı almamış insanlara qədər poeziyanın təsirini izləməyi sınaqdan keçirin, görəcəksiniz ki, bu təsir hər yerdə var. Bütün hallarda, əgər sağlam və canlı milli mədəniyyətdən söz gedirsə siz onu hökmən görəcəksiniz, çünki sağlam cəmiyyətdə bu cəmiyyəti təşkil edən bütün tərkib hissələri arasında arasıkəsilmədən qarşılıqlı təsir prosesi gedir. Mən sözün geniş mənasında poeziyanın sosial təyinatı anlayışı ilə məhz onun bu xassəsini – içindəki enerji ilə təsir göstərmək, dilə və xalqın qavrayış səviyyəsinə təsir göstərmə keyfiyyətini nəzərdə tuturam.

Məsələni bu şəkildə anlamaq olmaz ki, guya mənim fikrimcə danışdığımız dil müstəsna dərəcədə şairlərin fəaliyyəti ilə müəyyənləşir. Mədəniyyət çox mürəkkəb təbiətə malikdir. Mahiyyətcə, belə bir qənaətdə də həqiqət payı az deyil ki, poeziyanın xarakteri xalqın dildən necə istifadə etməsindən asılıdır; axı şairin materialı təkcə onun ətrafındakı insanların dili ola bilməz; bu dil inkişafdadırsa, şair qazanacaq; dil tənəzzül içindədirsə, şairinin gücü yalnız ondan ən optimal variantda istifadə ilə məhdudlaşacaqdır. Poeziya müəyyən həddə dilin gözəlliyini qoruyub-saxlaya və hətta bərpa edə bilər, poeziya dilin inkişafına təkan verməlidir, dəyişikliklər girdabında olan müasir həyatı dəqiq və incəliklə əks etdirməlidir, gerçəkliyin indiki qədər mürəkkəb olmadığı çox sadə quruluşlu cəmiyyətlərdə də vəziyyət belə olub. Ancaq poeziya, eləcə də “mədəniyyət” adlandırdığımız həmin sirli sosial orqanizmin digər elementləri kimi onun nəzarətində olmayan ən müxtəlif faktorlardan asılı olmaya bilməz. 

Bu durum məni sonda ümumi səciyyə daşıyan bir neçə fikrimi də ifadə etməyə sövq edir. Mən həmişə poeziyanın milli və doğma zəminlə bağlı funksiyaları haqqında danışmışam və hiss edirəm ki, burda müvafiq dəqiqləşdirmələr aparmaq vacibdir. Elə bir təəssürat yaratmaq istəməzdim ki, poeziya öz təyinatı etibarı ilə bir xalqı digərinə yadlaşdırır: inanmıram ki, bir neçə Avropa xalqının mədəniyyətləri biri digərindən təcrid edilmiş halda uğurla inkişaf edə bilər, şübhəsiz ki, keçmişdən bizə digər mədəniyyətlərdən təcrid edilsə də yüksək səviyyədə inkişaf etmiş sivilizasiyalar məlumdur, bu dövrdə böyük incəsənət və fəlsəfi nümunələr yaranıb. 

Yeri gəlmişkən bu mövzuda tam əminliklə danışa bilmərəm; bu sivilizasiyaların bəzisi heç də tam təcrid vəziyyətində olmayıb, — yəni ilk baxışdan belə görünür. Ancaq Avropa tarixində bu kimi sivilizasiyalar ümumən mövcud olmayıb. Hətta qədim Yunanıstan bir çox şeylərdə Misirə və onun Asiya sərhədlərində qərar turan dövlətlərə borcludur; Ən müxtəlif dialektli və inkişaf edən həyat tərzi olan yunan dövlətləri arasındakı qarşılıqlı münasibətlərə və təsirlərə gəlincə, burada artıq biz güclü qarşılıqlı təsir və stimullaşdırma faktorunu müşahidə edirik, bu da Avropa ölkələrinin qarşılıqlı münasibətlərində müşahidə edilən faktlarla üst-üstə düşür. 

Avropa ədəbiyyatlarının tarixi sübut edir ki, onların heç biri digəri ilə müqayisədə müstəqil olmayıb; əksinə, onların arasında daimi mübadilə prosesi gedib və bir-birinin dalınca onların hər biri daxildən göstərilən təsir sayəsində müəyyən dövrlərdə yeni həyat qazanıblar. Mədəniyyətdə avtoritar qanun mümkünsüzdür; hər hansı ölkənin mədəniyyətini ölümsüzləşdirmək arzusu baş qaldıranda, onun digər ölkələrin mədəniyyəti ilə ünsiyyətinə nail olmaq lazımdır. 

Ancaq hər hansı mədəniyyəti Avropa vəhdətindən qoparmaq nə qədər təhlükəlidirsə, onu digər mədəniyyətlərlə eyniləşdirmək də eyni dərəcədə qorxuludur, çünki bu artıq əsas xassəni itirmək deməkdir. Ümumilik kimi müxtəliflik də zəruridir. 

Burdan o nəticə hasil olur ki, yad xalqın poeziyasını öyrənmək əlahiddə dərəcədə faydalıdır. Yuxarıda vurğuladım ki, istənilən xalqın poeziyası elə keyfiyyətlərə malikdir ki, bunları yalnız həmin poeziyanın qələmə alındığı dili danışan insanlar dərk edə bilər. Ancaq işin başqa tərəfi də var. Bəzən müşahidə etmişəm ki, az baş çıxardığım bir dildə yazılmış nəsr mətnini oxuyanda ona məktəb markaları ilə yanaşana qədər heç nə anlaya bilmirəm – hər bir sözün mənasını aydınlaşdırır, qrammatik və sintaktik konstruksiyaları analiz edir və nəhayət bütün mətni ingiliscəyə tərcümə edirdim. Tərkibində mənə tanış olmayan xeyli söz olduğuna və anlaya bilmədiyim cümlə sırasına görə tərcümə edə bilmədiyim poetik mətn bütün bunlara baxmayaraq mənə özünün unikal və ingilis dilində oxudan alınan heç bir təəssüratla müqayisə edilə bilməyən şəkildə birbaşa və canlı təsir edirdi — bu mətn mənə elə şeylər deyirdi ki, sövq-təbii anlasam da, sözlə ifadə edə bilmirdim. 

Ancaq bu dili sərbəst danışmaq və yazmaq həddində öyrəndikdən sonra məlum oldu ki, adı çəkilən təəssürat aldadıcı deyilmiş, mən bu poetik mətndə olmayan nəyisə uydurmamışam. Bəzən poeziya pasportunu hazırlayıb biletini aldıqdan çox-çox əvvəl yad ölkənin qəlbinə nüfuz edir. 

Poeziyanın sosial təyinatı haqqında danışarkən, ola bilər ki, özümüz də gözləmədən Avropa arealına daxil olan müxtəlif dilli, ancaq doğma mədəniyyətli ölkələr arasındakı qarşılıqlı münasibətlərlə bağlı məsələnin mahiyyəti üzərinə gəlirik. Öz-özlüyündə aydındır ki, burdan mən heç bir siyasi xarakterli nəticə çıxarmaq fikrində deyiləm, ancaq arzu edərdim ki, siyasi problemlərin həlli ilə məşğul olan insanlar tez-tez söz açdığım bu problemlərə diqqətsiz qalmasınlar. Bu çox vacibdir, çünki bu halda maddi tərəfinə siyasilərin qayğı göstərməli olduqları məsələlərin mənəvi yönü gözümüz önündə açılır və müzakirə mövzusuna çevrilir.

İngilis dilindən tərcümə etdi: Cavanşir Yusifli
kulis.az
 

0 şərh