Böyük Sui-qəsd nəzəriyyəsi - I hissə- VII fəsil

 

VII  FƏSİL

 T”Э”KLİF

İki il əvvəl

“Böyük adam” bir ayağını digər ayağının üstünə qoyub belini yumşaq, diyircəkli ofis kreslosuna söykədi. İmran heç də bu insanı tanımırdı. Onunla görüşmək fikri belə yox idi. Başa düşə bilmirdi ki, komitə başçısı ilə, heç olmasa başçı əvəzi ilə görüşməli olsa da, onu niyə tam yad, üstəlik xarici görünüşündən gömrük sisteminin heç qapıçısına da yaxın düşməyən bir cılız, boynu bükük bir yaşlı kişi ilə üzləşdirmişdilər. İmrana elə gəlmişdi ki, onu bu zavallı gömrükçü ilə üzləşdirməkdə məqsəd artıq bir neçə ay ərzində gömrük komitəsinin ardı-arası kəsilməyən məktubları ilə bezdirmiş İmranı başlarından etmək, yəni formalitəni  yerinə yetirmək üçün onu qəbul etmək idi. İlk vaxtlar təklifini elektron poçtla göndərdi, dedilər elektron poçtla deyil, rəsmi qaydada ərizə şəklində yazıb adi məktubla yolla. Birinci məktubuna cavab gəlmədiyindən hikkəsinə salıb, ikincini, üçüncünü,...səkkizincini də göndərdi. Nəhayət bir ay sonra komitənin ştampını, möhürünü və komitə rəisi müavinin imzasını daşıyan rəsmi  cavab gəldi və həmin günə görüş təyin edildi. Əslində həmin zavallı görükən, ağ kostyumlu dazbaş kişi heç də gömrük işçisi deyildi. Həmin şəxs geosiyasi proseslərə birbaşa təsir edən pərdə arxası şəxs idi. Bu “böyük adamı” Fici adalarında istirahətdə olarkən, təbil kodu ilə geri çağırmışdılar. Belə şəxsin istirahətini puç etmək üçün isə gərək ən fövqaladə və ya ən yaxşısı fövqəltəbii iş baş verəydi. İmranın təklifi (onun yazdığı topa-topa məktublardan bir neçəsi) komitə başçısının masasına çatdıqda, başçı onunla tanış olub, absurd təklifin cəfəng olub hansısa bir sarsağ tərəfindən yazıldığını güman etmişdi. Lakin daha dolğun tanış olduqdan sonra daimi enerji mənbəyi tapılıbmış kimi tərəddüd etmədən həmin ağ kostyumlu şəxsi təcili geriyə, Azərbaycana çağırmalı olmuşdur.

Sanki gəlişinin mənasız olduğunu söhbət əsnasında başa düşübmüş kimi, əsnədi, sağ əli ilə vərdiş etdiyi kimi iti bucaqlarla çəkilmiş mavi zolaqlardan və qırmızı işləmələrdən ibarət qalstukunu oynatmağa başladı. Səsi çox boğuq çıxırdı. Sanki ağ ciyərləri süni vasitələrlə hərəkət edirdi. Hindu tayfa başçıları tək taqətsiz və fasiləli şəkildə danışırdı.

-   Sənin artıq beş dəqiqən qalıb...İmran. Mümkün qədər lakonik!.-deyə heç İmranın sifətinə baxmadan həvəssiz şəkildə gündə qaralmış dərisi fonunda solğun görünən dodaqlarını tərpətdi.

İmran ən son kozırına əl atmalı oldu. Ancaq ona yenidən aydın olanda ki, (əslində vəziyyəti və qarşısındakı insanın imtiyazlarını tam səhv dəyərləndirmişdi) həmin şəxslə formalitə olaraq görüşdürüblər, bir qədər laqeyd şəkildə sözləri ağzında boşaltdı.

-  ...Hmm...Necə deyim… Mən artıq ABŞ səfirini də razı salmışam.

Səfir sözünü eşitmişdi ki, İmran ağ kostyumlu kişinin ani olaraq qalstukunu oynatmağını kəsdiyini gördü. Kişini sanki iri hörümçək paralizə etmişdi, bir neçə saniyə bir söz demədən, keyiyib yerində qaldı. Yerində donulu qalsa da, dodaqlarını tərpədib soruşdu:

-  Necə yəni onu razı saldın. Hansı yolla?

-  Qəsd nəzəriyyələri sayəsində. 

-  Qəsd nəzəriyyələri ?– deyə beynindəki biotoklorın mübadilə ardıcıllığı bir anlıq pozulmuş ağ kostyumlu kişi özünü itirdi.

-  Əslinə qalanda suiqəsd-nəzəriyyələri, ABŞ-lılar buna ‘konspirasi seori’ deyirlər. Bildiyiniz kimi bu adlandırdığım “suiqəsd nəzəriyyələri” daima müzakirə obyekti olub, gündəmdə olsa da, belə hadisələrin əsl tarixçəsi, real səbəbləri gizlində qalıb. Misalçın, Yerin peyki olan aya Armstronqun səfərinin saxta olması, NASA-nın  Teslanın işlərinin davamı kimi apardığı böyük büdcəli eksperimentlərlə dünya iqlimini süni şəkildə dəyişməsi, bilərəkdən sunamilər, zəlzələlərə təkan verməsi, ən yaxşısı birinci dünya müharibəsi illərində ingilis casusu polkovnik Lourensin Əfqan şahı kimi müvəqqəti hakimiyyətə gəlməsi, bunlar hamısı üstü açılmış və açılmamış suiqəsd nəzəriyyələridir. Azərbaycanda bəlkə çoxları suiqəsd nəzəriyyəsi deyilən bir şey eşitməsə də, Amerikada konspirasi seori mövzusu demokratiyanın açıq qapıları sayəsində daim KİV-də, internetdə, bloqlarda, o cümlədən sosial şəbəkələrdə işıqlandırılır. Mənim fikrim əvvəlcə cənab səfirə cəfəng gəlsə də, sonra ətraflı izah etdikdən sonra, sir-sifəti elə dəyişdi, adrenalini elə qalxdı ki, soyuqqanlı ingilis xarakterinə zidd şəkildə yerindən qalxıb mənim başımdan öpdü, elə bil Fransa yığmasının müdafiəçisi Löböf   oyunqabağı qapıçı Bartezi öpürdü.

Ağ kostyumlu kişi İmranın sözünü kəsmədi. İmran özü fasilə etdi. Yəqin həmin səlahiyyətli şəxsin üz cizgilərindən dediklərinin onun buzlarını əridib-əritmədiyini müəyyən etmək istəyirdi. Otağın çölə baxan şüşə lövhəsinə guppultu ilə çırpılan sərçə, İmranı yerindən dik attandırdı. Binanın şüşələri elə pırılcasına silib-təmizlənmişdi ki, zavallı sərçə içəri keçə bilmək üçün heç bir maneənin olmadığını sanıb, yüksək sürətlə özü də bilmədən həyatına qəsd etmişdi. İmran yenidən kresloya oturduqda qarşısındakı insanın bir an öncəki hadisəyə heç bir reaksiyə verməyib, gözlərini hələ də tavana zilləyib nəisə dərindən təhlil etdiyini gördü.

-         Bəs de görüm, bu suiqəsd nəzəriyyələrinin bizim komitəyə nə ayidiyyatı var, KOSMETİKAYA nə aidiyyatı var?

-         Kosmetika  elə mənim suiqəsd nəzəriyyəmin əsasını təşkil edir- deyə kinayə dolu baxışla, məğrurcasına cavab verdi.

Katibə qapını bir qədər açıb başını aradan çıxarsa da (çay gətirib-gətirməməyi öyrənməyə çalışdı) Ağ kostyumlu əli ilə ona təcili qapını örtməyə işarə etdi.

-         Ətraflı danış

-         Kosmetika – eramızdan qabaq belə Misirdə, Qədim Yunanıstanda, Romada istifadə olunan və inkişaf edən, (birbaşa tərcüməsində) eyibləri gizlətmə vasitələrinə deyilir. Gündəlik istismarına görə siqaret və spirtli içkini belə ötüb keçən şəxsi gigiyena ilaçları. Bu günün, əsasən də müasir dünyanın qadınını kosmetikasız təsəvvür etmək mümkün deyil. Müəllimindən tutmuş, JEK-lərin süpürgəçilərinə kimi bütün qadınları gündəlik olaraq bu məhsullardan istifadə edir. Halbuki bir vaxtlar, on səkkizinci əsrdə yalnız zadəgan ailələrindən olan qadınlara kosmetikadan istifadəyə rəvac verilmiş, indiki zamanda adi hal olan, həddən artıq ənlik-kirşan yaxan qadınlara isə (məsələn İspaniyada) pozğun qadın kimi baxmışlar. Həmin dönəmlərdə şahzadələr, faraon xanımlar, qrafinyalar çirkin və kifir görünə bilməzdi. Məhz buna görə kosmetikadan yalnız elita istifadə edərdi. Bunun sayəsində idi ki, sözün əsl mənasında təbii gözəllər göz qabağında olurdu. İndi isə globallaşmaya məruz qalmış əksər ölkələrdə isə kosmetikadan istifadə o qədər ifrata çatıb ki, istənilən qadına baxanda ağzının suyu axır. İstəyirsən o dəqiqə onunla evlənib....(İmran bilmədən ədəbsizlik etdiyindən utanıb, cümləsini tamamlamadı)

Evlənəndən sonra səhər kişi gözünü açanda görür ki, sən demə həmin boyalanmış, sehirli rəssam- makiyajın əlindən keçmiş həmin məşuqə eybəcər ifritənin biri imiş. Azərbaycan qadını arasında kosmetikadan istifadə son günlərdə ən kritik həddinə çatıb. Artıq yeddinci sinif qızları belə ən azından gözlərinə karandaş və ya sürmə çəkirlər. Halbuki misir şahzadələri sürməni gözəl görünməkdən çox bəd nəzərdən qorunmaq üçün yaxırdılar.  Əsl gözəlləri müəyyən etmək çox çətinləşib, təəssüf ki, Aşıq Ələskər kimi təbii gözəl axtarışına çıxmalı olursan.

-         Bütün bu enkslopedik bilgilərini qoyaq bir qırağa. Sənin məqsədin nədir. O məktublarında bar-bar bağırdığın “TƏKLİF” nədən ibarətdir.

-         Təklifim odur ki, ən azı bir illik kosmetikanın idxalına mane olasınız

-         Pff...Sən deyəsən bir az havalısan axı… Bu mümkün olan şey deyil,...necə ki, narkoman narkotikdən azad ola bilmir, qadını da kosmetikadan məhrum etmək olmaz. İstər-istəməz hansısa yollarla gəlib çıxacaq. Həm də ki, bir il çox qısa müddətdir. Axı hər beş evdən birində qız uşağı üçün ən azı iki xonça kosmetika ehtiyatda durur. Həm də ki, dükanlarda, göz dəyməsin ağzına kimi kosmetik vasitələrlə aşıb-daşır. Mümkün olan şey deyil. Heç lüzum da yoxdur. – deyə  Ağ kostyumlu qarşısında dəli ilə dialoq apardığı üçün taleyinə lənət yağdırdı. Demək olar ki, çox həvəssiz hala düşdü.

-         Mümkündür...

-         Necə?

-         Elə ABŞ səfiri ilə də bunu müzakirə edirdik. KİV-də dizinformasiya yaymaqla kosmetikadan bir neçə on və ya yüz nəfərin yeni dəhşətli infeksiyayla o dünyaya köçdüyünü car çəkmək.  Necə ki, 18-ci əsrdə Palermo şəhərində madam Toffana ixtira etdiyi və formulası indiyənədək sirli qalan iysiz və qoxusuz zəhər- Aqua Toffananı kirşanda tətbiqini tapmaqla, 600-a yaxın italyan kişisinin ölümünə bais olmuşdu. O zaman qadınları ərlərinin həyatına qəsd etmək istəyəndə madam Toffananın bu müəmmalı kirşanından istifadə edir və 2 gündən sonra dul varisə çevrilirdilər. İndi isə kosmetikanın kollosal əks təsirlərindən şişirdib, havada olan, qeyri-real qurbanların sayını daha da artırmaq olar. Sadəcə olaraq, bu halda qadınların təqribən 70%-i könüllü şəkildə kosmetikadan istifadəyə son deyəcək, qalan 30% faiz isə yaxşı gəlirli-keçimli katibəlik vəzifəsini, süni qadın gözəlliyinə vurulmuş ərini, heyranı olan fanatlarını əldən verməmək üçün canlarından belə keçməyə razı olacaq, bir sözlə kosmetikadan hər vəchlə istifadə edəcəklər. Belə olan halda icbari rıçaqlar həyata keçəcək ki, bunu müxtəlif inspeksiyaların sayəsində həyata keçirmək mümkün olacaq. ..Bir də ki bu tədricən baş verəcək.

Ağ kostyumlu şəxsin təmkinindən artıq əsər-əlamət qalmadı, yerindən qalxıb, nəzərlərini gah döşəməyə gah da ki, kabinetin divarından asılmış əl işi rəsmlərə zilləməklə otaqda o yan-buyana addımladı.

-         Bəs bu sənin dırnağ arası böyük nəzəriyyəndə, bizə nə kimi xeyir var. Dünyada yəni elə inandırıcı, ratsional əsas mövcuddur ki, ən böyük riskə gedib, kosmetikaya qadağa qoymağa qərar verək. Əlbəttə ki, kosmetikaya qadağa qoyacaq ən axmaq hökümət kimi tarixə düşməkdən savayı.

-         Sizə böyük xeyri var. Özü də ikitərəfli xeyri var.Birincisi odur ki, kosmetika satışına qadağa aradan qalxandan sonra, ən qısa müddət kimi bir ildən sonranı götürsək, o zaman kosmetikanın qiyməti birə on, birə iyirmi artacaq. Uzun müddət süni gözəllikdən məhrum olmuş əksər qadınlar isə nəyin bahasına olursa  olsun bu kosmetik vasitələri almağa can atacaqlar.  Lap yanacaq məsələsi kimi,...ABŞ-ın daha bir suiqəsd nəzəriyyəsindən...O zaman dünyanın 3-cü ən güclü neft istehsalçısı İraqa hücum edir ki, neftin qiymətini süni yollarla qaldırsın, yalnız ABŞ diktəsi altında marionet  hökümətləri olan neft ölkələri bundan xeyir görür. Bizim suiqəsd nəzəriyyəmizdə isə bizim dövlət büdcəsi böyük xeyir görəcək. Gömrük rüsumları qalxacaq, kosmetikanın qadağadan sonrakı yerli satışlarından dövriyyəyə böyük manat kütləsi daxil olacaq, bankların kredit vermə sistemi daha çevik xarakter olacaq. İkincisi isə odur ki, kosmetika birbaşa olaraq hökümətin monopoliyasına keçəcək.

Şüşə pəncərədən axan gün işığının gözlərini qıcıqlandırdığını hiss edib, jalyuzin məsamələrini azaltdı. Otağ həmən bir qədər qaranlıqlaşdı. Əvvəlki yerinə qayıdıb növbəti sualını verdi.

-         Bəs kosmetikaya cavabdeh olan hansısa bir beynəlxalq qurum – düzünü sən bilirsən- soruşmaz ki, nə səbəbdən durduğunuz yerdə hardasa beş altı nəfər keçinib deyə o boyda böyük pulları hüdudlarınızdan uzaqlaşdırırsız.

İmran belə görüşə çoxdan hazırlanmışdı. Yaxşı başa düşürdü ki, bu ölkənin ən kəllə idarəçiləri belə Yer planetində kosmetikaya cavabdah olan qurumun Şəxsi Qiqiyena Məhsulları Şurası olduğundan xəbərsizdir.

-         Kosmetikaya ŞGMŞ baxır, Baş qərərgahı Vaşinqtonda yerləşir.  600 dan çox üzvü var,… yəni bu qurum tərəfindən kosmetika satışına rəsmi lisenziyası olan iri kosmetik şirkətləri,  ən iriləri də ABŞ şirkətləri, holdinqləridir ki, bu da onu təsdiq edir ki, qurumun beynəlxalq xarakter daşıması formal bir şeydir. Araşdırmaların batinə baxsaq görərik qurum əslində Ağ evin göstərişləri əsasında  işləyir. ABŞ-a isə sərf edir ki, spekulasiya və qəsd nəzəriyyələri vasitəsilə müəyyən regionda müəyyən sahə üzrə hegemon təchizatçıya çevrilsin. Özünüzün uzaq görənlik məharəti varsa, bir qədər qabağı gözə gətirsəz, görəcəksiz ki, hal-hazırda Bakının şəbəkə marketinqlərini fəth etmiş aşağı keyfiyyətli İsveç, Rusiya, Çin kosmetikası avtomatik olaraq bazardan sıxışdırılıb çıxarılacaq. Müştəri beynəlxalq qurumun təhlükəsiz olduğunu təsdiq edəcək (hansı ki ən tezi bir neçə il sonra baş verəcək)  kosmetik vasitələri almağa can atacaq, nəinki ucuz başa gələn 3-cü sort məhsulları.

Bir neçə saniyəlik fasilə yarandı. Ağ kostyumlu bütün deyilən informasiyaları sanki daxilinə presləmək istəyirmiş kimi dərindən köks ötürdü.

-         ABŞ-ı da başa düşdüm. Sənin əsas məqsədin nədir?

-         Mənim ən böyük arzumdur ki, bizim millətin təbii gözəllərini bir neçə aylıq da olsa görə biləm...Saç boyaları, kirşan, tonal krem, tuş, ənlik, fiksatorlar, üz maskaları, pomada, karandaş, yoxa çıxsın. Qadınlar kişilərdə heyvani hisslər oyatmaqdansa, ağılları, kamalları, ədəb-ərkanları və ən nəhayət Allah verən gözəllikləri ilə diqqətlərini cəlb etsinlər.

Tuk-Tuk-Tuk!  Çəhrayı laklanmış palıd ağacından olan möhtəşəm qapı yenidən açıldı. İmran gözlərinə inanmadı. Ona KİV-dən yaxşı məlum olan komitə sədri sanki rəhbərinin otağına girirmiş kimi, fağırca ədayla içəri keçdi və Ağ kostyumluya çəkinə-çəkinə müraciət etdi:

-         Müəllim, nə xoşdur Sizi burada görmək, -İmranı heç toz yerinə də almayıb, Ağ kostumlunun əlini yaxşıca sıxdı. – Uşaqlara tapşırmışam, söhbətinizi qurtaran kimi, sizi mənim şəxsi maşınımda bağıma aparsınlar...Mən ölüm inciyərəm...Dost-aşnalar hamsı orda olacaq...Bax mütləq orda olmalısız...Mən hələ bilmirəm, keçən ilki məsələyə görə Sizin xəcalətinizdən necə çıxacam. –deyə sağollaşıb xeyir dua yağdıra-yağdıra otağı, tatamini üzü senseyə tərk edənlər kimi dal-dala addımlarla tərk etdi.

-         Bax belə mənim gənc fantazyorum...Yaxşısı budur get xeyirxah işlərlə məşğul ol...Bəs heç demədin sənin həqiqi ixtisasın nədir?.- İmranın divara vurulmuş vizual ekranlı kalendara kökləndiyini gördü.-  Bəlkə sənə komitədə işə düzəltdik.

İmranın gözləri dolmuşdu. Bir söz demədən, özüylə gətirdiyi məlumatla dolu listləri, broşurları qalaq edib, çiynindəki ryukzaqına keçirdi, ağzının ipini yaxşıca sıxıb, sağollaşmadan qapıya doğru irəlilədi. Otağı tərk etdikdə də bir söz demədi.

Ağ kostyumlu, gəncin belə spontan hərəkətinə özlüyündə izahat vermək üçün yenidən divardakı vizual ekrana baxdı. Orada cari təqvimdən başqa bir şey görmədi.

 

0 şərh