Temperatur və onun ölçülməsi

Cismin qızma (və ya soyuma) dərəcəsini müəyyən edən fiziki kəmiyyət — temperaturdur. Temperaturun dəqiq ölçülməsi üçün termometrdən istifadə edilir. Ən çox istifadə olunan termometrlərin iş prinsipi mayelərin istidən genişlənmə xassəsinə əsaslanır. Termometr mayesi olaraq civə və yaxud rənglənmiş spirtdən istifadə edilir.
Müasir mayeli termometr ucunda kiçik “maye balonu” Otaq termometriolan nazik şüşə borudan ibarətdir ©. Balona civə (yaxud spirt) doldurulur. Termometr isti mühitə gətirildikdə civə istidən genişlənir və balondan çıxaraq boru daxilində yuxarı qalxır. Soyuq mühitə gətirildikdə isə maye sıxılır və borudakı səviyyəsi aşağı düşür.
Mayeli termometr iki istilik hadisəsi - buzun əriməsi və suyun qaynaması əsasında dərəcələnir. Buzun ərimə temperaturu 0° (sıfır dərəcə), suyun qaynama temperaturu 100° (yüz dərəcə) götürülmüşdür. Əvvəlcə termometrin temperatur şkalası üzərində bu iki temperatura uyğun nöqtələr qeyd olunur. Sonra həmin nöqtələrarası məsafə 100 bərabər bölgüyə bölünür. Hər bir bölgü — 1° (bir dərəcə) ilə işarə edilir. Belə termometr şkalasım 1742-ci ildə İsveç alimi Andres Selsi təklif etmişdir.Alimin şərəfinə həmin termometr şkalası Selsi şkalası adlanır.
 
Temperatur t hərfi ilə işarə edilir və ölçü vahidi “°C ” (dərəcə selsi) qəbul olunur. Belə termometrin üzərində onun ölçü vahidi yazılır. Biz temperatur ölçmələrində Selsi şkalası ilə dərəcələnən termometrlərdən istifadə edirik. Termometrdən istifadə edərkən onun maye olan balonu temperaturu ölçülən mühitdə yerləşdirilir, orada bir qədər saxlanılır və sonra göstəricisi qeyd edilir. 
 
 
 
Müəllif: Mirzəli Murzuqov, Rasim Abdurazaqov, Rövşən Əliyev
Mənbə: Ümumtəhsil məktəblərinin 6-cı sinfi üçün Fizika fənni üzrə Dərslik
 

0 şərh