Siyasətin kölgəsində futbol

FIFA 1978-ci il dünya çempionatının Argentinada keçirilməsinə 1970-ci ildə qərar vermişdi. 1976-cı ildə Silahlı Qüvvələr çevriliş edərək, rəhbərliyi ələ keçirdi. Hərbi çevrilişlər Argentinada adi bir şey sayılır. Hətta Hərbi Akademiyanın önündən keçən insanlar tez-tez bir-birləri ilə zarafatlaşırlar: «Bax, gələcək prezidentimiz buradadı”.
Siyasətin kölgəsində futbol
Ancaq bu səfər generallar heç də sevimli deyildi. Dünya çempionatı üçün yeni bir qurum yaratmışdılar. Qurumun başındakı general Aktis hələ ilk mətbuat konfransına gedərkən öldürüldü. Generallar bundan sonra xalqa qarşı müharibə başlatdılar. Birdən-birə 11 min argentinalı yoxa çıxdı, digərləri düşərgələrə göndərildi və ya gizlicə öldürüldülər. Ən geniş yayılmış cinayət üsullarından biri həbs olunanların təyyarədən „River Pleyt”ə məxsus “Monumental» stadionuna atılması idi. Yoxa çıxan insanların ailələri faciə ilə üz-üzəydilər. Hebe Bonafini adlı bir qadın «Plaza de Mayo anaları” adlı təşkilat yaratmışdı. Analar hər çümə axşamı Plaza de Mayoda toplaşıb, generalların cəzalandırmasını tələb edirdilər.
Ölkədəki cinayətlərin bütün dünyanın diqqətini çəkməyə başladığı 70-ci illərdə generallar vəhşi bir plan hazırlayaraq dünya çempionatı keçirməyə qərar vermişdilər. Argentinanın DÇ-ni qazanması nəticəsində ölkədən kənarda ara-sıra bilinən ölümlərin artıq diqqət çəkməyəcəyi düşünülürdü. Bu, ulusu yenidən birləşdirmək üçün onların əlinə düşən bir şans idi. Dünya çempionatının təşkilatçılığının pulsuzluq səbəbindən uğursuz olmaması üçün bütün önləmlər alınmışdı. Şəhərlərdə yerli əhali sayından daha artıq tamaşaçı tutumuna malik stadionlar bir andaca istifadəyə verildi. Generallar matçların keçiriləcəyi stadionları bir-birinə bağlayan yeni yollar tikdirir, rabitə qovşaqlarını inkişaf etdirirdilər. Argentinaya rəngli televizorlar gətirilmişdi.
Argentinanın bütün bunlara ayırmağa yetərincə maliyyəsi olmadığından, pul başqa mənbələrdən tapıldı. Dünya çempionatına xidmət etməyən bəzi layihələr həyati önəmə sahib olmalarına baxmayaraq, təxirə salındılar. „The Times”in 1978-ci ildə yazdığı kimi, Argentinada ən çox işlənilən “Sabah edərik” ifadəsi „Dünya çempionatından sonra edərik” ilə əvəzləndi. Təbii ki, Argentinanı məhvə aparan şey dünya çempionatı deyildi. Ölkəni generalların idarə etdiyi dönəmdə, müvafiq olaraq 1970-ci ildə 600% olan inflyasiya 1982-ci ildə 138% qədər enmişdi, amma yenə də bu, dünyadakı ən yüksək inflyasiya göstəricisi idi.
Siyasətin kölgəsində futbol
Xuntanın “Dünya çempionatında 25 milyon argentinalı oynayacaq” sloqanı xalq tərəfindən „Dünya çempionatının bədəlini 25 milyon argentinalı ödəyəcək” şəklində başa düşülürdü. Necə bir bədəl ödədikləri isə hərbi rəhbərliyin sirləri arasında itdi. Turnirdən dörd ay öncə hökumətin maliyyə naziri Xuan Alemann ilkin təxminlərin – 70-100 milyon – əksinə, dünya çempionatının 700 milyon dollara başa gələcəyini etiraf etmişdi. Alemann daha sonra, xuntanın bunu öncədən proqnozlaşdırması halında DÇ-ni keçirməkdən imtina edəcəklərini əlavə etmişdi.
700 milyon dollarlıq xərcin doğru olduğunu qəbul etsək, DÇ-1978 daha öncəki bütün futbol turnirlərindən bir neçə dəfə, dörd il sonra İspaniyada keçiriləcək mundialdan isə təxminən üç dəfə daha baha başa gələcəkdi. Yenə də əsl rəqəm 700 milyondan daha çox idi. Ölkədəki rüşvətin dəyərini təxmin etmək imkansız idi. Argentinadakı dünya çempionatında uçotu aparılmayan xərclərin 300-400 milyon dollar həcmində olduğu təxmin edilirdi. Təsadüfi deyil ki, dünya çempionatının Təşkilat Komitəsinin başına Aktisdən sonra gətirilən və eyni zamanda FIFA-nın prezident köməkçisi də işləyən Amiral Karlos Lakoste hazırda Uruqvayda son dərəcə lüks bir şəkildə qocalığın kefini çıxarır.
Bir də Peruya verilən rüşvət var idi. Argentina ikinci turda Peru ilə qarşılaşacaqdı. Finala çıxa bilmək üçün rəqiblərini minimum 4:0 hesabı ilə məğlub etməliydilər. Çox çətin görünürdü, çünki Alli Maklaudun Şotlandiyasının daha ilk matçda öyrəndiyi kimi, Peru olduqca yaxşı komanda qurmuşdu. Amma Argentina dünya çempionatını qazanmaq məcburiyyətində idi, Perudakı generallar isə maliyyə cəhətdən sıxıntı çəkirdilər. Bu səbəbdən də Argentina hökuməti dost xuntaya yardım etmək qərarına gəldi. Hər şeyi Lakoste təşkil etmişdi. Argentina təcili olaraq Peruya 35 min ton pulsuz taxıl və böyük ehtimalla, silah bağışladı. Bu arada, Argentina Mərkəzi Bankı da dondurulmuş 50 milyon dollarlıq krediti Peruya sərbəst qrafiklə ödəmək imkanı yaratmışdı. Argentinanın baş məşqçisi Sesar Luis Menotti qapıçı və əvəzedici oyunçuların matçöncəsi çıxışını dinləmələrinə icazə verməmişdi. Nəticədə Argentina Perunu finala çıxmalarına şərait yaradan bir nəticə ilə — 6:0 hesabı ilə məğlub etdi. Bu, bəlkə də, indiyə qədər rüşvətlə qazanılan yeganə dünya çempionatıdı.

Təbii, rüşvətin ödənilməsindən hələ də əmin deyilik. Hadisə ilə bağlı 1986-cı ildə “Sunday Times”də yazı yayımlandı, amma qəzetin əsas xəbər mənbələri, yəni xuntaya xidmət edən yüksək səviyyəli dövlət məmurları və iki futbol xadimi məlum səbəblərdən kimliklərinin açıqlanmasını istəmədilər. Məqalənin yazarı Maria Laura Avinyolo „əxlaqsızlıq” və digər bəzi maddələr üzrə məhkum olundu, amma sonunda bəraət aldı. Dünya çempionatında Perunun əvəzedici qapıçısı olan Manzo bir gecə Limada sərxoş olduqdan sonra oyunçuların matçı satmaq üçün pul aldıqlarını demiş, ancaq özünə gəldikdən sonra sözlərini inkar etmişdi.
Oyuna gəlincə, o günə qədər heç bir futbol matçının satıldığına dair bu qədər güclü sübutlara rast gəlinməmişdi. Meydana ağ formada çıxan Peru əlinə keçən şansları dəyərləndirməmiş, “El Loco” ləqəbli Argentina əsilli qapıçı Ramon Kiroqa o gecə alışdığımızdan daha qəribə formada oynamışdı. Perunun start 11-liyində niyəsə 4 təcrübəsiz rezerv oyunçusu var idi və müdafiəçilərdən biri forvard kimi meydana çıxmışdı.
Danışdığımız „analar“dan hamısı o matçı xatırlayarkən, oyun alqı-satqısını göz önünə sərən dəlillərdən söz edirdilər.
Bonafini: „Futbol fanatikləri buna inanmırlar. Futbol fanatikləri, din fanatikləri, siyasi fanatiklər – fanatiklər hər zaman təhlükəlidilər”.
Generallar Dünya çempionatını həm xalqı, həm də dünyanı təsirləri altına almaq üçün səhnəyə qoyulan görkəmli bir teatr kimi görürdülər. DÇ sayəsində, Argentinada tez-tez baş verən hərbi çevrilişlərə bir neçə paraqrafdan artıq yer ayırmayan xarici qəzetlərin minlərlə əməkdaşı ölkəyə gələ bilərdi. Hətta general Merlo demişdi: “Dünyadakı imicimizi düzəltmək istəyiriksə, dünya çempionatını Argentinadakı əsl həyatın göstərilməsi baxımından bir fürsət kimi görməliyik».
Generallar mərkəzi Nyu-Yorkda yerləşən bir məşhur şirkətlə anlaşmışdılar və ölkə başdan-başa gözəlləşdirilirdi. Argentina necə daha zəngin göstərilə bilərdi? Gecəqondular məhv edilərək. Dərhal «villas miserias”a (gecəqondu bölgələri) buldozerlər göndərildi və buralarda yaşayanlar ya dünya çempionatı matçlarının keçirilmədiyi „şanssız“ şəhərlərə, ya da Katamarka çölünə köçürüldülər. Generallar Rosarioya gedən magistralın hər iki tərəfinə üzərində gözəl görünüşə malik ev rəsmləri olan süni divarlar inşa etmişdilər. Məqsəd sadə idi: kənar məhəllələri yoldan keçən xaricilərdən gizlətmək. Bu „səfalət divarı”nın ömrü qısa oldu. Gecələr kərpicləri oğurlayan gecəqondu sakinləri onlardan öz evlərini tikmək üçün istifadə edirdilər.
Dünya çempionatından öncə “El Barrido» hərəkatını həyata keçirən əsgərlər evlərə basqınlar təşkil edirdilər. Gündə orta hesabla 200 nəfər yoxa çıxırdı. Hökumət siyasi cəhətdən şübhəli insanların xarici jurnalistlərlə görüşməsini istəmirdi. Dünya çempionatı yaxınlaşdıqca bəzi reallıqların anlaşılmasını önləmək üçün saxlanılanların çoxu öldürülürdü. Bəzi gizli düşərgələr ya jurnalistlərin heç vaxt tapa bilməyəcəyi gözdən uzaq bölgələrə köçürülürdü, ya da gəmilərə. Bu önləmlərin mərkəzi Nyu-Yorkda olan şirkətin təklifi üzərinə alınıb-alınmadığı hələ də məlum deyil.
Xarici jurnalistlər bu süni sülh və dinclik mühitinə asanlıqla inanmışdılar. «Times”dən David Miller argentinalıların təzyiq altında olmadıqlarını, əksinə firavan həyat sürdüklərini yazmışdı. İngilis əsilli argentinalı jurnalist Endru Qraham-Yooll ingilis jurnalistlərin ona nə qədər gözəl ölkəyə sahib olduğunu dediklərini xatırlayır: „Bir tərəfdə ram olunmuşlar, digər tərəfdə isə əsl qələmlər var idi”.
Yenə də, həqiqətən də, gördüyünü yazan kifayət qədər jurnalist var idi. Beynəlxalq Əfv Komitəsi idman müxbirlərinin çoxunu Argentina siyasəti haqqında məlumatlandırmışdı və həmin qorxusuz jurnalistlər gerçəkləri yazmışdılar. Bir çox məqalədə Hitlerin 1936-cı il Berlin Olimpiadası ilə müqayisələr aparılırdı. Dünya çempionatının açılış mərasimini şərh edən iki alman jurnalist Argentinada yoxa çıxanlar barədə məlumat verirdi. Dünyanın dörd bir tərəfindən gələn TV-lər həftəlik etiraz aksiyalarını keçirən “analar»ı görüntüləyirdi. Dünya çempionatının açılış mərasimi zamanı uzaqdan silah səsləri gəldiyini eşidən bir fransız müxbir çalışdığı qəzetə insanların küçələrdə vurulduğuna dair xəbər ötürmüşdü.
Əslində, generallar bu xarici «dağıdıcı”larla da ölkələrindəki „dağıdıcılar” kimi rəftar edə bilərdilər, amma dünya mətbuatına daha çox mövzu vermək istəmirdilər. Yenə də çox əsəbi idilər; xariciləri doyuzdurmuş, şərab içmələri üçün Mendozaya aparmış və onlara əsl Argentina qonaqpərvərliyini göstərmişdilər. “Xainlər”in təşəkkürü isə bu formada olmuşdu. Ölkəyə gəlməsi gözlənilən turistlər isə gəlməmişdi. Qısası, dünya çempionatında işlər heç də qaydasında getmirdi. Əksinə, əsgərlərin ölkəni necə bərbad idarə etdiyini bütün dünya görmüşdü.
»Dünya çempionatındakı hər tamaşaçı əsl Argentinanın şahididi” – «Montonero” hərəkatının sloqanlarından biri belə idi. Xarici mətbuatda çıxan yazılar sayəsində aralarında 1980-cı ildə Nobel mükafatını qazanan Peres Eskivelin də olduğu bir neçə nəfər final matçından bir gün öncə sərbəst buraxıldı. O, həmin günləri sevinclə anır: „Hollandiya ilə oynanılan final matçını evimdən izləyə bildim”.
Siyasətin kölgəsində futbol
Dünya çempionatı turizm və investisiya baxımından Argentinada gözləniləni vermədi, amma insan haqları baxımından çox işə yaradı. Bütün bunlara baxmayaraq, bərbad bir hakimlik nümayiş etdirən Qonella final matçını bitirən fiti çaldığı zaman generallar çox sevinmişdilər. Çünki Argentina xalqı orada idi və küçələr rəqs edən insanlarla dolu idi. Buenos-Ayres bütün gecəni yatmamışdı. 1978-ci ildə tələbə olan Daniel Rodriqes Sierra o gecəyi anlatarkən, “On minlərlə insanın küçələrdə qışqıra-qışqıra yeridiyini və onları əngəlləmək üçün bir şey edilmədiyini görmək əsl şok idi” deyir. Xanım Bonafini isə başqa cür düşünür: „Televizordan küçələrdə dəlilər kimi əylənən insanları görmək acı verirdi. Çox qorxunc bir şey idi. Kaş hollandlar belə sevinəydilər“. „Analar“ ölkələrində özlərini yad kimi hiss edirdilər.
Xunta sevinc dolu atmosferi öz faydası naminə istifadə etməyə çalışırdı. Maliyyə naziri Martines de Hoy nitqlərindən birində, „25 milyon argentinalının eyni məqsədin arxasınca getdiyini gördüyümüz gün Argentina sadəcə bir dəfə qazanmaqla kifayətlənməyəcək, dəfələrlə buna bənzər qələbələr əldə edəcək” demişdi. General Videla da televizorda yayımlanan çıxışında eyni fikri təkrarlamışdı. Görünən bu idi ki, futbol kütlənin yeni narkotiki olmuşdu: Xalqınızın sizi sevməsini istəyirsinizsə, onlara dünya çempionatı verin!Siyasətin kölgəsində futbol
Ancaq həqiqətlər təkcə bunlardan ibarət deyildi. Tarixçi və rejissor Bayer “Argentina futbolu” adlı kitabında „Argentina campeon” deyə qeyd edirdi. “Ancaq bu sevinc yalnızca sevinc deyildi. Bu, səssiz qalmaq məcburiyyətində qalan bir toplumun partlaması idi”, — deyə əlavə etməyi də unutmamışdı. Argentinalı şair Karlos Ferreyra „Dünya çempionatı” adlı şeirində həmin günləri anır:

Ən pis tərəfi sonluq idi,
Qürursuz və çaşqın halda,
Cəsədlər geri dönürdü,
Çay yataqlarına, Toplu məzarlara,
Başlarını yelləyərək,
Və unutmaya dair mahnılar oxuyaraq,
Və biz oradaydıq,
Barabanlarımız,
Dəlicəsinə tərləyən bayraqlarımız,
Və alt-üst olmuş bir dünya ilə...

Cəsədləri unudan sadəcə generallar idi. İnsanlar hələ də düşünə bilirdilər. İnsanlar yoxsul, əzik, ürkək, amma dünya çempionuydularsa, dünya çempionu olmaqdan sevinc hissi keçirib, yoxsul və əzik olmaqdan da bir o qədər üzüntü duya bilirdilər. Bəlkə də, insanların tək istədikləri çörək və futbol idi, amma Bayerin də vurğuladığı kimi, 1978-ci ildə bol miqdarda futbola baxsalar da, çox az çörək yemişdilər. Azarkeşlər milli komanda ilə xunta arasında heç bir əlaqə qura bilməmişdilər. Futbolçuların ünvanına təzahüratlar var idi, ola bilər, amma general Videla stadiona gələndə onu fitə basırdılar. Dünya çempionatından beş il sonra generallar rəhbərliyi sivil hökumətə təhvil vermək məcburiyyətində qaldılar. Argentinanın pulunu dünya çempionatına xərcləyərək kreslolarını qoruya biləcəklərini düşünürdülər. Düzü, çox saf imişlər. Dünya çempionatından sadəcə öz faydaları naminə istifadə etmələri onların sadəcə makyavelist deyil, eyni zamanda çox axmaq olduqlarını göstərir. Müəllimin sinifdə dərs keçməsinə mane olan və həmişə arxa partalarda oturan tələbələrə bənzəyirdilər.
Generallar topluma faşistlərə xas nəzər nöqtəsindən baxırdılar. Onlara görə, ölkə güclü və milli bütövlük içərisində olmalı idi. Əgər bütün insanlar bir ağızdan bağırırlarsa, deməli, ölkə güclüdü və xalq bir bütündü. İnsanları bu cür xoşbəxt etməyin tək yolu da zəfərlər qazanmaqdı. Zəfər insanlara iş tapmaq, başlarını soxmaları üçün bir ev vermək, ya da yeni valyuta buraxmaq kimi darıxdırıcı bir iş deyil. Xeyir! Zəfər ya hərbi uğur, ya da böyük vətənpərvərlik nümayişi formasında olmalıdı. Zəfər bütün xalqı küçələrə töküb, insanların “Argentina! Argentina!” deyə bağırmalarını təmin etməkdi. Generalların tək siyasəti özlərini əldə edilən zəfərlərlə əlaqələndirməkdən ibarət idi.
Planlaşdırdıqları ən böyük zəfərlər dünya çempionatına ev sahibliyi edib, kuboku qazanmaq və Folklend adalarını işğal etmək idi. Əslində, ikisi də eyni şeydi. Dünya çempionatının mahnısı „Vamos Argentina, Vamos a Ganar” (“İrəli Argentina, get və qazan”) Folklend müharibəsi zamanı yenidən məşhurlaşmışdı. Burada Braziliya ilə Argentina arasında möhtəşəm bir paralel qurmaq olar. Populyar marşlardan „Pra Frente, Brasil” (“Braziliya, irəli”) DÇ-1970 üçün yazılsa da, sonradan hərbi rejimin simvoluna çevirilmişdi.
Qraham-Yooll deyirdi: „Generalların hamısı uşaqdı. 1982-ci ildə hərbi işğal planı hazırladılar və bütün dünyanın onları alqışlayacağını zənn etdilər. Bu qədər saflıq olar? Hərbçilərimiz heç vaxt siyasətçi ola bilməyiblər. 1920-lərdən bəri “Bağıraraq əmr etsəniz, hamı əməl edəcək» düşüncəsi ilə yetişdirilirlər. Dünya çempionatında da "Əylənin, baxaq” dedilər və hamının əylənəcəyini güman etdilər..."

Saymon Kuper — «Football Against the Enemy» kitabı

Tərcümə: Rüfət Məcid
 

0 şərh