Peripatetizm

Qeyd edildiyi kimi Aristotel Afinada Likeion  adlanan məktəbini yaratmışdır. O məktəbin binasını və yerini öncə bədən tərbiyəsi üzrə oyunlar üçün istifadə edirdilər. Aristotel isə orada dərslər keçirirdi. Likeosun kölgəli bağlarında gəzintiyə çıxarkən Aristotel öz öyrəncilərini fəlsəfəsinin müxtəlif aspektləri ilə tanış edirdi. Ona görə də, Aristotelin bu məktəbi “peripatetik” adlandırılmışdır.
Aristotelin ölümündən sonra onun ardıcılları fəlsəfi və elmi araşdırmalarını davam etdirmişdilər. Onların ən başlıca vəzifələrindən biri müəllimlərinin fəlsəfi əsərlərini şərh etməkdən ibarət idi. Miladi III yüzillikdə peripatetizm yeni-platonçuluqla (neoplatonizmlə) qarışaraq ortadan çıxmışdır.
Aristotelin öyrəncilərindən olan Teofrastus  onun irsinin davamçısı olmuş və müəlliminin göstərişi ilə peripatetik məktəbə 34 il rəhbərlik etmişdir. O, bir çox kitabların müəllifi olmuş, ancaq onların çox az bir qismi zamanımıza gəlib çatmışdır.
Teofrastus botanika elminin yaradıcılarından biri olmuşdur. Bizim zamanımıza qədər onun «Bitkilərin tarixi» (lat. Historia plantarum) və «Bitkilərin səbəbi» (lat. De causis plantarum) adlı əsərləri gəlib çatmışdır. Bu kitablarda bitkilərin təsnifatı və 500-ə yaxın bitki növlərinin özəllikləri verilmişdir.
Onun fikrincə bitkilər diri varlıqdır, onlar həyatlarını sürdürmək üçün suya və istiliyə möhtacdırlar. Teofrastus hesab edirdi ki, bitkilərin həyatına çevrə (mühit) və irsiyyət təsir edir.
Teofrastus bitki elminə aid problemləri həll etməyə çalışaraq onların daxili quruluşunu araşdırmış, bitkilərin heyvanlardan nə ilə fərqləndiyi sualına cavab tapmaq istəmişdir. O, bitkilərə canlı orqanizm kimi baxırdı.
Teofrastusa görə çevrənin təsiri və irsiyyət bitkilərin həyatında böyük rol oynayır. O müşahidə etməklə belə qənaətə gəlmişdir ki, çevrənin təsiri altında heyvanların rəngi dəyişə bilər. Bu kimi iddialar sonrakı dövrlərdə elm tərəfindən təsdiq olunmuşdur. Ancaq, bəzi məqamlarda isə onun iddiaları öz təsdiqini tapmamışdır. Çünki. onun zamanında elm indiki qədər inkişaf etməmişdir. Ancaq, Teofrastusun araşdırmaları nəticəsində botanika elmi inkişaf etməyə başlamışdır. Həmçinin o, bitkilərin praktik baxımdan təsərrüfatda işlənməsinə dair tövsiyələr də vermişdir.
İdrak problemlərinə toxunan Teofrastus hesab edirdi ki, elmi nəzəriyyələr düyğusal (empirik) əsaslara dayanmalıdırlar. Duyğu vasitəsi ilə qavranılan biliyi elmi nəzəriyyələrə zorla uyğunlaşdırmaq olmaz. Deməli o, düşüncəni deyil, duyğusallığı idrakın əsası kimi qəbul edirdi.
Teofrastus yunan fəlsəfəsinə ilk dəfə olaraq odu yer, su və hava ilə birlikdə hər şeyin əsasında duran ünsürlərdən biri hesab etməmişdir. O deyirdi ki, od sərbəst olaraq var ola bilməz, çünki onun var olması üçün yanacaq olmalıdır. Ünsür isə başqa şeylərə bağlı olmadan səbəbsiz var olmalıdır. Buna görə də od ünsür ola bilməz.
 
Fizika sahəsində Teofrastus kateqoriyalara bir qədər fərqli yanaşırdı. Əgər Aristotel hərəkəti yalnız keyfiyyət, mahiyyət, miqdar və yer kateqoriyalarına uyğun olmasını iddia edirdisə, Teofrastus hərəkət anlayışını bütün kateqoriyalara, o cümlədən münasibət kateqoriyasına da aid edirdi. Buna dəlil olaraq oğulun ölümü ilə atalığın başa çatmasını göstərmək olar. Şeylərin keyfiyyət baxımından dəyişməsi bəzən bir an içində baş verir. Məsələn, ağ olan bir şey keçid mərhələsi olmadan qara ola bilər.
Aristotel kimi Teofrastus da dünyanı hərəkətə gətirən “İlk mühərrik” haqqında düşünürdü. Burada o, bir neçə aporiyaların (ziddiyyətlərin və çətinliklərin) yaranmasına diqqət yetirmişdir. Məsələn o, belə bir suallarla çıxış edərək deyirdi ki, əgər bir mühərrik vardırsa, onda nəyə görə əşyaların və cisimlərin (məsələn göy cisimlərinin) hərəkəti eyni deyildir? Əgər mühərriklər çoxdursa, onda hərəkətdə olan olayların ümumi ahəngini nə ilə izah etmək olar? İlk mühərrik canlı deyilsə, onda o necə məqsədyönlü fəaliyyət göstərə bilər? Beləliklə, Teofrastus Aristotelin təlimində ziddiyyətləri açıqlamış, ancaq ümumiyyətlə onun fikirlərini rədd etməmişdir.
Teofrastusun Tanrı haqqında fikirləri isə ziddiyyətli idi. O, Tanrını özünü düşünən, özündə olan, və özünü dərk edən təfəkkür kimi qəbul edirdi. Başqa tərəfdən o, göyü və ulduzları da tanrılaşdırırdı. Dünya isə onun fikrincə əbədidir.
Teofrastus həm də bəzi dini ayinləri tənqid edirdi. Xüsusən də o, qurbanların kəsilməsinə qarşı idi. O deyirdi ki, təbiətcə insanlarla heyvanlar birdirlər, onların davranışları, xasiyyətləri də bir-birinə bənzərdir. Ona görə də, heyvanların kəsilməsi insan tərəfindən törədilər amansızlıq və qəddarlıqdır. Hətta o, buna görə ət yeməkdən də çəkinmişdir.
Daha sonra Teofrastus məqsədəuyğunluq və təsadüf probleminə toxunmuşdur. Bir şey başqa şeyə görə ortaya çıxır, ya da onun varlığı təsadüfi xarakter daşıyır? Bu suala cavab verən Teofrastus teleologiyanın 73 təsirini kiçiltmiş, onu mütləqləşdirməmiş, ancaq tam inkar da etməmişdir. Canlı və cansız təbiətdə bir çox şeylər təsadüfən baş verir. Belə olmazsa həyatda baş verən qanunauyğunsuzluğu və ahəngsizliyi izah etmək mümkün olmazdı. Yəni, bəzi hallarda təsadüf məqsədəuyğunluğa müdaxilə edərək onu pozur.
Bununla belə o, məqsədəuyğunluğu tam inkar etmirdi, onu botanikada istifadə edirdi. O göstərmişdi ki, bitkilərdə hər bir üzv başqasının varlığını təmin etmək üçün mövcuddur. Kök onu saxlamaq və qidalandırmaq, yarpaqlar isə günəş istiliyinin mənimsənilməsi üçündür. Hər bir üzv isə tamlığı təşkil edir.
Teofrastus həyatın məqsədini xeyrə qulluq etməkdə görürdü. Ancaq bunu edərkən o, aşırılığa varmağın və abid olmağın da əleyhinə idi. Ümumiyyətlə o düşünürdü ki, xeyir insan xoşbəxtliyi üçün əhəmiyyətlidir. Həyatın bütün zövqləri keçicidir. İnsan yaşamağa başlayan kimi həyat tez bitir. Ona görə də, şöhrət arxasınca qaçmaq mənasızdır. Ümumiyyətlə, həyat onun üçün boş və mənasızdır.
Teofrastus həm də insanın qüsurlu xasiyyətləri və özəlliklərini araşdırmışdır. O, insanları ikiüzlü, yaltaq, mənəvi cəhətdən qüsurlu, hamının qarşısında baş əyən, çərənçi, xəbərçi, həyasız, sadə, təkliyi xoşlayan, mövhumatçı, biganə, pinti, başqalarına etibar etməyən, hamını boğaza yığan, şərəfbaz, xəsis, təkəbbürlü, qorxacaq, qara camaata doğru yönələn və acıdillərə bölürdü .

Teofrastusun ən tanınmış öyrəncisi Lampsakalı Straton  olmuşdur. O, 18 il peripatetik məktəbə başçılıq etmişdir. Ondan öncə isə o, məşhur Misir kralı II Ptolemeus Filadelfin müəllimi idi. Misirdə olarkən Straton Falerli Demetriusla birlikdə Museyonun yaradıcılarından biri olmuşdur.
Straton peripatetizmdə materialist ənənəsini davam etdirənlərdən idi. O, ilk növbədə metafizikanı, dərk olunmaz şeyləri inkar etmiş, təbiətin özünə istinad edərək onu izah etməyə çalışırdı. Onun fikrincə dünyanın yaradılışını tanrılarla bağlamaq lazım deyildir. Hər şeyi təbiət özü yaratmışdır. Stratona görə təbiət daxili zərurətlə fəaliyyət göstərən, hissiyyatlara və düşüncələrə malik olmayan özü özünü yaradan bir varlıqdır. O canlı olmasa da kosmosu yaratmışdır. Hər bir şeyin dəyişikliyinin səbəbi də təbiətdir. Straton həm də Aristotelin “dünya ruhunun” olması fikri ilə razılaşmırdı. Onun təlimində ruh bədənlə birlikdə ölür.
Ancaq başqa tərəfdən Straton dünyanın atomlardan ibarət olduğunu inkar edərək bu fikrin Demokritin xəyalından doğulduğunu iddia etmişdir. Bəzən o, Demokritin fikirlərinə yaxınlaşsa da, ancaq Aristoteldən fərqli olaraq boşluqların var olmasını inkar etmirdi. Onun fikrincə istinin və işığın yayılması kimi olaylar boşluqların varlığını sübut edir. Belədirsə, onda bütün şeylər hissəciklərdən ibarətdir və o hissəcikləri boşluqlar əhatə edir. Ancaq o, bu hissəcikləri atomlar adlandırmırdı. Həmçinin, Stratona görə dünyanın əsasını iki bir birinə zidd qüvvə təşkil edir. Bunlar “isti” və “söyuq”dur. Dünyada baş verən olaylar isti və soyuğun mübarizəsinin nəticəsidir.
Stratona görə “ağırlıq” xüsusi əhəmiyyətə malikdir. O hər bir hərəkətin mənşəyidir. Ağırlıq kosmosu düzənləyir; yerin, suyun havanın və odun yuxarıdan aşağı ardıcıl yerləşməsi prosesini yaradır və təmin edir.
Straton cisimlərin sərbəst düşmə təcilinin açılmasına yaxınlaşmışdır. Aristotel hesab edirdi ki, düşən cisim eyni surətlə hərəkət edir. Ancaq ondan fərqli olaraq, Straton düşən (yıxılan) cisimlərin surətinin keçdikləri məsafədən asılı olaraq çoxalmasını təcrübələrlə sübut etmişdir. Ancaq bunu qanun şəklində ifadə edə bilməmişdir. Bunu iki min ildən sonra Qaliley edə bilmişdir.
Straton Aristotelin zaman anlayışına verdiyi təriflə də razı olmamışdır. Aristotel hesab edirdi ki, zaman keçmişə və gələcəyə doğru hərəkət edən rəqəmdir. Stratona görə isə zaman hərəkət və sükunətin ölçüsüdür. O hesab edirdi ki, rəqəm sonludur, zaman isə sonsuz olduğuna görə rəqəmlərə sığa bilməz.
Stratonun ən tanınmış öyrəncilərindən biri Samoslu Aristarxus olmuşdur. O, İskəndəriyyədə yaşamışdır. O, astronomiya elmi ilə məşğul idi. «Günəş və ayın məsafələri və kəmiyyətləri» adlı kitabın müəllifi olmuşdur.
Aristarxus həndəsi yolla yerdən aya və günəşə qədər məsafəni, eləcə də kosmik cisimlərin ölçülərini ölçməyə çalışmışdır. Bunun üçün o, tamamilə doğru düşünmüşdür ki, yerdən ayın yarısı görüldükdə, o günəş və yerlə düzbucaqlı üçbucaq təşkil edir. Beləliklə, yer-günəş-ay üçbucağını həndəsi yolla izah edərək, Aristarxus belə nəticəyə gəlmişdir ki, ayın radiusu yerin radiusundan üç dəfə kiçikdir; yerdən günəşə qədər məsafə isə aya qədər olan məsafədən 18 dəfə çoxdur .

Bu nəticələr onu Aristotelin yermərkəzçi (geosentrik) sisteminin inkar edilməsinə gətirib çıxartmışdır. Aristarxusun fikrincə planetlərin hərəkəti ilə bağlı bütün çətinliklər onların günəş ətrafında fırlanması nəzəriyyəsini qəbul edəndən sonra aradan qalxır. Beləliklə o, günəşmərkəzçilik (heliosentrik) sistemini əsaslandırmağa çalışmışdır. Yer isə günəş ətrafında fırlanaraq, həm də öz oxu ətrafında fırlanır. Ancaq onun bu fikirləri qədim zamanlarda qəbul olunmamışdır. Sonralar Kopernik bu nəzəriyyəni yenidən dirçəldə bilmişdir.
Bu kimi fikirlərin irəli sürməsinə görə Aristarxusu tanrılara qarşı çıxmaqda ittiham etmişlər, buna görə də o, Afinanı tərk etməyə məcbur olmuşdur.
Aristotelin daha bir öyrəncisi Rodoslu Eudemus olmuşdur. O, müəlliminin əsərlərinə şərhlər, eləcə də elmlər tarixi üzrə kitablar yazmışdır. Onların bəzi fraqmentləri günümüzə gəlib çatmışdır və o dövrün riyaziyyat və astronomiya haqqında biliklərimizin yeganə qaynağı hesab olunmaqdadır. Bundan başqa Eudemus Aristotelin tarix, fizika və ilahiyyata aid olan fikirlərini şərh etmiş, bu əsərlərdə olan ziddiyyətləri ortadan qaldırmağa cəhd etmişdir. Bəzi tədqiqatçılar Eudemusu Aristotel irsinin ilk şərhçisi kimi də dəyərləndirirlər.
Peripatetik məktəbin görkəmli nümayəndələrindən biri Tarentli Aristoksenus olmuşdur. O, musiqi nəzəriyyəsi üzrə antik dünyanın ən tanınmış alimlərindən biri idi və bu sahədə çoxlu əsərlər yazmışdır. Bundan başqa Aristoksenusun başqa əsərlərindən olan fraqmentləri də zamanımıza çatmışdır.
“Ritmikanın  elementləri” və “Harmonikanın elementləri” adlı kitablar musiqi nəzəriyyəsi sahəsində yazılan və bu sahədə zamanımıza çatmış ilk əsərlərdir. Bu kitablarda musiqi nəzəriyyəsi ritmika, harmoniya və metrika kimi fəsillərə bölünmüşdür. Musiqi alətlərinin araşdırılması da ayrıca bir bölümdə verilmişdir. Bundan başqa, bu kitablarda yunan musiqisinin mənşəyi və növləri haqqında bilgi və onları izah edən istilahlar açıqlanmışdır. Musiqinin özü isə orada səslər, intervallar, sistemlər və cinslər kimi hissələrə bölmüşdür.
Həmçinin, Aristoksenus Pifaqor, Sokrat, Platon və digər filosofların həyat və yaradıcılıqlarını qələmə almışdır. Ancaq onlardan bəzilərinin (Platon və Sokratın) qüsurlarını qabartmış, bəzilərini isə (Arxitusu və Pifaqoru) rəğbətlə yad etmişdir. Bu da onun tərəfkeşliyindən irəli gəlirdi. Bir çox yazılarında o, pifaqorçulara və onların təlimlərinə üstünlük verirdi.
Aristoksenus peripatetizmə pifaqorçuluğun ənənələrini gətirmişdir. O, duyğularla alınan biliyin yanlış olmasını iddia edənlərə qarşı çıxış edirdi. Keçmişdə musiqiçi olduğuna görə Aristoksenus hesab edirdi ki, musiqi həm duyulmalı, həm də düşüncə  ilə qavranılmalıdır. Onun fikrincə duyğular idrakın əsasında durur. Bunu iddia edərkən o, pifaqorçulara qarşı çıxış edirdi. Pifaqorçular hesab edirdilər ki, duyğular idrakın yalnız başlanğıcında durur, düşüncə isə onu tamamlayır. Aristoksenus isə idrak prosesində düşüncəni yalnız duyğulardan sonra gələn ikinci dərəcəli amil kimi qəbul edirdi.
Aristoksenusa görə musiqi həm də insanlarda igidlik hisslərini oyatmalıdır. O, hətta musiqi ilə xəstəliklərin müalicə edilməsini də mümkün saymışdır. Onun fikrincə dəbdə olan bayağı musiqi ilə bunları etmək olmur, onlar əxlaq pozuntusuna gətirib çıxardır.
Daha bir tanınmış peripatetik Dikearxus olmuşdur. Aristotelin və Teofrastusun öyrəncisi idi. O, psixologiya, tarix, mədəniyyət, dilçilik və siyasət elmlərini əhatə edən bir çox elmi kitablar yazmışdır.
Dikearxus ruhun varlığını və ölməzliyini inkar edirdi. “Ruh haqqında” kitabında o yazırdı ki, ruh materiyanın formalarından biridir, cisimdir. Dünyada bütün varlıqlar dörd ünsürdən əmələ gəldiyi kimi ruh da onlardan biridir, sadəcə onun vəzifəsi bədəni canlandırmaqdır .
“Trifoniusun məbədinə eniş” əsərində Dikearxus din xadimlərini tənqid etmişdir. Həmin bu əsərdə o, falçılığı rədd edərək yalnız ilham və röyaları inkar etməmişdir.
 
Dikearxus mədəniyyət tarixi elminin yaradıcısı hesab edilir. O, “Yunanıstan həyatı” kitabında yunan mədəniyyətinin icmalını vermiş, yunanların inkişafını Şərqin mədəni həyatı ilə bağlamışdır. Onun fikrincə insanlar təbii yaşamdan heyvandarlığa, sonra isə əkinçiliyə keçmişdilər.
Dikearxus
 
Dikearxus siyasi məsələləri də araşdırmışdır. “Tripolitikus”  adlı yazısında o hesab edirdi ki, dövlətin idarəçilik metodu demokratiya, monarxiya və aristokratiyanın qarışığından ibarət olmalıdır.
Dikearxus həm də təbiətşünas olmuş, xəritələr çəkmişdir. “Yeri dolaşmaq” kitabında o, yerin kürə formasında olmasını iddia etmiş, bəzi dağların hündürlüyünü ölçməyə çalışmışdır.
Peripatetik məktəbin daha bir nümayəndəsi Falerli Demetrius olmuşdur. O, Teofrastusun öyrəncisi idi. Demetrius həm də siyasi xadim kimi tanınmış, bir zaman Afina hökmdarı olmuşdur. Ancaq sonra o, təqiblərə məruz qalmış və Misirə qaçmalı olmuşdur. Demetrius tarix, siyasət, bəlağət və başqa sahələrdə çoxlu əsər yazmışdır, ancaq onların çoxu zamanımıza gəlib çatmamışdır.
Onun bəzi əxlaqa aid fikirlərini Diogenes Laertius qələmə almışdır. O deyirdi ki, gənclər evdə öz ata-anasının, küçədə yoldan keçənlərin, təklikdə isə özlərinin qarşısında abırlarını saxlamalıdırlar .
Misir hökmdarı I Ptolemeusun dövründə Demetrius İskəndəriyyədə elmi-mədəni mərkəz olan «Museyonun» və orada yerləşən məşhur kitabxananın yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Eyni zamanda o, yəhudilərin müqəddəs kitabı olan Əhdi-Ətiqin yunan dilinə çevrilməsinin təşəbbüskarı idi. Bu tərcümə “Septuaginta” adlanmışdır. Bundan sonra yunan düşüncəsinə yəhudiliyin birbaşa təsiri dövrü başlamışdır. Bu proses sonralar Avropada xristianlığın yayılması ilə nəticələnmişdir.
Sonrakı dövrlərdə peripatetik məktəb tənəzzül dövrünü yaşamış və böhrana uğramışdır. O zamandan başlayaraq peripatetik məktəbin ardıcılları artıq orijinal fikirlər ortaya qoya bilməmişdilər. Onlar ancaq Aristotelin əsərlərinin toplanması, yayılması və onlara şərhlərin yazılması ilə məşğul olmuşdurlar.
Bu dövrün ən tanınmış filosoflardan biri Rodoslu Andronikus  olmuşdur. O, peripatetik məktəbə başçılıq etmişdir. Andronikusun ən böyük xidməti ondan ibarət idi ki, o, Aristotelin və Teofrastusun əsərlərini yenidən toplamış, redaktə etmiş və yayımlamışdır. Elə bu şəkildə də onlar bizim zamanımıza çatmışdır.
 
Andronikus
 
Afrodisialı Aleksandr da Aristotelin əsərlərinə şərhlər yazanlardan biri olmuşdur. O, həm də Aristotelin təlimini başqa    məktəblərin    nümayəndələrinin tənqidlərindən müdafiə edirdi. Buna görə də sonralar ona “Şəhrçi” adını vermişdirlər. Aleksandrın məqsədi Aristoteli tanıtmaq, onun əsərlərindəki ziddiyyətləri ortadan qaldırmaq olmuşdur. Məlumdur ki o, Aristotelin “Metafizika”, “Meteorologiya”, “Topika”, “Ruh haqqında”, “Göy haqqında” kimi əsərlərinə ətraflı şərhlər yazmışdır. Onun bir çox əsərləri zamanımıza ərəb tərcümələri vasitəsi ilə gəlib çatmışdır. Çünki orta əsrlərdə ərəbdilli filosoflar Aristotelin və onun şərhçilərinin irsi ilə çox maraqlanmış və bu ənənəni davam etdirmişdirlər.
Aleksandr öz şərhlərini özünəməxsus şəkildə verirdi. O, Aristotelin kitabından hansısa bir sətri olduğu kimi verdikdən sonra, onun altında böyük həcmli şərhini yazmış və sonra başqa sətrə keçirdi. Beləliklə, bütün kitab şərh olunurdu.
Aleksandr Aristoteli peripatetik ənənəyə dayanaraq şərh edən sonuncu şərhçi olmuşdur. Ondan sonra peripatetik  məktəbin  ardıcılları platonçularla qarışmışdırlar.
Aristotelin şərhçisi kimi tanınmış Aleksandrın özünə məxsus fikirləri də olmuşdur. Məsələn, «Tale haqqında»  əsərində o tale, azadlıq və təsadüf anlayışları haqqında düşünmüşdür. Aleksandr taleyin hər şeyi həll etməsini iddia edən stoaçılarla razılaşmırdı. Onun fikrincə tale qanunauyğunluqdur, ancaq zərurət deyildir. Bu qanunauyğunluğun içində təsadüfə də yer vardır. Belə olmasaydı, onda insan fəaliyyətinin heç bir mənası olmazdı. İnsanın hərəkət və davranışlarının səbəbi elə o özüdür, hər şeyi taleyin üzərinə atmaq olmaz.
Aleksandrın “Ruh haqqında” əsəri bir çox hallarda Aristotelin fikirlərini təkrarlayır. Onun fikrincə, ruh bədənin ondan ayrılmaz formasıdır. Ruhun bitkisel, duyğusal və düşüncəvi funksiyaları vardır. Düşünən ruhun özəlliyi mülahizə və təhlil etməkdir. Bunun vasitəsi ilə insan fikir irəli sürür və ya elmi araşdırma aparır. Eyni zamanda, iki çür ruh vardır: “imkanlı” (potensial) və “fail” (aktual). Birincisi doğuşdan təbiət tərəfindən verilir; o yazılmamış vərəqə bənzərdir. İkincisi isə sonradan qazanılan, məhz bu düşüncənin əsasını təşkil edir.
Bu əsərin ikinci hissəsində “Düşüncə haqqında” (yun. nepl vov) adlanan bölüm vardır. Orada Aleksandr düşüncənin nə olması haqqında düşünür. Onun fikrincə insanda üç növ düşüncə vardır. Birincisi, doğuluşdan var olur və o ən ibtidaisidir; ikincisini insan öz fəaliyyəti nəticəsində əldə edir; üçüncüsü isə insana əlavə olaraq daxil edilir. Onun vasitəsi ilə də düşünmə qabiliyyəti yaranır.
 
Mövzu ilə əlaqəli suallar:

    1. Peripatetik məktəb kimin təlimini davam etdirmiş, vəzifəsi nədən ibarət olmuşdur?
    2. Teofrastus botanika elmində nə kimi uğurlar əldə etmişdir?
    3. Teofrastusun təbiət və idrak problemləri üzrə fikirləri necə olmuşdur?
    4. Teofrastus tanrı, din və “İlk mühərrik” haqqında nə düşünmüşdür?
    5. Teofrastus kateqoriyalarda hansı dəyişikliklər etmişdir?
    6. Teofrastusun məqsədəuyğunluq və təsadüf probleminə münasibəti necə olmuşdur?
    7. Teofrastusa görə həyatın məqsədi nədədir?
    8. Rodoslu Eudemusun fəaliyyəti nədən ibarət olmuşdur?
    9. Aristoksenusun müsiqi nəzəriyyəsi sahəsində hansı nailiyyətləri olmuşdur?
    10. Aristoksenus hansı filosoflara üstünlük vermiş, kimləri qüsurlu göstərmişdir?
    11. Aristoksenus dünyanın dərk edilməsini necə təsəvvür edirdi?
    12. Dikearxus ruh haqqında hansı fikirdə olmuşdur?
    13. Dikearxus bəşəriyyətin mədəniyyət tarixini necə təsəvvür edirdi?
    14. Dikearxusun təbiət və siyasət haqqında hansı fikirləri olmuşdur?
    15. Falerli Demetrius hansı fəlsəfi fikirlərlə çıxış etmişdir?
    16. Straton təbiət, dünya quruluşu və zaman haqqında hansı fikirlər irəli sürmüşdür?
    17. Aristarxus planetlər arasındakı məsafəni necə ölçmüşdür?
    18. Aristarxus kosmosu necə təsəvvür edirdi?
    19. Rodoslu Andronikusun və Afrodisialı Aleksandrın fəaliyyəti nədən ibarət olmuşdur?
    20. Afrodisialı Aleksandr tale və təsadüf haqqında nə düşünmüşdür?
    21. Afrodisialı Aleksandrın ruh və düşüncə haqqında fikirləri necə olub?

Ədəbiyyat:

    1. Andronicus of Rhodes // Dictionary of Greek and Roman Biography and Mythology. Boston: C.C. Little and J. Brown, 1849.
    2. Aristoxenus of Tarentum // Chambers's Encyclopedia. Vol. 1. London: George Newnes, 1961.
    3. B. L. van der Waerden, The heliocentric system in Greek, Persian and Hindu astronomy. From deferent to equant: A Volume of Studies in the History of Science in the Ancient and Medieval Near East in Honor of E.S. Kennedy. Annals of the New York Academy of Sciences, Volume 500, June 1987.
    4. Cicero. Tusculan disputations / Translated by Andrew P. Peabody. Boston: Little, Brown, and Company, 1886.
    5. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
    6. Georgius Sinkellus. Ecloga chronographica. Oxford University Press, 2002.
    7. Greek Musical Writings. Vol. 1: Musician and His Art, edited by Andrew Barker. Cambridge, 1984.
    8. Marcus Tullius Cicero. On the Nature of the Gods / Translated by F. Brooks. London: Methuen, 1896.
    9. Sir John Hawkins, A general history of the science and practice of music, Volume 1, London: T. Payne and Son, 1868.
    10. Александр Афродисийский // Античная философия:   Энциклопедический словарь /
Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
    11. Аристарх Самосский // Философская Энциклопедия. В 5-х т. М.: Советская энциклопедия. Под редакцией Ф. В. Константинова. 1960-1970.
    12. Две книги против физиков // Секст Эмпирик. Сочинения в двух томах / Перевод А. Ф. Лосева. Том 1. М.: Мысль, 1976.
    13. Дикеарх // Античная философия: Энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
    14. Лукулл // Марк Туллий Цицерон. Учение академиков / Перевод Н. А. Федорова. М.: Индрик, 2004.
    15. Плутарх. О лике, видимом на диске луны / Перевод Г. А. Иванова // Философия природы в античности и средние века. М.: Прогресс-Традиция, 2000.
    16. Протасов В. Ю. Геометрия звездного неба // «Квант» № 2, 2010.
    17. Солопова М. А. Александр Афродисийский и его трактат «О смешении» в контексте истории комментаторской традиции аристотелизма. М.: Наука, 2002.
    18. Страбон. География в 17 книгах / Перевод Г. А. Стратановского. Л.: Издательство Академии наук СССР, 1950.
    19. Теофраст // Античная философия: Энциклопедический словарь / Составитель Е. В. Афонасин. М.: Прогресс-Традиция. 2008.
    20. Теофраст // Новая философская энциклопедия / Под редакцией В. С. Стёпина. В 4 тт. М.: Мысль, 2001.
    21. Теофраст // Философская Энциклопедия / Под редакцией Ф. В. Константинова. В 5-х т. М.: Советская энциклопедия, 1960-1970.
    22. Феофраст. Характеры / Перевод Г. А. Стратановского. Л.: Наука, 1974.
    23. Цицерон М. Т. Письма Марка Туллия Цицерона к Аттику, близким, брату Квинту, М. Бруту. Том 2. Годы 51-46. / Перевод и комментарии В. О. Горенштейна. М.-Л.: Издательство Академии Наук СССР, 1950.
    24. Эвдем Родосский // Энциклопедический словарь Брокгауза и Ефрона: в 86 т. СПб.: 1890-1907.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh