Klassik yunan fəlsəfəsi

Sokrat, Platon və Aristotelin fəlsəfəsi qədim yunan düşüncəsi və elminin ən yüksək zirvəsi sayılmaqdadır. Bu filosoflar keçmiş irsi mənimsəmiş, onu sistemləşdirərək elm halına gətirmiş və bütün bunlara öz fikirlərini əlavə etmişdirlər. Yunan fəlsəfəsinin klassik dönəmindən öncə elm və fəlsəfə fraqmentlər və pərakəndə biliklər halında olmuşdur. Həmin dönəmdən başlayaraq bu biliklər sistemləşdirilmiş və elmi kateqoriyalara salınmışdır. Bu prinsip də sonrakı dövrlərdə bütün dünya elmində tətbiq olunmuş və insanlığı tərəqqiyə doğru aparmışdır.
Sofistlərin təlimləri yunan polislərində şiddətli tənqidlərinə məruz qalmışdır. Onların iddialarını rədd edən başqa filosoflar hamı üçün bir olan obyektiv biliyə nail olmanın yollarını axtarmış, sofistlərin subyektivli-yindən aralanmağın metodlarını araşdırmışdılar. Onlardan biri də Afinada yaşayan Sokrat olmuşdur. Öncə o sofirstlərin təlimi ilə maraqlanmış, ancaq sonra onlardan aralanaraq bu cərəyanı tənqid etmişdir. Daha sonra Sokrat öz fəlsəfi fikirlərini açıqlamış və beləliklə o, ətrafına çoxlu öyrənci yığa bilmişdir.
Peloponnesus savaşından sonra afinalılar spartalılara məğlub olmalarının səbəblərini araşdırarkən daxili düşmənlər axtarışında olmuşdurlar. O zaman Sokrata qarşı olanlar onu dövlətin dayaqlarının dağıdılmasında və təhlükəli təbliğatın aparmasında ittiham edib mühakimə etmişdilər. Onu həm də gənclərin əxlaqının pozulmasında, qədim tanrıları inkar edərək yeni tanrılar kultunun yaradılmasında suçlamışdılar. Məhkəmənin qərarı ilə Sokrat zəhər içərək intihar etmişdir.
Aristotel
Sokrat öz fikirlərini mübahisə və söhbətlərində açıqlayırdı. Onun fəlsəfi fikirlərinin məzmununu öyrə ncisi Platon öz “Dialoqlarında” açıqlamışdır. Bundan başqa, Aristotel və Ksenofon da Sokrat haqqında xəbərlər vermişdilər.
Sokrat fəlsəfənin istiqamətini dünya və təbiətin dərk olunmasından insan problemlərinin araşdırılmasına doğru dəyişə bilmişdir. O, öz mübahisə aparmaq istedadı, məntiqi, həmsöhbətlərinin səhvlərinin üzə çıxarması, müzakirə mövzusu olan məsələni hissələrə bölüb həll etmə qabiliyyəti ilə tanınmışdır.
Onun fəlsəfəsində hər şeyin tək bir həqiqəti vardır. Onu hamılıqla araşdırıb tapmaq lazımdır. Bu məqsəd üçün də o, “evristika” adlanan öz metodunu təklif etmişdir.
Bu metodda ironiya, maevtika və induksiyadan istifadə edilir. İroniya hərfi mənasına əks olan və mahiyyəti gülünc olan sözdür. İroniya ondan ibarətdir ki, hər bir ağıllı adam ilk növbədə özü öz lovğalığını, geri zəkalılığını etiraf etməli, özü-özünə istehza ilə baxmalı və gülməlidir. Sokrat həmsöhbətlərini öz “Mən”ini qırağa qoymağa, məsələlərin obyektiv həllinə yönəlməyə ça-ğırırdi. O demişdir; “Mən bilirəm ki, mən heç nə bilmirəm”.
Platon bu deyimin yaranma tarixçəsini aşağıdakı kimi vermişdir. Bir kərə Sokrat bir varlı və yüksək vəzifəli afinalının yanına gəlmişdi. Hamı deyirdi ki, o ağıllı və müdrikdir. Ancaq onunla bir qədər söhbət etdikdən sonra bilinmişdir ki, onda heç bir ağıl və müdriklik yoxdur, həmin afınalı yalnız bunun görüntüsunü yaradır. Sokrat da bunu bildirəndə, o adam ona düşmən kəsilmişdir. Ondan ayrılan Sokrat düşüncələrə qapanıb özü-özünə belə dedi: “Biz ikimiz də nə ağıllıyıq, nə də müdrik. Nə mən, nə sən heç nə bilmirik. Ancaq mən bilirəm ki, heç nə bilmirəm. Ona görə də özümdən razı deyiləm. O adam isə bunu bilmir, ancaq öyünür, özündən çox razıdır. Əslində mənim müdrikliyim və biliyim ondan dəfələrlə çoxdur. Çünki o heç nəyi bilmədiyini bilmir, mən isə bunu bilirəm”. Bundan sonra Sokrat daha bir neçə varlı və vəzifəlilərin yanında olub onlarla söhbətlər aparmışdır. Hər dəfə də buna bənzər hallarla rastlaşmışdır. Onların hamısı Sokratla düşmən kəsilmişdir.
İronik üslubuna görə bir çox varlı afinalılar Sokratla düşmənçilik, sonda onlar məhkəmədə ona qarşı çıxış belə etmişdirlər. Sokratın afinalı Anitusa qarşı yönəlmiş ironik üslubunun parlaq nümunələri Platonun “Menon” dialoqunda verilmişdir.
Bundan sonra euristik metodda maevtika'ya keçid olur. Bu da hərfi mənada “mamalıq” deməkdir. Maevtikanın vasitəsilə Sokrat, müzakirə edilən mövzu ətrafında dolayı sualların verilməsi ilə həqiqi biliyi üzə çıxarırdı. Mamalıq terminindən bilinir ki, bu prosesi o qadının bala doğmasına bənzər şəkildə görürdü. Sadəcə mamalığın nəticəsində balanın deyil, həqiqətin və biliyin doğulması baş verir. Bu prosesdə Sokrat heç nə iddia etməyərək həmsöhbətlərinə yalnız köməkçi sualları verərək həqiqətin açıqlanmasını onların özlərindən gözləyirdi. Beləliklə, həqiqəti insanların özləri “doğmalıdır”. Deməli, maevtika həm də sualların düzgün verilməsindən asılı idi.
Bu zaman təriflərin verilməsi də mühüm məsələdir ki, ona induksiya deyilir. Çünki, tərif vermədən heç bir şey haqqında hansısa fikir yürütmək olmaz. Gəlinən obyektiv nəticələrə də tərif vermək lazımdır. Ona görə də, Sokrat hansısa bir şeyin mahiyyətinə varmaq üçün həmsöhbətlərindən onun tərifinin verilməsini tələb edirdi.
Bu mərhələlərdən keçdikdən sonra həmsöhbətlər hamı üçün bir olan həqiqəti üzə çıxardırdılar. Ancaq, sonra o həqiqət şübhə altına qoyulardısa, yenə də ironiya, maevtika və induksiya yolu ilə yeni həqiqət ortaya çıxarılırdı. Bu proses də hər zaman baş verir. Beləliklə, Sokrat sofistlərin biliyin nisbilik nəzəriyyələrinə qarşı obyektiv həqiqətin var olması və onun çıxarılması metodunu ortaya qoymuşdur.
Fəlsəfə Sokrat üçün təbiət haqqında nəzəri fikirlər toplusu deyil, həm də “Həyat necə olmalıdır?” sualına cavab verən bilikdir. Ona görə də o, fiziklərə qarşı çıxış edərək onların təkcə duyğularla dünyanın dərk edilməsi iddialarına şübhə ilə yanaşırdı. Sokrat hesab edirdi ki, insan yalnız özünün hökmündə olan şeylər haqqında bilik əldə edə bilər. Kainat ya da dünya insanın hökmündə deyil. Onun hökmündə olan yalnız onun öz ruhudur. Buna görə də insan özünü tanımalıdır. Sokratın məşhur kəlamı olan: “Özünü tanı” sözləri sonralar Delfada Apollon məbədinin divarlarında həkk olunmuşdur.
Fəlsəfəni insanın özünə doğru yönəldən Sokrat, əxlaqi problemlərə önəm verirdi. Ona görə fəlsəfə xeyir və şərin nə olmasını araşdırır. Xeyir bilikdə, şər cəhalətdədir; var-dövlət isə heç bir xeyir gətirmir. Bu kimi əxlaqi rasionalizm Sokrat təliminin əsasını təşkil edir. İnsan əxlaqsız hərəkətin nə olduğunu bilsə heç vaxt pis hərəkət etməz. Pis hərəkət onun fikrincə, insanın yanılması və səhfidir. Səhfi isə heç kəs bilərəkdən etməz.
Bu səbəbdən fəlsəfənin “biliyə doğru yönəlmə” kimi anlaşılması xeyirli və yetkin insanın yetişdirilməsi, eləcə də ədalətli cəmiyyətin yaradılması üçün vasitədir. Xeyir haqqında bilik əldə etmək ona doğru yönəlmək deməkdir. Bu isə insanı və toplumu xoşbəxt etməkdədir.
Sokratın dünya fəlsəfi fikrinin inkişafına çox böyük təsiri olmuşdur. Onun ardıcılları sonrakı dövrlərdə yeni fəlsəfi məktəblər yaratmışdılar. Bunlar kirena, kinik və meqara kimi məktəblər idilər.
Müasir tədqiqatçılar qədim yunan fəlsəfəsi tarixini sokratöncəsi və sokratsonrası dövrlərə bölürlər. Beləliklə, Sokrat qədim yunan fəlsəfə tarixinin mərkəzində duran bir şəxsiyyətdir.
Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi olan Platon  təxminən m. ö. 427 — 347-cı illərdə Afinada dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. O, Sokratın öyrəncisi olmuşdur. Onun dünyagörüşünün formalaşmasına qədim Misir elmi, mədəniyyəti, inancı və düşüncəsi əhəmiyyətli dərəcədə təsir etmişdir (8, 232-233). Çünki, Platon bir zaman Misirdə olmuş, kahinlərdən dərs almış, sonra Siciliya və Cənubi İtaliyaya səfərlər etmişdir. Orada olarkən Elea məktəbinin və pifaqorçuların təlimləri ilə də tanış olmuş, sonra isə öz fəlsəfi fikirləri ilə çıxış etmişdir. M. ö. 387-ci ildə Afinaya qayıtdıqdan sonra orada Akademiya adlanan bir məktəb təsis etmişdir.
Platonun bir çox əsərləri dövrümüzə gəlib çatmışdır. Onları şərti olaraq “Corpus Platonicum” adlandırırlar. Bu əsərləri ilk dəfə m. ö. III yüzillikdə İskəndəriyyə kitabxanasına başçılıq edən Bizanslı Aristofanes (m. ö. I — m. I yüzilliklər) və yeni-platonçu filosof Trasillus yığmışdılar. “Timeus", “Kritias", “Fe-don", “Dövlət" (yun. nohiTEİa) və s. kimi əsərlərin çoxusu dialoq formasında yazılmışdır.
Platon öz fəlsəfəsində əsas diqqəti ontoloji məsələlərə eləcə də, dövlət və cəmiyyət problemlərinə yönəltmişdir. Sokratın ideyalarını davam etdirərək o, sofistlərin iddialarına qarşı çıxmış və obyektiv biliyin əldə edilməsini mümkün hesab etmişdir.
Platon özündən öncəki filosoflardan fərqli olaraq hər şeyin əsasını hər hansı bir maddədə deyil, ideyada  görürdü. O hesab edirdi ki, bizim yaşadığımız və duyduğumuz dünya gerçək deyil, çünki dəyişkəndir. Bütün şeylərin əsl mahiyyəti onların görüntülərində yox, səbəblərində və ya ideyalardadır. Deməli, bu dünyada hər bir şey ideya ilə müqayisədə tanınır. İdeyalar sanki qəliblərə bənzəyir, hər şey onların formalarında olur. Eyni zamanda, duyğu aləmində hər şey ideyalara doğru yönəlir, onlara can atır. İdeyaları duymaq olmaz, onları yalnız düşüncə ilə dərk etmək mümkündür.
Buna örnək kimi at, qoyun, bəbir və siçanı göstərmək olar. Onların hər biri fərqli varlıq olmasına baxmayaraq, biz onların hamısını “heyvan" adlandırırıq. Halbuki, onların hər biri fərqli varlıqlardır: biri at, başqası siçan və s. Ancaq Platona görə həmin “heyvan" anlayışı təkcə bizim beynimizin məhsulu deyildir. O müəyyən bir məkanda doğrudan da vardır. At, siçan, bəbir, qoyun və s. onun görüntüləridirlər. Deməli o “heyvan” bunların pərdə arxasında olan ideyasıdır.
Platona görə bu dünyanı yalnız ideyalar aləmini dərk etməklə anlatmaq mümkün deyildir. Hər şey müvəqqəti və keçici olduğuna görə, burada “varlıq”dan başqa “yoxluq” da vardır. Bununla da o, Parmenidesin fəlsəfəsinə zidd getmiş, yoxluğun maddə olduğunu, ideyaların isə onda təcəssüm etdiyini iddia etmişdir. Deməli, yuxarıdakı örnəkdə sözü keçən at, qoyun, bəbir və siçan əslində yoxdur. Onlar ideya olan həqiqi varlığın yansımasıdırlar (əks olunmasıdırlar). Beləliklə, Platonun fəlsəfəsində varlıq ideya, yoxluq isə materiyadır. Bu dünya əslində varlıq olan ideyalarla, yoxluq olan materiyanın (maddənin) arasındadır. Bir tərəfdən onun var olması ideyalar aləmindən xəbər verir; başqa tərəfdən isə o həm də yoxluqdur, çünki bu dünya keçicidir və onun üzərində olan hər şey ölümə, həmçinin məhv olmağa məhkumdur.

İdeyalar aləmi Platonun fəlsəfəsində çoxpilləli və piramida şəkilindədir. Bu piramidanın başında xeyir və həqiqət rəmzi olan Əql durur, hər şeyin məqsədi də odur. Əbədi olan ideyalar da Əqldədir. Eyni zamanda, ideyalar yaradılmamış və ölməzdirlər, zaman və məkandan asılı deyil, dəyişməzdirlər. Duyğular aləmində isə hər şey əksinə cərəyan edir, orada hər şey keçici və ölümə məhkumdur. Bundan başqa bu dünya zaman və məkandan asılıdır. Həyatın məqsədi ideyalar aləminə (Tanrıya) yaxınlaşmaq, ona bənzəmək, müvəqqəti xarakter daşıyan maddi aləmdən uzaqlaşmaqdır.
Platon tanrı barəsində özəl fikirlərlə çıxış etmişdir. Onun fikrincə, ideyaları maddi aləmdə təzahür etdirən və onları əlaqələndirməyə çalışan bir tanrı vardır. Bu tanrı “Demiurqos«dur. Ancaq nə ideyalar, nə də maddə ondan asılı deyildir. Çünki, onları o yaratmamışdır. Demiurqos əbədi olan ideyaları onun təzahürləri ilə uyğunlaşdırmışdır. Bu baxımdan Demiurqosu “yaradıcı» adlandırmaq olar. Bununla da, Platonun tanrısı hər şeyi heçdən yaradan mo-noteistik Tanrıdan fərqlənir. Eyni zamanda, Demiurqos hər şeyə qadir də deyildir. O yalnız materiyanın müqavimətini qıraraq onu ideyaya uyğunlaşdırmaq istəyir, ancaq bunu qismən edə bilir.
Tanrı (Vahid) və dünya anlayışları Platon fəlsəfəsində həm də eyniləşir. “Parmenides" dialoqunda o, Vahidin mahiyyətini açmış və onun çoxluqla (başqa şey-lərlə) əlaqəsi probleminə toxunmuşdur. Bunu edərkən o, Vahidin dərk olunmazlığı (transsendentliyi) ilə eyni zamanda dünyada təzahür etməsi məsələləri haqqında düşünmüşdür. Çünki, bir tərəfdən Vahid sonsuz uzaqlardadır və onu duymaq mümkün deyildir. Digər tərəfdən isə o dünyada da təzahür etməli və duyulmalıdır
Burada Vahidin eyni zamanda həm var olması, həm də yoxluğu; həm bir, həm də çox olması kimi paradoksal nəticələrə gəlinir. Belə ki, Platon “Parmenides" dialoqunda  hipotezlər (ehtimallar) irəli sürmüşdür. Burada iddia edilir ki, əgər Vahid vahiddirsə, onda onun hissələri yoxdur. Çünki, bu anlayışda hissə bölgüsü ola bilməz. Deməli, o tamlıq deyil, çünki tam olan şeyin hissələri olmalıdır. Belədirsə, onda onun əvvəli, ortası, sonu yoxdur, yəni o hüdudsuzdur. O nə başqa şeydə, nə də özü özündə yoxdur; nə hərəkət edir, nə də sükunətdədir. O heç nəyə də bənzəmir, onu dərk etmək ya da duymaq olmaz. Onun haqqında nə bilik, nə fikir, nə də söz irəli sürmək mümkündür. Nəticədə isə Vahid haqqında hər bir iddia, fikir, söz və düşüncə yalnız inkara çevrilir. O bu dünya anlayışlarına sığmayan bir şeydir, olmamış kimidir, yəni yoxdur.
Başqa tərəfdən isə dünya varsa Vahid də var. Çünki, dünyanın başlanğıcı olmalıdır. Belədirsə, onda deməli bu dünya elə Vahidin özüdür və o mövcuddur. Bu da o deməkdir ki, bir tərəfdən Vahid özü-özü üçün var, digər tərəfdən isə dünya üçün mövcuddur. Deməli, Vahidi dərk etmək üçün çoxluq anlayışına keçilməlidir. Bu da “vardır” və “mövcuddur” ikiliyindən başlanır; ikilik isə çoxluğun başlanğıcıdır. Çoxluqda olduğuna görə Vahid haqqında fikir irəli sürmək də olar. Beləliklə, Vahidi ancaq o durumda dərk etmək və onun haqqında fikir yürütmək olar ki, o çoxluq olsun.
Daha sonra “Vahid yoxdur” iddiasının nəticələri onun özü və ondan ayrısı üçün araşdırılır. Sonda isə bu iddia Vahidə çoxluğun və çoxluğun çoxluğa münasibəti baxımından baxılır. Əgər Vahid yoxdursa, onda başqa şeylər nə tək, nə də cəm olaraq düşünülməz, çünki Va-hidsiz çoxluq haqqında düşünmək mümkün deyildir.
Platon ruh haqqında da düşünmüş və onu bədənə qarşı qoymuşdur. Hər bir insan ideal aləmin və eyni zamanda materiyanın (maddənin) daşıyıcısıdır. Bədən keçici və ölümə məhkum olan materiya, ruh isə dəyişməz və ölməz ideyadır. Ona görə də həyatın mənası əbədiliyə hazır olmaq, onu qazanmaqdan ibarət olmalıdır.
Platona görə ruhların ağıllı, qəzəbli və nəfsi səviyyələri vardır. Ağıllı səviyyə insanı ideyalar aləminə yaxınlaşdırır, onun mənəviyyatının əsasında durur və onu həmişə xeyrə yönəldir. Qəzəbli səviyyə onu nizamlayır və çətinliklərə qarşı dözümlü edir. Nəfsi səviyyə isə insanı maddi aləmə bağlayır, onu geriyə çəkir və ideyalar aləmindən uzaqlaşdırır. Durumdan asılı olaraq insanlarda bəzən ağıllı, bəzən qəzəbli, bəzən isə nəfsli səviyyə üstün olur.
Qeyd etmək lazımdır ki, Platon reinkarnasiyaya da inanırdı. O hesab edirdi ki, öz əməllərinə görə insan gələcək həyatda müxtəlif bədənlərdə yeni həyat qazanacaqdır. Ancaq, yetkinlik səviyyəsinə çatmış ruhlar əbədi olaraq bu dünyadan ayrılır və ideyalar aləmi ilə qovuşur. Beləliklə, Platon ruhun maddə (bədən) ilə qovuşmasına bir mənalı baxmırdı. Onun üçün bədən ruhun zindanıdır. Ruh o zindandan qurtarmağa və öz azadlığına qovuşmağa can atır. Ona görə də, insan ruhunu azad etmək üçün dünya ilə bağlarını qırıb ən yüksək məqsəd olan “Xeyrə” yönəlməlidir.
Bundan başqa, Platon ruhların insan bədənində olmasından öncə var olmasına da inanırdı. Buna görə də, insan ideal aləmdə olanları xatırlayır. Orada ruh hər şeyi ən mükəmməl və gözəl şəkildə görürdü. O, maddi aləmdə hər şeyin həqiqi mahiyyətini dərk etməyə çalışır və onların ideyalarını yada salır. Sonralar, Platonun “ruhun xatirələri” haqqında fikri apriorizm adlanmışdır.
Platona görə ruh ölməzdir, çünki insanın bilikləri onun ruhunun məhsuludur. Onlar səbəbsiz yaranmır, keçmiş həyatın xatirələridir. Bu baxımdan da bilik itmir və heç bir vaxt yaddan çıxarıla bilməz. Bu da unutma və xatırlama silsiləsini təşkil edir. Platon qeyd etmişdir ki, heç də hər bir insanın ruhu ölümdən sonra tanrılar aləminə ucalmır. Ancaq həyatı boyu özünü tanıma ilə məşğul olan, hər şey haqqında düşüncələrə qapına və həqiqəti axtaranların (filosofların) ruhları bu məqamlara çatır. Filosof olmayan insan isə saflaşaraq tanrılara bilməz. Filosoflar bədənin ölümündən sonra yeni bədəndə dünyaya gəlməzlər. Başqa insanların ruhları isə yaşadıqları həyat tərzinə uyğun olaraq yeni bədənlərə köçürlər.

Beləliklə, öncə dini məzmun daşıyan ölməzlik ideyası ilk dəfə fəlsəfəyə keçmişdir. Filosofun ölümü adi insanın ölümünə bənzər deyil. Onun ruhu ilahi əbədilik ideyasının təcəssümüdür. Yenə Platona görə yüksək məqamlara çatmaq üçün dini ayinlərə riayət etmək deyil, fəlsəfi məqamlara yüksəlməklə mümkündür. Ümumiyyətlə, ideyalar intuisiya vasitəsi ilə dərk edilir və bu həqiqi bilikdir. Maddi aləmin təzahürləri isə yalnız təsəvvürlərdir. Bu təsəvvürlər isə heç də həqiqi bilik deyildir.
Platon fəlsəfəsində sevgi hissinə də böyük əhəmiyyət verilir. Onun təsiri o qədər böyükdür ki, onsuz heç nə təsəvvür edilməz. Hətta, gözəlliyə və xeyrə olan sevgi hissi insan ruhunun ideyasıdır. Ən böyük güc isə sevgi tanrısı Erotdur. Onun verdiyi güc heç nə ilə müqayisə edilə bilməz. Erot təkcə insanda deyil, bütün təbiətdə yaşayır və onu idarə edir. Hər şey sevgidən yaranır və ondan doğulur. Ona görə Erota ən böyük sayğı bəslənilməlidir. Eyni zamanda, Erot bəlkə də tanrı da deyildir. Sadəcə insan təbiətini tanrılarla bağlayan bir gücdür. Ola bilsin ki, Erot gözəl də deyildir, sadəcə gözəlliyə və xeyrə yönəlir. Çünki, onda olmayan bir şeyi əldə etməyə çalışır. Həmçinin Erot, cismani və mənəvi sevgini birləşdirən bir gücdür.
Bədənə qarşı olan bir sevgidə bayağılıq olsa belə, o lazımdır. Çünki, öncə gözəl bədənə vurulan insan, sonra onun ruhunda olan Xeyri və mənəvi gözəlliyi axtarır və ona qovuşmaq istəyir. Sonra isə sevgi gücü insanı İdeal Gözəlliyə yönəlməklə tərbiyələndirir, elmini artırır və onu yüksək dəyərlərlə yaşamağa vadar edir. Beləliklə, sevgi hissi bizi mənəvi cəhətdən də təkmilləşdirir. Nəticədə, bu hisslər ədəbiyyatda əks olunur. Ona görə də, sevgi xeyrin təcəssümüdür.
Platonun sevgi haqqındakı fikrini sonrakı dövrlərdə müxtəlif xristian və müsəlman (sufi) mistik təlimləri mənimsəmişdirlər. Ancaq, onlar sevgini yalnız mənəviyyatda görmüş, onu Tanrıya qovuşma yolunda əsas vasitə kimi dəyərləndirirdilər. Elmdə isə Platonun bu fikirlərini Ziqmund Freyd istifadə etmişdir. Onun psixoanalizində Sevgi hissi insan təbiətinin aparıcı güvəsidir.
Platon öz fəlsəfəsində dövlət və cəmiyyət məsələlərinə də böyük əhəmiyyət vermişdir. Bu məsələlər əsasən insan və ruh fəlsəfəsi aspektində açıqlanır. O hesab edirdi ki, insanlar yetkin cəmiyyəti fərdi şəkildə qura bilməzlər. Ona görə də, dövlətə və qanunlara ehtiyac vardır. Ancaq dövlət öz vəzifəsini yerinə yetirmək üçün ideala yaxın olmalıdır. Bu məqama çatmaq üçün isə idarəçilik üsullarının və qanunun müəyyən tələblərə cavab verməsi lazımdır.
Ümumiyyətlə, Platon insanları üç təbəqəyə bölmüşdür. Birinci təbəqədə ağıl sahibləri olan insanlar yer almaqdadır. Çünki, onların mənəviyyatında düşüncə digər duyğuları üstələyir. Bu səbəbdən də ağıl sahibi olan insanlarda ideyaların ardıcıllığı ilə ahəngi əks olunur və bu kimi insanlar ideal gözəlliyi də dərk edə bilirlər. Onlar həmçinin Xeyrə doğru yönələrək ədalət və həqiqət tərəfdarları olub, dünyanın aldadıcı özəlliklərinə aldanmırlar. Məhz, ağıl sahibi olan insanlar müdrik filosoflardır və onlar dövləti idarə etməlidirlər.
İkinci təbəqəni emosianal insanlar təşkil edir. Onların mənəviyyatında emosianallıq (affektlik) payı daha çox olur. Bu kimi insanlar əsasən özlərinə qapanırlar. Ancaq, bu təbəqədən olanlar igidlik və mərdlik örnəyi də ola bilərlər. Onlar əsasən orduda qulluq etməli, ictimai asayışı qorumalı, öz xidməti borclarını yerinə yetirməlidirlər.
Üçüncü təbəqəni isə dünyaya bağlı olanlar təşkil edirlər. Onların ruhları maddi aləmdən həzz almağa meyllidir. Bu təbəqədən olan insanlar əsasən fiziki əməklə məşğul olmalı, dövlətin maddi vəziyyətini yaxşılaşdırmalı, ölkəyə qulluq etməlidirlər.

Platona görə bir neçə dövlət quruluşu vardır. Bunlar əsasən aşağıdakılardır:
    1. Aristokratiya (yun. apıOTEVÇ-sayğın soydan olan + KpdTOÇ-hakimiyyət) — azlığı təşkil edən ən yaxşı vətəndaşların ədalətli hakimiyyəti;
    2.  Timokratiya (yun. Tl^q-dəyər + KpaTOÇ-ha-kimiyyət) — azlığı təşkil edən hərbiçilərin və başqa dəyərli insanların ədalətsiz hakimiyyəti;
    3.  Oliqarxiya (yun. oAtyoç-azlıq + Kpäroç-ha-kimiyyət) — azlığı təşkil edən varlıların ədalətsiz hakimiyyəti;
    4.  Demokratiya (yun. 5^|joç-xalq + KpaTOÇ-ha-kimiyyət) — çoxluğun həm ədalətli, həm də ədalətsiz hakimiyyəti;
    5. Tiranlıq (yun. Tvpavvlç-istibdad) — bir nəfərin ədalətsiz hakimiyyəti.

Platonun fəlsəfəsində ədalətli və kamil dövlət ən yüksək idealdır. Bu dövlətdə hamı öz vəzifəsini yerinə yetirməlidir. O hesab edirdi ki, şəxsi mülkiyyət və ailə toplumda qarşıdurmaların yaranmasına gətirib çıxardır. Bu isə toplumun və dövlətin birliyini pozur. Ona görə də, hakimiyyətdə olan təbəqənin və əskərlərin mülkiyyəti və qadınları ümumi olmalıdır.
Klassik yunan fəlsəfəsinin üçünçü nümayəndəsi Aristotel olmuşdur. Frakiyanın Stagira şəhərindən idi. Aristotel Platonun öyrəncisi olmuş, müəlliminin ölümündən sonra bir müddət Kiçik Asiyada yerləşən Atarne, sonra isə Lesbos adasındakı Militena şəhərində yaşamışdır. Gənc yaşlarından elmə və fəlsəfəyə böyük maraq göstərmişdir.
Aristotel m. ö. 367-ci ildə Afinaya köçmüş, Platonun Akademiyasında fəaliyyət göstərmişdir. M. ö. 343-cü ildə Makedoniya kralı Filippin dəvəti ilə Makedoniyaya köçmüş, onun sarayında gənc şahzadə Aleksandrın  müəllimi olmuşdur. M. ö. 335-ci ildə Afinaya qayıtmış, orada Likeion adlanan öz fəlsəfi məktəbini açmışdır. Onu “Peripatetik” (ərəbcə “məşşai") məktəb də adlandırırlar.
Aleksandrın ölümündən sonra Afinada makedoniyalıların tərəfdarlarını təqib etməyə başlamışdırlar. Ona görə Aristotel m. ö. 322-ci Euboia adasında yerləşən Xalkida şəhərinə köçmüş və orada dünyasını dəyişmişdir.
Aristotel qədim dünyanın ən böyük filosoflarından biri olmuşdur. Onun elmi fəaliyyəti nəticəsində qədim yunan fəlsəfəsi ən parlaq dövrlərini yaşaya bilmişdir. O, ilk dəfə insan düşüncəsinin bütün sahələrini əhatə edən fəlsəfi sistem yarada bilmişdir; məntiq, təbiət, metafizika, ontologiya, əxlaq, dövlət, ritorika, poetika və s. sahələrinə aid əsərlər yazmışdır. Onların arasında Metafizika  Göy haqqında Nikomaxus əxlaqı (yun. Н01ка NiKopäxeıa), Meteorologiya, Kateqoriyalar, Sofistlərin təkzib edilməsi, Ruh haqqında, Politika (yun. ПоАшка) kimi bütün dünyada tanınan və sonrakı dövrlərdə elmin inkişafında misilsiz rol oynayan kitablar vardır. Ümumiyyətlə, o bəşəriyyət tarixində ilk insandır ki, elmlərə sistemli yanaşmış və onların təsnifatını vermişdir.
Aristotelin çoxlu əsərləri zamanımıza gəlib çatmışdır. Bundan başqa Aristotelin fəlsəfi düşüncələri onun öyrəncilərinin və başqa yazarların əsərlərində də verilmişdir. Bir sıra tədqiqatçılar ehtimal edirlər ki, onun müəllifliyi ilə tanınan bəzi əsərlər ola bilsin Aristotelin deyil, başqa müəlliflər tərəfindən yazılmışdır.
Aristotel “metafizika” sözünü birbaşa işlətməsə belə, mənaca bu anlayışın əsasını qoyan ilk filosof kimi tanınmışdır. Metafizika fəlsəfənin predmeti olaraq təbiət üstü aləmlə bağlı problemlər haqqında təsəvvürlərdir. Metafizika həm də dialektikaya qarşı durur. Metafizikanı fəlsəfənin predmeti kimi ilk dəfə fəlsəfi ədəbiyyata daxil edən və onun ilkin anlamını verən də Aristotel olmuşdur.
Aristotel Platonun ideyalar haqqında təlimini tənqid etmişdir. Onun “Platon mənim dostumdur, ancaq həqiqət dostluqdan üstündür” kimi məşhur kəlamı da vardır. Aristotelə görə ideyalar və gerçək dünya bir-birindən fərqli məkanlarda mövcud ola bilməz. Çünki, bir şeyin kölgəsi başqa məkanda deyildir. Onların hər ikisi bir yerdə olmalıdırlar. Ona görə də, onlar birlikdə vəhdət təşkil edirlər.
Eyni zamanda, Platonun ideyaları bu dünyadakı hərəkəti, eləcə də şeylərin və canlıların yaranması, inkişafı, məhv olması və ölümünü izah etmir. Çünki, onlar (ideyalar) gerçək aləmdən uzaq olan başqa aləmdədirlər və daha çox sükunəti təcəssüm etdirirlər. Bundan başqa Platonun nəzəriyyəsi dünyadakı şeylərin dərk olunmasını imkansız edir, çünki onların əsl mahiyyəti özlərində deyil, bizim duymadığımız ideyalarda olur.

Bu səbəblər üzündən Aristotel varlığı başqa çür təsəvvür edirdi. Onun fikrincə hər şeyin əsasında hər zaman var olan materiya durur. O elə bir cansız və ruhsuz bir maddədir ki, ondan hər şeyi yaratmaq mümkündür. Bu yaradılış prosesini də “İlk mühərrik” adlanan bir başlanğıc həyata keçirdir. Aristotel onun varlığını hərəkətin varlığı ilə əsaslandırmışdır, çünki bir şey hərəkətdədirsə onda bu hərəkətə təkan verən olmalıdır. Hər şeyi hərəkətə gətirən “İlk mühərrikin" özü isə hərəkətsizdir. O materiyanı canlandırır və ondan bitki, heyvan və insanlar kimi canlılar yaradır. Bu dulusçunun gildən düzəltdiyi müxtəlif şeylərə bənzər bir prosesdir. Məsələn, “İlk mühərrik” ilkin olaraq insanın formasını və ya Platonun ifadəsi ilə desək, onun ideyasını düşünür. Sonra ona öncə düşündüyü görkəmdə bədən verir və bununla da insan yaranmış olur. Bütün dünya və kainat əslində maddədən (materiyadan) ibarətdir. Beləliklə, Aristotelin istifadə etdiyi “forma” anlayışı, Platonun “ideyasına” çox yaxın məna daşıyır.
Aristotelə görə “İlk mühərrik” insanların ibadət etdiyi tanrı deyildir. O maddə də deyil, “Əqldir”. Planonun Demiurqosundan fərqli olaraq, Aristotelin “İlk mühərriki” ideyalardan kənar olan bir gerçəklik kimi qəbul edilir. O hər zaman fəaliyyətdədir və cansız materiyaları formalaşdırır. Bu fikirlər sonralar xristian və müsəlman fəlsəfəsində də istifadə edilmişdir.
Ümumiyyətlə, Aristotel fəlsəfəsində formaya xüsusi əhəmiyyət vermiş və o təbiətlə eyniləşdirilmişdir. Onsuz materiya yalnız bir imkandır (potensiyadır). Məsələn, daşların bir araya yığılması imkan verir ki, bina tikilsin (forma alsın). Ancaq, o bina tikilməzsə daşların bir araya yığılmasının heç bir mənası yoxdur. Deməli, imkanın varlığı əhəmiyyətli olsa belə, o həlledici amil deyildir. Hərəkət olmasa imkan keyfiyyətə keçməz. Kainatı təşkil edən materiya da belədir. Ondan formalar yaranmasa, mənasız bir şey olar. Deməli əslində hər şey materiya və formanın vəhdətindən ibarətdir.
Beləliklə, Aristotel formaları şeylərdən ayırıb, onları substansiya kimi təsəvvür edirdi. Materiya isə Aristotelin fəlsəfəsində “İlk mühərrik” kimi əbədidir, o yaradılmayıb və məhv edilməzdir. Onun əsasını dörd ünsür (od, hava, su və torpaq) təşkil edir. Bu ünsürlər həm də dərk edilməyən “İlk mühərriklə” reallıqda mövcud olan və duyulan aləm arasında bir bağlantı və keçiddir. Duyulan şeylərin isə bir-birinə zidd olan iki cüt xassəsi vardır. Biri isti-soyuq, digəri isə quru-nəmdir. Yuxarıda qeyd edilən dörd əsas element isə bunların xassələri vasitəsi ilə formalaşır. Dünyada bütün duyulan şeylər yuxarıda qeyd edilən elementlərin kombinasiyalarının nəticəsidir. İlk materiyadan fərqli olaraq onlar dərk olunur və əsas kateqoriyalar vasitəsi ilə təyin edilir.
 
Aristotel kateqoriyalar və idrak prosesi barəsində də xüsusi fikirlərlə çıxış etmişdir. Müəyyən bir şey haqqında tam təsəvvür yalnız onun mahiyyətinin bilinməsindən sonra yaranır. Bu da Aristotel fəlsəfəsinin ən əsas məqamlarından birini təşkil edir. O hər şeyin mahiyyətinin izahını vermək üçün kateqoriyaları (yun. KavtfYopia — ittiham, xassə, deyim) tətbiq etmişdir. Kateqoriyalar hər bir anlayışın, ifadənin, həqiqətin ən ümumi və sadə formasıdır ki, onların əsasında bir tərəfdən digər anlayışlar (idrak kateqoriyaları), başqa tərəfdən isə dərk edilən obyektlərin gördüyümüz varlıq formaları (varlıq kateqoriyası) ortaya çıxır. Başqa sözlə, kateqoriya reallığın ən əhəmiyyətli tərəflərini əks etdirən ümumi anlayışdır. Bununla da, Aristotel idrak və varlıq kateqoriyalarının münasibətlərini araşdıran idrak nəzəriyyəsinin əsaslarını qoymuşdur. Onun «Orqanon»  əsərinin birinci kitabı “Kateqoriyalar” adlanır. Orada 10 kateqoriya göstərilmişdir:
 
1) substansiya
2) kəmiyyət
3) keyfiyyət
4) münasibət
5) məkan
6) zaman
7) hal
8) fəaliyyət
9) məxsusluq
10) məruz qalma
 
Aristotelə görə hər bir şeyin mahiyyətinin açılmasının əsasında bu kareqoriyalar durur.
İdrak haqqında (idrak nəz əriyyəsində) Aristotel subyektdən asılı olmayan obyektiv reallığın mövcudluğu mövqeyindən çıxış edirdi. O hesab edirdi ki, ətrafımızda olan şeylər insanda duyğular vasitəsi ilə əks olunur. Həqiqi biliyi ideal aləmdə görən Platondan fərqli olaraq Aristotel hesab edirdi ki, insandan asılı olmayan real dünya vardır. Orada olan hər bir şeyi insan öncə duyğu vasitəsi ilə qavrayır. Bilik və yüksək ağıl formaları isə duyğu yolu ilə əldə edilmir. Bunlar daha yüksək əqli fəaliyyətlə əldə edilir.
Aristotel tərəfindən kateqoriyaların fəlsəfi izahının verilməsi həm də məntiq elminin inkişafına təsir etmişdir. Çünki, hər bir şeyin mahiyyətində duran anlayışların müəyyən edilməsi o şey haqqında tam təsəvvür yaradır. Beləliklə, Aristotel məntiq elminin inkişafında müstəsna rol oynamışdır. Onun üçün məntiq ayrıca elm deyil, hər bir elmin əsasıdır. Aristotelin məntiq haqqında təlimi də “Orqanon” əsərində verilmişdir.
Aristotel hesab edirdi ki, məntiq sübutlar haqqında elmdir. Əqli fəaliyyət gerçəklikdə var olan şeyləri əks etdirir. Məntiqi mülahizə və əql yolu ilə əldə edilən nəticə, fikir və terminlər bir-birinə zidd olmamalıdır. Bu fikirlərin əsasında isə sonralar sillogizm (yun. guääoyio^öç) haqqında təlim yaranmışdır (6, 199-201). Bu təlimə görə, hər hansı bir ümumi növ ya cins haqqında irəli sürülən fikir o növə və ya cinsə aid olan ayrıca fərd haqqında da irəli sürülməlidir. Buna görə də, sillogizmlər böyük və kiçik önərmə (mülahizə) və qərardan ibarətdir. Önərmə qərarın verilməsinin təməlində duran iddia və ya fikirdir. Böyük önərmə ümumi nəticəni, kiçik önərmə isə subyekt haqqında nəticəni açır. Sillogizmin örnəyi kimi belə bir üçlü mülahizəni gətirmək mümkündür: “Hər bir insan ölməlidir (böyük önərmə). Sokrat da insandır (kiçik önərmə). Deməli, Sokrat da ölməlidir (qərar)”.
“Sofistlərin təkzib edilməsi” kitabında Aristotel yazırdı ki, bütün məntiqi yanlışlıqların kökü sillo-gizmlərdə olan yanlışlıqlardadır. Bu yanlışlıqlar isə ikiyə bölünür: bir qismi dilin xətaları, digəri isə anlamların təhrifidir. Dildəki xətalar sözlərin çoxmənalılığından, vurğuların düzgün qoyulmamasından irəli gəlir. Məna xətalarının isə səbəbi şeylərin mahiyyətinə deyil, onların təsadüfi tərəflərinə varmaq, mütləqlə nisbini fərqləndirməmək, sualları düzgün qoymamaq kimi amillərdən irəli gəlir.
Daha sonra Aristotel “Orqanon” əsərinin “Topika” kitabında həqiqət anlayışını izah edən məntiqi dialoqlarını vermişdir. Burada o həqiqətin açılması üçün hər bir şeyin ilkin durumunun açılmasını və onun mahiyyətinin üzə çıxarılmasını tövsiyə etmişdir. Onun fikrincə mülahizələrin istiqaməti də buna doğru sürülməlidir. Yəni həqiqi fikir mahiyyətə yönəlməlidir. Çoxmənalı söz haqqında fikir söylədikdə onu irəli sürülən iddianın mənasına uyğunlaşdırmaq lazımdır. Məsələn, “təbiət" sözünü insan və ya çevrəmizdə olan bütün canlılar mənasında işlətmək mümkündür. Ona görə də, istifadə edilən söz irəli sürülən fikrə uyğun olmalıdır.
Aristotelə görə məntiqi dialoqda sistem də olmalıdır. Öncə problem ortaya qoyulmalı, sonra mülahizənin induktiv58ya deduktiv metodlarla irəli sürülməsi yolları haqqında düşünülməli, məsələlərin bənzər və fərqli tərəflərinə diqqət yetirilməlidir. Suallar doğru və konkret qoyulmalı, cavabların isə strategiyası olmalıdır.
Platon kimi Aristotel də ruh haqqında düşünmüşdür. O, ruhu həyatın əsası hesab edirdi. Ruh maddə və bədənin forması, onların hərəkətlərinin səbəbi və məqsədidir. O bitki, heyvan və insanlarda yaşayır. Ruh bədənlə birlikdə var olsa belə, ondan daha üstündür. Beləliklə, Aristotelə görə bədən ruha tabedir .

Platonda olduğu kimi, Aristotel də ruhların səviyyələri haqqında söhbət açmışdır. Onun fikrincə ruhların üç səviyyəsi vardır. Birincisi bitkiseldir (nəbatidir) ki, onun sayəsində fiziki inkişaf baş verir. İkincisi səviyyə nəfsani (heyvanidir). Bu səviyyədə ruh artıq görmək, eşitmək, duymaq, toxunmaq; ehtirasa və iştaha gəlmək kimi xüsusiyyətlərini təmin edir. Üçüncüsü isə düşüncəvidir ki, o ruhun ən yüksək səviyyəsidir .
Aristotelə görə bitkilərdə ruhun yalnız bitkisel, heyvanlarda nəfsani, insanlarda isə həm bitkisel, həm nəfsani, həm də düşüncəvi səviyyəsi vardır. Məhz düşüncəvi səviyyəsini inkişaf etdirən, xeyrə yönələn, mənəvi cəhətdən yüksələn, müdrikliyə çatan insanlar xoşbəxt olurlar.
Heyvanlar xoşbəxtliyin nə olduğunu bilmir, tanrılar isə daim xoşbəxt həyat keçirirlər. Yalnız insan öz xoşbəxtlik yolunu seçmək ya da onu inkar etmək imka-nındadır. Aristotelə görə xoşbəxt olmaq üçün ruhun dü-şüncəvi səviyyəsini inkişaf etdirmək lazımdır ki, insan heyvanlardan seçilsin.
Aristotel əxlaq haqqında fikirlərini də ortaya qoymuşdur. Onun fikrincə əxlaqın məqsədi ruhun Xeyrə yönəlməsidir. Bu isə insanı xoşbəxtliyə çatdırır. Bu yolda ruhun əqli səviyyəsi bitkisel və nəfsani səviyyələri üstələyir. Bunu əldə etmək üçün insan özünü Xeyrə yönəltmə istiqamətdə tərbiyələndirməlidir ki, bu da sonra vərdiş halını alsın və zaman keçdikcə insanın xüsusiyyətinə çevrilsin. Bununla belə xoşbəxt olmaq üçün sağlamlıq, yaxşı görkəm, müvafiq maddi durum kimi keyfiyyətlər də olmalıdır.
Xeyrin özəlliyi isə hər bir aşırılıqdan uzaqlaşmaqdır. Məsələn, qorxaqlıq və məğrurluq aşırı-lıqlardırsa, bunların arasında olan comərdlik əxlaqın əsası olan Xeyirdir. Yenə də israfçılıq və xəsislik aşırılıqlardırsa, qənaətçilik məqsədəuyğun əxlaq nümunəsidir .
Aristotelə görə insan həyatdan həzz almalıdır, bu da Xeyrə çatmanın nəticəsində baş verir. Beləliklə, insanın mənəvi durumu o zaman yüksək olur ki, o etdiyi əməllərin doğru və xeyrə uyğun olduğunu hiss etsin. Əxlaqlı hərəkət isə hər hansı bir xeyirli işin görülməsi ilə dəyərləndirilmir, çünki xeyir əməllər çoxdur və insanlar onları eyni dərəcədə bütün həyatları boyu etməlidirlər ki, həyatdan həzz alsınlar. Hər bir insan təbəqəsinin öz əxlaqi vəzifələri vardır. Eyni zamanda, ədalət anlayışı kimi hamı üçün bir olan xeyir vardır ki, ona hamı əməl etməlidir. Qeyd etmək lazımdır ki, hər bir əxlaqi hərəkət şüurlu olaraq yerinə yetirilir. Deməli, əxlaq düşüncə ilə sıx bağlıdır və buna görə də, insanın xeyirlə şəri bir-birindən ayırmaq imkanı vardır.

Aristotelin özəl kosmologiası olmuşdur. Onun kos-mologiasının əsasını yermərkəzçilik (geosentrizm) təşkil edirdi. Bu da yerin kainatın mərkəzində yerləşməsi haqqında təsəvvürdür. O hesab edirdi ki, yer kürə formasında olaraq hərəkətsizdir. Onun ətrafında ay, günəş, ulduzlar və göy fırlanır. Yermərkəzçilik təlimi orta əsrlər fəlsəfəsində kosmoloji baxışların formalaşmasında çox böyük rol oynamışdır.
Fizika sahəsinə toxunan Aristotel hesab edirdi ki, dünyanın əsasını beş ünsür təşkil edir. Onlardan dördü torpaq, su, hava və od bizim səmaaltı dünyadadır. Onlar hərəkətdədir və eyni zamanda formalarını da dəyişdirə bilərlər. Buna görə də, dünyada müxtəlif proseslər baş verir və dəyişikliklər müşahidə edilir. Bu ünsürlər isə öz növbəsində iki qütblü və ziddiyyətli ikiliklərdən yaranır. Belə ki, yer soyuqla istinin, hava quru ilə nəmin, su soyuqla istinin, od isə isti ilə qurunun əlaqələrindən doğur.
Aristotelə görə göydə olan nə varsa beşinci ünsür olan efirdən əmələ gəlmişdir. Orada yalnız planetlərin və ulduzların əbədi və bərabər dairəvi hərəkəti mövcuddur. Bütün bunları isə simasız tanrı kimi təsəvvür edilən “İlk mühərrik” əmələ gətirmişdir. Onun fikirlərinə görə, kosmos sonsuz deyildir, onun bitdiyi yerdən yoxluq başlayır.

Bu fikirlər orta əsr Xristian və İslam teologiyasında (ilahiyyatında) da geniş istifadə edilmişdir. Belə ki, orta əsrlərdə ilahiyyatçılar düşünürdülər ki, günah yerlə bağlı bir şeydir, ona görə də göy ünsürləri yerdəkilərdən fərqlənməlidir. Çünki, ideal aləm olaraq efir Tanrı və onun məlaikələrinin yeri kimi təsəvvür edilirdi. Bu səbəbdən də, varlığın başlanğıcı və sonu Tanrıdır. Yoxluq da buradan başlayırdı. Sonra isə elm inkişaf etdikcə sübut olunmuşdur ki, əslində yer və göy ünsürləri arasında heç bir fərq yoxdur. Bu da onu göstərirdi ki, Aristotelin bu kimi fikirləri artıq köhnəlmişdir.
Daha sonra Aristotel dövlət və cəmiyyət haqqında fikirlərini ortaya qoymuşdur. O, Platonun ideal dövlət haqqında təlimini tənqid etmişdir. Platonun ideal dövlətindən fərqli olaraq Aristotelin dövləti utopik deyil, gerçəklik kimi təsəvvür edilir. Bu dövlət modelində insanların xoşbəxtliyi əsas şərtdir, ancaq burada bütün münasibətlər gerçək və düşüncə ilə uyuşan müddəalara əsaslanır.
Dövlətin başlıca məqsədi xeyrin və ədalətin qurulmasıdır. İnsan öz təbiətinə görə şüura malik ictimai heyvandır. O yalnız icma şəklində yaşayıb tərbiyə oluna bilər. Buna isə yalnız dövlətdə nail olmaq mümkündür. Ona görə də, insan həm də siyasi varlıqdır.
Əsl ədalət qanunların mövcudluğu ilə xarakterizə olunur. Dövlətdə yaşayan insanlar isə mütləq şəkildə qanunlara tabe olmalıdırlar. Bu isə əslində hər bir insanı ucaldır. Ona görə də, dövlət inkişaf etmiş cəmiyyətlərin birliyidir.
Eyni zamanda, cəmiyyətin əsasını həm də ailə təşkil edir. Ona görə də onun qanun və strukturunu Aristotel dövlətlə əlaqələndirirdi. Onun fəlsəfəsində ailə ictimai həyatın ilk mərhələsi kimi xarakterizə edilir, cəmiyyət və dövlət isə eynilik təşkil edir. Dövlətin məqsədi hər bir vətəndaşın xoşbəxt və güvəncli yaşamasını təmin etməkdir.

Aristotel quldarlıq cəmiyyətinin tərəfdarı idi, bu quruluşu da təbii durum kimi dəyərləndirmişdir. Tale insanların bir qismini hakimiyyət üçün, digərlərini isə onlara xidmət etmək üçün yaratmışdır. Buna baxmayaraq Aristotel aşırı olaraq varlanmağa da qarşı olmuşdur. Həm də Platondan fərqli olaraq Aristotel insanların şəxsi mülkiyyətinə böyük önəm vermişdir. O, dövlətdə yaşayan azad insanları mülkiyyətlərinə görə siniflərə bölürdü. Bunlar da varlılar, orta təbəqə və yoxsullar idilər. Bu bölgüdə Aristotel ən çox orta təbəqəyə əhəmiyyət verirdi. Çünki, varlılarla yoxsullar arasında davamlı ziddiyyətlər vardır. Ona görə də o, dövlətin sabitliyi üçün orta təbəqənin möhkəmlənməsini vacib bilirdi. Aristotel düşünürdü ki, dövlətdə yoxsulların sayı artmamalıdır, çünki belə olarsa sabitlik pozula bilər.

Aristotelə görə siyasət insanların dövlətdə öz həyatlarını yüksək səviyyədə qurmaq və yönləndirmək üçün istifadə etdikləri vasitədir. Onun məqsədi insanları xeyrə doğru yönəltməkdir. Ancaq, insanların çoxlu əskiklikləri də vardır. Ona görə də siyasətin məqsədi onları tərbiələndirməkdir. Beləliklə, hər bir vətəndaş qanunlara və hakimiyyətə tabe olmalı, öz vətəndaşlıq borcunu yerinə yetirməlidir. Bu məqsədlə də dövlət cəmiyyətə uyğun olan siyasi quruluşu seçməlidir.
Aristotel dövlətdə insanlar nemətlər əldə etmək üçün birləşirlər. Dövlət vətəndaşlara həddən artıq varlanmaq imkanı verməməlidir. Hər hansı bir şəxsin həddən artıq hakimiyyət əldə etməsinin də qarşısı alınmalıdır. Dövlət həm də kölələri öz tabeçiliyində saxlamalıdır. Varlı vətəndaşlardan fərqli olaraq kölələr və yoxsullar dövlət işlərində iştirak edə bilməzlər.
Onu da qeyd etmək lazımdır ki, Aristotelin dövlət və siyasət haqqında fikirləri yunanlara ünvanlanmışdır. Başqa millətləri o barbar hesab etmiş, onların kölə ruhlu olduqlarını iddia etmişdir. O qeyd edirdi ki, əgər yunanlar obyektiv səbəblər üzündən yaşadığı yerlərdə məqsədəuyğun dövləti qura bilmirlərsə, onda onlar xarici qüvvələrə müraciət edə bilərlər. O, burada əsasən makedoniyalıları nəzərdə tuturdu. O düşünürdü ki, onların vasitəsi ilə İran məğlub edilməli və bu ərazilərdə yeni yunan dövlətləri yaranmalıdır. Bunu isə öyrəncisi Make-donlu İskəndər reallaşdırmışdır.
Aristotelə görə bir necə dövlət quruluşu vardır. Onlar düzənli (nizamlı) və düzənsiz (nizamsız) olmaqla iki yerə bölünürlər. Düzənli quruluşlar monarxiya, aristokratiya və politiyadır. Monarxiya bir adamın (kralın), aristokratiya isə yüksək imtiyazlı siniflərin hakimiyyətidir. Burada tək adamın deyil, azlığın hakimiyyəti həyata keçirilir. Politiya çoxluğun maraqlarını əks etdirən çoxluğun hakimiyyətidir, bu həm də mötədil demokratiyadır. Bu idarəetmə sistemi çox az millətlərdə ola bilər. Orada hər şey (əxlaq, rifah və s.) mötədildir, hədlər aşılmır, aşırılıqlara yol verilmir.

Düzənsiz dövlət quruluşu isə tiraniya (istibdad), oliqarxiya və demokratiya kimi idarə etmə üsullarına bölünür. Burada hakimiyyəti əldə etmişlər öz şəxsi maraqlarını güdürlər. Tiraniya belə bir monarxiya quruluşudur ki, orada bir nəfər hakimiyyəti öz şəxsi maraqları üçün istifadə edir. Oliqarxiya öz maraqlarını güdən imtiyazlı siniflərdən olan azlığın hakimiyyətidir. Demokratiya isə cəmiyyətdə çoxluqda olan yoxsulların və azad vətəndaşların hakimiyyətidir. Bununla belə, demokratiya başqa düzənsiz hakimiyyətlərin arasında ən yaxşısıdır.

Monarxiyadan yayınma tiraniyaya, aristokratidan yayınma oliqarxiyaya, polisiyadan yayınma demokratiyaya, demokratiyayadan yayınma isə oklokratiyaya gətirib çıxardır. Oklokratiya isə demokratiyanın aşırı formasıdır. Bu quruluşda boşboğazların (demaqoqların) idarə etdiyi kütlə öz istəyi və nəfsinə uyğun olaraq hakimiyyət qurur (18, 496-497). Bu kimi quruluş əsasən ölkələrdə qarışıqlıq zamanı ortaya çıxır.

Aristotelin fəlsəfi irsi bəşəriyyətin düşüncə tarixində çox böyük izlər buraxmışdır. Ellinizm və Roma dövrləri, sonra isə orta əsrlər boyu filosoflar və alimlər Aristotelin əsərlərindən bəhrələnmiş, öz dünyagörüşlərini formalaşdırmışlar. Peripatetiklər adlanan bu filosoflar onun fəl-səfi irsinə müraciət edərək onu inkişaf etdirmişdirlər.
Mövzu ilə əlaqəli suallar:
    1. Sokrat kim olmuş, hansı şəxsi keyfiyyətləri ilə fərqlənmişdir?
    2. Evristika nədir, onun hansı tərkib hissələri vardır?
    3.  Sokrat fəlsəfəsində ironiyanın rolu və onun mahiyyəti nədən ibarətdir?
    4. Maevtika və indiksio nədir, Sokratın fəlsəfəsində onların əhəmiyyəti nədən ibarətdir?
    5. Sokrat fəlsəfəsi hansı istiqamətə yönəlmişdir?
    6.  Sokratın əxlaqi problemlərə münasibəti necə olmuşdur?
    7. Platon fəlsəfəsində hansı problemləri qaldırmış, onun hansı əsərləri olmuşdur?
    8. Platonun ideyalar haqqında təlimi nədən ibarətdir?
    9. Platon materiyanı necə təsəvvür edirdi?
    10. Platon tanrını necə təsəvvür edirdi?
    11. Platonun hipotezlərinin məzmunu nədir?
    12. Platon ruhlar, onların öncədən olması və köçməsi haqqında nə düşünmüşdür?
    13. Platon sevgi hissinə nə dərəcədə əhəmiyyət verirdi?
    14.  Platonun dövlət və cəmiyyət məsələlərinə münasibəti necə olmuşdur?
    15. Platona görə insanlar hansı təbəqələrə bölünürlər?
    16. Platona görə hansı dövlət quruluşları vardır?
    17. Aristotel kim olmuş, dünya fəlsəfəsinə və elminə hansı töhfələr vermişdir?
    18. Metafizika nədir?
    19. Aristotel Platonu tənqid edərək hansı müddəalar irəli sürmüşdür?
    20. “İlk mühərrik” və onun vəzifəsi nədir?
    21. Aristotelin fəlsəfəsində materiya və forma nədir, onların vəhdəti necə təsəvvür edilir?
    22. Aristotelin fəlsəfəsində “kateqoriyalar” nədir və onlar hansılardır?
    23. Aristotelin idrak nəzəriyyəsi nəyə əsəslanırdı?
    24.  Aristotelin məntiq təliminin əsasları nədən ibarətdir?
    25. Sillogizm nədir?
    26. Aristotel ruh haqqında hansı fikirlərlə çıxış etmiş, onun hansı çeşidləri haqqında söhbət açmışdır?
    27. Aristotel əxlaq haqqında nə demişdir?
    28. Aristotel dünyanın quruluşunu necə təsəvvür edirdi?
    29. Aristotelin dövlət və cəmiyyət haqqında fikirləri necə olmuşdur?
    30. Aristotelin siyasi təlimində hansı hakimiyyət növləri vardır?

Ədəbiyyat:
    1. Alcinous. The Handbook of Platonizm / Translated by J. Dillon. Oxford University Press, 2002.
    2. Anonymous Prolegomena to Platonic Philosophy, 2 // Journal of the History of Philosophy. Vol.1, № 2, December 1963.
    3. Aristotle. Metaphysics / Translated by T. Taylor. London: Printed for the author by Davis, Wilks, and Taylor, 1801.
    4. Aristotle. Nicomachean Ethics / Translated by D. P. Chase. London: George Routledge & Sons, 1910.
    5. Aristotle. Organon / Translated by Octavius Freire Owen. London: Henry G. Bohn. 1853.
    6. Aristotle. Prior Analytics / Translated by H. Tredennick. London: William Heinemann LTD, 1949.
    7. Diogenes Laertius. Lives and Opinions of Eminent Philosophers / Translated by C. D. Yonge. London: Georg Bell & Sons, 1915.
    8. Olympiodorus. Life of Plato // The Works of Plato: A NEW and literal version. Vol. VI. London: Henry G. Bohn, 1865.
    9. Platon. Apology // The Dialogues of Plato / Translated by B. Jowett. Vol. 2. Oxford University Press, 1892.
    10. Государство / Перевод А. Н. Егунова. // Платон. Собрание сочинений в 3-х томах. Т. 3 (1). М.: Мысль, 1994.
    11. Менон / Перевод С. А. Ошерова. // Платон. Собрание сочинений в 4-х томах. Том 1. М.: Мысль, 1990.
    12. Метеорологика / Перевод Н. В. Брагинской // Аристотель. Сочинения в 4 томах. Т. 3. М.: Мысль, 1981.
    13. О душе / Перевод П. С. Попова // Аристотель. Сочинения в 4-х томах. Т. 1, М.: Мысль, 1976.
    14. О небе / Перевод А. В. Лебедева // Аристотель. Сочинения в 4-х томах. Т. 3, М.: Мысль, 1981.
    15. О софистических опровержениях / Перевод М. И. Иткина // Аристотель. Сочинения в 4 томах. Т. 2. М.: Мысль, 1978.
    16. Парменид / Перевод H. И. Томасова. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1990.
    17. Пир / Перевод С. К. Апта. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993.
    18. Политика / Перевод С. А. Жебелева // Аристотель. Сочинения в 4 томах. Т. 4. М.: Мысль, 1983.
    19. Теетет / Перевод Т. В. Васильевой. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993.
    20. Тимей / Перевод С. Аверинцева. // Платон. Собрание сочинений в 4-х томах. Том 3. М.: Мысль, 1994.
    21. Топика / Перевод М. И. Иткина // Аристотель. Сочинения в 4 томах. Т.2. М.: Мысль, 1978.
    22. Федон / Перевод С. П. Маркиша. // Платон. Собрание сочинений в 4-х томах. Том 2. М.: Мысль, 1993.
    23. Физика // Аристотель. Сочинения в четырех томах / Том 3. Перевод В. П. Карпова: М. Мысль, 1981.
 
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh