Orta platonçuluq

Qeyd edildiyi kimi akademiklər Arkesilausdan sonra Platon təlimindən tədricən ayrılmışdırlar. Karneadesdən sonra isə bu proses daha da dərinləşmişdir. M. ö. I yüzillikdə Qədim Akademiya məktəbi tənəzzül dövrünü yaşamışdır. Ancaq, sonra Platonun təliminə qayıdış və şübhəçilikdən aralanma dövrü başlanmışdır. Onu Orta Akademiya dövrü (m. ö. 80 — m. 200) adlandırırlar. Bununla da, platonizmin dördüncü mərhələsi başlamışdır.
Orta Akademiyanın filosoflarının təlimləri daha çox eklektik xarakter daşımışdır (5, 305). Onlar Platon məktəbinin təlimini Aristotelin, Pifaqorun, stoaçıların və başqalarının təlimləri ilə qarışıq şəkildə sərgiləyirdilər.
Əxlaq sahəsində akademiklər “Tanrıya bənzəmək” məqsədini güdmüşdürlər, bu da “ən yüksək ərdəm” kimi dəyərləndirilirdi. Fizika sahəsində təbiət və “İlk başlanğıc” münasibətləri problemi dualizm (ikilik) və monizm (varlığın birliyi) çərçivəsində çözülürdü. Platon təliminə uyğun olaraq Orta Akademiya məktəbi “iki tanrı” konsepsiyasını irəli sürmüşdür. Onlardan biri Haqq və ya Xeyir olandır, ancaq o uzaqlardadır və insanın məqsədi onu tapmaq və ona doğru yönəlməkdir. İkincisi isə Demiurqosdur. O dünyanın yaradıcısıdır.
Bundan başqa m. ö. I yüzillikdən başlayaraq orta platonçuluq fəlsəfəsinə monoteist dinlər olan Yəhudiliyin və Xristianlığın da təsiri olmuş, orada antik irslə monoteist ənənənin uzlaşdırılması cəhdləri müşahidə edilmişdir. Eyni zamanda, Akademik məktəbin nümayəndələri m. I -II yüzilliklərindən başlayaraq tədricən güclənən Xristianlığa qarşı da çıxış etmişdirlər. Müasir dini tənqidin əsasları məhz o zaman qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, Orta Akademiyanın coğrafiyası da genişlənmişdir. Onun dərnəkləri təkcə Afinada deyil, həm də Apameya, Smirna və başqa şəhərlərdə fəaliyyət göstərmişdir.
Orta Akademiyanın birinci başçısı (skolarxı) Askalonlu Antioxus (yun. Ävuoxoç o AaKaAwvıoç, m. ö. 130 — 68) sayılır. Orta dövrün Akademiyasında yeni fikirlərlə çıxış edənlərdən biri İskəndəriyyəli Eudorus (yun. Evöwpoç, m. ö. I yüzillik) olmuşdur. O, ilk dəfə mümkün qədər “Tanrıya bənzəyərək” həyat sürmək və bunu məqsəd kimi qarşıya qoymaq ideyası ilə çıxış etmişdir. Eudorusun əsərləri zamanımıza çatmamışdır deyə, onun haqqında bilgilər azdır.
Orta platonizmin tanınmış nümayəndələrdən biri Alkinous (yun. AAk'ivovç; m. Il-ci yüzilliyi) olmuşdur. O, müəllimlərin istifadə etdiyi “Platon fəlsəfəsinin dərsliyi" (yun. AAkivöou AıöaoKaAiKÖç t&v nAaTwvoç öoy^At&v) adlı kitabın müəllifi idi. Bu kitab günümüzə qədər platonizmin ən dəyərli qaynaqlardan biri hesab olunur. Bu kitabda məntiq, fizika və əxlaq sahələri üzrə fəsillər vardır və onlar orta platonizm haqqında kifayət qədər dolğun təsəvvür yaradır.
İlk olaraq Alkinous filosofun özəlliklərindən söhbət açır və qeyd edir ki, ən başlıcası onun fəlsəfəyə təbiət tərəfindən verilmiş vergisi olmalıdır. Onun vasitəsi ilə o dünyanın dəyişkən və axıcı olan şeyləri haqqında deyil, düşüncə ilə qavranılan biliklərə yiyələnməlidir. Bundan başqa filosof ədalətli olmalı, həqiqəti sevməli, müstəqil mülahizələr irəli sürə bilməli, yalana yol verməməli, xırdaçılıqdan uzaq, ləyaqətli və təvazökar olmalı, həm də onun yaxşı qavrama qabiliyyəti və yaddaşı olmalı, mənəvi sıxıntılara düşdükdə sakitliyini itirməməlidir. Bütün bu keyfiyyətlər tərbiyə və savadla birlikdə, filosofu ərdəmə və düşüncəli həyata sahib olmağa gətirib çıxarmalıdır. Təcrübi həyata qatılmağa isə filosof məcbur olunur. Çünki ,o hiss edir ki, bununla o düzənsizliyi və qarışıqlığı ortadan qaldıra bilər.
Filosof üç şeylə məşğul olur: o düşünərək mahiyyətə varır, xeyir verir və nəzəri cəhətdən cümlələrin mənalarını incələyir. Mahiyyəti bilmək nəzəriyyə, davranışın necə olması təcrübə, cümlələrin mənalarını bilmək isə dialektika adlanır. Beləliklə, fəlsəfə nəzəri, təcrübi və dialektik hissələrə bölünür. Nəzəri ilahiyyat, fizika və riyaziyyatı; təcrübi xasiyyətin tərbiyə edilməsi, məişət və dövlət quruculuğunu; dialektik hissə isə hər şeyi təyin etmə, induksiya və sillogizmi əhatə edir .

Dialektika nitqin mahiyyətini bilməkdir. Hər bir insanda çevrədəki şeylər haqqında hökm verən onun düşüncəsi (mülahizə yeritməyin mənbəyi) və təfəkkürüdür ki, onlar da təbiət tərəfindən verilib. Onların vasitəsi ilə həqiqət yanlışlıqdan ayrılır. Təfəkkürün də iki tərəfi vardır: birincisi dərk edilmir, ancaq həqiqidir və bu Tanrıya aiddir; ikincisi şeyləri seçəndir və o həm də insanda vardır. İnsanda olan təfəkkür də ikilidir: bəzi şeyləri insan ağılla, bəzilərini isə duyğularla qavrayır. Ağılla dərk edilən elmi bilikdir. Duyğularla dərk edilən isə yaddaşla birləşərək rəy yaradır. Düşüncə bacarığı və duyğular düşüncə ilə qavranılan və rəyin əsasını təşkil edir. Duyğu bədəndə ruhun elə bir durumudur ki, o bədənə edilmiş hər bir təsirə reaksiya verir. Bu təsir zaman keçdikcə aradan qalxmazsa yaddaşa çevrilir.
Daha sonra Alkinous düşüncəni, duyğu ilə qavranılanı və yaddaşı Platon və Aristotelin təlimi əsasında təhlil etmişdir. Belə ki, Platon fəlsəfəsində hər şeyin mahiyyəti kimi dəyərləndirilən dialektika Aristotelin sillogizmlər haqqında təlimi ilə birlikdə araşdırılmışdır.
Nəzəri fəlsəfəni açıqlayan Alkinous riyaziyyatdan başlayır. Riyaziyyat dialektikadan fərqli olaraq ilk başlanğıclarla bağlı deyil, ancaq bu elm rəydən üstündür, çünki sağlam düşüncə sahəsinə aiddir.
Dünyanın yaranması problemi üzrə Alkinous Platonun “Timeusuna” uyğun olaraq əzəldən olan və yaradılmamış üç başlanğıc haqqında söhbət açır. Bunlar maddə, “qəlib” (ya da ideya) və «Atadır» (ya da səbəbdir). Maddəni qəliblər əsasında formalaşdıran səbəb vardır. İdeya (qəlib) hər bir təbii şeyin nümunəsi, Tanrının (Atanın, səbəbin) düşündükləri, bizim tərəfimizdən ilk dərk ediləndir. Çünki, hər bir şeyi yaradan sənətkar ilk olaraq onun obrazını (qəlibini) özü-özündə yaradır, sonra ona uyğun o şeyi ortaya qoyur. Deməli, bu qəliblər (ideyalar) Tanrıdadır və ona görə onunla eyniləşir. Tanrı Aristotelin “İlk mühərrikidir” və eyni zamanda Platonun yaradıcı tanrısı Demiurqosdur. O ilk Əqldir, hərəkətsizdir və hər şeyin səbəbidir.
Alkinous Əql və Ruh anlayışlarını fərqləndirirdi. Ona görə, Tanrı ilə eyniləşdirilən Əql əbədidir və yüksək dairələrə aiddir; o aktiv deyil, özü özündədir. Əqldə olan ideyaları gerçəkləşdirən isə Ruhdur. O bütün kainatı bürüyür və onun vasitəsi ilə Tanrı bu dünyada hər şeyi oluşdurur. «Timeusda» olduğu kimi, Tanrının Ruhu kiçik tanrılar dairəsinə enir və onlar təbiətdə olan şeyləri yaradır. O tanrılar göyün yeddi qatında yerləşir.
Ümumiyyətlə,  bütün kosmos, ulduzlar,  planetlər canlıdırlar, dünyanın Ruhunu təşkil edirlər.
Aristoteldə olduğu kimi, Alkinous yerin dünyanın mərkəzində yerləşdiyini və başqa planet və ulduzların onun ətrafında fırlandığını iddia edirdi. Yerin özü də bir tanrıdır. Planetlərarası məkan isə efirlə doludur.
İnsanı tanrılar yer, od, su və havadan yaratmış, ona ruh vermişdirlər. Bu ruhun bir neçə hissəsi vardır. Birincisi başda yerləşən düşünən hissədir. İkincisi duyan hissədir ki, o bir qədər aşağıdadır. Bir başqası nəfsi hissədir ki, o qarından aşağıda yerləşir. Ölməz olan yalnız düşünən hissədir ki, onu tanrılar birinci Tanrıdan alıb insanın baş tərəfinə yerləşdirmişdirlər. Bunu edərkən, ona bədənlə birlikdə ölən “duyan” və “nəfsi” hissələrini də əlavə etmişdirlər. Bu hissələr bir-biri ilə çarpışır deyə, insan birmənalı varlıq deyildir.
Bu kontekstdə də Alkinous əxlaq problemlərini araşdırmış və stoaçılar kimi belə bir nəticəyə gəlmişdir ki, xoşbəxtliyin şərti ərdəmdir. Məqsəd isə ərdəmlə dolu həyat sürərək tanrılara bənzəməkdir.
Antik dünyanın ən tanınmış şair və yazıçılarından biri olan Apuleius Lusius da platonik məktəbin nümayəndəsi sayılır. O kahin olmuş, bir çox ədəbi əsərlərin yazarı idi. Onun ironik və satiristik roman janrında yazılmış “Metamorfozlar” (lat. Metamorphoseon) kitabı antik dünyanın ən çox yayılmış və başqa dillərə tərcümə olunmuş əsəridir. Onu “Qızıl eşşək” (lat. Asinus aureus) də adlandırırlar. Bu əsərdə eyş-işrətlə dolu həyat sürən Lusius adlı bir gənc cadugərliklə maraqlanmış və onu öz üzərində sınamaq istəmişdir. Bir cadugər qadın o gənci öz xahişi ilə müvəqqəti olaraq quşa çevirmək istəmiş, ancaq yanlışlıq nəticəsində onu eşşəyə çevirmişdir.

Ancaq, eşşək olan Lusius insan düşüncəsində qalmış və hər şeyi insan kimi anlamışdır. Beləliklə, o müxtəlif adamların (əkinçilərin, quldurların, varlıların, kahinlərin) ev heyvanı olmuş, onların həyatlarını içəridən görmüş; insanların alçaqlığının, yalanlarının, xəyanətlərinin, ikiüzlülüklərinin, cinayətlərinin, əxlaqsızlıqlarının şahidi olmuşdur. Sahibləri onunla qəddarcasına davranmış və hər zaman alçaltmışdırlar. Sonda Lusius tanrılardan yardım diləmiş və tanrıca İsis (İsida) onu yenidən insana çevirmişdir. Bundan sonra o, gördüklərindən nəticə çıxararaq Osiris və İsis kultlarının kahini olmuşdur.
Fəlsəfi əsərlərindən biri olan “Platon və onun təlimi” (lat. De Piatone et eius dogmate) kitabında Apuleus özünəməxsus şəkildə oxucuları Platonun təlimi ilə tanış etmişdir. Ancaq, bir çox hallarda onun yazdıqları Alkinousun verdiyi bilgilərdən fərqlənmişdir. Bu kitabda Platonun kimliyi açıqlanmış, onun ilk dəfə fəlsəfənin üç bölümünü birləşdirdiyi bildirilmişdir. Apuleusa görə fəlsəfənin birinci bölümü kosmologia və antropologiyadan ibarət olan fizikadır. İkincisi ilahiyyatdır ki, o başlanğıclar (tanrı, maddə, ideya) və iki mahiyyət (düşüncə ilə qavranılan və duyğusal) haqqında bölümləri əhatə edir. Fəlsəfənin üçüncü bölümü olan məntiq haqqında isə əsərdə bilgi verilməmişdir. Apuleusun dünyanın quruluşu haqqında baxışları (kosmologiası) Platotun “Timeus” əsərində olduğu kimidir.
Tale (alın yazısı) problemi üzrə Apuleus tanrının düşündüyünü (sententia), tanrı qanunu (fatum) və təsadüfü (fortuna) fərqləndirir. Təsadüfə yer verməsi onun tərəfindən azad iradənin tanınmasıdır.
Baş ya da birinci Tanrı duyulmaz və ulaşılmazdır (transsendentaldir). Ona görə dünyanın axarını kiçik tanrılar təmin edir, onlara isə demonlar yardım edirlər. Əxlaq xoşbəxt həyatın əldə edilməsi üçün gərəkli biliklərə yiyələnməkdir. Bu biliklər ərdəmlərin, xeyirlərin, qüsurların nədən ibarət olduğunu əhatə edir.
“Sokratın tanrısı haqqında” (lat. De Deo Socratis) Apuleusun daha bir mistikaya yaxın olan fəlsəfi əsəridir. Burada “tanrı” sözü “demon” mənasında işlədilir. Bilindiyi kimi yunanlar insanlarla tanrıların arasında duran varlıqları “demonlar” adlandırırdılar. Onlar kiçik tanrılar, ya da tanrıların balaları kimi də təsəvvür edilirdi. Platona görə insanlar tanrılarla birbaşa bağlantı yarada bilməzlər. Demonların ataları olan ilk Tanrını isə təsəvvür etmək və ona çatmaq mümkün deyildir. Bunu yalnız demonların vasitəsi ilə etmək olar.
İnsan bədənindən imtina etmiş ruhlar yüksək qatlarda demonların birliyini təşkil edirlər. Platona görə demonlar hər bir insanı həyatı boyu müşayiət edir, onun bütün əməllərinin şahidi olur. İnsan öldükdən sonra isə o demon onu axirətə aparır və ölən mühakimə olunanda onun əməlləri haqqında deyilənləri təsdiq ya da inkar edir85. Buna görə də, hər kəs öz demonu ilə bağlantı yolunu axtarmalı, ona itaət etməli və onu duymalıdır. Bunu edərsə onda onun demonu ona yol göstərər, müxtəlif yollarla (məsələn yuxularla) bilgilər verə bilər. Məhz bunu da Sokrat etmiş, müdrikliyin yüksəkliklərinə çata bilmişdir. Son olaraq Apuleus məsləhət görür ki, Sokratın etdiyini hamı etsin və bu yolla tanrılara bənzər həyat sürsün.

Orta Akademiya məktəbinin daha bir tanınmış nümayəndəsi Berqamalı Qalen olmuşdur. O, yunan soylu romalı idi. Həkim kimi tanınmış, Roma əsilzadələrini müalicə edir və imperator Markus Aureliusun saray həkimi kimi tanınmışdır.
Qalen bir çox xəstəliklərin təsnifatını vermiş, onların müalicə yollarını araşdırmış, təbabət və anatomiya üzrə çoxlu bilgilər əldə etmişdir. Onlardan Avropa təbibləri 1300 il ərzində istifadə etmişdir. O, həmçinin farmakalogiya elminin əsaslarını qoymuşdur. Qalenin əsərləri müsəlman dünyasında təşəkkül tapmış təbabət elminin də inkişafında əhəmiyyətli rol oynamışdır. Müsəlman təbibləri və düşünürləri onun əsərlərini tərcümə etmiş və öz kitablarında onlara çoxlu istinadlar vermişdirlər.

Qalen həm də filosof kimi tanınmışdır. O, Platon məktəbinin nümayəndələrindən biri sayılır. Fəlsəfə üzrə bir sıra kitabların müəllifi olmuş, ancaq onların çoxusu bizim zamanımıza çatmamışdır. Qaleni fəlsəfədə daha çox məntiq, təbiət  fəlsəfəsi  və ruh haqqında təlim

maraqlandırırdı. Çünki, bu sahələr təbabətlə daha çox bağlı idilər. Qalen deyirdi: “Yaxşı həkim filosof olmalıdır”. Onun eyni adlı əsəri də olmuşdur. Orada Qalen qeyd edirdi ki, həkimlər xəstəliyin mənşəyini bilmək və onu düzgün müalicə etmək üçün məntiqi yaxşı bilməlidirlər.

“Sofizmlər haqqında” (lat. De captionibus) və “Dialektikaya giriş” (lat. Institutio logica) Qalenin fəlsəfə və məntiq üzrə zamanımıza çatan kitablarıdır. Burada o, Aristotelin davamçısı kimi çıxış etmiş, onun sillogizm haqqında təliminə əlavələr etmişdir. Aristoteldən fərqli olaraq Qalen elmlərdə daha çox empirik metoda üstünlük verirdi. Onun duyğusal təbabəti üç prinsipdən ibarət idi: birbaşa müşahidə, keçmiş müşahidələr haqqında xatirələr və bənzərdən bənzərə induktiv əqli nəticələrin çıxarılması .
Əsas əsərlərindən biri olan “Hippokrates və Platonun rəyləri haqqında” (lat. De placitis Hippocratis et Piatonis) kitabında Qalen iddia edirdi ki, bu filosofların baxışları bir-birinə uyğun olmuşdur. Hətta, ona görə birinci filosof təbabət elminin əsaslarını qoyan Hippokratesdur, Platon isə öz fəlsəfəsinin bir çox məqamlarını ondan almışdır. Kitabın I — IV bölümlərində insan və canlıları yönəldən təbiət güclərindən söhbət açılır, V — IX bölümlərində isə duyğular vasitəsi ilə idrak problemlərinə toxunulur. Burada Qalen Platon kimi ruhu üç səviyyədə: əqli, duyğusal və ehtiraslı olaraq təsvir edirdi. Eyni zamanda o, ehtirasları düşüncənin səhvi kimi təsəvvür edən və buna görə duyğusal və ehtiraslı ruhların varlığını inkar edən stoaçıları tənqid edirdi.

“Bədən üzvlərin vəzifəsi haqqında” (yun. nepi xpztaç^opiwv) əsərində Qalen canlıların bədənində bütün üzvlərin yetkin olduğunu vurğulayırdı. Onların quruluşu və öz vəzifələrini tam olaraq icra etməsi onu deməyə əsas verir ki, bunlar özbaşına yaranıb fəaliyyət göstərə bilməz. Deməli, bunların bir yaradıcısı vardır, onu da Qalen Demiurqos adlandırmış və onu təbiətlə eyniləşdirmişdir.
Qalenin fikrincə keçmişin filosofları dərin elm qoyub getmiş, ancaq onların ardıcılları onları düzgün başa düşməmişdirlər. Ona görə də, Qalen Platona üstünlük versə də, özünü heç bir məktəbin ardıcılı saymamışdır. Son olaraq Qalen öz fəlsəfi fikirlərini “Mənim baxışlarım haqqında” (yun. nepi rüv löı.^v öo^avT^v) kitabında toplamışdır. Ancaq, zamanımıza onun yalnız bəzi fraqmentləri gəlib çatmışdır.
 
Tirli Maksim (Mä^ı^oç Tvpıoç, lat. Cassius Maximus Tyrius; II-ci yüzillik) də platonik məktəbin nümayəndəsi sayılır. O, Romada istedadlı natiq kimi tanınmışdır. Onun qırxa qədər fəlsəfi nitqləri zamanımıza gəlib çatmışdır. Onlar  əsasən dini-fəlfəsi  və  əxlaqi məzmunludur. “Platona görə Tanrı nədir”, “Sokratın demonu”, “Tanrıya yalvarmağın mənası var, ya yox?”, “Hər şey taleyə tabedirsə, iradə azadlığı var, ya yox?” adlanan fəlsəfi nitqləri daha çox maraq kəsb edir. Burada din fəlsəfəsinin əsas problemləri olan Tanrının varlığı, şərin təbiəti, azad iradə və tale problemlərinə diqqət yetirilir. Bütün bu problemlər sonralar, yəni ortaəsr fəlsəfəsinin ən mübahisəli məsələlərinə çevrilmişdir.
“Tanrıya yalvarmağın mənası var, ya yox?” nitqində Maksim demişdir ki, Tanrıdan nəsə istəyən insan istədiyi şeyə layiq olmalıdır. Əgər layiqdirsə, onda dua etməyin mənası yoxdur, çünki səbəb-nəticə qanununa görə istədiyi şeyi duasız da əldə edər. Layiq deyilsə, duaları etsə belə heç nə almaz. Heç olmasa ona görə ki, layiq olmayana nəsə vermək ədalətsizlikdir. Tanrı isə ədalətsiz ola bilməz. Dua etmək heç də istədiyin şeyə layiq olmaq demək deyil. Layiq olan təvazökar olar, yalvarmaqla heç kəsə əziyyət verməz. Əziyyət verən və həyasızlıq edən layiq olmayandır. Ona görə də, dua etməyən layiq olan adam dua edən layiq olmayandan yaxşıdır. Məsələn, Tanrı sərkərdə olsaydı və bir qul ondan əskər olmaq istəyində olduğunu bildirsəydi, məgər o ona istədiyini verərdimi? Ordu yaşasın deyə əskərliyə layiq olanı əskər edər, qulu isə qul yerində qoyardı, hətta o ona nə qədər yalvarsaydı belə. Beləliklə, yalvarmağın mənası yoxdur.
Daha sonra Maksim Platona istinad edərək yazmışdır ki, tanrılar insanlara tale yazmışdırlarsa, onda onlara dua etməyin mənası yoxdur. Çünki, insan istəyi ilə tale dəyişməz. Hər şey ümumi və fərdidən ibarətdir. İnsan da kainatın tamlığında bir hissəcikdir. Tanrı isə taleyi ümumi üçün yazıbsa, fərd olan ayrıca insanın duasını təmin etməz. Çünki, fərdə görə o tamlığı pozmaz. Tanrı hər fərdin istədiyini təmin etsə, onda tamlıq pozular. Bir yerdə zəlzələdirsə, onun sakinlərinin duaları ilə ona son qoyulmaz, çünki o zəlzələ kainat tamlığının bir hissəsidir.
Əlbəttə ki, taledən başqa təsadüf də vardır. Ancaq, təsadüfün düzəni və düşüncəsi yoxdur. Çünki, öz ehtiraslarını təmin etmək üçün hökmdarlıq edən kralın düşünülmüş siyasəti yoxdursa, hər şey hərcmərclikdədirsə, onda kraldan nəyi diləmək olar? Beləliklə, təsadüf olsa belə tanrılara dua etməyin mənası yoxdur.
Dualar etməkdənsə insan öz işini möhkəm tutmalı, bacarıqlı olmalı, öz üzərində işləməlidir ki, istədiyinə layiq olsun. Belə olarsa, onda duasız da istənilən şeyi əldə edə bilər.
Maksimə görə Sokrat və Platon kimi filosoflar tanrılara ona görə müraciət etmirdilər ki, özləri üçün nəsə əldə etsinlər. Onların istəyi yalnız ərdəmli ruh, sakit həyat və ləyaqətli ölüm idi.
Antik dünyanın ən tanınmış yazıçı və filosoflarından biri Platon məktəbinin davamçısı olan Plutarx  olmuşdur. O, Yunanıstanın Beotiya vilayətində yerləşən Heroneyadan idi. Plutarx gənc yaşlarından müxtəlif elmləri və fəlsəfəni öyrənmiş, platonçu filosof Ammoniusun öyrəncisi olmuşdur. Sonralar isə o, öz evində gəncləri ətrafına yığaraq onlarla fəlsəfi dərslər keçirmiş. O, həmçinin başqa yerlərə səfərlər etmiş, tez-tez Romada olmuş, imperiyanın yüksək zümrələri      arasında tanınmışdır.
İmperator Traianus ona himayəçilik etmişdir. Daha sonra isə Plutarx Delfada yerləşən Apollon məbədinin kahini olmuşdur.
 
Plutarxın öyrəncilərinə görə o iki yüzdən çox kitabın müəllifi olmuşdur. Onlardan bir çoxu bizim zamanımıza gəlib çatmışdır. Müxtəlif tanınmış insanların bioqrafiyalarını qələmə aldığına görə həmin əsərlərin bəzilərini “Bioqrafik”; digərləri isə daha çox əxlaq dair olduqlarına görə “Əxlaqi” (moralia) adlandırırlar. Əsərlərinin çoxluğuna baxmayaraq Plutarx orijinal müəllif olmamış, fəlsəfəyə yeniliklər gətirməmişdir. O, sadəcə keçmişdə yaşayan filosofların fikirlərini qələmə almışdır. Buna görə də elmə misilsiz xidmət göstərmişdir, çünki antik dünyanın dünyagörüşü bir çox hallarda onun əsərləri vasitəsi ilə günümüzə gəlib çatmışdır.
Plutarxın əsərləri arasında çoxlu fəlsəfi və əxlaqi mövzulara həsr edilmiş kiçik yazıları da vardır. Onlardan biri “Platon məsələləri” (yun. HXaian’iKä Znvq^ara) adlanır. Orada Plutarx Platonun təlimini özünəməxsus şəkildə vermişdir. Həmin əsərdə kosmos iki elementlərdən ibarət təsəvvür edilir: şər olan ruhdan və maddədən. Maddəni Tanrı yaratmamışdır, ancaq onu sonradan formalaşdırmış, sonra isə ondan bütün mövcudiyyəti yaratmışdır. Ruh da Tanrı tərəfindən yaradılmamış, o hər zaman mövcud olmuşdur. Kosmos da yaranmış deyil, o diridir: bir tərəfdən materiyaya, digər tərəfdən isə Tanrıya bağlıdır.
Beləliklə, Plutarxa görə yaradıcı (ikinci) tanrı olan Demiurqos dünyanı yaradanda ilk başlanğıc (substansiya) kimi maddəni deyil, o maddənin şər olan ruhla qarışığını yaratmışdır. Deməli, “şər ruh” da əbədi olaraq hər zaman olmuşdur. Buna görə də hər şey hərəkətdədir. Ancaq. Plutarxın Platon fəlsəfəsini bu kimi yorumları başqa platonçular tərəfindən qəbul edilməmişdir. Bu iddia daha çox zərdüştiliyin şər tanrısının varlığına bənzərdir. Buna baxmayaraq “şər ruhu” inkar etsələr belə, platonçuların bir çoxu maddənin özünü şərlə eyniləşdirirdilər.
Plutarx hesab edirdi ki, dünya ilə insan ruhu arasında bağlantı vardır. Göylərdə qünəş-ay-yer iyerarxiası insanda düşüncə-ruh-bədən üçlüyündə əks olunur. Günəş tanrıdır, işıqdır, əqldir; yer isə zülmətdir, ruhsuzdur. Bunların arasında ay yerləşir, ona görə də onun təbiəti ikilidir. Bir tərəfi günəşə yönəlir deyə, tanrıya bənzərdir. Başqa tərəfi isə yerə yönəlir və ona görə qaranlıqla doludur.
Maraqlısı budur ki, Plutarx yerin kainatın mərkəzində durmasını inkar edirdi; onun fikrində kainat sonsuzdur və ona görə də onun mərkəzi ola bilməz. Həmçinin o, Samoslu Aristarxusun “yer öz oxu ətrafında fırlanır” fikrini də təsdiqləmişdir. Bu fikirlər bizim zamanımızda təsdiqini tapmışdır.
Plutarx həm də insanın bədənini, düşüncəsini və ruhunu fərqləndirirdi. Onun fikrincə, düşüncənin ruhun tərkibində olmasını iddia edənlər yanılırlar. Ruhla bədənin qarışması ehtirasların yaranmasına gətirib çıxarır. Bu isə ehtiras və həzz alma duyğularıdır. Ruhun düşüncə ilə birləşməsi isə təfəkkür yaradır. Bu da ərdəmin, xeyrin və qüsurların səbəbidir. Ruh öz varlığını düşüncədən alır və sonra onu bədənə verir. Düşüncənin mənşəyi günəş, ruhların ay, bədənlərin isə yerdir. İnsan öldükdə onun ruhu ondan ayrılıb aya qalxır. Orada onun ikinci ölümü baş verir və ruhdan düşüncə ayrılır. Demonlar da ayda yaşayır və oradan yerə düşür.
Plutarx bir sıra əxlaqla bağlı məsələlərə də münasibət bildirmişdir. O, stoaçıları öz dediklərinə əməl etməməsində suçlamışdır. Onlar siyasətdən çox danışır, ancaq əslində ondan çəkinib Epikürçular kimi həzzlə dolu həyat sürürlər; ya da siyasətə gəlib öz əqidələrinə zidd işlər görürlər. Burada nəzəriyyənin təcrübə ilə Plutarx hesab edirdi ki, ərdəmə insanları öyrətmək olar, ona görə də onun yazılarının bir çoxu nəsihət xarakterlidir. Tanrılara baxışlarında o mövhumatı qınamış, onları mənəvi bir obrazlar kimi qəbul etmiş, qədim dinlərdəki tanrıların qısqanc və kinayəli olması, qisas alması, xırdaçılıq etməsi kimi sifətlərini rədd etmişdir.
Plutarxa görə cəmiyyətin əxlaqını dəyişmək çətindir. Bunu etmək istəyənin özünün də yüksək əxlaqı və nüfuzu olmalıdır. Ona görə də hər bir insan özünə tənqidi yanaşmalı, ilk olaraq öz danışığı və davranışına fikir verməlidir. Bizim hamımızın teatrda artistlərə bənzər olduğumuzu yaddan çıxartmamalıyıq. Ona görə də, bizi hamı görür və dəyər verir. Əgər insan bütün qüsurlarından qurtarmaq üçün çətinlik çəkirsə, onda heç olmasa başqalarının gözlərinə görünən qüsurlardan qurtarmalıdır.
Plutarx insanlara qarşı dost münasibət bəsləməyin tərəfdarı idi. O qeyd edirdi ki, insanların halı ilə maraqlanmaq lazımdır ki, onlara kömək edə biləsən. Başqa insanlara qarşı ədəbli, xeyirli və mərhəmətli olmaq lazımdır. Bu hisslər heyvanlara və başqa canlılara da bəslənilməlidir.
M. ö. I yüzillikdən sonra antik fəlsəfəyə Yəhudi, sonra isə Xristian dinlərinin təsiri artmağa başlamışdır. Antik filosoflar bir tərəfdən öz fəlsəfələrində monoteizmin bəzi məqamlarından istifadə etmiş, digər tərəfdən isə onu tənqid etməklə məşğul olmuşdurlar.

Platon məktəbinə yaxın olan yəhudi soylu İskəndəriyyəli Filon antik fəlsəfi ənənələrini Tövratın təlimi ilə uyğunlaşdırmaq yolunu tutmuşdur. Ancaq, bir filosof kimi Tövratda müəyyən qədər ziddiyyətli məqamların olduğunu görərək onları məcazi mənada antik fəlsəfi kateqoriyalardan istifadə etməklə yorumlamışdır. Onun fikrincə Tövratın gizli (batini) mənaları vardır və onlar açılmadan bu kitabı düzgün anlamaq mümkün deyildir.
Əhdi-Ətiqin Tanrısı hər bir çoxluğun üzərində yüksəlmiş mütləq monadadır (varlığın bölünməz vahididir). Tanrı elə bir vahiddir ki, onun yanında başqa vahidlər yoxdur, o kamil və bölünməzdir. Tanrının həqiqi mahiyyətini düşüncə ilə qavramaq mümkün deyildir. İnsanlar onun varlığı haqqında bilik əldə edə bilərlər, ancaq onun nə olduğunu bilə bilməzlər.
İnsan dili kamil deyil və onun vasitəsi ilə Tanrının bütün özəlliklərini dilə gətirmək mümkün deyildir. Ona görə də demək olar ki, Tanrının heç bir şeyə ehtiyacı yoxdur, O bənzərsiz, bölünməz və dəyişməzdir və s. Beləliklə, hər şeyi inkar edərək elə bir nəticəyə gəlirdi ki, Tanrı haqqında heç bir şey söyləmək olmaz. Bu hala çatanlar öz “Mən”inin xaricinə çıxaraq, ekstaz halına daxil olur, sonra isə daha da yüksək mistik məqamlara qədəm qoyur. Bu məqama çatan adam Tanrı ilə görüşür, ancaq onu qavraya bilmir, çünki onun nuru insanın düşüncə imkanını bağlayır. Bu hal içki içmədən sərxoş olmağa bənzərdir.
Filon fəlsəfəsində Tanrı yaratdığı dünyadan daha ucadır. Ona görə o, yaradılışı Loqos vasitəsi ilə həyata keçirir. Loqos Tanrının sözüdür, onun sifətidir. O əvvəllər Tanrının özündə olub, sonra isə ondan ayrılaraq sərbəstlik qazanıb. Antik dünyaya məlum olan Loqosu (Sözü) Filon Tövratın birinci kitabında “Tanrı dedi” sözlərində görürdü. Loqos haqqında Filonun fikirləri antik fəlsəfi irsinin yəhudi ənənəsi ilə qarışmasından irəli gəlmişdir.
Yunan fəlsəfəsində olduğu kimi Loqos dünya düzəni, gözəllik və harmoniyadır. Ondan hər şeyin təbii əlaqələri və forma müəyyənliyi yaranır. Eyni zamanda, Loqos ideyaların toplusudur. Dünya bu ideyaların obrazı (qəlibi) ilə Tanrı tərəfindən yaradılmışdır.
İnsan torpaqdan Tanrının obrazına bənzər yaradılıb. Onun düşüncəsi də ilahi Loqosa bənzərdir. Yəni kosmos və insanda olan loqoslar mahiyyətcə birdir və birlik təşkil edirlər. Belə olan təqdirdə, insanın məntiqi baxımından çevrənin qavranılması və onun barəsində düşüncələr ortaya qoyması yaradılmışdan Tanrıya doğru atılan addımlardır. Dünyanın varlığı və gözəlliyi insanı Tanrı varlığının anlamasına gətirməlidir. Beləliklə, məntiqi fikir İlahi ilham kimi də qəbul edilə bilər.
Buna görə də, Filona görə yunan fəlsəfəsi və ilahi vəhy olan Əhdi-Ətiq bir-birinə zidd deyildirlər, çünki hər ikisi Loqosun məhsuludur. Əhdi-Ətiqdə Loqos özünü peyğəmbərlərə vəhy, filosoflara isə məntiq və düşüncə vasitəsi ilə açmışdır. Ona görə də, Musa və Platonun müdrikliyinin mənbəyi birdir. Ancaq buna baxmayaraq, Platon və Pifaqor təkcə öz düşüncələri ilə Tanrının bir olması fikrinə gəlməmişdirlər. Filonun fikrincə onlar Əhdi-Ətiqlə tanış idilər. Bu fikri sonrakı xristianlar da təkrarlamışdırlar.
 
Filon Loqosu “Tanrının oğlu”, “Səmavi Adəm” və başqa adlarla adlandırırdı. Bu adlar onun Tanrı ilə dünya arasında bir vasitəçi olduğuna işarə edir.
Loqosa bu cür baxış Filona Müqəddəs Kitabı alleqorik yorumlara məruz qoyma imkanını yaratmış, onu fəlsəfələşdirmişdir. Bu baxımdan onu ortaəsr ilahiyyatının yaradıcısı adlandırmaq mümkündür.
Tədqiqatçılara görə sonralar xristianlar Filonun Loqosunu simalaşdırıb İsa ilə eyniləşdirmişlər. Bu ideya Yəhya İncilində öz əksini tapmışdır. Xristianlıqda olan Ata (Tanrı) — Oğul (Loqos)   münasibətləri Filonun fəlsəfəsindən başlayır.
Daha bir platonçuluğa yaxın olan filosof Selsus (yun. Keäoov, lat. Celsus, Iiyü zillik) Xristianlığın Romada yayılması dövründə yaşamış və onun tənqidçilərindən biri olmuşdur. Onun haqqında zamanımıza çox az bilgi gəlib çatmışdır. Məlumdur ki, o imperator Markus Aureliusun dostu idi.
Selsus “Doğru söz” (yun. Aöyoç äAndqç) adlı kitabın müəllifi olmuşdur. Bu əsərin orijinal mətni zamanımıza çatmamışdır. Ancaq, Selsusla çəkişməyə girən xristian ilahiyyatçısı Origen onun fikirlərinə rəddiyələr yazaraq “Doğru sözün” bir çox fraqmentlərini özünün “Selsusa qarşı” (lat. Contra Celsum) əsərində vermişdir.
Selsus dini təlimləri öz düşüncəsinin dəlilləri baxımından təhlil edərək belə bir nəticəyə gəlmişdir ki, Xristianlıq heç də başqa dinlərdən fərqlənmir. Çünki, başqaları kimi xristianlar da öz ehkamlarına düşünmədən inanmağa çağırırlar. Onun fikrincə, İsa tanrı ola bilməz, çünki Tanrının xüsusiyyətləri başqadır. İsa tanrıdırsa, o yerə enə bilməz, çünki belə olarsa öz taxtını tərk etmiş olardı və dünya düzəni dağılardı. Daha sonra Selsus yazırdı ki, İsa Loqos (Tanrı sözü, kəlamı) da ola bilməz, çünki Loqos insan ola bilməz, çünki o insanlıqdan daha uca olan Tanrı sözüdür. Onun fikrincə Xristianlığın bütpərəstliyi inkar etməsi müstəsna bir şey deyildir. Çünki, doğrudan da insanların düzəltdiyi təsvirlər və heykəllər heç də tanrılar deyildirlər. Hələ xristianlardan çox-çox qabaq Heraklit kimi filosoflar demişdilər ki, bütlərə tapınmaq divarlarla danışmağa bənzərdir. Son olaraq Selsus hesab etmişdir ki, Xristianlıq dövlət üçün təhlükədir.

Smirnalı Teon da orta dövrün akademiklərindən (platonçularından) biri olmuşdur. O, “Platonun əsərlərini oxuyarkən riyazi predmetlərin icmalı” adlı əsərin müəllifi idi. Həmin kitaba latın dilində qısaldılmış olaraq “Expositio” deyilir. Bu kitab antik dövrün məktəblərində tədris edilmək üçün yazılmış və orada riyaziyyat, musiqi nəzəriyyəsi və astronomiya elmlərindən bilgilər verilmişdir. Mətni yazarkən Teon, keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir.
Əsərin riyazi bölümündə Teon “bir” və “vahid” anlayışlarının fərqləndirilməsini zəruri bilirdi, çünki hər bir rəqəm “birlərin” cəmidir. “Vahid” isə hər bir çoxluq çeşidlərindən aralanmış təklikdə olan ideal başlanğıcdır ki, onu yalnız düşüncə ilə qavramaq mümkündür və onun bölünməsi imkansızdır. Daha sonra Teon tərəfindən rəqəmlərin tək və cüt, sadə və mürəkkəb və s. növləri araşdırılmışdır.
Əsərin musiqi bölümündə nəğmələrdə rəqəmlər ahənginə riayət edilməsinin vacibliyi vurğulanmış və bunun qaydaları açıqlanmışdır. Burada musiqi nəzəriyyəsinin əsas elementləri də araşdırılmışdır.
Astronomiya bölümündə Teon yerin kürə olmasına dair çoxlu dəlillər gətirmiş, planetlər və göy cisimləri haqqında öz zamanının təsəvvürlərini açıqlamışdır. Bu təsəvvürlər yuxarıda sözü keçən başqa yunan filosofların baxışlarına bənzər olmuşdur. Belə ki, Teon yerin kainatın mərkəzində olmasını iddia edirdi. Onun fikrincə planet və ulduzların çoxu hərəkət etmir. Bəziləri isə, günəş və ay kimi, yerin ətrafında fırlanır. Burada həm də günəşin və ayın tutulması kimi təbiət olaylarına da münasibət bildirilmişdir.
   
 
Müəllif: AYDIN ƏLİZADƏ
Mənbə: Antik fəlsəfə tarixi. Ali məktəblərin tələbələri üçün dərs vəsaiti. Bakı-2016, 288 s. İSBN -5-89968-061-X
 

0 şərh