Рейтинг
+34.55

Fəlsəfə

63 üzv, 248 topik

Əxlaqi fəaliyyət

Əxlaq da ictimai şüurun digər formaları – siyasət, hüquq, elm, din və s. kimi yalnız şüur formasında deyil, həm də insanın davranışının, praktik fəaliyyətinin bir növü kimi mövcuddur.
İnsanın hər hansı fəaliyyəti onun tələbatları və maraqları ilə çox bağlıdır. Etika və psixologiya mütəxəssislərinin çoxu bu fikirdədir ki, insanın bütün motivlərinin əsasını onların şüurlu tələbat və maraqları təşkil edir. Məsələn, estetik fəaliyyətin əsasında estetik tələbat və maraqlar durur. Estetik şüur anlayışına insanın estetik tələbatları, estetik maraqları, estetik zövqü, estetik idealı, estetik hissləri, bədii emosiyaları, bədii qabiliyyətləri, bədii təfəkkürü, bədii təxəyyülü daxildir və onun zəminində həyata keçir. O cümlədən, əxlaqi fəaliyyəti əxlaqi şüur reallaşdırır. (Doğrudur, bəzən insan hər hansı bir işi istəmədən, məcburən və ya kiməsə xoş gəlməkdən ötrü görür, ya da öz borcunu, vəzifəsini yerinə yetirir.)
Ardı →

Əxlaqi şüur

Müasir tədqiqatçıların çoxu əxlaqda iki, nisbətən müstəqil sahə olduğunu söyləyir: 1) əxlaqi şüur və 2) əxlaqi fəaliyyət (praktika və ya təcrübə). Bəziləri əxlaqda 3-cü elementi də ayırır ki, bu da əxlaqi münasibətlərdir. Lakin əxlaqi münasibətlər əxlaqi fəaliyyətlə (praktika ilə) əlaqədar olduğu üçün əksər hallarda hər iki element vəhdətdə nəzərdən keçirilir.

Əxlaqi şüur ictimai şüurun spesifik forması olub, ictimai münasibətləri əks etdirən anlayış və təsəvvürlərin məcmusundan ibarətdir. Anlayışlar sistemi hər hansı bir təlimin – siyasi, dini, estetik və s. özünəməxsus «dilidir» və bunlarsız əsas ideyaları ifadə etmək mümkün deyil. Ən ümumi anlayışlar kateqoriyalar adlanır ki, bunlar vasitəsilə gerçəklik müxtəlif səviyyələrdə dərk edilir. Əxlaqi şüurun anlayışlarının spesifikliyi ondan ibarətdir ki, onlar cəmiyyətin və şəxsiyyətin mənəvi həyatını özünəməxsus şəkildəəks etdirir.
Ardı →

Əxlaq və ictimai şüurun digər formaları

Əxlaq – ictimai şüurun qədim formalarından olub, insanlar arasındakı qarşılıqlı münasibətlərin xüsusiyyətlərini əks etdirir və tənzimləyir. Əxlaqi münasibətlərin rüşeymləri insan cəmiyyətinin formalaşmağa başladığı ilk çağlardan yaranıb. İbtidai dövrdə görülən bir çox işlər, məsələn, yem axtarma prosesi, bu zaman görüləcək işlərin planlaşdırılması və razılaşdırılması, əməyin bölünməsi, əmək alətlərinin hazırlanması təcrübəsinin yayılması zərurəti insanlar arasında olan qarşılıqlı münasibətlərin tənzimlənməsini tələb edirdi. Adətlər şəklində reallaşan bu cür tənzimlənmə ibtidai cəmiyyətin ilk əxlaq normalarına çevrilir. Adətlərin şüurlu surətdə nəsildənnəslə ötürülməsi və qorunması, mövcud quruluşa münasibətin formalaşması əxlaqın yaranmasına səbəb olur, əxlaqi təcrübəni praktik cəhətdən ümumiləşdirir və hamı üçün vacib edir.
Ardı →

Əxlaqın mahiyyəti

Əxlaq bugünkü vəziyyətinə birdən-birə, «hazır şəkildə» gəlib çıxmamışdır. Primitiv norma və təsəvvürlərdən yetişməyə başlayan əxlaq, bəşəriyyətin bütün tarixi boyu mövcud olmuş və olduqca mürəkkəb, uzun və hətta çətin bir yol keçmişdir. Tarixi inkişafın hər bir pilləsində maddi və mənəvi istehsal prosesi zamanı insanlar müəyyən davranış normaları, prinsipləri, qaydaları, adət vəənənələr, dəblər yaratmışlar. Cəmiyyətin təşəkkül tapdığı ilk günlərdən insanlar bir-birilə münasibətlərini tənzim etmək üçün yaratdığı bu birgəyaşayış qaydalarına riayət edir, öz hərəkətlərində nəyin pis, nəyin yaxşı olduğunu, hansı hərəkətin bəyənilib-bəyənilmədiyini xeyir və şər kateqoriyaları vasitəsilə qiymətləndirmişlər.
Ardı →

Azərbaycanda etik fikir tarixindən

Dünya mifoloji və fəlsəfi fikir tarixi insanın mənəvi həyatı ilə bağlı nümunələrlə zəngindir. Belə nümunələrdən biri «Avesta»dır. Şərq xalqlarının və ümumiyyətlə Dünya xalqlarının fikir tarixində görkəmli yer tutan Zərdüştilik və onun nəzəri təcəssümü olan «Avesta» dualist zəmində inkişaf tapmışdı. Dini-fəlsəfi doktrina olmaqla yanaşı, Zərdüştilik etik ideyalarla da zəngindir. O, insanların həyat tərzini, davranışını əks etdirərək insanları bir-birinə hörmət etməyə, qardaşlıq münasibətləri bəsləməyə, xeyirxah olmağa, şər qüvvələrə qarşı mübarizə aparmağa səsləyir. Zərdüşt inamına görə bütün varlıq 2 əks qüvvənin mübarizəsi üzərində qurulub: 1) işıq; 2) zülmət. Bütün şəxsiyyət idealı 3 amilin vəhdətindən yaranıb: 1) xeyirxah niyyət; 2) xeyirxah söz və ya fikir; 3) xeyirxah əməl.
Ardı →

Orta əsrlərdə və Yeni dövrdə etik fikir

Orta srlərdə istər Şərqdə, istərsə də Qərbdə, yəni Avropa ölkələrində etik fikir dini ideologiya çərçivəsində inkişaf edirdi. Kökləri eranın əvvəllərində Şərqin mistiklərindən başlayan dini-etik təlimlərin və xristianlığın ideya mənbələrindən biri stoiklərin fəlsəfəsi oldu. Məsələn, İskəndəriyyəli Filon (təxm. e.ə. 25 – təxm. e.ə. 40) Bibliyanı və yunan mifologiyasını şərh edərək dini etikanı ehtiyatla təbliğ edirdi. Onun fikrincə, heç olmasa bir gün yaşayan insan artıq günahsız deyil. İnsanların mənəvi həyatının əsas vəzifəsi Allahı təqlid etməkdir.
Ardı →

Antik dövrdə etik fikir

Qədim Yunanıstan. Həm ibtidai, həm də qədim dövrün əxlaq problemləri nəinki mifologiya, epos, poeziya və dramaturgiyada, həmçinin antik mütəfəkkirlərin ilk fəlsəfi konsepsiyalarında öz əksini tapdı. E.ə. VII əsrdə mövcud olan və ilk fəlsəfi məktəb sayılan Milet məktəbinin nümayəndələrinin (Fales, Anaksimandr, Anaksimen) sadəlövh materializmi və Efesli Heraklitin dialektikası mifoloji ənənələri inkar etdi.

E.ə. IV–III əsrlərdə Afina fəlsəfi mərkəz oldu. Bu, əvvəlcə digər pólislərdən (şəhər–dövlətlər) olan sofistlərin (məsələn, Abderdən Protaqor, Leontindən Qorgi, Keosdan Prodik, Eleydən Gippi) və onlarla daim mübahisə edən Sokratın, sonra isə Platonun Akademiyasının və Aristotelin Likeyinin fəaliyyəti nəticəsində baş verdi. Sokratın söhbətləri, Demokrit və sofistlərin təlimləri ilə yanaşı kirenaiklər (Sokratın şagirdi Aristipp), kiniklər (Qorgi və Sokratın şagirdi Antisfen), stoiklər (Kitiondan olan Zenon), skeptiklər (Karneaddan olan Arkesilay) məktəbləri də yarandı. Bunlarla mübarizədə Epikur özünün materializmə yaxın optimist konsepsiyasını yaratdı. E.ə. II əsrdə Yunanıstan Romanın əyalətinə çevriləndən sonra Qədim Yunan fəlsəfəsi tənəzzülə uğradı. Onun son mərhələsi III-IV əsrlərdə neoplatonizmin (Plotin, Porfiri, Prokl) çiçəklənməsi dövrünə təsadüf edir. Qədim Yunan etikasının ən maraqlı dövrü e.ə. V-III əsrlər Demokrit və Sokratdan başlamış Epikura qədərdir. Məhz bu vaxt mənəviyyat barədə ellin təlimlərinin bütün xüsusiyyətləri daha parlaq və müəyyən edilmiş şəkildə təzahür edir.

Demokrit (e.ə. 460–370) yunanlar içərisində ilk ensiklopedik düha idi. O, öz təlimində etika, məntiq, siyasəti birləşdirmişdi. Demokritə görə 2 cür qanun var idi: təbiət qanunları və insanlar tərəfindən müəyyənləşdirilmiş qanunlar. Birincinin pozulması məhvə səbəb olur. İkinciyə riayət etmədikdə isə insan hətta cəzasız da qala bilər. Demokrit hesab edir ki, xeyri olmayan həzzdən imtina etmək lazımdır. Xeyir və şər nə təbiətdə olur, nə də irsən keçir. İnsanlar tərbiyə vasitəsilə düzgün davranış seçir və xeyirlə şəri dərk edə bilirlər. (62, səh.145). Xoşbəxtlik nə sürüyə malik olmaqda, nə qızılda, nə qüvvədə, nə də puldadır. İnsanı xoşbəxt edən düzlük və müdriklikdir (62, səh.146). Demokritin etikasında ailə münasibətləri, tərbiyə problemləri, vətəndaşlara, dostlara, qohumlara münasibət geniş yer tutur. O, bunu çox vaxt aforizmlər vasitəsilə şərh edir. Demokritin əxlaq prinsipləri evdemonizmlə (insanların tələbatlarının tədricən ödənilməsi) müəyyən olunur. Bu təlimə görə hər şey qədərincə olmalıdır: nə az, nə də çox (yenə orada). Demokritin əxlaqi mövqeyi həmçinin rasionalizm (ən ali fəzilətin müdriklik, əxlaqi davranışın meyarının isə ağıl olması) və utilitarizmdir (xeyir, gərəkli olandır, şər isə zərərli olandır).

Sokrat (e.ə.469-399) şüurlu surətdə «böyük diakosmosun tədqiqindən imtina edir və diqqətini «kiçik diakosmos», yəni insan üzərində cəmləyir. O hesab edir ki, insanlara praktik cəhətdən xeyri olmayan şeyləri öyrənmək əbəsdir. Əgər insanlar ulduzlarda heç bir dəyişiklik edə bilməyəcəksə, onu öyrənməyin nə mənası? Tədqiqat real dəyişikliklərlə nəticələnməlidir. İnsan öz hökmünə tabe olan, dəyişdirilməsi və mükəmməlləşdirilməsi mümkün olan obyektləri tədqiq etməlidir. Belə obyekt insanın özüdür: özünü dərk et ki, dəyişə biləsən (62, səh.154). İdrakın sonsuzluğunu söyləyən Sokrat tez-tez təkrar edirdi: «Bircə onu bilirəm ki, heç nə bilmirəm» (62, səh.155). Xeyirxah olmaq üçün bilikli olmaq lazımdır. Xeyirin əsil mahiyyətini anlayan insan heç vaxt pislik etməz (101, səh.33). Fəzilətlər elm və təhsilləəldə edildiyi üçün əxlaqın mahiyyəti intellektual inkişafdır (102, səh.17).

Platon (e.ə. 427-347) etikasının
əsasını ideyalar və ruh haqqında təlim təşkil edir. Mənəvi keyfiyyətlərin, yəni fəzilətlərin fitri olduğunu söyləyən filosof hesab edir ki, düzgün tərbiyə bunları nizama salır, yanlış tərbiyə isə insanın «qabında olanları» ya məhv edir, ya da təhrif edir. Əxlaqın təməli, mənəviyyat nümunəsi Allahdır. «Allah hər şeyin meyarıdır» (84, t.3, kn.2, s.190). Xeyir ideyası Platon etikasında mühüm yer tutur ki, bu da əbədi olan ideyalar aləmində Allahın müntəzəm nəzarəti altında mövcuddur. Yer üzündə olan xeyirin bütün növləri ali «xeyir ideyasının» yalnız surəti ola bilər ki, bu da 3 anlayışın vəhdətindən ibarətdir: ölçü, gözəllik, həqiqət. İnsanın buna can atması əxlaqi davranış nümunəsidir. Beləliklə, Platon hesab edirdi ki, insanın əxlaqı Allahın tabeliyindədir. Bu dünyada ali xeyir ideyası 4 fəzilətləəlaqədardır: 1) müdriklik; 2) mərdlik; 3) tədbirlilik; 4) ədalət. Sonuncu, yəni ədalət əvvəlkilərin harmonik uzlaşmasıdır ki, bu da insanın bədənində müvəqqəti sığınacaq tapmış «ideyalar aləminin» nümayəndəsi olan ruhun hissələrinə uyğun gəlir 1) ağıl; 2) iradə; 3) hissiyat. Müdriklik ağıla, mərdlik iradəyə, tədbirlilik hissiyata uyğun fəzilətdir. Platon «Dövlət» əsərində dövrünün ictimai təbəqələrinin mövqeyinə uyğun əxlaq qaydalarının təsnifatını verir: müdriklər – cəmiyyəti idarə edən filosoflar, qəhrəmanlar – vətənin keşiyində duranlardır. Ya gərək cəmiyyətin üzvləri filosoflar səviyyəsinə yüksəlsin, ya da gərək cəmiyyəti filosoflar idarə etsin. Platon bu fikirdə idi ki, ali əxlaqa, yəni müdriklik və mərdliyə yalnız əslən aristokrat olanlar malikdirlər. Demosun (xalqın) əxlaqı isə tabeçilik və ya özbaşınalıqla bağlıdır ki, bu da onu mövcud qanunqaydaya qarşı mübarizəyə ruhlandırır. Platon qulları ümumiyyətlə insan hesab etmir və güman edirdi ki, onlar mənəvi həyata qadir deyillər. Buna görə də diqqət mərkəzində ola bilməzlər. Platonun etik fikirlərinə «Fedon», «Sokratın tərifi», «Qanunlar», «Dövlət», «Ziyafət», «Teatet», «Protaqor» və s. əsərlərində rast gəlirik.

Platon fəlsəfəsinin və etikasının həm tərəfdarları, həm də rəqibləri var idi. Onu qəbul etməyənlər sırasında e.ə. IV əsrdə qədim yunan filosofu Antisfen tərəfindən əsası qoyulmuş kiniklər məktəbi də var idi. Onlar Platonun xoşbəxtlik haqqında təsəvvürlərini abstrakt və qeyri-mümkün hesab edir və hər bir insanın fərdi xoşbəxtliyini buna qarşı qoyurdular. Antisfen həzz almaq hissini rədd edirdi: «Həzz almaqdansa, dəli olmaq yaxşıdır». İnsan təbii halda olsa yaxşıdır. Nə varlılar olmalıdır, nə də kasıblar (101, səh.35). Bu məktəbin digər nümayəndəsi Sinoplu Diogendir. O harada gəldi, hətta çəlləkdə yaşayır, primitiv geyinir, yabanı qida yeyir və yalnız su içirdi. O, insanları mənəvi azadlığa və cəmiyyətdən asılı olmamağa çağırırdı. Makedoniyalı İskəndər bir dəfə görüş zamanı ondan nə istədiyini soruşduqda o belə cavab verib: «Burdan çəkil və işığın qabağını kəsmə». Maddi nemətlər və insanın həzz almağa olan təbii arzuları onu korlayır. Var-dövlətdən, həzz almaqdan, ictimai təltiflərdən imtina etmək və bunları qınamaq, öz mənəvi aləminin dərinliklərinə baş vurmaq qabiliyyəti insanın ən ali fəzilətidir. Beləliklə, kiniklərin təlimi – hedonizmin neqativ formasıdır.

Kirenaiklər hesab edirdilər ki, duyğular xoşagələn və xoşagəlməyən olur. Xoşagəlməyən duyğular əzab gətirdiyi üçün şər, xoşagələn duyğular isə həzz yaratdığı üçün xeyirdir. Aristipə görə xoşbəxtlik ləzzət və zövq hissidir. Kirenaiklərin etikası hedonizmlə bağlıdır (hedone – latınca həzz, zövq deməkdir). Aristip insanın həyatının məqsədini həzz almaqda görür. Onun fikrincə insan 3 növ psixi vəziyyətə düşə bilər: 1) həzz; 2) iztirab; 3) neytral.

Stoisizm (yunanca portik – «binaya yapışıq sütunlu eyvan» sözündən olub, stoiklərin yığıldığı yeri bildirir) e.ə. IV əsrdə Kitionlu Zenon (e.ə.336-264) tərəfindən yaradılıb. Stoiklərin fikrincə, insan müdrik vəəxlaqlı olmaq üçün daim özünü tərbiyə etməlidir. Buna görə də fəzilət həzzlə deyil, kamilləşmə iləəlaqədardır. Yalnız insanın mənəvi kamilliyi ətrafdakı mənəviyyatsızlığa müqavimət göstərə bilər. Mənəviyyatın zirvəsi ehtiraslara etinasız olmaqdır, çünki hiss və ehtiraslara, hətta xoşniyyətli hiss və ehtiraslara tabe olmaq zəiflik əlamətidir. Əsl xoşbəxtliyin həzzləəlaqəsi yoxdur, var-dövlət, şöhrət və digər nemətlərin səbəbi taledir. Mədəniyyətin zirvəsi insanın onsuz da dəyişə bilməyəcəyi hadisələrə mane olmamaqdır. Stoisizmin son, Roma dövrü – Seneka, Epiktet, Mark Avrelinin adları ilə bağlıdır. Onların fikrincə insan daim öz borcunu yerinə yetirməlidir. Əxlaqın əsas anlayışları borc, xeyir, şər və s. daimi tələblər olub, insanın taleyi iləəlaqədardır. Borcu yerinə yetirmək özü xoşbəxtlikdir.

Epikur (e.ə. 341-270) etikanı fəlsəfənin əsas sahəsi hesab edirdi. Onun fikrincə, etika Yer üzündə insan xoşbəxtliyinə nail olmaq haqqında təlimdir. Xoşbəxtlik əzab və həyəcandan uzaq olan daha möhkəm və uzunmüddətli hissdir. Həyatın məqsədi vəən ali neməti bədənin sağlamlığı, qəlbin rahatlığı, mənəviyyatın meyarı isə hisslərdir. Əxlaqın çıxış nöqtəsi xoşbəxtlikdir. Hedonizm kimi evdemonizm (latınca «xoşbəxtlik») də qədim yunan etikasında mühüm yer tutur ki, bu da daha çox Epikur yaradıcılığında inkişaf tapıb. Xoşbəxtliyə çatmaq təbii cəhddir. Xoşbəxt həyatın əvvəli və axırı həzzdir. Həzz insanın ilk fitri nemətidir. Bu müddəa Epikuru hedonistlərlə yaxınlaşdırır. Əsl xoşbəxt həyat – həyəcan və iztirabsız həyatdır. Ona biliklə vəəxlaq normalarına riayət etməklə çatmaq olar. Əlbəttə, heç də həmişə dərd və iztirabdan yaxa qurtarmaq mümkün deyil, hər bir həzzdə iztirab da olur. Həzz 2 növ olur: 1) qida, yaşayış yeri, geyim və sairədən alınan maddi, fiziki həzz; 2) bilik və dostluqdan alınan mənəvi həzz. Bunlar ağılla seçilməlidir. Xəstəlik və iztirab gətirən fiziki həzzdən qaçmaq, sadə və xeyirli həzzə can atmaq lazımdır. Bəzi müəlliflər, məsələn, V.Q.İvanov antik etikanın zirvəsində Aristoteli deyil, məhz Epikuru görür (62, səh.189).

Aristotel (e.ə.384-322) nəzəri problemlərin həllində öz dövrünü qabaqlayaraq e.ə. IV əsrədək mövcud olan bir sıra elm sahələrini ümumiləşdirir. Qədim dövrün etik fikir tarixində və onun inkişafında müstəsna rol oynayan dahi filosof etika elminin məsələlərini sistemləşdirir. İlk dəfə olaraq Aristotel etikanı elmi-fəlsəfi biliklər sisteminə daxil edərək onu ruh haqqında elm olan psixologiya və dövlət haqqında elm olan politikanın ortasında yerləşdirir. Aristotel etikanı öz ictimai-siyasi baxışlarına uyğun işləyərək hesab edir ki, etika siyasət və iqtisadiyyatla çox bağlıdır. «Nikomax etikası» Aristotelin əxlaq problemlərini daha dərindən ifadə etdiyi nəzəri traktatdır. Burada Aristotel etikanı predmeti əxlaq olan cəmiyyət haqqında elmin bir növü, tətbiqi və praktik elm kimi nəzərdən keçirir. Əsərdə Aristotel oğluna düzgün davranışla əlaqədar öyüd-nəsihət verir. Əgər Demokritin etik təlimi aforizmlərəəsaslanırdısa, Platon öz fikirlərini dialoq formasında, Aristotel isə monoloq formasında ifadə edirdi. Bədiilikdən və gündəlik məişət düşüncələrindən uzaq olan «Nikomax etikası» əsəri əsl elmi əsər kimi qiymətləndirilir. Aristotelin fikrincə, əxlaqi sistem yaratmaq üçün əvvəlcə müəyyənləşdirmək lazımdır ki, nemət nədir, ikincisi, insan bu nemətləri qazana bilərmi (burada hərəkətin qiymətləndirilməsi və iradə azadlığı problemləri qoyulur), üçüncüsü, nemətə çatmaq üçün hansı yolla getmək lazımdır (fəzilət, onun mahiyyəti və tərbiyə imkanları problemi) və dördüncüsü, insan cəhdlərinin daha layiqli məqsədi olan ali nemətlər nədir. Əsər nemətlər, fəzilətlər, iradə azadlığı haqqında təlimlərdən ibarətdir. Traktat mənəvi ideal haqqında mühakimə ilə bitir ki, bunu da hamı başa düşmür. Aristotel fəzilətlərin fitri deyil, sonradan qazanılan keyfiyyət olduğunu söyləyir. Aristotel özünün ruh haqqında təliminə uyğun olaraq fəzilətlərin təsnifatını verir. Fəzilətlərin spesifikasını müəyyənləşdirən Aristotel psixologiyaya müraciət edir. Mənəvi fəzilətlər ruhun hansısa vəziyyəti deyil və insana təbiət tərəfindən verilməyib, təbiət yalnız fəzilətli olmaq üçün şərait yaradır. Bütün əxlaqi fəzilətlər insanın fəaliyyəti zamanı həyata keçir. Bunlara – ədalət, dostluq, məhəbbət, mərdlik, mötədillik, əliaçıqlıq, sülhsevərlik, xoşxasiyyətlilik və s. aiddir. Bütün bunlar həm də ictimaidir. Fəzilətlər fitri olmadığı üçün Aristotel onların tərbiyə olunmasına xüsusi fikir verirdi. Özü də yalnız uşaqlar deyil, bütün vətəndaşlar, hətta insanın emosional qavrama qabiliyyəti və hissləri də tərbiyə edilə bilər. Aristotel etikasında mühüm yer tutan ədalət digər insanlara münasibət zamanı fəzilətə çevrilir.

Roma fəlsəfəsi kimi etik fikri də yunan mədənyyətinin təsiri altında olduğunu büruzə verir. Əgər ədəbiyyatın, xüsusən də poeziyanın təsiri e.ə. III-II əsrlərdə bilindisə, fəlsəfənin inkişafına e.ə. 155-ci ildə Romada açılmış Afina səfirliyi təkan verdi. Onun fəaliyyətində stoiklərdən Diogen, Akademiyanın başçısı skeptik Karnead və peripatetik Kritolay iştirak edirdi. İlk Roma filosofu sayılan Siseron fəlsəfi biliklərin yayılmasına çalışaraq etikada stoisizmə meyl edir. Parlaq üsluba malik olmasına baxmayaraq, etikası heç bir orijinallığı ilə fərqlənmədiyi üçün Siseronun etik baxışları əks olunmuşəsərlərinin yalnız adlarını çəkməklə kifayətlənək: «Tuskulan söhbətləri», «Ali nemət vəşər haqqında», «Borc haqqında».
Epikurun davamçısı Lukretsi Kar (e.ə. 199-44) «Şeylərin təbiəti haqqında» poemasında Epikurun etika və naturfəlsəfəsinə yenidən qayıdır.
Ən varlı romalı olan Seneka (e.ə. 4/5-65) siyasi xadim, yazıçı, filosof-moralist (əxlaqa aid əsərlər yazan yazıçı) idi. İlk növbədəəxlaq müəllimi kimi tanınan Senekanın şeirləri, pyesləri və pamfletləri içərisində «Qəzəb haqqında», «Mərhəmət haqqında», «Xoşbəxt həyat haqqında» və s. traktatları, «Lusiliyə məktubları» vardır ki, bunlarda müəllifin etik təlimi daha çox özünü büruzə verir.
Antoninlər sülaləsinin imperatoru, roma stoisizminin son nümayəndəsi Mark Avreli əxlaq müəllimi olmağa çalışmasa da, filosofluq edərək qısa qeydlər yazırdı ki, bunlar da onun ölümündən sonra işıq üzü gördü. «Özümə qarşı düşüncələr» adlı intim gündəliyində müəllif həyat, onun yaranması, insanın mövqeyi barədə fikirlər yürüdürdü.

Ümumiyyətlə, antik etika hedonizm mövqeyində dayanaraq hesab edir ki, insanın fəaliyyətinin məqsədi xeyir və mənfəət əldə etmək, həzz almaq və xoşbəxtliyə çatmaqdır, lakin bununla belə, insan öz kefinin əsiri olmamalıdır, hər şeydə ölçü gözləməlidir.

Mənbə: Etika: İncəsənət təmayüllü ali məktəb tələbələri üçün dərslik.- Bakı: 2009.- 160 s.
Müəllif: ŞAHHÜSEYNOVA SEVİNC ASİF qız
Davamı →

Qədim Hindistan və Çində etik fikir

Etikanı elm şəklinə rəsmən Aristotel salsa da, onun tarixi hələ çox-çox əvəllərdən başlayır. Hələ ibtidai dövrdə insanların davranışını tənzimləyən müəyyən əxlaq normaları və qaydaları mövcud idi. Bunlar müqəddəs sayılır, onlara riayət etməyənlər cəzalandırılır, hətta icmadan qovulurdular. Quldarlıq dövrünə xas əxlaq yalnız azad vətəndaşlar arasındakı münasibətlərə aid idi. Çünki qullar insan hesab edilmirdilər.
Fəlsəfə kimi etika da qədim Şərq ölkələrində inkişaf etməyə başlamışdır. Misir, Babilistan, Hindistan və Çində formalaşmağa başlayan etik nəzəriyyələr sonralar Qədim Yunanıstan və Qədim Romada özünün tam ifadəsini tapır.
Qədim Hindistanda xüsusi ayin şəklində mövcud olan əcdadlara münasibət sonralar müxtəlif etik nəzəriyyələrin formalaşmasında müəyyən iz buraxdı. İstər ortodoksal («astika», yəni ved nüfuzunu qəbul edən) – sankxya, yoq, vayşeşik, nyaya, vedanta, mimans; istərsə də qeyri-ortodoksal («nastika», yəni ved nüfuzunu inkar edən) – caynizm, buddizim, lokayata məktəbləri özünəməxsus etik məzmuna malik idi.
Ardı →

Etika fəlsəfi elmdir

Fəlsəfi elmlər sistemində mühüm yer tutan etika insan idrakının ən qədim sahələrindən olan əxlaq haqqında elmdir.
Hələ ibtidai dövrdə insanların müəyyən adət-ənənələr, qaydalar, qadağalar və s. formada mövcud olan münasibətləri zaman keçdikcə mürəkkəbləşir, yeni məzmun kəsb edirdi. Bu münasibətlər ibtidai insanların dünya haqqında təsəvvürlərini təşkil edən totemizm, animizm, fetişizm və magiyanın təsiri altında dəyişirdi. Həyat fəaliyyəti prosesində inkişaf edən bu təsəvvürlər əsatir fəlsəfəsinin formalaşmasını təmin etdi.

İlk sinifli cəmiyyətdə insanların şüuru xeyli irəliləyərək əsatiri yaratsa da, Qədim dövrə xas olan mifoloji dünyagörüş hələ yalnız «fəlsəfənin kandarına» çatmaqda idi. Bununla belə, sinkretik (bölünməmiş) mifoloji dünyagörüş dünya haqqında tam təsəvvür yaradan, dünyanı bütöv, küll halında öyrənən fəlsəfi dünyagörüşün sələfi oldu. Sinkretik mifoloji dünyagörüş insanların siyasi, hüquqi, dini, elmi, fəlsəfi, əxlaqi, estetik və s. görüşlərini vəhdətdəəks etdirirdi.
Ardı →

Dərvişlər

Dər­viş­lər hər za­man öz­lə­ri­ni Al­lah-taa­la, pey­ğəm­bər və əh­li-bey­tin məd­hiy­yə­çi­lə­ri sa­yıb­lar. «Dərviş öz evini çiynində gəzdirər» deyimi onların laməkan olmasına işarədir. Araşdırmalar göstərir ki, dər­viş­lik orta əsr­lər­də ya­yıl­ma­ğa baş­la­yıb. Di­yarbadi­yar gə­zən dər­viş­lər əsa­sən Al­la­hın şə­ni­nə, pey­ğəm­bə­ri­miz və onun əh­li-bey­ti­nin şə­rə­fi­nə qə­zəl­lər oxu­yub, mü­qəd­dəs­lə­ri təb­liğ edən mər­si­yə­lər de­yər­miş­lər.

İslam ölkələrinin çoxunda dərvişlik ayrıca təriqət hesab olunur. «Dərviş» fars sözü olub mənası qapı-qapı gəzən, sədəqə toplayan adam deməkdir. Amma əslində onlar sədəqə toplayan dilənçilər deyillər, dərvişlər tamam fərqli  həyat və düşüncə tərzinə malik olublar.
«Dərviş» sözü zaman-zaman geniş coğrafi məkanda uzun müddət istifadə edilməsi səbəbiylə dəyişik və daha geniş mənalar qazanıb. Məsələn, dərvişliyin bir mənası yoxsulluq və könül zənginliyi olubsa, ikinci mənası faniliyi ifadə edib.
Ardı →