Xəyanətin psixoloji səbəbləri

Bildiyimiz kimi xəyanət problem cəmiyyətimizdə mövcud olan ən aktual problemlərdən biridir.

Əksəriyyətimiz xəyanət dedikdə fiziki (cinsi) xəyanəti nəzərdə tuturuq və bizim üçün ən ağırı fiziki xəyanətdir deyə düşünürük. Xəyanətin isə formaları var: Fiziki, psixoloji və sosial xəyanət.

Fiziki xəyanət adından da göründüyü kimi cinsi xəyanətdi. Psixoloji xəyanət dedikdə isə daha geniş mənada başa düşülür. Yəni yanında biri, düşüncədə isə başqa birisi olur ki, bu da psixoloji xəyanəti tam mənasıyla açıqlayır. Sosial xəyanət isə ailədə bəzən kişi öz xanımına işləməyə icazə vermir, onu cəmiyyətdən uzaqlaşdırır, xanımına bir çox şeydə qadağa qoyan ər, qadına sivil insan kimi yaşamağa icazə vermir, onu qısıdlayır.

Xəyanət bizə nə qədər uzaq gəlsə də dünya əhalisinin 79 %-i xəyanətlə üzləşir. Bu çox yüksək rəqəmdir.

Qadınlara elə gəlirki dünya qurulandan kişilər xəyanətkar doğulublar və onlar kənarda eşq yaşamasalar dözə bilməzlər. Kişilər üçünsə əksinə. Nə qədər çox qadınla tanış olsalar bir o qədər şərəfli statusa sahib olduqlarını düşünürlər. Amma bu əksinədir. Xəyanət insanın şəxsi keyfiyyətlərini aşağı salır, yalan-yalan doğurur, gərginləşdirir və s. kimi həyat keyfiyyətini aşağı salır. Xəyanətkar- bu kişilərə yaraşmayan sözdür. Onların fikrincə xəyanətkar qadınlardır.

Hər bir nigah müəyyən müddətdən sonra darıxdırıcı olur.

Statistikaya görə qadın ərinə toydan 5-7 il sonra xəyanət etməyə risk edir. Kişi isə evlənəndən cəmi 1 həftə sonra bu addımı atmağa hazırdır. Bəs bunun səbəbi nədir ?

İllərdən bəri davam edən xəyanətin bir çox fərqli səbəbləri ola bilər. Kişilərin aldatması ilə bağlı müxtəlif zamanlarda müxtəlif araşdırmalar aparılıb. Əldə edilən nəticələr isə, səbəblərin bir-birindən fərqli olduğunu ortaya qoyub.

Aldadılan qadın uzun müddət narahat olur, özünü dəyərsiz və yetərsiz hiss edir. Qadın bəzən sevilmədiyini düşünüb, duyğusal böhrana da girə bilər. Qadınlar aldadıldıqdan sonra aylarla niyə aldadıldıqlarını düşünərlər.

Mütəxəsislərin fikrincə, aldadan kişilərin psixologiyasına nəzər salan zaman, kişilərin macəranı sevdikləri əsas gətirilə bilər. Kişi aldatma müddətində olan gizlilikdən həzz alır və gizli olan bu vəziyyət onu həyəcanlandırır. Öz münasibətində həyacan hiss etməyən kişi münasibətin əvvəllərində yaşadığı eyni həyəcanı və başqa bir münasibətə başlayaraq gizli şəkildə yaşayır.

Xəyanətkar qadınlardan kişilərin 70 % boşanır. Xəyanətkar kişiləri isə cəmi 30 % qadın tərk edir. Çünki xüsusən şərq ölkələrində qadın xəyanəti əxlaqsızlıq, kişi xəyanəti isə cəsur və əsl kişiliyə yaraşan bir addım hesab olunur. 
Təəssüfki qadınların da əksəriyyəti kişiləri xəyanətə görə boşamağa tələsmir. Qeyd etdiyim kimi xüsusilə şərq ğlkələrində qadınlar kişi xəyanətini müvəqqəti bir addım kimi görürlər. Amma burda həssas bir məqam var hansıki ailədə xəyanətin kiçiyi və ya böyüyü olmur. Xəyanət, sədaqət andı içmiş iki insanın arasında olan bütün ülvi hissləri dağıdan məhv edən böyük və dağıdıcı bir addımdır. Sadəcə ailəyə üçüncü şəxslər tərəfindən müdaxilə olunur və xəyanət üstündə mənəvi çökmüş «ailələr» birlikdə yaşamağa davam edirlər

Xəyanətə sırf psixoanaliz istiqamətindən yanaşsaq. Psixoanalizdə qeyd olunur ki bir kişi xəyanət edirsə öz anasından intiqam alır, qadın xəyanət edirsə öz atasından intiqam alır. Psixoanalizin əsasını qoyan Z.Freydin edip (oğulun öz anasına olan sevgisi) və elektro (qızın atasına olan sevgisi) kompleksinə görə qadın xəyanət edirsə, onun əsasında atası qızını yox onun anasını seçdiyinə görə gələcəkdə ondan qisas almaq istəyi durur (təbii ki şüuraltı olaraq). Kişi xəyanət edirsə anası onu yox atasını seçdiyinə görə gələcəkdə ondan intiqam almaq istəyi onun şüuraltında olur. Nəticə etibarilə hamı potensial xəyanətkar ola bilər. Yəni necə ki bir insanda həm sevinc, həm nifrət həm aqressiya həm kədər hissləri varsa xəyanət də var. 

Tez-tez qarşılaşdığımız xəyanət səbəblərindən biri də sərxoşluq halıdır. Bir çox kişinin yaşadığı bu vəziyyət çox önəmlidir. Kişi sərxoş olarkən məntiqli düşünməyə bilər və itirəcəklərinin o an fərqində olmaz. Həmin mühitdə olan qadın kişiyə yaxınlaşarsa və yaxud kişi qadını bəyənərsə, sərxoş halda ikən aldatma baş verə bilər. Bu səbəblə də, aldatmalarda spirtli içkilərin rolu böyükdür.

Əslində aldatma bir seçimdir. Kişi, bunu şüurlu şəkildə seçir. Kişinin həmin an duyğularına “yox” deyə bilməməsi içində olduğu münasibəti unutmaq, yox saymaqdır. Bu formada aldadan kişilərin çoxu, sonradan peşman olur. İradəsizlikdən qaynaqlanan xəyanət, əksər kişilərin problemidir.

Aldatmağın başqa bir səbəbi kişinin yaşadığı münasibətin problemli olmasıdır. Kişilər problemlərdən qaçmaq üçün sevgilisini və ya həyat yoldaşını başqa bir qadınla dəyişə bilir. Bu, kişinin düşündüyü ani çarədir. Nəticəsini düşünmədən hərəkət edirlər.

Psixoloq deyir ki, aldatmağı asılılıq halına salan kişilər hər zaman aldadar. Daima özlərini yetərsiz hiss etdikləri üçün aldadarlar. Belə olan zaman kişi, özünü daha dəyərli hiss edir. Bu, bir psixoloji problemdir. Kişilər bu problemi həll etmək üçün mütəxəssisə müraciət etməlidir. “Kişilər niyə aldadır?” sualına cavab tapmaq üçün problemin kökünə baxmaq lazımdır.

P.S. Elə bir zamanda yaşayırıq ki, tanışlıqlar asanlaşıb, əlaqə yaratmaq və ünsiyyət qurmaq sadələşib. Bu vəziyyətdə isə, insanların bir-birinə verdiyi dəyər itir. Artıq qadının kişi, kişinin qadın üçün bir önəmi qalmır. Kişi də, qadın da düşünür ki, ayrıldıqdan sonra başqasını tapmaq o qədər də zaman almayacaq. Bu səbəbdən də, cəmiyyətdə təkcə kişilər deyil, qadınlar da aldadır. Hirsindən, qəzəbindən, aqressiyadan, əvəz çıxmaq üçün və hərhansı səbəblə…

Xəyanət varsa, artıq ortada bir münasibətin bitdiyi deməkdir. Kişinin və ya qadının ailəli və ya sevgili olduğu biri varsa və münasibətə üçüncü biri daxil olursa, deməli, heç o ailə və sevgi münasibətindən danışmağa dəyməz. Belə hal ilə qarşılaşdığınız zaman ya hər şeyə göz yumub, susub davam etməlisiniz, ya da getməlisiniz.

Göz yumub davam etsəniz zamanla özünüzə olan hörmətiniz itəcək, qürurunuz hər gün tapdanmış və qadın\kişi olaraq özünüzü əskik hiss edəcəksiniz. Çünki partnyorunuz sizinlə olduğuna baxmayaraq sizi seçməyib başqasını seçmiş və sizi dəyərsizləşdirmiş olacaq.

Getsəniz bir müddət sizi təklik sixacaq, qısamüddətli dəyərsiz hissi sizi boğacaq amma zamanla bu keçib gedəcək və artıq hissləriniz yox beyniniz, məntiqinizlə düşünəndə anlayacaqsınız ki, xəyanətkar biriylə dəyərsizləşməkdənsə tək amma qürurum və şəxsiyyətim əzilmədən yaşamaq gözəldir.

 

0 şərh