Sexual selection

Niyə gözəl qadın görən kimi kişilər ağıllı sözlər danışmağa başlayır?
Müasir dövrdə həyatın sükanı kişilərin əlindədir. Fiziki güc tələb eləyən sənətlər bir yana qalsın, siyasət, iqtisadiyyat, hərb, inşaat kimi sahələrlə yanaşı nisbətən oturaq həyat tərzi tələb eləyən incəsənət, elm, hətta ədəbiyyatda da kişilərin yaratdığı hələ ki, ən yaxşılarından sayılır.

Qəribədi, yazırlar, yaradırlar, təqdim eləyirlər, mübahisə edib sübuta yetirirlər, filmlər çəkirlər, göstərirlər, görünməz intellek nümayiş eləyirlər, amma yaradıcı sözünü onlara çox ehtiyatla deyirlər. Çünki Yaradanın tək olduğunu hamı anlayır. Bəd ayaqda dünyaya uşaq gətirən, evdə oturub bozbaşını bişirən qadınlara da yaradıcı deyirlər. Bir az haqsızlıq kimi görünür. Amma kişilərin ambisiyaları, fərqlənmək instiktlərinin təbii kökləri də var.

tovuz quşu,peacock birdTovuz quşunun quyruğunu açıb forsla gəzişməsini görmüş olarsız. Ona baxanlardan kimsə fikirləşmir ki, «Eh, dişisinin xoşuna gəlməkçün belə «tryük» hazırlayıb». Amma əslində tovuz quşunun dişisinin xoşuna gəlməkdən savayı istəyi yoxdu. Onun heç vecinə də deyil ki, Məmməd, ya da Fatmanisə bu səhnəyə baxıb bayılacaq və cənnət haqqında düşüncələrə dalacaq. Yazıb pozan, nitqini, intellektini böyüdən kişilər – böyük ədəbiyyat adıynan, ya da reportyorluq işi kimi buna baş qoşan, fərq eləməz – ən qədim instinklərinə qulaq asır və yəqin ki, düz də eləyir. Tovuz quşu quyruğunu inkişaf elətdirdiyi illər, bəlkə də əsrlər ərzində kişilər dili inkişaf elətdiriblər. İndi deyəcəksiz ki, bəs niyə gözəl qadın görən kimi kişilər dilini sanki udur, danışa da bilmir? Gözəl qadın görəndə dilini yalnız axmaq kişilər udur, ağıllıları danışmağa başlayır, özü də necə?..

İnsan nitqində ünsiyyət üçün nəzərdə tutulmuş ehtiyacdan daha artıq söz ehtiyatı var. Mütəxəssislər psixologiyanın inkişaf mərhələlərin aşkarlamaqçün xüsusi eksperiment apararaq ortaya çıxarıblar ki, gözəl qadın görəndə kişilər nadir sözlərdən istifadə eləməyə başlayır. Bu bir daha sübut eləyir ki, insanın linqvistik bacarığı cinsi seçimin təsiri altında inkişaf edərək intellek nümayişi formasına gəlib çıxıb. Çünki hər hansı fikri çatdırmaqçün insana 2000 söz kifayət eləyir. Adətən izahlı lüğətlər elə bu qədər sözlə kifayətlənir. Bədii ədəbiyyatı dərindən anlamaqçün 9 min söz bilmək lazımdı. Hər hansı, lap çox ciddi və səviyyəli söhbətləri aparmağa 6-7 min söz tam kifayət eləyir. Amma orta statistik savadlı insan 20 min söz bilir. Bəzən 100 min və daha artıq söz bazası olan adamlara da rast gəlmək olur. Belə israfçılıq nəyə lazımmış ki?
Bunu belə izah eləmək olar ki, «artıq» sözlər cinsi seçim, alimlərin «Sexual selection» adlandırdığı öz genlərinin imkanlarının tam nümayiş etdirilməsi vaxtı bir vasitə kimi inkişaf etdirilib. Belə nümayiş canlılar aləmində çox geniş yayılmış üsuldur. Bu vasitə «lovğa» fərdə canı bahasına başa gəlir. Məsələn, həmən tovuz quşu quyruğunu böyütdüyü illər, əsrlər ərzində başqa quşlar sürətli uçmaq, hürdürə tullanmaq kimi bacarıqlarını inkişaf etdiriblər. Amma tovuz quşu quyruğunun ucbatından yırtıcıların rahat ələ keçən qurbanı ola bilər. Deməli məntiqi belə nəticə çıxır ki, kimin quyruğu uzundursa, yırtıcı birinci onu yaxalayacaq, çünki o, qaçıb qurtula bilmyəcək. Dişi də anlayır ki, əgər o, belə böyük və gözəl quyruğu ilə üstəlik yırtıcılardan qurtulub nigah mahnısı oxuya bilirsə deməli onun çox yaxşı genləri var. Üstəlik uşaqları da sağlam olacaq. (Bu yerində yazıq yazarların, ədəbiyyatda hələ də öz sözünü deməyə imkan tapmamış və hələ də hər gecə yuxularında «Nobel mükafatı» görən «dilli» kişilərin arvadları və rəfiqələrinə bir başsağlığı vermək istərdim. Düzdü də, belə zəmanədə yazayasan və hələ də acından ölməyəsən, böyük qəhrəmanlıqdı! Üstəlik onun uşaqları da yazacaq, yazacaq, sonra danışacaq…). Dəbin əksinə gedib quyruğunu (quyruq sözünün yerinə nə istəsəz yaza bilərsiz, bu artıq zövq məsələsidir) bəsləməyən erkəyi seçmiş dişi həyata onun kimi fərsiz uşaqlar cətirmək risqini eləyir. Onlar da böyüyüb ataları kimi fərsiz olacaq, ona görə də dişiləri cəlb eləyib nəsil verə bilməyəcək. Bəli, bu hər bir canlı üçün böyük faciədir. Odur ki, yazın, danışın, dil boğaza qoymayın, əzizlərim. Biz sizi izləyirik, oxuyuruq. Seriallardan, şou proqramlardan artıq qalan vaxtımız sizə qurban olsun. Yaxşı ki, siz yazırsız və danışırsız. Quşlar kimi qanad açmır, tüklərinizi rəngləmir, böcəklər kimi ayaqlarınızın, halqalarınızın sayını artırmırsız. Biz sizi elə belə də bəyənirik…
P.S. Mərhum tarzən Sərvər İbrahimov gözəl tarzən olduğu qədər də böyük müəllim idi. Bir dəfə adaxlıbazlığa görə dərsdən qalmış şagirdlərinə təxminən belə bir moizə oxumuşdu: «Sən gözəl tar çalmağı bilsən sən qızların dalıyca deyil, onlar sənin arxanca qaçacaq. Onda nəinki bütün qızlar, hətta mənim arvadım də sənin ola bilər, bunu başa düş!»

Müəllif Gülnarə RƏFİQ [email protected] Mənbə: Bizim Yol

 

0 şərh