Elm üstündür, yoxsa mal?

«Mən elmin şəhəriyəm, Əli də bu şəhərin qapısıdır».Bu sözləri ulu Peyğəmbərimiz Məhəmməd Rəsululah söyləmişdir.O, öz əmisi oğlu Əlinin ağlını və dərrakəsini çox yüksək qiymətləndirirdi.«Allahın Aslanı» ləqəbini qazanmış Əli ibn Əbu Talib həmişə elmi var-dövlətdən üstün sayırdı.

Həzrət Əlinin yüksək elminə şübhə edən bir neçə şəxs sözü bir yerə qoyur ki, bir-bir gedib Əliyə «Nəyə görə elm maldan üstündür?» — deyə sual etsinlər.Əgər Əli hamıya eyni cür cavab versə, deməli, o, bir o qədər də elmli deyil.Belə də edirlər.Bir-bir onun hüzuruna gedirlər.

Həzrət Əli birinciyə belə cavab verir:

-Elm üstündür, çünki o, peyğəmbərlərdən mirasdır mal isə — hökmdarlardan.İkinciyə deyir: -Elm daha önəmlidir, çünki elm sahibini qoruyur, malı isə sahibi qoruyur.

Üçüncüyə cavab verir:

-Elm daha böyük ləyaqətdir, çünki mal  sahibinin düşmənləri çoxdur, elm sahibinin isə dostları.

Dördüncüyə belə deyir:

-Elm daha üstündür, çünki malı payladıqca azalır, elmi payladıqca çoxalır.

Beşinciyə cavabı belə olur:

-Mal sahibinə «xəsis» deyərlər, elm sahibinə isə hörmətlə xitab edərlər.

Altıncını:

Mal qəlbi qaraldır, elm isə nurlandırır -deyə yola salır.

Yeddinciyə cavab verir:

Elmə çatan istəsə mala da çatar.Mala can atan isə elmdən uzaqlaşar.Həzrət Əlinin biliyini yoxlamaq istəyən şəxslər onun elmin yüksək zirvəsində olduğunu başa düşüb «Allahın Aslanı»nı rahat buraxdılar.

 

0 şərh