Göllər və digər su hövzələri

Qurunun təbii çökəkliyində yerləşən və okeanla əlaqəsi olmayan su hövzəsinə göl deyilir. Gölün olduğu çökəkliyə göl çuxuru deyilir. Mənşəyinə görə göl çuxurları aşağıdakı növlərə bölünür:
1. Tektonik göllər - yer qabığındakı tektonik mənşəli çökəklərdə yaranır. Belə göllər dərin olur. Məsələn: Tanqanika, Baykal Ladoqa.
2. Vulkanik göllər - sönmüş vulkan kraterində yaranır. Sahəsi kiçik olur.
3. Buzlaq gölləri - yüksək dağ çökəkliyində buzlaqların eşicilik fəaliyyəti nəticəsində yaranır. Alp və Qafqaz dağlarında, qədim buzlaşma sahələrində, məsələn, Skandinaviyada çoxdur: Tufangöl, Böyük Kölə, Böyük Ayı.
4. Çökmə göllər - karst sahələrində əmələ gəlmiş çökəkliklərdə yaranmış göllərdir.
5. Uçqun gölləri - zəlzələ nəticəsində dağın uçması və çay dərəsinin qarşısını alması nəticəsində yaranır Göygöl, Maralgöl.
6. Relikt (və ya qalıq) göllər - okeanın bir hissəsi olub, qurunun qalxması nəticəsində və ya suyun çəkilməsi nəticəsində okeandan ayrılan göllərdir: Xəzər, Aral, Ölü.
7. Axmaz göllər - çay dərəsinin yerdəyişmasi zamanı qədim çay dərəsində, yəni meandr əyriliyində qalan dayaz oraq şəkilli göllərdir. Məsələn: Sarısu, Mehman, Ağgöl.
8.Meteorit mənşəli göllər-meteoritin düşdüyü yerdə qalan çökəklikdə yaranır.

Suyunun tərkibinə görə göllər: şirin və şor olur:
a) Şirin sulu göllər - mülayim və ekvatorial iqlim qurşaqlarında daha çox yayılıb. Bu cür göllərdən çay mənbəyini götürdüyü üçün gölün suyu daim təmizlənir və duz yığılmağa imkan vermir, Belə göllər axarlı göllər adlanır. Onlarda duzluluq l ‰ -dən az olur. Dünyanın ən böyük şirin gölü Şimali Amerikadakı Yuxarı göldür;
b) Şor sulu gölə çay tökülüb, lakin ondan heç bir çay başlamırsa duzluluq artır. Belə göllər axarsız göllər adlanır. Tropik və quraq ərazilərdə daha çoxdur. Dünyada ən şor göl Ölü dənizdir (45 ‰).
Su rejiminə görə göllər:
1. Axarlı (şirin) – Ontario, Baykal, Eri, Viktoriya və s.:
2. Axarsız (şor) – Xəzər, Aral, Ölü, Acınohur və s. Göllərin yayılması yağıntı və buxarlanmadan asılıdır.
Ən böyük göllər - Xəzər (I yer), Yuxarı, Viktoriya, Baykal, Aral, Huron, Miçiqan, Tanqanika, Çad və s. Ən dərin göllər - Baykal (1 yer - 1620 m). Tanqanika (1435 m), Xəzər (1025 m), Issik-kul (668 m). Dünyanın ən uzun gölü Afrikadakı - Tanqanika, ən hündür gölü Cənubi Amerikadakı Titikaka gölüdür. Eyr, Çad, Lobnor göllərinin səviyyəsi fəsillərdən asılı olaraq kəskin dəyişir,

GÖLLƏR

Аvrаsiyа

Аfrikа

Şimаli Аmеrikа

Cənubi Аmеrikа

Аvstrаliyа

Хəzər dənizi, Lаdоqа, Оnеqа, Vеnеrn, Vеttеrn, Sаymа, İnаri, Bаlаtоn, Bоdеn, Cеnеvrə, Tаymır, Аrаl dənizi, Bаykаl, Bаlхаş, İssık-Kul, Urmiyа, Vаn, Ölü dəniz, Kukunоr, Lоbnоr

Viktоriyа, Nyаsа, Tаnqаnikа, Rudоlf, Tаnа, Çаd

Yuхаrı, Miçiqаn, Hurоn, Еri, Оntаriо, Vinnipеq, Аtаbаskа, Böyük Kölə, Böyük Аyı, Böyük Şоr

Titikаkа, Pооpо, Mаrаkаybо

Еyr

Cədvəl Yaşar Seyidəliyev tərəfindən hazırlanıb-http://yasharaz.narod.ru

Buzlaqlar

Buzlaqlar qardan əmələ gəlir və ən çox dağlarda və qütb ərazilərində olur. Buzlaqlar daimi müstəqil hərəkətdədir. Buzlaqlar 2 qrupa bölünür:
1. Örtük buzlaqları - bütün buzlaqların 98,5%-ni tutur ki, bunun da ən çoxu Antarktidadadır. Qütb ətrafında quru üzərində toplanan çoxillik buz qatının qalınlığı 100 m-dən 4 km-ə qədər, gümbəzvari formada toplanaraq kənarlara doğru əyilir və aysberqə çevrilir. Örtük buzlaqlarını okean buzlaqlarından fərqləndirən əsas əlamətlər onların şirinsulu, böyük qalınlıqlı və əsasən qardan yaranmalarıdır.
2. Dağ buzlaqları - uca dağlarda qar xəttindən yüksəkdə - yəni qarın əriməyə macal tapmadığı sərhəddən yuxarıda yaranır. Qar xətti ekvatordan qütblərə doğru azalır. O ekvatorda - 5 km, tropikdə - 6 km, mülayimdə - 2 km, qütblərdə 0 m-dən keçir. Şimal yarımkürəsində yerləşən dağların cənub yamacı daha çox Günəş istiliyi aldığından burada qar xətti şimal yamaclarına nisbətən daha hündürdən keçir. Himalay, Pamir, Tyan-Şan, Qafqaz və s. bu kimi hündür dağların zirvələri qar xəttindən hündürdə yerləşdiklərindən onlarda buzlaqlar formalaşır. Kap, Appalaç, Böyük Suayrıcı, Talış və s. bu kimi alçaq dağların ən hündür zirvələri qar xəttindən aşağıda yerləşdiyindən onlarda buzlaqlar yaranmır.
Dağ buzlaqları dərələrə doğru sürüşür və buzlaq dilinə çevrilir,əriyərək süxurları aşındırır və morenlər yaradır. Böyüklüyündən asılı olmayaraq buzlağın apardığı bütün qırıntı materialları kompleksinə morenlər deyilir. Morenlər toz hissəciklərindən tutmuş diametri bir neçə m-ə qədər ölçülərdə ola bilər.
Daimi donuşluq. Şimali Amerika və Avrasiyanın şimalındakı arktik, subarktik və mülayim iqlim qurşaqlarında geniş yayılıb. Onun yaranmasının başlıca səbəbi - orta illik temperaurun 0°C-dən aşağı olması, nazik qar örtüyü və sukeçirməyən süxurların olmasıdır. Qısa yayda bəzən süxurların üstü buzdan açılır və nəhəng göl-bataqlıqlar yaranır.

Bataqlıqlar

Bataqlıqlar quru səthinin ifrat nəmlənmiş rütubətsevər bitkilərlə örtülmüş, torf əmələgəlmə prosesi gedən sahəsidir. Bataqlığın 80%-i su, 20%-i bərk maddələrdən ibarətdir. Bataqlıqlar meşələrin qırılması, buxarlanmanın yağıntıdan az olması, yeraltı suların səthə çox yaxın olması, relyefin az meylliliyi, çay və dənizlərin sahili tez-tez basması nəticəsində yaranır. Bataqlıqda bitən bitkilər məhv olduqdan sonra suyun dibinə çökərək torf əmələ gətirir. Bataqlıqda ən azı 30 sm qalınlığında torf olur. Bataqlıqlar ekvatorial, mülayim və subarktik qurşaqlarda daha çoxdur. Amazon və Qərbi-Sibir ovalıqları dünyanın ən iri bataqlıqlaşmış regionlardır. Qidalanmasına görə bataqlıqlar:
a) Alçaq (və ya çökək) bataqlıqlar çöl zonasında olur və yeraltı sularla qidalanırlar. Buradakı torfdan kənd təsərrüfatında gübrə şəklində istifadə edirlər;
b) Üst (və ya qabarıq) bataqlıqlar meşə zonasında daha çoxdur və atmosfer yağıntıları ilə qidalanırlar. Buradakı torfdan yanacaq kimi istifadə olunur. Bataqlıqlar şirin su mənbəyidir. Bəzi bataqlıqlar qurudularaq yüksək məhsuldar əkin sahələrinə çevrilirlər.

Yeraltı sular

Yeraltı suların yaranması üçün atmosfer yağıntıları və süxurların su keçirmə qabiliyyəti olmalıdır. Yerə düşən yağıntının bir qismi yer səthindəki su keçirən məsaməli süxurlardan (qum, çınqıl, çay daşı) keçərək, altda su keçirməyən (qranit, gil) qatın üzərində toplanaraq meylli istiqamətdə hərəkət edir. O süxurlardan süzüldüyünə görə müxtəlif tərkibli olur: radioaktiv, kükürdlü, duzlu və s. Dərinliyi 0,5 m-15 km arasındadır. 2 növü var:
1. Qrunt suları. Yer səthindən hopan su I sukeçirməyən layın üzərində yığılır. Sulu qat yaranaraq qrunt sularına çevrilir. Təzyiqsiz olur;
2. Artezian və ya layarası sular. Su I sukeçirməyən qatdan sızaraq saflaşır və II lay üzərində böyük təzyiqli laylararası su yaranır. Ilk artezian quyusu XII əsrdə Fransanın Artua əyalətində qazılıb. Dünyanın ən iri artezian hövzəsi Qərbi-Sibirdədir.
Təbii şəkildə yer səthinə çıxan yeraltı sulara bulaq deyilir. Temperaturuna görə bulaqlar isti, adi və soyuq olur.

Süni su hövzələri – insan tərəfindən yaradılır. 2 qrupa ayrılır:
1. Su anbarları - süni göl olub, enerji, balıqçılıq, suvarma məqsədi güdür. Çayda suyu tənzimləyir, daşqının qarşısını alır, ətrafda rütubət artır, qrunt sularının səviyyəsi artaraq isti ərazidə şoranlar, soyuq ərazidə isə bataqlıq yarada bilər.
2. Kanallar - süni çaylardır. Gəmiçilik və suvarma kanalları olur. Gəmiçilik kanalı bir çayı digəri ilə, çayı dənizlə, okeanı okeanla birləşdirir. Məsələn: Süveyş, Panama, Volqa-Baltik, Volqa-Don və s. Suvarma kanalı quraq ərazidə tarlaları suvarmaq üçün tikilir.
Şirin suya olan tələbatı ödəmək üçün:
1. Qapalı su dövriyyəsi yaratmaq;
2. Dəniz suyunu şirinləşdirmək:
3. Atmosfer sularını yığmaq:
4. Aysberq və artezian quyularından istifadə etmək;
5. Sənaye və məişətdə çirkab suları təmizləmək lazımdır.

loading...

0 şərh