Li Şi Min (Taytszun)

Çin imperatoru Çinin şimal sərhədlərində yaşayan Tobo və ya Tapqaç adlı türkdilli xalqın nümayəndəsidir. Bu xalq Çin mədəniyyətini və məişətini qəbul edib, öz dilini və məişətini saxlamaqla Cin dilini də bilirdi. Onlar əsasən Çinin şimal sərhədlərindəki ərazilərdə yaşayıb, oradakı hərbi hissələrdə və şimal şəhərlərinin hərbi və mülki vəzifələrində fəaliyyət göstərirdilər. Onların Orxon-Yenisey türklərindən fərqi yalnız bunda idi. Bir də olsun ki, aralarında bizimlə Osmanlı ləhcəsi arasındakı fərq qədər fərq vardı.
VI əsrdə Çin nə vəziyyətdə idi? Çində Suy imperiyası mövcud idi və Yan di də imperator idi. Qədim və sonrakı Çin tarixçiləri də, Lev Nikolayeviç Qumilyev də onun çox fərsiz, hətta səfeh hökmdar olduğunu qeyd edirlər. Təbii ki, ölkə taxtında səfeh və fərasətsiz, kef-nəşə hərisi olan bir hökmdar oturarsa, ölkə güclü və çiçəklənən ola bilməz. Çin də demək olar ki, belə bir gündə idi. Koreya ilə mənasız və faydasız müharibələr həm ölkə əhalisini qırğına verir, həm də var-yox talan olunurdu. Buna görə ölkəni üsyanlar bürümüşdü. Bu üsyanlar nizami ordular tərəfindən məğlub edilsələr də fasiləsiz davam edirdi. Bir yerdə ocaq söndürüləndə başqa bir yerdə təzədən alışırdı. Əlbəttə, qonşular da, xüsusilə Orxan-Yenisey türkləri, yəni türk türkütlər, tapqaçlar və başqaları da bundan istifadə etməyə bilməzdilər. Onlar da bir yandan bu böyük ölkəni çapıb-talayırdılar. Xüsusilə türkütlər çox fəal idi.

Tapqaçların içində zadəganlar əmələ gəlmişdi ki, onların biri də qədim Tan əyalətinin knyazı Li Yuan idi. O, sülalənin hərc-mərclik içində boğulduğunu görüb, nəsə qayda-qanun yaratmaq istəyirdi. İmperatorun özü isə bu zaman Çinin şimal-şərqindəki Fın qəsrində eyş-işrətdə idi. Bundan istifadə edən türkütlər qalaya hücum etdilər.
«Böyük» imperator oğlunu qucaqlayıb qorxusundan elə ağlayırdı ki, gözləri şişmişdi. Təbii ki, general Li Yuan öz mətin sərhəd qoşunları ilə imperatorun köməyinə gəldi. Yan Di xilas olub növbəti istirahət üçün cənub şəhərlərinin birinə getdi. Təbii ki, ölkəni yeni üsyanlar dalğası bürüdü. General Li Yuan bilmirdi ki, neyləsin. O, bacarıqlı hərbçi idi. Amma dövlət başçısı və siyasətçi keyfiyyətləri yox idi. Bu keyfiyyətlər bütün Çində ən parlaq şəkildə yalnız bir şəxsdə — general Li Yuanın ortancıl oğlu Li Şi Mində vardı. Oğlunun məsləhəti ilə ata Çini bürümüş vətəndaş müharibəsinə qoşuldu. Onun məramı və şüarı (əlbəttə ki, oğlunun fikri idi) ədalətli müharibə, yəni Suy sülaləsinin hakimiyyətini bərpası idi.

Xoşbəxtlikdən elə bu zaman Yan Dinin yaxın əyanlarından biri dözə bilməyib sərxoş imperatoru boğub öldürdü və bununla da Li Yuanın taxt-tac uğrunda mübarizəsinə yol açdı. Bundan əvvəl ölkənin paytaxtı Çanyanı alan və bir sıra uğurlu fərmanlar verib xalqın və ordunun rəğbətini qazanan Li Yuan həmin günlərdə imperatorun ölüm xəbərini eşitdi. Daha gözləmək və fürsəti əldən vermək olmazdı və Li Yuan 18 iyun 618-ci ildə özünü imperator Qaotszı elan edib, sülaləni TAN adlandırdı. Artıq ölkədə ona qarşı çıxacaq bir qüvvə yox idi. Çin dövlət adamları istər-istəməz bu yeniliyi qəbul etməli oldular. Eynilə Orxan-Yenisey türkləri də buna sevindilər. Çünki L.N.Qumilyev demişkən, «hakimiyyətə onlara yabançı olan, dillərini anlamadıqları bir adam deyil, əksinə onlar kimi danışan və geyinən bir şəxs gəlmişdi». Və əlbəttə, göytürklər və onların xaqanı Şibil xan yanılırdılar. Niyə yanılırdılar, bu ayrıca bir mövzudur. Bizim mövzumuz isə Li Şi Mindir. Lakin Li Şi Minlə qardaşları arasında amansız rəqabəti təsvir etməmək mümkün deyil. Yeni imperatorun daha iki oğlu vardı. Taxt-tacın varisi olan böyük oğlu Li Quan-Çen və kiçik oğlu Li Quan-Ki. Onlar şübhəsiz ki, imperiyanın hərbi işlərini əlinə almış ortancıl oğula düşmən kəsilməyə bilməzdilər. Onlar Li Şi Mini zəhərlədilər. Amma gənc şahzadə ölməyib sağaldı. Onlar onu atalarının adından saraya dəvət etdilər ki, öldürsünlər. Li Şi Min qardaşlarının niyyəti barəsində xəbərdar edilmişdisə də, 626-cı il iyulun 2-də atasının çağırışı ilə saraya gəldi. Lakin şahzadə tək deyildi. Ən cəsur döyüşçülərdən seçilmiş çoxsaylı və yaxşı silahlanmış yaxın adamları da onunla birlikdə saraya gəlmişdi. O, qəbul otağına əldə silah, dostu, voyevoda Çin-de ilə birlikdə daxil oldu və zalda qardaşlarını gördü. Böyük qardaş heç bir söz demədən yayı çəkib oxu Li Şi Minə atdı. Lakin ox yan keçdi. Li Şi Minin oxu isə onu yerindəcə öldürdü. Çin-de də Li Quan-kini aradan götürdü. Bundan sonra saray Li Şi Minin hökmü altına keçdi. Qoca imperator qardaşlarının cinayətkar sui-qəsdi haqqında oğlunun məlumatını dinlədikdən sonra tökülmüş qanı ona bağışladı. Li Şi Mini vəliəhd təyin olunduğunu bildirdi, ən başlıcası isə buddizmin və daosizmin yasaq olunması haqqındakı fərmanı ləğv etdi. Bu hadisələri bir-biri ilə sıx əlaqələndirməmək qeyri-mümkündür.
626-cı il sentyabrın 4-də Li Yuan oğlunun xeyrinə taxt-tacdan imtina etdi. Li Şi Min TAYTSZUN titulu ilə taxta çıxdı.

Bundan sonra Li Şi Min bir neçə döyüşdə asanlıqla türkütləri və başqa aqressiv qonşuları ağır zərbə vurmadan məğlub etdi. Və sonra onları o dərəcədə özünə bağladı ki, minlərlə türk Çin ordusuna daxil olub, minlərlə türk də Çinin paytaxtında məskən salıb yaşamağa başladı. Qumilyev yazır ki, hətta Çində Türk-Çin lüğəti çap olundu. Çinlilər türk paltarı geyinir, türk musiqisinə qulaq asır, qışda isə çox vaxt yurtlarda yaşamağı xoşlayırdılar. Dahi Çin şairi Bo Tszı türk yurtunu yüksək poetik şəkildə mədh edən gözəl şerlər yazmışdı.
Əlbəttə, Li Şi Minin Çin dövlətini parlaq səviyyəyə qaldırması son nəticədə göytürklər üçün faciəli oldu. Onların neçə əsrlik dövlətinin varlığına son qoyuldu. Doğrudur, cəmi 50 il sonra Göytürk dövləti Səməndər quşu kimi yenidən meydana çıxıb Mərkəzi Asiyanın hegemon dövlətinə çevrildi. Ancaq bu, başqa bir söhbətin mövzusudur. Bizim qəhrəmanımız isə türk mənşəli Çin imperatoru Taytszundur. L.N.Qumilyev yazır: "Özlərinin şəxsi keyfiyyətləri sayəsində ali hakimiyyətə çatan adamlardan danışarkən bir qayda olaraq Napoleonun adını çəkirlər. Qeyd etmək lazımdır ki, Napoleonla Taytszun Li Şi Min arasında bir çox ümumiliklər var. Onların ikisi də hərbi xidmətə ordu leytenantı kimi başlamış, öz istedadları ilə diqqəti cəlb etmiş və döyüş dostlarını ətraflarında birləşdirə bilmişdilər. Hər ikisi igid və ağıllı olmuş, xalqlarının tarixində son dərəcə böyük rol oynamışdılar.

Lakin Napoleonun başladığı iş hələ onun öz sağlığında məğlubiyyətə uğradı, Taytszunun işi isə özündən sonra daha yüz il yaşadı.
649-cu ilin baharında imperator özünü pis hiss etdi, əyanlarını yanına çağırdı, dövlətin idarə olunması işlərində oğluna kömək etməyi onlara tapşırdı. Vəfat etdiyi günə — 649-cu il iyulun 10-na qədər o, oğluna məsləhətlər verməyi dayandırmırdı. Onun ölümü günü sarayda olanların hamısı əzizlərini və atalarını itirmiş adamlar kimi ağlayırdılar. Göytürk sərkərdəsi Aşina Şeni dostunu o biri dünyada müşayiət etmək üçün hətta özünü öldürüb onunla birlikdə dəfn olunmasını istəyirdi, lakin vəliəhd buna icazə vermədi".
 

0 şərh