Spru xəstəliyi

Spru xəstəliyi bağırsaqlarda qida maddələrinin həzm olunmasının və sorulmasının pozulmasına gətirib çıxaran xəstəlikdir. Bu xəstəliyi olan insanlar buğda, arpa, çovdar və yulafda rast gəlinən qluten zülalına qarşı həssaslıq göstərir. Qluten tərkibli qidalarla qidalandıqda nazik bağırsaqdakı immunoloji reaksiyalar nəticəsində iltihab ocaqları yaranır. Əmələ gələn bu zədələnmiş ocaqda qida maddələrinin həzmi və sorulması pozulur, ishal və zamanla orqanizmdə bəzi maddələrin çatışmazlığı meydana çıxır.

Bu xəstəlik zamanı nazik bağırsağın selikli qişasının funksiyası qida qluteni ilə kontaktdan sonra dəyişilir. Seliakiyaya adətən uşaqlarda rast gəlinir. Spru buğda proteini qlutenin qliadin fraksiyasının tərkibində olan turş peptidlərin bağırsağın selikli qişasına təsirindən yaranır. Əgər spru xəstəliyi böyük insanlarda rast gəlinərsə, onda idiopatik steatoreya da adlana bilər.


Qlutenin bağırsaq divarına təsiri aşağıdakı mexanizmlər əsasında həyata keçirilir:

  1. Toksiki mexanizm. Bağırsaqlarında qlisilprolindipeptidaza, qammaaqlyutaminiltranspeptidaza, pirrolidonilpeptidaza fermentlərinin çatışmazlığı nəticəsində qluten toksiki fraksiyalara parçalanır və yaranmış qliadin maddəsi bağırsaq enterositlərinə sitotoksiki təsir göstərir.
  2. İmmunoloji mexanizm. Spru xəstəliyindən əziyyət çəkənlərin bağırsağının selikli qişasında qliadinə qarşı IgA artmış olur. Aqluten pəhrizi saxlayan insanlarda isə bu antitelin titri aşağı düşmüş olur.

Ümumiyyətlə xəstəliyə meyillilik irsi xarakter daşıyır. 80-90% pasiyentlərdə HLA-B8 və HLA-DR3 mövcuddur.

Spru - ishal, şişkinlik və qarın ağrısı ilə özünü göstərə bilir. Sorulma və həzmin pozğunluğunun dərəcəsinə görə spru xəstəliyi uşaqlarda və böyüklərdə fərqli əlamətlərlə özünü göstərir.

Uşaqlarda: boyun inkişafdan qalması, ishal, qusma, qarında şişkinlik, iştahanın olmaması, çəkinin azalması.

Böyüklərdə: anemiya, boyun uzanmaması, sümüklərin zəifləməsi, bəzi qaraciyər xəstəlikləri.

Qarın ağrısı, ürəkbulanma, qusma, ishal, yuxululuq, davranış pozğunluğu və huşsuzluq əlamətləri qabarıq görünür. Uşaqlarda böyümə və inkişafın zəifliyi spru xəstəliyinin ilkin əlamətləri kimi müəyyən olunur. Bu xəstəlik böyüklərdə adətən, 30-40 yaş arasında meydana çıxsa da daha sonrakı yaşlarda da rast gəlmə ehtimalı var. Xəstəliyə tutulan insanlarda əlamətlər iki şəkildə özünü göstərə bilir: sorulmanın pozulması ilə əlaqəli olanlar və qida, mineral, vitamin çatışmazlığı ilə bağlı olanlar. Xəstələrdə əsas qida qaynaqları olan; zülal, karbohidrat və yağların sorulmasının pozulması və ən ciddi sorulması pozulan isə yağlardır. Yağların sorulmasının pozulması nəticəsində xəstələrdə ishal və şişkinlik şikayətləri üzə çıxa bilir. Karbohidratların sorulmasının pozulması nəticəsində isə xəstələrdə laktoza çatışmazlığı meydana çıxır, bu zaman süd məhsullarının qəbulundan sonra xəstələrdə qarın ağrısı və şişkinlik kimi şikayətlərə səbəb olur. Xəstələrdə qidalanma pozğunluğu, vitamin və mineral çatışmazlığı ilə əlaqədar olaraq, zəiflik və ödem, anemiya (dəmir və B12 vitaminin çatışmazlığı), sümüklərin əriməsi (osteoporoz), hemorragiya (K vitamininin çatışmazlığı), periferik neyropatiya (B12 və B1 vitaminin çatışmazlığı), sonsuzluq (menstrual pozğunluqlar), əzələ zəifliyi (kalium və maqnezium çatışmazlığı) baş verir.

Cüt yumurta əkizlərində 30% rast gəlinən bu xəstəliyin tək yumurta əkizlərində rast gəlinmə tezliyinin 70% olması stresin də spru xəstəliyinə təsir etməsini müəyyənləşdirir. Xəstəliyə hər yaşda rast gəlinsə də 8-12 aylıq uşaqlarda və 30-40 yaş arasında daha çox göründüyü nəzərə çarpır. Bəzən "latent" və ya "səssiz spru" xəstəliyi kimi özünü göstərir, sonra isə əlamətləri meydana çıxmağa başlayır. Qan analizlərində aparılan seroloji müayinələrdə hər 300 nəfərdən birində bu xəstəliyin görülməsi daha aydın şəkildə üzə çıxır.

Spru xəstəliyinə diaqnoz qoymaq çətin olsa da aparılan müayinələrin nəticələrini izlədikdə düzgün yanaşmaq olur. Nəcisin analizi və rentgen müayinəsi diaqnozun qoyulmasında köməkçi vasitələrdəndir. Şübhələr olarsa, mikroskopik patologiyaları görmək üçün biopsiyadan da istifadə etmək olar.

İshal əleyhinə olan bəzi xalq təbabəti üsulları:

Yarım stəkan başinağacı meyvələri 0.5 litr isti suda 8-10 dəqiqə müddətinə qaynadılır, soyudulur. Üzərinə 3 xörək qaşığı bal əlavə edilib qarışdırılır. İshal zamanı yeməkdən əvvəl gündə 4 dəfə 100 ml qəbul edilir.

Quşüzümü yarpağı və meyvələrindən ibarət qarışıqdan 2 xörək qaşığı götürülüb üzərinə 2 stəkan qaynar su əlavə edilir, 10 dəqiqə qaynadılır, soyudulur, süzülür. İshal zamanı yeməkdən əvvəl gündə 4 dəfə 100 ml qəbul edilir.

Qaragilə meyvələri dəmlənilir, ishal zamanı çay şəklində içilir.

Eyni miqdarda götürülmüş palıd qabığı və kəcəvər kökü qarışdırılır, qarışıqdan 1 xörək qaşığı götürülüb üzərinə 1 stəkan qaynar su əlavə edilir, 30 dəqiqə müddətinə dəmlənilir. Yeməkdən qabaq gündə 3-4 dəfə 1/4 stəkan daxilə qəbul edilir.

2 xörək qaşığı xırdalanmış armud meyvəsinin üzərinə 1 stəkan qaynar su əlavə edilir və 4-6 saat müddətinə dəmə qoyulur. Yeməkdən 15-20 dəqiqə qabaq 1/4 stəkan daxilə qəbul edilir.


Müəllif: Eldar Rəhimov/ həkim-qastroenteroloq

 

0 şərh