Ən qədim dövrdə mədəniyyət və din

Təqribən e.ə. 30-cu minillikdə ibtidai incəsənət meydana gəlmişdi. İncəsənətin yaranması insanların gündəlik həyatı ilə bağlı idi. «Ağıllı insan» buynuzdan kiçik heykəllər düzəldir, sümük üzərində təsvirlər cızır, təbiətdən əldə etdikləri boyalarla mağara divarlarında rəsmlər çəkirdilər. Belə təsviri sənət nümunələri İspaniyada Altamira, Uralda Kap mağaralarının divarlarında aşkar olunmuşdur. Bu təsvirlərdə bizonların bir qismi sakit duran, digər qismi düşmən üzərinə atılan vəziyyətində verilmişdir. Sonralar dünyanın digər müxtəlif yerlərində də mağara divarlarında, qaya üzərində bu tipli ibtidai təsviri incəsənət nümunələri tapıldı. Demək, incəsənətin bəzi növləri Paleolit dövründə yaranmışdır.
Insanlar ov və döyüş səhnələrini, ovlayacaqları heyvanların hərəkətlərini təqlid edirdilər. Buradan da rəqs meydana gəlmişdir. Bu yolla insanlar bildiklərini gənclərə öyrədirdilər. Memarlığın rüşeymləri və heykəltəraşlıq nümunələri də Paleolit dövründə yaranmışdı. İnsanlar heyvanların gözəlliyini, onların zahiri və daxili aləmini təsvir etməyə çalışmışdılar.
İbtidai din Paleolit dövründə - təqribən 50-40 min il bundan əvvəl meydana gəlmişdir. Dini inam insanların təbiət hadisələri qarşısında acizliyindən yaranmışdır. İbtidai dinin ilk formaları olan totemizm, animizm və ovsunçuluq Paleolit dövründə daha geniş yayılmışdı.
Totemizmə görə, hər hansı qəbilənin bütün üzvlərinin ilkin əcdadı müəyyən heyvan və bitki olmuş, həmin nəsil bu və ya digər heyvan və bitkidən törəmişdir. «Totem» sözü Şimali Amerika hindu tayfalarının birinin dilində «onun nəsli» deməkdir. İnsanlar, heyvanlar, bitkilər guya ümumi əcdada malikdirlər. İnsanlar ağacdan, daşdan, sümükdən büt yonub obanın görməli yerində qoyurdular.
Animizm insanın ruha və axirət dünyasına inamından yaranmışdır. İbtidai insanlar yuxu və ölüm kimi təbii hadisələrin səbəbini bilmirdilər. İnsanlara görə insanın bədənində fövqəltəbii varlıq olan ruh yaşayır. İnsan yatanda və ya öləndə ruh onun bədənini tərk edir. Guya ruh insanlar arasında yaşayır və insanın bədəninə qayıda bilər. Odur ki, ibtidai insanlar ruha da etiqad edirdilər.
Ovsunçuluq ibtidai insanlar arasında geniş yayılmışdır. Ovsunçuluq insandan bədbəxtliyi kənar etmək, onu xoşbəxtliyə çatdırmaq arzusundan, ovun uğurlu və ya uğursuz keçməsinə inam istəyindən yaranırdı. Qədim ovçular ovlayacaqları heyvanların əvvəlcədən şəklini çəkir, onların üzərində xətlər cızır, beləliklə, onları ovsunladıqlarını güman edirdilər.
Qədim insanların müxtəlif dəfnetmə formaları mövcud olmuşdu. Ölülərin içərisi çıxarılaraq mumiyalanır və yaxud yandırılırdı. Meyitin içərisinin çıxarılıb mumiyalanması inqumasiya, meyitin yandırılaraq gülünün dəfn olunması kreamasiya adlanır. Padşahlar piramidalarda, yeraltı sərdabələrdə dəfn olunur, tayfa başçıları və varlılar üçün dəfn edildiyi yerdə kurqanlar (torpaq təpə) qurulurdu. Ölülər torpaq, küp, daş qutu, katokomba qəbirlərdə dəfn olunurdular.

 

 

0 şərh