İmmun çatışmazlığı

Orqanizmin mühüm mühafizə reaksiyası olan immunitetin əsasını immunokompetent sistem (limfoid toxuma) təşkil edir. Təbiidir ki, bu sistemin hər hansı qüsuru immun proseslərinin pozulmasına səbəb olacaq. İmmun çatışmazlığı orqanizmin xəstəliklərə qarşı müqavimətini zəiflədir. Belə şəxslər tez-tez xəstələnir və xəstəliyi ağır keçirirlər.
İmmun çatışmazlığı anadangəlmə (ilkin) və qazanılma (ikincili) olur. Anadangəlmə immun çatışmazlığı olan uşaqlar tez-tez infeksion xəstəliklərə tutulurlar, onların fiziki inkişafı ləngiyir, kiçik yaşda infeksion xəstəliklərdən və ya bədxassəli şişlərdən tələf olurlar.
Anadangəlmə immun çatışmazlığı sindromları üç qrupa bölünür:
1. Hüceyrəvi immunitet çatışmazlığı (axondroplaziya, timusun inkişaf etməməsi və s.).
2. Humoral immunitet çatışmazlığı (X xromosomu ilə əlaqədar olan aqammaqlobulinemiya, immunoqlobulinlərin ayrı-ayrı növlərinin çatışmazlığı).
3. Qarışıq immunitet çatışmazlığı (İsveçrə tipli aqammaqlobulinemiya, ataksiya-teleangiekaziya).
Qazanılma immun çatışmazlığı iki növ olur:
1. Birincili, yəni bilavasitə immunokompetent sistemi zədələyən amillərin törətdiyi immun çatışmazlığı sindromu (QİÇS).
2. İkincili, yəni bəzi xəstəliklər (leykoz, limfoqranulomatoz, limfosarkoma və s.) nəticəsində və ya bəzi müalicə üsulları (şüa müalicəsi, kortikosteroidlər və immunodepressantlarla müalicə, timusun çıxarılması və s.) ilə əlaqədar törənən immun çatışmazlığı.

Müəlliflər Sabir Cahan oğlu Əliyev, Həqiqət Məhəmmədhacı qızı Hacıyeva, Nijad Cəbrayıl oğlu Mikayılzadə
Mənbə Tibbi biliklərin əsasları

 

0 şərh