Beynəlxalq iqtisadi hüquq

Beynəlxalq iqtisadi hüquq – beynəlxalq ümumi hüququn bir sahəsi kimi, dövlətlər və beynəlxalq hüququn digər subyektləri arasında iqtisadi münasibətləri nizama salır.
Beynəlxalq iqtisadi hüquq yalnız birinci səviyyədə olan münasibətləri – dövlətlərarası iqtisadi münasibətləri nizama salır. Dövlətlər beynəlxalq iqtisadi əlaqələrin həyata keçirilməsi üçün hüquqi əsaslar müəyyən edirlər. Əlbəttə ki, beynəlxalq iqtisadi əlaqələrin əsas hissəsi ikinci səviyyədə — fiziki və hüquqi şəxslər tərəfindən həyata keçirilir. Bu əlaqələr hər bir dövlətin daxili qanunvericiliyi ilə, xüsusilə, onun tərkib hissəsi olan beynəlxalq xüsusi hüquq vasitəsilə nizama salınır. Beynəlxalq iqtisadi hüquq bu əlaqələrə dövlət vasitəsilə, dövlətlər üzərinə müəyyən öhdəliklər qoymaq yolu ilə təsir edir.
Beynəlxalq iqtisadi hüququn nizama salma obyekti daha bir xüsusiyyətə malikdir. Belə ki, dövlətlərarası iqtisadi münasibətlər məzmun etibarilə müxtəlif münasibətləri əhatə edir; buraya ticarət, nəqliyyat, maliyyə, investisiya və digər münasibətlər aiddir. Spesifik məzmuna malik olduğuna görə, bu münasibətləri nizama salan prinsip və normalar beynəlxalq iqtisadi hüquq çərçivəsində ayrı-ayrı yarımsahələr əmələ gətirir: beynəlxalq ticarət hüququ, beynəlxalq nəqliyyat hüququ, beynəlxalq maliyyə hüququ, beynəlxalq investisiya hüququ və s. Bütün bu yarımsahələr ümumi nizamasalma obyektinə, ümumi məqsəd və prinsiplərə malik olan vahid beynəlxalq hüquq sahəsində — beynəlxalq iqtisadi hüquqa birləşir.

2. Beynəlxalq iqtisadi hüququn subyektləri

Beynəlxalq ümumi hüququn bir sahəsi olan beynəlxalq iqtisadi hüququn əsas subyekti kimi, təbii ki, dövlət çıxış edir. Dövlət xarici iqtisadi mülki-hüquqi, kommersiya fəsliyyətində bilavəsitə iştirak edə bilərlər.
Beynəlxalq təşkilatlar (xüsusilə, iqtisadi xaraqterli) öz təsis aktlarınamüvafiq olaraq, beynəlxalq iqtisadi münasibətlərdə iştirak edirlər. Bu sırada dövlətlərin aşağıdakı ticarət-iqtisadi birliklərini də göstərmək olar:
a) azad ticarət zonaları (iştirakçı ölkələr arasında bütün və ya ayrı-ayrı malların ticarəti sahəsində gömrük və digər məhdudiyyətlər ləğv olunur);
b) gömtük ittifaqları (iştirakçı dövlətlərin milli gömrük tarifləri ləğv olunur və bütün ittifaq üçün ümumi tarif tətbiq edilir);
c) iqtisadi ittifaqlar (ümumi əmtəə, xidmət, kapital və işçi qüvvəsi bazarı yaradır).
Transmilli korparasiyalar da müəyyən hallarda beynəlxalq iqtisadi hüququn subyekti kimi çıxış edə bilər. Bu barədə yuxarıda, “Beynəlxalq hüququn subyektləri” fəsilində söhbət getmişdir.

 

3. Beynəlxalq iqtisadi hüququn mənbələri

Beynəlxalq iqtisadi hüququn əsas mənbəyi beynəlxalq müqavilələr və beynəlxalq adətlərdir.
Beynəlxalq müqavilələr içərisində çoxtərəfli müqavilələr mühüm rol oynayır. Onlara misal olaraq, 1947-ci ildə qəbul olunmuş Tariflər və ticarət üzrə Baş Sazişi (QATT), QATT –ın əvəzində Ümumdünya Ticarət Təşkilatının yaranmasını nəzərdə tutan 1994-cü il Mərakeş sazişlərini, xammallar üzrə çoxtərəfli sazişləri, beynəlxalq ticarət hüququnun unifikasiyası üzrə, nəqliyyat və rabitə üzrə və s. konvensiyaları göstərmək olar.
İqtisadi əməkdaşlıq daha çox ikitərəfli müqavilələr əsasında həyata keçirilir. Bunlara aşağıdakılar aiddir: a) çərçivə xarakterli siyasi müqavilələr (məsələn, dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında müqavilələr); b) ticarət müqavilələri (bu müqavilələrdə, adətən, dövlətlər və onların fiziki və hüquqi şəxslər arsındakı münasibətlərdə müəyyən növ ticarət-iqtisadi rejim müəyyən edilir); c) ticarət-iqtisadi əməkdaşlıq haqqında uzunmüddətli sazişlər (bu sazişlər müvafiq dövlətlər arasında əməkdaşlığın konkret sahə və formalarını müəyyən edir); ç) istehsal sahəsində əməkdaşlığa dair sazişlər; d) texniki yardım göstərmək haqqında sazişlər; e)iqtisadi əməkdaşlığın maliyyə-kredit təminatı haqqında sazişlər (məsələn, əmtəə dövriyyəsi və ödınişlər haqqındd sazişlər; klirinq sazişləri,kredit sazişləri və s.).
Beynəlxalq iqtisadi hüququn aşağıda nəzərdən keçirəcəyimiz başlıca müddəaları beynəlxalq hüquqi adət şəklində mövcuddur. Bu adət normaları dövlətlərin iqtisadi inkişafınin qanunauyğunluqlarına və tələblərinə cavab verir və iqtisadi əməkdaşlığın əsasını təşkil edir.
Beynəlxalq iqtisadi hüquqda köməkçi hüquq mənbələri kimi beynəlxalq təşkilatların qətnamələrinin əhəmiyyəti böyükdür. BMT-nin orqanları (Baş Assambleya, EKOSOK, YUNKTAD və b.), ixtisaslaşdırılmış təsisatlar (YUNİDO, ÜƏMİ və b.) iqtisadi əməkdaşlıq məsələlərinə dair tövsiyələr qəbul edirlər. Bu qətnamələr sırasında BMT Baş Assambleyasının qəbul etdiyi bir sıra müstəsna əhəmiyyətə malik sənədləri – Dövlətlərin iqtisadi hüquq və vəzifələri Xartiyasını, Yeni beynəlxalq iqtisadiqayda haqqında Bəyannaməni (1974), “Beynəlxalq iqtisadi təhlükəsizlik haqqında” qətnaməni (1985) xüsusi ilə qeyd etmək lazımdır. Bəzi regional iqtisadi təşkilatların məsələn, Avropa İttifaqının qərarları məcburi xaraqter daşıyır.

4. Beynəlxalq iqtisadi hüququn prinsipləri

Beynəlxalq hüququn əsas prinsipləri bütünlüklə beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində də tətbiq olunur. Bununla yanaşı, beynəlxalq iqtisadi hüququn xüsusi prinsipləri də mövcuddur:
a) dövlətin öz təbii ehtiyatları və bütün iqtisadi fəaliyyət üzərində tam suverenliyi prinsipi;
b) iqtisadi əməkdaşlıq sahəsində ayrı-seçkiliyə yol verilməməsi prinsipi;
c) qarşılıqlı fayda prinsipi;
ç) inkişaf etməkdə olan ölkələr üçün preferensial rejim prinsipi və s.
Bundan əlavə, beynəlxalq iqtisadi hüquq sahəsində, iqtisadi əməkdaşlığın həyata keçirilməsi üçün hüquqi əsas rolunu oynayan hüquqi rejimlər mövcuddur. Prinsiplərdən fərqli olaraq, bu hüquqi rejimlər müqavilə rejimləridir, yəni onlar yalnız maraqlı dövlətlər bu barədə razılaşdıqda tətbiq olunur. Bunlar aşağıdakılardır:
1) ən əlverişli rejim. Bir dövlət başqa bir dövlətə, onun vətəndaşlarına və hüquqi şəxslərinə istənilən üçüncü dövlət üçün nəzərdə tutduğu və ya tətbiq edəcəyi hüquq və güzəştlər verir. Müvafiq müqavilələrdə tərəflər, bir qayda olaraq, göstərilən rejimin tətbiq olunacağı konkret sahəni müəyyən edirlər; malların idxal və ixracı; gömrük rüsumlaeı; nəqliyyat rejimi; tranzit və s. Ən əlverişli rejimdən, adətən, bəzi istisnalar müəyyən olunur (məsələn, qonşu ölkələr, inkişaf etməkdə olan ölkələr üçün nəzərdə tutulmuş xüsusi güzəştlər);
2) milli rejim. Bu rejimə müvafiq olaraq, bir dövlətin vətəndaşları və hüquqi şəxsləri başqa bir dövlətin ərazisində yerli fiziki və hüquqi şəxslərə verilmiş hüquqlardan istifadə edə bilər. Milli rejim, adətən, əcnəbilərin hüquq qabiliyyəti, o cümlədən öz hüquqlarının məhkəmə vasitəsilə müdafiəsi məsələlərinə şamil olunur;
3) preferensial rejim. Bu rejim hər hansı dövlətə və ya dövlətlər qrupuna xüsusi üstünlüklərin (məsələn, ticarət güzəştlərinin) verilməsini nəzərdə tutur. O, qonşu dövlətlər arasındakı münasibətlərdə və ya inteqrasiya sistemləri çərçivəsində tətbiq olunur. İnkişaf etməkdə olan ölkələrə preferensiyaların verilməsi beynəlxalq iqtisadi hüququn prinsipidir.

5. Beynəlxalq iqtisadi münasibətlərin ayrı-ayrı sahələrində əməkdaşlığın beynəlxalq-hüquqi tənzimlənməsi

A. Beynəlxalq ticarət hüququ

Beynəlxalq ticarət hüququ beynəlxalq iqtisadi hüququn yaranmasahəsidir: Onun əsas mənbələri aşağıdakılardır:
a) ticarət müqavilələri – ikitərəfli əsasda bağlanır, tərəflər arasında ticarətin ümumi hüquqi əsasını müəyyən edir; adətən, uzun müddətə və ya müddətsiz bağlanır. Tərəflər bu müqavilələrdə aşağıdakı məsələləri həll edirlər: ticarət və ya iqtisadi əlaqələri həyata keçirmək hüququ olan subyektləri müəyyən edirlər; bir-birinə bu və ya digər sahədə müvafiq hüquqi rejim verirlər; bir-birinin ərazisində öz fiziki və hüquqi şəxslərinin fəaliyyətinin hüquqi rejimini müəyyən edirlər və s.
b) əmtəə dövriyyəsi haqqında sazişlər – ikitərəfli əsasda qısa müddətə bağlanılır; tərəflər arasında əmtəə dövriyyəsini təşkil edən malların kontingentini müəyyən edir. Bu müqavilələrə əsasən, tərəflər müəyyən edilmiş malların idxal və ixracı üçün maneəsiz lisenziyalar verilməsini təmin etməlidirlər.
c) beynəlxalq əmtəə sazişləri – ticarət sahəsində çoxtərəfli sazişlərdir; mineral və kənd təsərrüfatı xammalını idxal və ixrac edən dövlətlər arasında bağlanır. Bu sazişlərdə dövlətlər müvafiq malın alqı-satqısı üzərində kvotalar müəyyən etməklə, qiymətlərin kəskin surətdə qalxıb-enməsinin qarşısını almağa can atırlar (hazırda buğda, kakao, kofe, qənd və s. üzrə bu cür sazişlər mövcuddur). Bəzi sazişlər praktiki olaraq həyata keçirilməsi üçün beynəlxalq təşkilatlar yaradılır, məsələn, Neft ixrac edən ölkələrin Təşkilatı (OPEK).
Beynəlxalq ticarət hüququ sahəsində aşağıdakı beynəlxalq təşkilatlar və ya orqanlar mövcuddur:
a) Ümumdünya Ticarət Təşkilatı (ÜTT). 1994-cü ildə QATT-ın əvəzinə yaradılmışdır. Hazırda 130-dan çox dövlət bu təşkilatın üzvüdür. Əsas məqsədləri aşağıdakılardır: xarıci ticarətin liberallaşdırılması; gömrük tariflərinin aşağı salınması, ticarət sahəsində ayrı-seçkiliyə yol verilməməsi. Əsasında bütün üzv-dövlətlər üçün nəzərdə tutulmalı olan ən əlverişli rejim prinsipi durur. ÜTT-nin üzv-dövlətləri dünya ticarətinin 90%-dən çoxuna nəzarət edirlər. Təşkilata daxil olmaq istəyən dövlət bazar iqtisadiyatına malik olmalı, öz qanunvericiliyini Təşkilatın çoxsaylı sazişlərinə uyğunlaşdırmalıdır.
b) Ticarət və inkişaf üzrə BMT Konfransı (YUNKTAD). 1964-cü ildə təsis olunmuşdur. BMT-nin müstəqil orqanıdır. Əsas məqsədi beynəlxalq ticarətə, xüsusilə xammal, sənaye malları ticarətə, habelə ticarətlə bağlı maliyyələşdirmə sahəsində əməkdaşlığa dəstək verməkdən ibarətdir.
c) Beynəlxalq ticarət hüququ üzrə BMT Komissiyası (YUNSİTRAL). 1996-cı ildətəsis olunmuşdur. BMT Baş Assambleyasının köməkçi orqanıdır. Başlıca məqsədi beynəlxalq konvensiyaların və digər sənədlərin layihələrini hazırlamaq yolu ilə beynəlxalq ticarət hüququnun inkişafına dəstək verməkdir. Beynəlxalq əmtəə alqı-satqısında iddia müddəti haqqında 1974-cü il Konvensiyasını və bu Konvensiyaya 1980-cı il Əlavə Protokolunu, Dəniz yük daşıması haqqında 1974-cü il Konvensiyasını, Beynəlxalq əmtəə alqı- satqısı müqavilələri haqqında 1980-cı il BMT Konvensiyasını YUNSİTRAL hazırlamışdır.
ç) Beynəlxalq Ticarət Palatası. 1920-ci ildə təsis olunmuşdur. İşgüzar dairələrin nüfuzlu təşkilatı kimi fəaliyyət göstərir. Milli qanunvericiliyin unifikasiyası üzrə iş aparır, fakultativ xaraqterli beynəlxalq aktlar işləyib hazırlayır. Məsələn, praktikada məşhur olan “Ticarət terminlərinin təfsirinin beynəlxalq qaydaları”nı (İnkoterms)  Beynəlxalq Ticarət Palatası hazırlamışdır.
d) Oxşar funksiyalar 1926-cı ildə təsis olunmuş Xüsusi hüququn unifikasiyası üzrə Beynəlxalq İnstitut (UNİDRUA) tərəfindən həyata keçirilir.

B. Beynəlxalq maliyyə hüququ

Beynəlxalq maliyyə hüququ – dövlətlərarası valyuta-maliyyə münasibətlərini nizama salan beynəlxalq hüquq prinsip və normalarının məcmusuna deyilir.
Beynəlxalq maliyyə hüququnun (bəzən bu yarımsahə beynəlxalq valyuta hüququ adlandırılır) predmeti olan valyuta-maliyyə münasibətlərinə hesablaşma, kredit münasibətləri, kommersiya əqdlərinin maliyyə təminatı, valyuta bazarının təkminləşdirilməsi və habelə valyuta-kredit təşkilatlarının yaradılması və fəaliyyəti üzrə münasibətlər daxildir.
Beynəlxalq maliyyə hüququnun əsas müqavilə mənbələri aşağıdakılardır: a) ticarət və ya iqtisadi əməkdaşlığa dair ümumi müqavilələr; əmtəə dövriyyəsi və ödənişlər haqqında sazişlər; b) klirinq sazişləri; c) ödəmələr haqqında sazişlər; ç)kredit sazişləri.        Göstərilən sahədə bir sıra mühüm beynəlxalq təşkilatlar mövcuddur:
Beynəlxalq Valyuta Fondu (BVF). Beynəlxalq valyuta-maliyyə təşkilatları sistemində mərkəzi yer tutur. 1945-ci ildə yaradılmışdır. 1947-ci ildən BMT-nin ixtisaslaşdırılmış təsisat statusuna malikdir. 184 dövlət hazırda BVF-nin üzvüdür. BVF-nin əsas məqsədi – dövlətlərin valyuta-maliyyə siyasətini əlaqələndirmək və onların tədiyə balanslarını və valyuta kurslarını qoruyub saxlamaq üçün onlara kredit verməkdən ibarətdir. BVF valyuta sahəsində beynəlxalq əməkdaşlığa və dünya ticarətinin inkişafına dəstək verir, dövlətlər arasında valyuta münasibətlərinin qaydaya salınması üçün tədbirlər görür.
BVF-nin ali orqanı İdarəetmə Şurasında Təşkilatın hər bir üzvünün səsvermə hüququ onun nizamnamə kapitalındakı payından asılıdır. Bu pay dövlətin dünya iqtisadiyyatında yeri ilə müəyyən edilir və İdarəetmə Şurası tərəfindən təsdiq edilir.
Ümumdünya Bankı BMT ilə əlaqəli olan mürəkkəb beynəlxalq qurumdur; bu sistemə habelə tam müstəqil təşkilat sayılan üç filial – Beynəlxalq Maliyyə Korparasiyası (BMK), Beynəlxalq İnkişaf Assosiasiyası (BİA) və İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik (İTÇA) daxildir. Bu təsisatların ümumi məqsədi BMT-nin az inkişaf etmiş üzvlərinin iqtisadi və sosial inkişafına maliyyə yardımı, məsləhət xidməti və kadr hazırlığına kömək göstərilməsi yolu ilə dəstək verməkdir. BVF-də olduğu kimi, Ümumdünya Bankında da üzv-dövlət Bankın nizamnamə kapitalındakı öz payına uyğun səs sayına malikdir.

C. Beynəlxalq investisiya hüququ

Beynəlxalq investisiya hüququ – beynəlxalq iqtisadi hüququn müstəqil yarımsahəsi olub, kapital qoyuluşu ilə bağlı dövlətlər arasındakı münasibətləri nizama salır.
Beynəlxalq investisiya hüququnun əsas prinsipi budur: hər bir dövlət öz ərazisində
xarici investisiyaları özünün milli maraqlarına uyğun olaraq nizama salmaq və nəzərdə saxlamaq hüququna malikdir.
Beynəlxalq investisiya münasibətləri, əsas etibarilə, ikitərəfli müqavilələrlə nizama salınır. Bu müqavilələrdə əcnəbi investorlar üçün hüquqi rejim (adətən, milli rejim) müəyyən olunur, kapital qoyulan dövlət tərəfindən verilən təminatlar sadalanır, bu dövlətlə əcnəbi investorlar arasındakı mübahisələrin həlli qaydası təsbit olunmur.
Sözü gedən sahədə İnvestisiya təminatları üzrə Çoxtərəfli Agentlik mühüm rol oynayır. Agentliyin əsas məqsədi istehsal məqsədləri üçün xarici investisiyaları həvəsləndirməkdən ibarətdir. O, xarici investisiyaları qeyri-kommersiya xaraqterli risklərdən (məsələn, ölkədən valyuta çıxarılmasının qadağan edilməsi, milliləşdirmə, müharibə, dövlətdaxili ixtişaşlar) sığorta edir və bu məqsədlə investorlarla müvafiq kontrakt bağlayır.

6. Regional iqtisadi əməkdaşlığın təşkilati formaları

BMT çərçivəsində iqtisadi əməkdaşlıq. Bu əməkdaşlıq EKOSOK tərəfindən yaradılmış iqtisadi komissiyalar çərçivəsində həyata keçirilir:
a) BMT-nin Avropa iqtisadi komissiyası; buraya Avropa dövlətləri; keçmiş sovet respublikaları, habelə ABŞ və Kanada daxildir;
b) Asiya və Sakit okean üçün BMT-nin iqtisadi və sosial komissiyası (Qərbi Asiyanın ərəb ölkələrindən başqa, Asiya dövlətləri, Okeaniya dövlətləri, habelə Böyük Britaniya, ABŞ və Fransa);
c) Afrika üçün BMT-nin iqtisadi komissiyası (Afrika dövlətləri);
ç) Qərbi Asiya üçün  BMT-nin iqtisadi komissiyası (Qərbi Asiyanın ərəb ölkələri, Misir, habelə Fələstin);
d) Latin Amerikası və Karib hövzəsi üçün  BMT-nin iqtisadi komissiyası (Latin Amerikası ölkələri, habelə Böyük Britaniya, Niderland, İspaniya, Kanada, ABŞ və Fransa).
Göstərilən komissiyaların məqsədi müvafiq regionda yerləşən ölkələrin iqtisadi inkişafına dəstək vermək və onların əhalisinin həyat səviyyəsini yüksəltməkdən ibarətdir. Komissiyaların ali orqanı üzv-dövlətlərin nümayəndələrinin plenar sessiyasıdır. Onların tərkibində icra orqanı kimi katiblik, daimi və müvəqəti köməkçi orqanlar vardır.
Avropa bərpa və inkişaf Bankı. 1990-cı ildə təşkil olunmuşdur. Londonda yerləşir. Bank, əsas etibarilə, mühüm infrastruktur obyektlərinin (nəqliyyat şəbəkələrinin, telekommunikasiyaların və s.) yaradılması üçün vəsait ayırır. Xüsusi sektor üçün kreditlər Bank tərəfindən verilən borcun 60%-ni, dövlət sektoru üçün kreditlər isə — 40%-ni təşkil etməlidir.
İqtisadi əməkdaşliq və inkişaf Təşkilatı (İƏİT). 1948-ci ildən fəaliyyət göstərir (1960-cı ilə qədər – Avropa İqtisadi Əmıkdaçlıq Təşkilatı). 30-a qədər dövlət Təşkilatın üzvüdür. Əsas məqsədləri: üzv-dövlətlərin ümumi iqtisadi və ticarət siyasətinin reallaşdırılması; onların, inkişaf etməkdə olan ölkələrə yardımetməsi ilə bağlı siyasətin əlaqələndirilməsi. İƏİT aşağıdakı sturuktura malikdir: daimi fəaliyyət göstərən Şura (rəhbər orqan); İcra komitəsi; Katiblik (Baş Katib rəhbərlik edir). Bundan əlavə, Təşkilatın yüzdən artıq ixtisaslaşdırılmış orqanı vardır. İƏİT-in orqanlarının qərarları tövsiyə xaraqteri daşıyır.
Avropa İttifaqı (Aİ). Unikal siyasi-hüquqi keyfiyyətə malik dövlətlər birliyidir. İlk əvvəl sırf iqtisadi məqsədlərlə yaradıldığına baxmayaraq, Avropa İttifaqı indi siyasi-iqtisadi quruma çevrilmişdir. Əsası 1951 və 1957-ci illərdə qəbul olunmuş üç müqavilə ilə qoyulmuşdur: Avropa Kömür və Polad Birliyinin yaradılması haqqında təsis müqaviləsi (1951-ci il); Atom enerjisi üzrə Avropa Birliyinin yaradılması haqqında təsis müqaviləsi (1957-ci il) və Avropa İttifaqı Birliyinin təsis olunması haqqında Roma müqaviləsi (1957-ci il). Bunlardan əlavə, Avropa İttifaqının təşkili və fəaliyyəti aşağıdakı hüquqi sənədlərə əsaslanır: 1965-ci il Brüsel müqaviləsi (üç Birliyin vahid orqanları yaradılmışdır); 1971-ci il Lüksemburq  müqaviləsi (ən mühüm məsələlər üzrə qərarların yalnız ümumi razılıq əsasında qəbul olunması barədə razılıq əldə edilmişdir); 1986-cı il Vahid Avropa aktı (1993-cü ilə qədər vahid daxili bazar yaradılması və siyasi əməkdaşlığa doğru irəliləmək məqsədi qoymuşdur); 1990-cı il Şengen sazişi (1993-cü ildən bəzi Aİ ölkələri tərəfindən vahi viza rejiminə keçid nəzərdə tutulmuşdur); Avropa İttifaqı haqqında 1992-ci il Maastrix müqaviləsi (XX əsrin sonuna ümumi müdafiə daxil olmaqla, siyasi ittifaqın və vlyuta-iqtisadi ittifaqın yaradılması nəzərdə tutulmuşdur); 1997-ci il Amsterdam sazişləri (sosial sahədə əməkdaşlığın gücləndirilməsi və əhalinin miqrasiyasının liberallaşdırılması haqqında) və vahid valyuta – yevroya keçid haqqında 1998-ci il sazişi.
Bu sazişlər, Aİ-nin orqanlarının qəbul etdiyi çoxsaylı normativ aktlarla birgə “Avropa İttifaqı hüququ” və ya “Avropa hüququ” adlanan xüsusi hüquqi sistem əmələ gətirir.
Aİ-nin məqsədi gömrük, iqtisadi və habelə siyasi ittifaq yaradılması üçün inteqrasiya proseslərini ardıcıl inkişaf etdirməkdir. Bu yolda Aİ dövlətləri aşağıdakılara nail olmuşlar: qarşılıqlı ticarətdə rüsumların tamamilə ləğvi; vahid xarici gömrük tarifinin müəyyən olunması; adamların, malların və kapitalın sərhədlərdən azad keçidi; vahid ticarət və aqrar siyasətinhəyata keçirilməsi; vahid patent sistemi; vahid valyuta və s.
Aİ-nin hazırda 15 üzvü vardır.
Aİ-nin əsas orqanları bunlardır: Şura, Komissiya, Avropa parlamenti, Avropa məhkəməsi.
Şura – Aİ-nin ali orqanıdır. Onun iclasları, bir qayda olaraq, dövlət və hökumət başçıları səviyyəsində keçirilir. Ən mühüm məsələlər üzrə qərarlar yekdil səslə qəbul edilir.
Aİ-nin Şurası bəzən digər müstəqil təşkilat olan Avropa Şurası ilə qarışdırılır. Məsələ burasındadır ki, ingilis dilindəki, “Yuropean Council” və “Council of Yurope” sözləri hər iki halda azərbaycan dilində “Avropa Şurası” kimi tərcümə edilə bilər. Birinci ifadə Aİ-nin Şurasını bildirir.
Komissiya (Avropa Komissiyası) – daimi fəaliyyət göstərən icra orqanıdır; o, üzv-dövlətlərdən asılı olmayan və məcburi aktlar vermək səlahiyyəti olan orqandır.
Şura və Komissiya öz səlahiyyətləri çərçivəsində aşağıdakı hüquqi aktları qəbul edə bilər:
a) qərarlar (reqlamentlər): həm üzv-dövlətlər, həm də onların fiziki və hüquqi şəxsləri üçün məcburi qüvvəyə malikdir; hər bir üzv dövlətin ərazisində birbaşa tətbiq olunmalıdır;
b) direktivlər: üzv-dövlətlər üçün məcburi qüvvəyə malikdir; onların yerinə yetirilməsinin forma və vasitələri dövlətlərin öz səlahiyyətindədir;
c) qətnamələr: yalız aidiyyəti üzrə məcburidir; fərdi xaraqter daşıyır və üzv-dövlətlərdə bilavasitə tətbiq olunur;
ç) tövsiyə və rəylər; məcburi xaraqter daşımır.
Avropa parlamenti — üzv-dövlətlərin vətəndaşları tərəfindən birbaşa seçilən deputatlardan ibarət birpalatalı orqandır. Ölkələr üçün kvotalar müəyyən olunmuşdur. Deputatlar dövlət mənsubiyyətinə görə deyil, partiya mənsubiyyətinə görə qruplaşdırılır. Avropa parlamenti Aİ-nin orqanları ilə bağlı məsləhətçi, nəzarət və büdcə səlahiyyətlərinə malikdir. Parlamentin sessiyaları hər ay keçirilir. Parlament Şuranın bəzi aktları üzərində veto hüququna malikdir və habelə Şura ilə birgə müəyyən məsələlərə aid aktlar qəbul edə bilər.
Avropa məhkəməsi (bəzən Lüksemburq məhkəməsi adlanır) Aİ-nin yurisdiksiyası sahəsində ali məhkəmə hakimiyyətidir. Üzv-dövlətlərin hökumətləri tərəfindən 6 illik müddətə təyin olunan 15 hakimdən və 9 baş vəkildən ibarətdir. Məhkəmə yalniz həm üzv-dövlətlərin və Aİ-nin orqanları, həm də şəxslər tərəfindən ona təqdim olunmuş konkret işlər üzrə qərarlar çıxara bilər. Avropa məhkəməsi beynəlxalq məhkəmə təcrübəsində öz təkrarolunmaz xaraqterinə görə, beynəlxalq, konstitusiya və inzibati məhkəmə funksiyalarına malikdir.
Əsas orqanlarla yanaşı, Aİ çərçivəsində çoxlu sayda köməkçi orqanlar, habelə bir sıra xüsusi fondlar fəaliyyət göstərir. Aİ digər dövlətlərlə, əsasən, inkişaf etməkdə olan ölkələrlə 200-dən artıq əməkdaşlıq haqqında ikitərəfli və çoxtərəfli saziş bağlamışdır. Bunların içərisində müntəzəm olaraq yeniləşdirilən Lome konvensiyalarını xüsusilə qed etmək lazımdır. Afrikanın Karib hövzəsinin və Okeaniyanın 60-dan artıq inkişaf etməkdə olan ölkəsinin iştirak etdiyi bu konvensiyalarda həmin ölkələrə müəyyən güzəştlər və maliyyə dəstəyi verilir. Aİ-yə daxil olmağa hazırlaşan bəzi dövlətlər (Bolqarıstan, Macarıstan, Polşa, Slovakiya, Çexiya və s.) Aİ ilə assosiasiya haqqında sazişlər bağlamışlar.
Haqqında bəhs etdiyimiz təşkilatlardan əlavə, Avropa azad ticarət Assosiasiyasını, Avropa iqtisadi məkanını, Şimali Amerika azad ticarət zonasını göstərmək olar.
İnkişaf etməkdə olan ölkələr öz aralarında iqtisadi əməkdaşlıq sahəsində xeyli təşkilat yaratmışlar: İqtisadi əməkdaşlıq təşkilatı (Azərbaycan Respublikası bu təşkilata daxildir), Afro – Asiya iqtisadi əməkdaşlıq təşkilatı (AFRASEK), Katib Birliyi (KARİKOM), Latın Amerikası inteqrasiya assosiasiyası, “And qrupu” və s.

 

0 şərh