Рейтинг
+1.13

Beynəlxalq hüquq

11 üzv, 39 topik

Beynəlxalq insan hüquqları

İstənilən fərd məhz insan varlığı olduğuna görə doğulduğu andan müəyyən ayrılmaz hüquqlara malikdir və dövlət bərabər əsasda, heç bir ayrı-seçkilik olmadan bu hüquqları qanunvericilikdə və praktikada təmil etməlidir. Əsas etibarilə, suveren və müstəqil dövlətlər arasında münasibətləri tənzimləmək missiyasını yerinə yetirən beynəlxalq hüquqda fərdlərin əsas hüquq və azadlıqlarını nizamlayan normaların inkişaf etməsi çox böyü əhəmiyyət kəsb edir. Bu normaların məcmusu beynəlxalq insan hüquqları hüququnu (international human riqhts law)təşkil edir.
İnsan hüquqlarının beynəlxalq-hüquqi müstəviyə çıxmasından danışarkən bir məqamı xüsusilə vurğulamaq lazımdır: heç bir mövcud beynəlxalq müqavilə bilavəsitə fərdlərə hüquq və azadlıqlar vermir. İnsan hüquqları sahəsindəki müqavilələrdə işlədilən “hər kəsin… hüququ vardır” konstruksiyaı birbaşa fərdlərə deyil, dövlətlərə ünvanlanmışdır. Dövlət müqavilənin iştirakçısı olan digər dövlətlər qarşısında öz üzərinə öhdəlik götürür ki, müəyyən hüquq və azadlıqları yurisdiksiyası çərəivəsində hər bir şəxsə təmin etsin. Belə bir sual ortaya çıxa bilər: əgər hər bir dövlətdə əsas insan hüquları təsbit olunursa, onda beynəlxalq-hüquqi tənzimləməyə nə ehtiyac vardır? Beynəlxalq hüququn bu sahədə rolunu biz aşağıdakılarda görürük:
a) insan hüquqlarının təbii xarakter daşımasını və dövlətin qanunvericiliyindən kənarda və ondan asılı olmayaraq mövcud olmasını bəyan etmək;
b) insan hüquqlarının müdafiəsi məsələsinin dövlətin daxili işi olmadığını bəyan etmək; c
) dövlətlər üçün ümumi standartlar müəyyən etmək (əsas insan hüquq və azadlıqlarının “kataloqunu” müəyyən etmək);
ç) dövlətlərin insan hüquqları sahəsindəki öhdəliklərini yerinə yetirmələri üzərində nəzarət mexanizmləri müəyyən etmək.


Ardı →

Beynəlxalq dəniz hüququ

Dəniz məkanlarının hüquqi statusunu müəyyən edən və onların tədqiq edilməsi və istifadəsi ilə bağlı dövlətlərarası münasibətləri nizama salan normaların məcmusuna beynəlxalq dəniz hüququ deyilir.
Uzun dövr ərzində beynəlxalq dəniz hüququ beynəlxalq adət normalarına söykənirdi.
1958-ci ildə bu sahədə ilk dəfə məcəllələşdirilmə aparıldı və nəticədə dəniz hüququ üzrə dörd mühüm saziş (Cenevrə Konvensiyaları) meydana gəldi – Ərazi dənizi və bitişik zona haqqında; açıq dəniz haqqında; kontinental şelf haqqında; balıqçılıq və açıq dənizin canlı ehtiyatlarının mühafizəsi haqqında. Lakin bu konvensiyalar dəniz hüququnun bütün məsələlərini həll etmirdi və xüsusilə də 1960-70-ci illərdə meydana gəlmiş yeni müstəqil dövlətlərinmənafelərini əks etdirmirdi. Buna görə də yeni kompleks aktın işlənib hazırlanması zərurəti ortaya çıxdı: 1982-ci il oktyabrın 10-da Dəniz hüququ üzrə BMT Konvensiyası qəbul edildi. Beynəlxalq dəniz hüququnun əsas mənbəyi olan bu Konvensiya 16 noyabr 1994-cü ildə qüvvəyə minmişdir.


Ardı →

Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələri

Beynəlxalq hüququn əsas prinsiplərindən biri olan beynəlxalq mübahisələrin dinc yolla həll olunması prinsipinin normativ məzmununu və əhəmiyyətini yuxarıda geniş açıqlamışdır. Göstərmişdik ki, aralarında ortaya çıxan mübahisələri nizamlamaq üçün dövlətlər onların ixtiyarında olandinc vasitələrin hər hansı birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-cü maddəsində öz əksini tapmışdır: danışıqlar, müayinə, vasitəçilik, barışdırma, arbitraj, məhkəmə araşdırması, regional orqan və ya sazişlərə müraciət. Göstərilən siyahıya “xeyirxah xidmətlər” daxil edilməmişdir; “müayinə” termininin əvəzinə isə hazırda “araşdırma” (“təhqiqat”) işlədilir.
Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələruni iki növə ayırmaq olar:

  1. diplomatik vasitələr;
  2. məhkəmə vasitələri.

İkinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxaq mübahisələri qərəzsiz üçüncü tərəf beynəlxalq hüququ əsas götürməklə həll edir və  onun çıxardığı qərar mübahisənin tərəfləri üçün məcburidir. Nəzərə almaq lazımdır ki, bütün dinc vasitələr çox zaman bir yerdə tətbiq olunur.


Ardı →

Beynəlxalq kosmos hüququ

Beynəlxalq kosmos hüququ səma cisimiləri də daxil olmaqla, kosmik fəzanın hüquqi rejimini müəyyən edən və kosmik fəaliyyətin iştirakçılarının hüquq və vəzifələrini nizama salan normaların məcmusuna deyilir.
Beynəlxalq kosmos hüququnun obyektini kosmik fəzanın, planetlərin, Ayın və süni kosmik obyekt lərin istifadəsi ilə bağlı ortaya çıxan hüquq münasibətləri, kosmik ekipajların hüquqi statusu və kosmik fəaliyyətin nəticələrindən istifadənin hüquqi rejimi təşkil edir.
Beynəlxalq kosmos hüququ, əsas etibarilə, benəlxalq müqavilələrə söykənir. Bu sahədə əsas beynəlxalq müqavilə Ay və digər səma cisimləri də daxil olmaqla, kosmik fəzanın tədqiqi və istismarı üzrə dövlətlərin fəaliyyətinin prinsipləri haqqında 1967-ci il Müqaviləsidir. Bundan əlavə,aşağıdakı müqavilələri göstərmk olar: Kosmonavtların xilas edilməsi, kosmonavtların qaytarılması və kosmik fəzaya buraxılmış obyektlərin qaytarılması haqqında 1968- ci il Sazişi (Kosmonavtların xilas edilməsi haqqında Saziş); Kosmik obyektlərin vurduğu zərərə görə beynəlxalq məsuliyyət haqqında 1972-ci il Konvensiyası; Kosmik fəzaya buraxəlan obyektlərin qeydiyyatı haqqında 1975- il Konvensiyası; Ayda və digər səma cisimlərində dövlətlərin fəaliyyəti haqqında 1979-cu il sazişi (Ay haqqında Saziş). Bu və ya digər dərəcədə kosmik fəaliyyətə aid olan müddəaları başqa müqavilələrdə də tapmaq olar: məsələn, Atmosferdə, kosmik fəzada və su altında nüvə silahı sınaqlarının qadağan edilməsi haqqında1963-cü il Müqaviləsi; Ətraf mühiti dəyişikliyə uğradan vasitələrdən hərbi və ya istənilən digər düşmən məqsədlərlə istifadə olunmasının qadağan edilməsi  haqqında 1976-cı il Konvensiyası; “İntersputnik” Beynəlxalq rabitə sisteminin yaradılması və kosmik rabitənin təşkili haqqında 1971-ci il Sazişi; Nüvə qəzası barədə operativ xəbərvermə haqqında 1986-cı il konvensiyası və s.


Ardı →

Beynəlxalq humanitar hüquq

Beynəlxalq humanitar hüquq – silahlı münaqişələr zamaın tətbiq olunan, döyüş aparılmasının müəyyən üsul və metodlarının tətbiqini qadağan edən və ya məhdudlaşdıran və silahlı münaqişə dövründə fərdin hüquqlarının qorunmasına yönəlmiş beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
“Beynəlxalq humanitar hüquq” görkəmli alim Jan Pikte tərifindən beynəlxalq- hüquqi leksikona daxil edilmiş nisbətən yeni termindir. Beynəlxalq hüququn bu mühüm sahəsi müxtəlif cür adlandırılır: silahlı münaqişələr dövründətətbiq edilən hüquq; müharibə hüququ (jus in bello); silahlı münaqişələr hüququ; müharibə qanun və adələtli və s.
Xüsusi vurğulamaq lazımdır ki, beynəlxalq humanitar hüquq müharibəni qadağan etmir. O, obrazlı desək, birbaşa döyüş meydanına gəlir və sırf humanist mövqedən çıxış edərək, artıq başlamış müharibəni, — onun xarakterindən və başlama səbəblərindən asılı olmayaraq, — müəyyən normativ çərçivəyə salmağa can atır. Bundan çıxış edərək, beynəlxalq humanitar hüququn iki başlıca məqsədini göstərmək olar:
1. Kombatant olmayanları, yəni mülki şəxsləri  və sıradan çıxmış hərbi qulluqçuları müdafiə etmək və onlarla humanist rəftarı təmin etmək. Bu məqsədi beynəlxalq humanitar hüququn bir hissəsi olan “Cenevrə hüququ” həyata keçirir. “Cenevrə hüququ” termini, əsas etibarilə, Müharibə qurbanlarının müdafiəsinə dair 1949-cu il Cenevrə Konvensiyalarına istinad edilərək götürülmüşdür.


Ardı →

Dövlətin yurisdiksiyası

Beynəlxalq hüquqa görə, dövlət öz daxili qanunlarını ərazisi çərçivəsində və onun hüdudlarından kənarda baş verən məsələlri – yurisdiksiya obyektinin dövlət mənsubiyyətindən asılı olmayaraq, — tətbiq edə bilər (buna preskriptiv yurisdiksiya, yəni müəyyən etmə və ya nizamasalma yurisdiksiyası deyilir).
Lakin bu yurisdiksiyanın (preskriptiv yurisdiksiya) həyata keçirilməsi dövlətin öz ərazisi ilə məhdudlaşır və xüsusi razılaşma olmasa,başqa bir dövlətin ərazisində hər hansı bir formada mümkün deyildir. Başqa sözlə, dövlət öz hüquq mühafizə orqanlarını başqa bir dövlətin ərazisində fəaliyyətə gətirə bilməz (buna həyata keçirmə yurisdiksiyası deyilir).
Dövlətin öz ərazisi çərçivəsindəki  yurisdiksiyası mütləq və müstəsna xarakter daşıyır. Dövlət öz ərazisində yerləşən bütün şəxsər, mülkiyyət və baş verən bütün hadisələr üzərində, ümumi və konkret beynəlxalq hüquq norması ilə başqa cür nəzərdə tutulmayıbsa, hakimiyyət səlahiyyətləri həyata keçirir. Başqa sözlə, heç bir başqa dövlət və ya beynəlxalq qurum bir dövlətin “daxili yurisdiksiyasına” müdaxilə edə bilməz.


Ardı →

Beynəlxalq hüququn xüsusiyyətləri

     Təbii ki, obyektiv mənada hüquqa xas olan əlamətlər beynəlxalq hüquq normaları üçün də səciyyəvidir. Ən əsası, bu normalar da müvafiq subyeklər üçün hüquqi ümumməcburi xarakter daşıyır və onların yerinə yetirilməsi müəyyən sanksiya ilə təmin edilir. Lakin beynəlxalq hüquq onu dövlətdaxili (milli) hüquqdan fərqləndirən bir sıra xüsusiyyətlərə malikdir. Bu xüsusiyyələr, hər şeydən öncə, beynəlxalq hüququn mövcud olduğu və faliyyət göstərdiyi dövlətlərarası mühitlə və suveren, formal baxımdan bir-birindən asılı olmayan dövlətlərin olması ilə əlaqədardır. Birincisi, fiziki və hüquqi şəxslər və dövlət orqanları arasıdakı münasibətləri nizama salan dövlətdaxili hüquqdan fərqli olaraq, beynəlxalq hüquq dövlətlər və beynəlxalq hüququn digər subyektləri (beynəlxalq təşkilatlar və s.) arasıda yaranan münasibətləri nizama salır.


Ardı →

Beynəlxalq müqavilələr

Beynəlxalq müqavilələr hüququ beynəlxalq müqavilələrin bağlanması, icrası və xitam olunması qaydasını nizama salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir.
Beynəlxalq müqavilələr hüququ uzun müddət ərzində beynəlxalq adət normalarına söykənmişdir. Müqavilələrin bağlanması, qüvvədə olması, təfsiri və xitam olunması ilə bağlı dövlətlərin dəfələrlə təkrar olunan və eyni cür praktikası nəticəsində müəyyən normalar təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi qüvvədədir. Sonralar bu adət normaları bir yerə toplanmış və məcəllə şəklinə salınmışdır. Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında Havana Konvensiyası olmuşdur; 1928-ci ildə bağlanmış bu Konvensiyasiya yalnız Latın Amerikası ölkələri arasında qüvvədə olmuşdur.


Ardı →

Beynəlxalq hüququn əsas prinsipləri

Müasir beynəlxalq hüquqda bir sıra xüsusi əhəmiyyətli normalar mövcuddur ki, onlarsız beynəlxalq sistemin normal fəaliyyət göstərməsi praktik cəhətdən mümkün deyilir. Həmin normalar beynəlxalq hüququn əsas prinsipləridir.
Beynəlxalq hüququn bir sıra əsas prinsipləri BMT Nizamnaməsinin 2-ci maddəsində BMT-nin bütün üzvləri üçün məcburi normalar kimi göstərilmişdir.
Həmin maddənin 6-cı bəndində isə deyilir: “Təşkilat təmin edir ki, onun üzvü olmayan dövlətlər, bunun beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri ola bildiyi dərəcədə, bu prinsiplərə uyğun hərəkət etsinlər”.
Beynəlxalq hüququn əsas prinsipləri bütövlükdə beynəlxalq birlik tərəfindən tanınır və qəbul edilir və yalnız beynəlxalq birliyin özü tərəfindən ləğv edilə bilər. Beynəlxalq hüququn bütün normaları beynəlxalq hüququnəsas prinsiplərinə uyğun olmalıdır.


Ardı →

Beynəlxalq hüquqi adət

Beynəlxalq hüquqi adət beynəlxalq praktikada təşəkkül tapmış və məcburi  norma kimi tanınmış davranış qaydasıdır.Tərifdən göründüyü kimi, beynəlxalq hüquqi adətin iki ünsürü vardır: 1) dövlətlərin praktikası və 2) bu praktikanın məcburi norma kimi tanınması (opinio yuris). Bu fikir BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən bir neçə dəfə, o cümlədən Şimal dənizinin kontinental şelfi haqqında iş üzrə (1969-cu il) və Nikaraqua işi üzrə (1986-cı il) çıxardığı qərarlarında qeyd olunmuşdur.
Beynəlxalq hüququi adətin maddi əsasını təşkil edən dövlətlərin praktikasına aşağıdakılar daxildir: a) dövlətlərin “faktik” fəaliyyəti (hərəkət və ya hərəkətsizlik); b) konkret situasiya və ya mübahisələrlə bağlı onların verdikləri bəyanatlar; c) dövlətdaxili qanunvericilik; ç) milli məhkəmələrin qərarları; d) beynəlxalq təşkilatların praktikası.
Müəyyən adət normasının təşəkkül tapması üçün, bir qayda olaraq, dövlətlərin praktikası aşağıdakı tələblərə cavab verməlidir:
a) ardıcıl, səbatlı və eyni cür olmalıdır;


Ardı →