Şərqdə iqtisadi fikrin formalaşmasinda islamin rolu

İqtisadi təlimlər tarixinin bir elm kimi formalaşmasında Şərq iqtisadi fikrinin müstəsna dərəcəli təsiri olmuşdur. Bu hər şeydən əvvəl Şərqdə, xüsusən İlkin Ərəb Xilafəti dövlətində İslam dininin meydana gəlməsi (610-632-ci illər) ilə yeni iqti­sadi münasibətlərin və davranış qaydalarının meydana gəlməsi ilə əlaqədar olmuşdur.
Şərqdə spesifik iqtisadi davranış qaydalarının mövcud olması bir tərəfdən ənənəvi yaşayış tərzindən, milli vərdişlərdən asılı olmuşdursa da, lakin onun spesifik forma alması sırf İslami mənəvi-dini dəyərlərin insanların həyat tərzlərində hakim mövqedə durması ilə bağlıdır. Ona görə də Şərqdə orta əsrlərdən başlayaraq iqtisadi fikirlər barəsində mülahizələr irəli sürərkən, bir qayda olaraq islam elmi dünyagörüşünə, xüsusən Qurani-Kərimdə və Məhəmməd (s.ə.s.) sünnəsindən irəli gələn prinsiplərə əsaslanmaq lazımdır.
Min illər boyu insanların mənəvi həyat tərzinin əsası kimi təsvir olunan islam eyni zamanda elmin bir sıra sahələrində böyük nailiyyətlərin əldə olunmasına istiqamət vermişdir. Sözsüz ki, burada fəlsəfəni, hüququ, sosiologiyanı, tarixi, ədəbiyyatı, dilçiliyi, kimyanı, fizika-riyaziyatı, coğrafiyanı və s. sahələri xüsusi qeyd etmək olar. Lakin Qurani-Kərimdə iqtisad elminə dair külli miqdar ayələrin olmasına, eləcə də şəriətdə xüms, zəkat, həcc kimi ərkan və ya rükunların göstərilməsinə baxmayaraq, onların sistemşəkilli tədqiqi istənilən səviyyədə aparılmamışdır.
Şübhəsiz ki,  islam dünyasının bir çox alimləri elmin müxtəlif sahələrini əhatə edən, olduqca mükəmməl, dəyərli və zəngin bir xəzinə qoyub getmişlər. Lakin ökəmizdə islamın belə möhtəşəm xəzinəsindən bəhrələnmək imkanı olmamışdır. İndinin özündə də elmi dairələrin müəyyən qrup adamları mark­sist-ateist düşüncə tərzindən ayrıla bilməyərək, islama elmi məntiqə uyğun gəlməyən səpkidə çox səthi yanaşırlar.
İslamda iqtisadi dəyərlərin üzə çıxarılması, onların sis­temli şəkildə elmi dilə salınması, real həyatda gedən təsərrüfat prinsipləri ilə əlaqələndirilməsi, müasir dövrdə tarixi inkişafı­mızın qorunub saxlanılması və qlobal xarakterli iqtisadi prob­lemlərin aradan qaldırılması üçün ən tutarlı zəminlərdəndir.
İslam elmi dünyagörüşü yalnız ərəblərin yaratdığı təlimlə deyil, eyni zamanda islam dinini qəbul etmiş bütün xalqların   mənəvi sərvəti əsasında formalaşmışdır. Təkcə onu demək kifayətdir ki, islam mənəvi dəyərləri, mədəniyyəti, ərəb, fars, türk dillərində qovuşmuş şəkildə sürətlə yayılmağa başlamış­dır. Bunun nəticəsidir ki, islam dini-mənəvi dünyagörüşü, ruhu ilə cilalanmış, elm və bədii söz xəzinəsinin böyük yaradıcıları olan İbn Ruşd, Əl-Fərabi, İbn-Sina, Biruni, Firdovsi, Cami, Ömər Xəyyam, Nəsirəddin Tusi, Əl-Qəzəli, Buxari, İbn-Xəldun, Füzuli və başqa bu kimi yüzlərlə dahi sənətkarların hər biri ayrı-ayrılıqda islam mənəviyyatını zənginləşdirən parlaq ədəbi nümunələr yaratdılar.
Bu dahi sənətkarların islam dini-mənəvi dəyərləri meyarı ilə yaratdıqları sənət əsərlərinin bu gün də örnək kimi qəbul edilməsi, təbiət və cəmiyyət hadisələrinə onların müdaxilə edə bilməsi bu günkü hər bir müasir islam əqidəli araşdırmaçıya imkan verir ki, onlar başqalarına az da olsa müəyyən dərəcədə təsir göstərən elmi tədqiqatlar aparmağa səy göstərsinlər. Çünki, İslam çoxşaxəli bir hikmətdir. Hər kəsin bu hikmətdən xəbərdar olması zəruri və faydalıdır. İslam hər kəsdə olan mənliyi üzə çıxardan, cəhaliyyətdən xilas olub, əbədi varlığı dərk etməyə yol göstərən həqiqətdir.
İslam dini və elmi dünyagörüşünün formalaşmasında Həzrəti Məhəmmədin (s.ə.s.) müstəsna rolu olmuşdur.
Miladi tarixinin 570-ci ilində Rəbbiləvvəl ayının 12-də ba­zar ertəsi dünyaya gəlmiş şərəfli və sevimli Peyğəmbərimiz Məhəmməd (s.ə.s.) Kəbənin rəisi Əbdül Mütəllibin nəvəsi, onun 13 oğlundan biri olan Abdullanın övladı idi. Anası Əbd Mənafın qızı Aminə idi. Süd anası Həlimə idi.
Ana bətnində ikən yetim qalmış, 6 yaşında ikən anasını itirən Həzrəti Məhəmməd (s.ə.s.) babası Əbdül Mütəllibin və­fatından sonra ticarətlə məşğul olan əmisi Əbutalibin himayə­sinə keçdi. On iki yaşında onunla Şam şəhərinə, 17 yaşında ikən digər əmisi Zübeyr ilə Yəmənə səfər etmişdi.
Bu səfərlər ona ciddi təsir göstərmiş və sonralar özünün müstəqil ticarətlə məşğul olmasına çox kömək etmişdir.
Həzrəti Peyğəmbərimiz 25 yaşında ikən, 40 yaşında dul qalmış dövlətli Xədicə xanım ilə evləndi. Ondan iki oğlu: Qa­sım və İbrahim, dörd qızı: Zeynəb, Ruqiyyə, Ümmü Gülsüm və Fatimə olmuşdur. Hər iki oğlu lap kiçik yaşlarında ikən vəfat etmişdir. Üç  qızını islamiyyətə qədər, islamiyyət dövründə isə sonuncu qızı Fatimeyi-Zəhranı əmisi oğlu Həzrəti Əliyə ərə vermişdir.
Böyük qızı Zeynəbi, Əbül-Asa, Ruqiyyəni və Ümmü-Gülsümü əmisi Əbuləhəbin oğlanları Ümbə ilə Ümeybərə ver­mişdir. İslamın qatı düşməni mövqeyindən duran Əbuləhəb, sonralar oğlanlarını Həzrəti Peyğəmbərin qızlarından boşan­dırmışdır.
Əvvəlcə Ruqiyyəni, sonra o vəfat etdikdən sonra Ümmü Gülsümü Həzrəti Osman kəbinlə almışdır. Xədicənin vəfatın­dan sonra Həzrəti Məhəmmədin (s.ə.s.) kəbin etmiş qadınlar­dan (yalnız Misirdən olan Məryəmdən) İbrahim adında oğlu olur, o da kiçik yaşında ikən vəfat edir.
Həzrəti Məhəmməd (s.ə.s.) 40 yaşı tamam olduqda (Mi­ladın 610-cu illərində) Hira dağında mübarək Ramazan ayının Qədr gecələrinin birində pak Quran ayəsinin ona nazil olun­ması ilə Xatəmi - Ənbiya (sonuncu) Peyğəmbər oldu.
İlk ayələr isə belə idi: "Ya peyğəmbər! Qurani-Kərimi, bütün məxluqatı yoxdan yaradan Rəbbinin adı ilə (bismillah deyərək) oxu. O, insanları laxtalanmış qandan yaratdı. Oxu. Sənin Rəbbin ən böyük Kərəm sahibidir. O Rəbbin ki, qələmlə yazmağı öyrətdi. O Rəbbin ki, insana bilmədiklərini öyrətdi" (Əl-Alaq surəsi 1-5).
İlahi hökmü ilə çox böyük, ağır və şərəfli bir vəzifənin məsuliyyətini qəbul edən Həzrəti Peyğəmbərimiz, islamın təb­liğilə Qüreyş tayfasını bu dini qəbul etməsinə dəvət etdi. İlk dini qəbul edən Həzrəti Xədicə və Həzrəti Məhəməd (s.ə.s.) tərbiyəsi ilə böyümüş əmisi oğlu - Həzrəti Əli olmuşdur. Tə­sadüfi deyildir ki, Həzrəti Peyğəmbər, Həzrəti Əli haqqında deyirdi: "Mən elmin şəhəriyəm. Əli də bu şəhərin qapısıdır".
İslamın ilkin gizlin təbliğindən sonra onun açıq qəbul olunması təklif edilirdi. Çox böyük qarşıdurma ilə islam qəbul olunurdu. Qüreyş tayfası açıqca islam dininə və onu təbliğ edən Həzrəti Peyğəmbərimizə, eləcə də onu qəbul edənlərə düşmən münasibəti bəsləyirdi. Burada həm peyğəmbərin əmisi Əbuləhəb, həm də qüreyşilərin ən adlı-sanlı adamları: Əbucəhl, Vəlid ibn Muğirə (məşhur islam sərkərdəsi Xalid ibn Validin atası), As ibn Vail, Əbusüfyan, Ümbə ibn Rabiyə və b. idilər.
Çox çətin, kobud, təhqiramiz şəraitdə yaşayan Həzrəti Peyğəmbər (s.ə.s.) öz yüksək və gözəl əxlaqı ilə, təmkinli və ibrətamiz davranışı ilə bütün bu çətinliklərə 12 il dözdü. Miladi 622-ci ildə Rəbiləvvəl ayının 12-də, bazar ertəsi Mədinəyə, açıq düşmənçilik nəticəsində Hicrət (köçmək) etməyə məcbur olmuş Həzrəti Peyğəmbər burada islamın rükunlarının icra olunması qaydalarını müəyyən etdi. Gündə 5 dəfə namaz qıl­maq, ildə də 30 günlük oruc tutmaq təyin olundu.
Mədinə şəhərində islam dininin formalaşması, yayılması, təbliğ olunması ilə əlaqədar çox böyük işlər görməklə yanaşı, onun dövlət dininə çevrilməsi başlandı.
İslamın üçüncü rükunu cihadda, məhz Mədinədə Hicrətin ikinci ilində nazil olundu.
Peyğəmbərin sağlığında islam uğrunda 84 irili-xırdalı müharibə olmuşdu.
Bunların 28-ində Peyğəmbər şəxsən iştirak etmişdir. Bu müharibələrdən tarixi əhəmiyyətinə görə Bədr, Uhud, Xəndək, Xeybər döyüşləri xüsusi qeyd olunmalıdır.
Peyğəmbərlər iştirak etdiyi müharibələrdən (Qəzəvat) yalnız 9-unda qan axıdılmışdır. Digər müharibələr əsasən sülh yolu ilə, yaxud düşmənin qaçması ilə başa çatmışdır.
İslam dini uğrunda gedən müharibələrin hamısında, düşmənə dinin qəbul olunması təklif olunardı. Əgər düşmən qüvvələr bütpərəstlər olurdusa, onlarla müharibə çox şiddətli olurdu. Çünki, ya onlar islamı qəbul etməlidirlər, yaxud da ta­mamilə məhv edilməli idilər. Əgər müharibə aparan yəhudi və ya xristian dininə mənsub olanlardandırsa, onlar məcburi dini qəbul etməyə bilərdilər. Lakin onlar vətəndaş kimi müəyyən cizyə adı ilə xərclər verməli idilər.
Hicrətin 2-ci ilində Peyğəmbərin qardaşı oğlu Abdullanın apardığı beşinci döyüşdə ələ keçirilmiş qənimətin ilk dəfə ola­raq beşdə birinin "Xüms", "Beytül-mali", yəni cəmiyyət xəzinə­sinə verilməsi qərarı  çıxarıldı.
Hicrətin 9-cu ilində Məkkənin alınması ilə islamın əsl zəfər yürüşü başlanmışdı. Məkkənin ətrafında yaxın yerlər də tamamilə islanmışdı.
Bununla da əsası İbrahim peyğəmbər  Əleyhüssəlam tə­rəfindən qoyulmuş, əsl həcc qaydalarına riayət olunması qeyd olunduğu Kəbə evi çılpaq, ehramla təvaf olunmalı idi.  Bundan sonra isə Məscidül-harama qeyri-müsəlman yaxın durmamalı idi. İlk dəfə olaraq əmirülhəcc məqamını Həzrəti Peyğəmbər müəyyən etmişdir. O da Həzrəti Əli olmuşdur. Həmin ildə "Beytül-mali" üçün hər bir ailə gəlirinin ondan birindən "zəkat" almaq tətbiq olundu.
Hicrətin 11-ci ilində, Miladın 632-ci ilində Rəbiləvvəl  ayı­nın 12-də bazar ertəsi Həzrəti Məhəmməd (s.ə.s.) vəfat etdi. Həzrəti Məhəmməd Peyğəmbərin (s.ə.s.) dünyaya gəlməsi, Hicrət etməsi, axirət aləminə köç etməsi, Rəbiləvvəl ayının 12-nə bazar ertəsi gününə təsadüf etməsi də ilahinin ona lütf et­diyi bir sehr, təcəlli və düşünmədir.
Tarixi mənbələrə görə sevimli Peyğəmbərimiz 62 il, 11 ay, 11 gün ömür sürmüşdür.
Ömrünü insanları cahiliyyət  girdabından xilas etməyə sərf edən, sülhü, ədaləti, qardaşlığı, həqiqəti üstün tutan Həz­rəti Məhəmməd (s.ə.s.) sonuncu Peyğəmbər olmaqla, eyni zamanda Məkkə və Mədinə və ona yaxın olan ərazilərdə əmələ gəlmiş ilkin islam dövlətinin qüdrətli başçısı və əzəmətli sərkərdəsi idi.
Xilafətdən sonrakı dövrlərdə iqtisadi həyatda baş verən dəyişikliklər, istər-istəməz islamın iqtisadi əsaslarının pozul­masına səbəb oldu. Bu hal istər Əməvilər, istər Abbasilər, is­tərsə də Osmanlı hakimiyyəti dövrlərində müşahidə olunmuş­dur. Halbuki, dövlətin idarə olunması, xüsusi mülkiyyətin toxu­nulmazlığı, nemətlərin ədalətli bölgüsündə islamın iqtisadi əsaslarının mövcud olmasını XYIII əsrdə Qərbi Avropada bu istiqamətdə gedən burjua inqilabları üçün nümunə hesab et­mək olar.
İslam dünyasında ictimai fikrin və iqtisadi təfəkkürün in­kişafında görkəmli Azərbaycan mütəfəkkiri Nəsirəddin Tusinin (1201-1274) çox böyük elmi xidməti olmuşdur.
İslam dini və fəlsəfi elmi dünyagörüşünü əsas  götürərək N.Tusinin "Əxlaqi-Nasiri" əsərində göstərilmişdir ki, cəmiyyə­tin həyatında əmək aparıcı rol oynayır və insanlar arasında iq­tisadi əlaqələri zəruriləşdirir.
İnsanı öz təbiəti etibarı ilə ictimai varlıq hesab edən N.Tusi göstərirdi ki, onun başqa canlılardan fərqi və üstünlüyü şüurlu ictimai əmək fəaliyyəti ilə bağlıdır.  "İnsan yaşamaq üçün yeməyə möhtacdır, insanın yeməyi - isə başqa heyvan­lardakı kimi alaf  və sudan ibarət deyil və təbiət tərəfindən ha­zır-nazir verilmir." Ona görə də insan çalışmalı, işgüzarlığı və qabiliyyəti ilə yaşayış vasitələrini əldə etməlidir. Nemətlərin istehsalı və sərvətlərin əldə olunması üçün (əmək alətlərini və torpağı birlikdə istifadə etməyi qeyd edərək) əmək bölgüsünün xüsusi rola malik olduğu qeyd olunurdu. Rəngsazla dülgərin timsalında əmək bölgüsünü şərh edən N.Tusi qeyd edirdi ki, "Sənət və peşə olmadan, məsələn, əkmək, biçmək, təmizlə­mək, üyütmək, yoğurmaq və bişirmək mümkün deyildir, bunun üçün isə köməkçi işlər, kənd təsərrüfatı ləvazimatını düzəlt­məyi və işlətməyi bacarmaq, uzun müddət böyük əmək sərf etmək lazımdır.
Birgə əmək sistemi vasitəsilə  müxtəlif peşələrə yiyələn­məyin zəruriliyini qeyd edən N.Tusi göstərirdi ki, nəticədə belə bir şərait qarşılıqlı köməyə və hamının xeyrinə olan ictimai bir sistem daxilində baş verir.
İctimaiyyət adı ilə cəmiyyət həyatında baş verən iqtisadi münasibətləri öyrənən N.Tusi göstərirdi ki, insan mənəviyya­tını əks  etdirən ruh, əxlaq, nəfs, ağıl, şüur, idrak və s. vaxt bəhrəsini verə bilər ki, ictimai əməklə birləşən və istehsalı ən kamil təşkil edən insanlar, evdarlıq elmini, ölkənin idarəetmə qaydalarını öyrənə bilsinlər.
Ailə münasibətilə dünya ictimai münasibətlər sistemini şərh edən N.Tusi göstərirdi ki, hər bir adam (ailənin) tərkib  hissəsi olduğu kimi, hər ev bir məhəllənin, hər məhəllə bir şə­hərin, hər şəhər bir xalqın (ölkənin) tərkib hissəsi, hər xalq isə bütün dünya əhalisinin tərkib hissəsi olur".
Beləliklə, N.Tusi cəmiyyətin bir sistem  halında fəaliyyət göstərdiyini, ayrı-ayrı fərdlərin isə bu sistemin bir ünsürü ol­duğunu və onların qarşılıqlı əlaqə və asılılıqda olduğunu qeyd edir. Burada ən vacib cəhət odur ki, insanların cəmiyyət həya­tındakı birgə əməklə, birgə fəaliyyət göstərmənin zəruriliyi qeyd olunur. Cəmiyyətin hər cür səadətə  qovuşmasının isə insanların qarşılıqlı əlaqə və əlbir fəaliyyətindən asılı olduğu da göstərilir.
İslam dünyasının ictimai-iqtisadi fikrinin ən böyük dühala­rından biri də Qərbi Ərəbistanda Tunisdə dünyaya gəlmiş İbn Xəldundur (1332-1406-cı illər).
İbn Xəldun ilk dəfə olaraq tarixi tərəqqinin dövrləşməsini, "cəmiyyətin sosial fizikasını", onda gedən fərqlənmənin maddi əsaslarını göstərmişdir. Cəmiyyətin tarixi təkamül yolunun "primitivdən" "sivilizasiya"ya doğru olduğunu göstərmişdir. İbn-Xəldunun traktatlarında ilk dəfə olaraq dövlət idarəetmə sistemi ilə iqtisadiyyat arasındakı vəhdətin elmi şərhi veril­mişdir. Onun "Böyük tarix" və xüsusən "Müqəddimə" əsərlə­rində iqtisadi fikrin formalaşmasına dair çox diqqətəlayiq mülahizələr söylənilmişdir. İbn Xəldun göstərirdi ki, nəsillərin yaşadığı şərait, nemətlərin əldə olunması vasitələrindən asılı olaraq fərqlənir. Bununla əlaqədar göstərirdi ki, müxtəlif coğrafi mühitdə yaşayan insanlar öz həyat tərzinə görə müxtə­lif olacaqlar.
Öz dövründə elmi bilikləri iki: fəlsəfi və ənənəvi qismə bölən İbn Xəldun eyni zamanda onların təsnifatını da verir.
İslam fəlsəfi dünyagörüşü ilə müəyyən qanunauyğunluq­lar  şəraitində insan cəmiyyətinin təbiəti haqqında-sosial fizika elmi yaratmaq ideyasilə İbn Xəldun, sözün əsl mənasında bə­şəriyyətin tarixi inkişafını dövrləşdirə bilmişdir. Dünya İbn Xəl­dun üçün qaydalaşdırılmış və təkmilləşdirilmiş şəkildə, səbəb və nəticə əlaqələri çərçivəsində görünür.
Cəmiyyətin tarixi inkişafı İbn Xəldunun fikrinə görə maddi nemətlərin istehsalından, bölgüsündən və istehlakından sıxı surətdə asılıdır. Cəmiyyət o vaxt cəmiyyət, adamlar o vaxt adam olur ki, onlar zəruri yaşayış vasitələri istehsalına görə birləşirlər. Belə fəaliyyət insan cəmiyyətini təbiətdən ayırır. Məhz belə ayrılma, digər tərəfdən cəmiyyətlə təbiət arasında yeni qarşılıqlı əlaqələrin  əmələ gəlməsinə səbəb olur. Belə ki, insanlar inkişaf edir, mədəniyyətləri təkmilləşdirir və özünün təbii şəraitinə əks-təsir göstərir öz həyat tərzlərini də dəyişir­lər. İbn Xəlduna görə təbiətən nə dəyişilməzdirsə, o ilahi qa­nunun əbədi xarakteri ilə əlaqələndirilir. "Nə ki, təbiidir, o dəyişilməzdir".
İbn Xəldun yazır: "Ağıllı siyasətə malik bəzi dövlət kişiləri belə hesab edə bilərlər ki, dövlətin dağılması cəhətlərindən uzaqlaşmaq olar. Onlar dövləti təkmilləşdirmək, onun vəziyyə­tini, tərkib hissəsini yaxşılaşdırmağa və sağlamlaşdırmağa cəhd göstərə bilərlər.
Hesab edə bilərlər ki, dövlətin dağılması onlara qədər dövlət kişilərinin səhlənkarlığından, axmaqlığından irəli gəlib. Lakin bu belə deyil. Belə dağılma təbiidir".
İbn Xəldun "Sosial fizika" terminini tətbiq etməklə "ictimai dəyişikliklər" nəzəriyyəsinin əsasını qoymuşdur. Beləliklə də islam mənəvi dünyagörüşü şəraitində ictimai dəyişikliklərin getməsi qanunauyğun haldır.
İbn Xəlduna görə insanlar  ilkin olaraq vəhşi şəkildə mövcud olublar. Tədricən onlar təbii dünyadan ayrılmış sosial vəziyyət almışlar. Öz inkişafında iki mərhələdən keçmişlər. Bunların biri "bilava", digəri "xilara"dır. Bu iki mərhələ "yaşayış vasitələrinin necə əldə olunmasına" görə fərqlənirlər. "Bilava" mərhələsində insanlar əsasən əkinçilik və heyvandarlıqla məşğul olmuşlar. İkinci "xilara" mərhələsində isə göstərilən məşğuliyyətlə yanaşı sənətkarlıqla, ticarətlə, elm və incəsə­nətlə məşğul olmuşlar.
Müxtəlif insan cəmiyyətlərinin həyatında "bilava" və "xi­lara" inkişaf mərhələləri bir ərazidə və ya region ərazisində fəaliyyət göstərə bilər.
"Bilava"nı bəzi hallarda tədqiqatçılar köçəri həyat tərzi kimi, "xilara"nı isə oturaq həyat tərzi kimi qeyd edirlər.
Bəzən "bilava" köçəri kənd həyatı, "xilara" isə oturaq şə­hər həyatı kimi şərh edilir.
Primitiv həyat tərzindən sivilizasiyalı həyat tərzinə keçidi İbn Xəldun izafi məhsulla əlaqələndirir və hər cür inkişafın mənbəyini maddi, iqtisadi səbəblərin təşkil etdiyini göstərir. İzafi məhsul, qrup üzvlərinin ehtiyacından qat-qat artıq olan hissə kimi əmək bölgüsündən və kooperasiyadan asılı olaraq yaradılır.
İzafi məhsul istehsal edən əmək "izafi əmək", zəruri məhsul istehsal edən əmək isə "əsas əmək" adlandırılır. İbn Xəldun onu sivilizasiyanın görünməsi kimi qiymətləndirir. Əgər şəhər sivilizasiyalaşırsa və orada adamların əməyi ar­tarsa, zəruri tələbatını ödəyib və onları artırırsa, onda bu izafi hissə zənginliyi əks etdirən vasitələrə sərf olunacaq.
İnsan cəmiyyətinin təbiəti haqqında İbn Xəldunun elmi konsepsiyasına bu gün də maraqla müraciət olunur və o adamların davranış qaydaları, dövlətin idarə olunması üçün öz əhəmiyyətini saxlayır. Bir cəhət xüsusi qeyd olunmalıdır ki, İbn Xəldun ictimai-iqtisadi fikirlərini sırf islam dini və fəlsəfi dünyagörüşü əsasında şərh etmişdir.
İslamın iqtisadi prinsiplərini daha sonralar əmələ gəlmiş dünyəvi iqtisadi dəyərlərə uyğunlaşdırmaq ideyası bir sıra ərəb-müsəlman dövlətlərində müşahidə olunsa da, lakin o is­tənilən nəticələri verməmişdir. Halbuki, inkişaf etmiş dünya ölkələri, islam iqtisadi prinsiplərinə uyğun gələn humanitar yardım, sosial-sığorta fondları və s. yardımlarla sivil dövlətlər səviyyəsinə qalxmışdır.
Zəmanəmizin 70-ci illərindən başlayaraq ərəb-müsəlman dövlətlərində islamın iqtisadi prinsiplərinə uyğun gələn amillə­rin, proseslərin onların iqtisadi həyatlarına daxil edilməsi nə­inki bu ölkələrin, eləcə də digər müsəlman mənşəli ölkələrin sürətli inkişaf etməsinə səbəb oldu
 

0 şərh