Fiziokratlar məktəbinin yaranmasinin tarixi şəraiti və ümumi xüsusiyyətləri

İqtisadi təlimlər tarixində fiziokratlar məktəbi mühüm yer tutur və bu məktəbin nümayəndələri bir çox yeniliklər yarat­mışlar. Fiziokratların yaradıcılığı feodalizmdən kapitalizmə ke­çid dövrünə təsadüf edir ki, bu dövrdə Qərbi Avropa nisbətən yetkinləşmiş iqtisadi inkişaf mərhələsində idi. XVIII əsrin or­talarında Qərbi Avropada kapitalizmin inkişafı çox uzağa get­mişdi. İngiltərədə sənaye çevrilişi başlamışdı. Fransada isə manufaktura kapitalizmi möhkəmlənirdi. Fransada manufak­tura kapitalizmi antifeodal inqilab ərəfəsinə daxil olmuşdu. Məhz buna görə də Qərbi Avropada kapitalizmin yaranması və inkişafı merkantilistlərin proqramına və nəzəriyyələrinə yeni­dən baxmağı tələb edirdi.İlkin kapital yığımı dövrü artıq başa çatmışdı. Aqrar ölkə­lərdə, xüsusilə müstəmləkələrdə ticarət öz ictimai əhəmiyyə­tini itirmişdi.

Merkantilistlərin iqtisadi ideyaları ilə mübarizənin nəticəsi olaraq fiziokratlar məktəbi yaranır. Fiziokratların xidmətlərin­dən biri ondan ibarətdir ki, bu məktəbin nümayəndələri XVIII əsrdə Qərbi Avropada baş verən iqtisadi irəliləyişləri ümumi­ləşdirmişlər. Merkantilistlərlə olan iqtisadi ideyalar mübarizəsi Qərbi Avropa ölkələrində gedirdi, lakin bu mübarizə İn­giltərə­də xüsusi əhəmiyyət kəsb edirdi. Merkantilistlər ilə gedən mübarizə Fransada Fiziokratizm adlanırdı. Bu onunla əlaqədar idi ki, XVIII əsrdə Fransada antifeodal inqilabı güclənirdi. Qeyd edək ki, Fransız merkantilizmi mütləqiyyət və feodal üsul-idarəsi ilə sıxı əlaqədar idi.

Göstərdiyimiz dövrdə merkantilizmin tənqidi feodal üsul-idarəsinin tənqidi ilə üst-üstə düşürdü. Lakin feodalizmlə mübarizə təbii ki, kənd təsərrüfatının müdafiəsinə yönəldil­mişdi. Bu da öz növbəsində milli sərvətin kənd təsərrüfatında axtarılması demək idi. Odur ki, zəruri bir proses kimi əkinçilik ideallaşdırılırdı. Əgər İngiltərədə iqtisadi fikirlər merkantilizm ilə mübarizədə manufaktura sənayesinə əsaslanırdısa bu sə­naye Fransada çox böyük nüfuza malik deyildi. XYIII əsrdə Fransada "kral manufakturaları" feodal sisteminin qol-bu­dağına çevrilmişdi. Fiskal siyasətə olan nifrət onlara qarşı çev­rilmişdi. Bütün bunlara baxmayaraq fiziokratizmin ideyalarının təməli yaranırdı.
İnqilab ərəfəsində Fransanı narahat edən iqtisadi prob­lemlər təkcə merkantilizmin iflası ilə əlaqədar deyildi. Feodal üsul-idarəsi artıq böhranla üzləşirdi. Feodalizm fransız kəndlə­rində də hakim mövqe tuturdu. Bu üsul-idarə mürtəce xarakter daşıyırdı və sənaye istehsalını ləngidirdi.
Belə bir şəraitdə Fransa zadəganları və ruhaniləri tüfeyli sinfə çevrilmişdilər. Onların torpaq üzərində olan inhisarı sax­lanılırdı. Mütləqiyyət zadəganları dəstəkləyirdi, zadəganlar isə təsərrüfatla məşğul olmurdular, kənddə yaşamırdılar. Onların məqsədi töycü və vergi yığmaq idi.
XIV-XV əsrlərdə təhkimçilik öz əhəmiyyətini sarsıtsa da XVIII əsrdə təhkimçilik müəyyən mənada saxlanılırdı. Geniş miqyasda olmasa da işləyib ödəmə münasibətləri qalırdı.
XVIII əsr Fransasında kənd təsərrüfatı iqtisadi ziddiy­yət­lə­rin mərkəzinə çevrilmişdi. Kənd təsərrüfatını belə bir və­ziyyətdən çıxarmaq üçün aqrar münasibətlərini kökündən dəyişdirmək tələb olunurdu. Odur ki, aqrar münasibətləri mə­sələsi ön plana keçirdi. Kənd təsərrüfatında kapitalizmin inki­şafının yollarını və formalarını müəyyən etmək tələb olunurdu. Kapitalizmin kənd təsərrüfatında inkişafına olan maraq get­dikcə artırdı və belə bir şəraitdə fiziokratizmin yaranması üçün şərait yaranırdı. Fransada merkantilizmin tənqidi aqrar istiqa­mət alır, çünki XVIII əsrdə Fransada kənd təsərrüfatında pozi­tiv iqtisadi məsələlərin həlli ön plana keçirilir. Fiziokratlar Fransanın iqtisadi durğunluğunun həllini kənd təsərrüfatında görürdülər.
Belə bir şəraitdə Buagilber (1646-1714) Fiziokratlar məktəbini xarakterizə edən bir sıra ideyalar irəli sürür. Buagil­ber merkantilistləri ciddi tənqid edir, təbii qaydalara bəraət qa­zandırır, ticarət azadlığını tələb edir, taxıl üzərində yüksək qiymətlərin qoyulmasını faydalı hesab edir, əkinçilikdə olan kasıb vəziyyətə diqqəti artırır, vergilərin bərabər bölünməsini müdafiə edir, əkinçiliklə məşğul olanların kasıbçılıqdan azad olmasını təbliğ edirdi.
Buagilberdən sonra Marşall Voban (1623-1707) özünün "Kral onluğu" (1707) adlı anonim əsərini buraxır. Bu əsərində o mütləqiyyət Fransasının kasıbçılığını açıb göstərir, onun xalqı­nın yoxsullaşmasını açıqlayır, vergilərin ağırlığından danışır, ziynət və dövlət borclarını tənqid edir, imtiyaz sistemini və yardarlığı (otkup) qamçılayır, yaxşı əməyi və əkinçiliyi təriflə­yirdi. Marşall Voban Buagilberi tərifləyərək göstərirdi ki, XYIII əsrin əvvəllərində Fransada vergilər ən yüksək dərəcəyə, öz apogeyinə çatmışdır, Fransanın küçələrində ayaqyalınlar, ac-yalavaclar gəzişirlər. Vobanın təklifləri ondan ibarət idi ki, ver­gilər vahid şəklə salınsın, zadəganlara və ruhanilərə çatacaq vergilərin toxunulmazlığı ləğv edilsin. Deməli, Voban fiziokrat­lara qədər vergilərin vahid şəklə salınması ideyasını irəli sürmüşdü.
XYIII əsrin birinci yarısında merkantilizmin ciddi tənqidi ilə Markiz dArjanson (1694-1757) çıxış edirdi. Onun iqtisadi fikirləri ancaq 1764-cü ildə nəşr olunmuşdur. Markiz dArjanson iqtisadi həyatın inkişafına qaydalar və üsullar tətbiq edilməsi əleyhinə çıxırdı, gömrük rüsumlarını tənqid edir, Avropanın vahid bir bazara çevrilməsini tövsiyə edir, birbaşa vergilərin qoyulması proyektlərini işləyib hazırlayır. Onun fikrincə yaxşı idarə etmək üçün idarəçiliyin özünü məhdudlaşdırmaq lazım­dır. Ölkənin yaşayış vəziyyətinin mənbəyini dArjanson əkinçi­liyin uğurlu olmasında, sənətkarlıqda və daxili ticarətdə görürdü.
Fiziokratlar üçün xarakterik xüsusiyyət kəsb edən iqtisadi liberalizm ideyası dArjanson tərəfindən formalaşdırılır. Bu ideyanı isə Qurne (1712-1759) sonralar ardıcıl olaraq inkişaf etdirir. 1751-ci ildə ticarət intendantı (hərbi təchizat sahəsinin işçisi) işləyən Qurne ticarət üzərində olan bir neçə məhdu­diyyətləri aradan qaldırır. O merkantilistlərin siyasətini tənqid edir, feodal imtiyazlarının əleyhinə çıxır, vergi islahatı keçir­məyi tələb edir və iqtisadi liberalizm anlayışını irəli sürür.
Fiziokratların ideyalarına yaxın fikirləri bankir Riçard Kantilyon inkişaf etdirir. O 1733-cü ildə "Ticarətin təbiəti haq­qında oçerk" adlı əsər yazır. Kantilyon bu əsərində açıq şə­kildə fiziokrat ideyaları irəli sürürdü. O qeyd edirdi ki, məhz sərvətin yeganə mənbəyi torpaqdır, çünki torpaq yaşayış va­sitələri ehtiyatına malikdir, insan əməyi torpaqdan sərvət ya­radır. Bununla belə Kantilyon iddia edirdi ki, bütün əhali, zümrələr, təbəqələr torpaq mülkiyyətçiləri hesabına varlanırlar. O hətta cəmiyyəti üç sinfə də bölmüşdü. Kantilyonun fikrincə cəmiyyət əkinçilərdən (kənd sahibləri, icarədarlar), sənətkar­lardan və tacirlərdən ibarətdir.
Kantilyonun fikrincə əmtəənin həqiqi və ya daxili dəyərli­liyi onun istehsalına sərf olunan əmək və torpağın miqdarına uyğun olur. O ictimai məhsulun hərəkətini, tədavül prosesində onun reallaşdırılmasını göstərməyə çalışmışdır. Lakin belə bir cəhəti də qeyd edək ki, Kantilyon merkantilistlərin baxışla­rın­dan tam azad ola bilməmişdir. Çünki ticarət balansı naminə o sənaye məhsullarının ixracının, lazım olan xammalın isə idxa­lının gücləndirilməsi tərəfdarı idi.
Fransua Kene fiziokratizmin əsasını qoymuş və bu mək­təbin rəhbəri idi. O, nəinki fiziokratlar məktəbinin əsasını qoymuş, hətta fiziokratizmin iqtisadi və siyasi proqramını for­malaşdırmışdır. F.Kenenin ideyalarını və axtarışlarını XYIII əs­rin ikinci yarısı Fransasının dövlət xadimi baş maliyyə nəza­rətçisi Ann Raber Jak Tyürqo (1727-1781) davam etdirmişdir. Fiziokratizmin ideyalarını P.Dyupon de Nemur, Viktor Mirabo, P.Mersye de la Rivyer, Q.Letron təbliğ edirdilər. Belə ki, həqiqi fiziokratlar məktəbi, öz dövründə adlandırıldığı kimi "iqtisadçı­lar" məktəbi yaranmışdı.
XYIII əsrin ortalarında İngiltərədə sənaye çevrilişi başla­mışdısa Fransada isə manufaktura kapitalizmi möhkəmlənirdi. Lakin Fransada XYIII əsrin sonlarına kimi feodalizm, aqrar münasibətləri qalırdı. Fransa monarxiyası kəndliləri ağır ver­gilər altında saxlayırdı. Güclü mütləqiyyət sistemi, feodal iye­rarxiyası kapitalizmin inkişafına maneəçilik edirdi. Kənd təsər­rüfatı çıxılmaz vəziyyətə düşmüşdü.
Bu dövrdə, yararlı torpaq sahələrinin 80%-i zadəganların əlində idi. Fransız kəndlisi torpaqdan və mal-qaradan məh­rum edilmişdi, məhsul verimi çox aşağı səviyyədə idi. Göstər­diyimiz dövr Fransasında feodal istismarının forması olan töycü, pul və məhsul vergi sistemi hökm sürürdü. Şəxsi təh­kimçiliyin müxtəlif formaları, əsarət və zülm geniş tüğyan edirdi. Töycü pul və natural şəkildə ödənilirdi. XYIII əsrin so­nuna kimi töycünün pul forması daha da artmışdı. Yardarlıq geniş inkişaf tapmışdı. Torpaqsız və az torpaqlı kəndlilər mülkədarlardan icarəyə torpaq alsalar da məhsulun yarısını onlara verirdilər. Bütün bunlardan başqa kənd təsərrüfatı mer­kantilizm ideyalarına tabe etdirilirdi. Taxıl üzərində ən yüksək qiymətlər mövcud idi. Xaricə taxıl aparmaq qadağan idi, ucuz taxılın gətirilməsi isə getdikcə genişləndirilirdi. Kasıb fransız kəndi sənaye məhsullarının satılması üçün yararlı deyildi.
Fransa mütləqiyyəti proteksionizmi, xarici ticarəti, gəmi­çiliyi və sənayenin inkişafını genişləndirirdi. Bu dövrdə, yəni XYIII əsrin ortalarında İngiltərə dünya bazarında hakim mövqe tuturdu. Kiçik həcmli Fransız sənayesi texniki tərəqqi üçün maneəçilik törədirdi, kapitalist sənayesinin artmasının qarşı­sına əngəl törədirdi.
Qeyd etdiyimiz amillərlə əlaqədar olaraq Fransada aqrar münasibətləri kəskin xarakter almışdı. Bu məsələnin həllində fiziokratlar müstəsna rol oynayırdılar. Fiziokratlar ölkədə yeg­anə sərvət yarada biləcək sahəni kənd təsərrüfatında görürdülər. Odur ki, fiziokratlar tədqiqat obyekti kimi öz baxış­larını kənd təsərrüfatına həsr etdilər. Onlar sənayeni məhsul­dar sahə hesab etmirdilər. Kənd təsərrüfatında izafi məhsulun yaradılmasını sərf-nəzər edən fiziokratlar istehsal dairəsini aq­rar münasibətləri ilə məhdudlaşdırırdılar.
Siyasi iqtisad elmində fiziokratların əhəmiyyəti, rolu və mövqeyi ondan ibarət idi ki, Uilyam Petti və Buagilberdən son­ra onlar öz tədqiqatlarını tədavül dairəsindən istehsal dairə­sinə keçirmişdilər. Bununla da fiziokratlar kapitalist istehsalı­nın sonrakı elmi təhlilinin əsaslarını qoydular.
 

0 şərh