Evdəki dini ab-hava - Nəsihət 4

Evlərinizi qiblə edin!
«Evlərinizi qiblə edin!» dedikdə burada evlərin namazgah və ibadətgah edilməsinə işarə edilir. Bu fikir aşağıdakı ayədə də öz əksini tapmışdır:
«Musaya və qardaşına: “Camaatınız üçün Misirdə evlər tikdirib onları qiblə [namazgah] edin, namaz qılın və möminləri [zəfərlə, Cənnətlə] müjdələyin!” – deyə vəhy etdik».
İbn Abbas (r.a.) ayənin təfsirində buyurur ki, onlara evlərini məscidlərə döndərmək əmr edilmişdir.
İbn Kəsir isə bu ayəni belə izah edir: «Firon və tərəfdarları tərəfindən Musa və onun xalqına gələn bəlalar şiddətləndiyi zaman və onlar eyni düşmənlər tərəfindən sıxışdırıldıqda onlara çoxlu namaz qılmaları əmr edilmişdir. Belə ki, Allah-taala insanların bəlalara məruz qaldıqları zaman onlara namaz qılmalarını əmr edərək buyurur: «Ey iman gətirənlər! Səbir və dua ilə [namazla] Allahdan kömək diləyin. Çünki Allah səbir edənlərlədir [onların dostudur]».
Bir hədisi-şərifdə isə Peyğəmbər haqqında belə deyilir:
«Allahın elçisi hər hansı bir işdən dilxor olardısa, namaz qılardı».
Yuxarıda qeyd olunanlar insanın xüsusi ilə zəiflədiyi hallarda ibadətlərin evlərdə yerinə yetirilməsinin nə dərəcədə əhəmiyyətli olmasını açıq-aydın göstərir. Həmçinin bəzən müsəlmanlar elə vəziyyətlərə düşürlər ki, bu zaman onlar namazlarını düşmənlər önündə açıqcasına qılmaq imkanından məhrum olurlar. Gəlin bu cür vəziyyətlərdən söz düşmüşkən Məryəmin ibadət yeri olan mehrabını yadımıza salaq. 
Bu barədə Allah-taala buyurur: «…Zəkəriyya hər dəfə Məryəmin ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi».
Peyğəmbərin (s.ə.s.) səhabələri də (Allah onlardan razı olsun!) fərz namazları istisna olmaqla digər namazlarını daim evlərində qılmağa can atardılar. Bu barədə ibrətli bir hekayəni xatırlamaq lap yerinə düşərdi.
Mədinə əhalisindən olan Mahmud ibn Rəbiədən rəvayət olunur ki, Peyğəmbərin (s.ə.s.) səhabələrindən və Bədr döyüşünün iştirakçılarından olan mədinəli İtban ibn Malik (r.a.) Allah elçisinin hüzuruna gələrək dedi: «Ey Allahın elçisi! Mən öz tayfama namazda imamlıq edərkən gözlərim zəiflədi. Yağış yağarkən mənimlə onların məscidi arasında olan vadini apardıqdan sonra mən onların məscidinə gedib onlara namazda imamlıq edə bilmədim. Ey Allahın elçisi! İstərdim ki, sən bizim evə gəlib orada namaz qılasan ki, mən də evimi namaz qılınan bir yer olaraq qəbul edim». Allahın elçisi (s.ə.s.): «Yaxşı, Allah qoysa, gələcəyəm» – deyə bu işə razılıq verdi. İtbanın dediyinə görə ertəsi gün Allahın elçisi (s.ə.s.) və Əbu Bəkr (r.a.) günortaya yaxın gəlib çıxdılar. Allahın elçisi içəri təşrif buyurmaq üçün izn istədi və mən bunun üçün ona izn verdim. O, içrəi girər-girməz əyləşməyərək soruşdu: «Sən evin harasında mənim namaz qılmağımı istəyirsən?» Mən də evin müəyyən bir bucağını ona işarə etdim. Bundan sonra Allahın elçisi namaza durdu, təkbir etdi. Biz də ayağa qalxaraq cərgəyə dayandıq. Peyğəmbər (s.ə.s.) iki rükət namaz qılıb sonda da salam verdi.
İbn Hacər əl-Əsqəlani (Allah ona rəhmət eləsin!) hədisin
faydaları barədə belə buyurur:
Hədisdə ev daxilində müəyyən bir yerin namaz qılmaq üçün seçilməsinin caizliyi öz əksini tapmışdır. Məsciddə müəyyən bir yerin daim namaz qılmaq üçün götürülməsinin qadağan olunmasına gəldikdə, bu barədə Əbu Davudun rəvayət etdiyi hədisi sübut olaraq göstərmək olar. Bu hədisə görə məsciddə müəyyən bir yerin namazgah olaraq götürülməsi riyakarlığa, özünü nümayişə gətirib çıxarır. Lakin Əbu Davudun rəvayət etdiyi hədisdəki qadağanı məscid statusu almış evlərə belə şamil etmək olmaz.


 

0 şərh