Müqəddəs Kəbə

Kəbənin tikilməsi
Belə bir rəvayət söylənilir: Adəm (s.ə.s) və Həvva Cənnətdən Yerə endirildikdə bir-birindən ayrı salınmışlar. Adəm Şri-Lanka adasına (Seylon), Həvva isə Məkkə şəhərinin yaxınlığına, hazırda Ciddə limanının yerləşdiyi əraziyə göndərilmişdir. Adəm ilə Həvva yalnız 200 ildən sonra Məkkə ərazisində bir-birinə yenidən qovuşmuşlar. Uzun ayrılıqdan sonra onlar ilk dəfə Ərəfat dağında bir-birilə tapışır. Lakin Adəm Cənnətdə ibadət etdiyi məbəddən ayrı düşdüyünə görə çox darıxırdı. Nəhayət, Allah Öz rəhmətini göstərərək Yerə həmin məbədin oxşarını endirtmişdir. Adəm orada Allahın buyruğuyla bəşər tarixində ilk ibadət evini tikib-qurmuşdur. O, haqq dünyasına qovuşandan sonra həmin məbəd yenidən Yerdən götürülmüşdür. Lakin sonra həmin məbədin yerində Adəmin oğlu Sif Kəbə evini tikmişdir. Nuh Peyğəmbərin (s.ə.s) dövründə baş verən tufan nəticəsində bu ibadətgah dağılmışdır.


Rəvayətə görə, Həzrət İbrahim Peyğəmbər (s.ə.s) xanımı Hacərin ölümündən sonra tez-tez Məkkə ətrafına səfər edib orada qalırdı. Növbəti səfərlərinin birində Allah ona Adəmin məbədinin yerində Kəbə Evini tikib bərpa etməyi buyurur. Bu yeri İbrahim Peyğəmbərə Mələk Cəbrail göstərmişdir və o, Kəbə Evinin tikilməsində İbrahim və onun oğlu İsmayıla kömək etmişdir. Bununla da ilk insan – Həzrət Adəmin ucaltdığı ibadət ocağı yenidən bərpa edilmişdir.

 

Kəbə olduğu kimi
“Kəbə” ərəb dilində “kub” deməkdir. Sahəsi: 10×12 metr, hündürlüyü isə 15 metrə yaxındır. Kəbənin qapısı təmiz qızıldandır və çəkisi 286 kiloqramdır. Kəbə qara ipəkdən olan parça ilə örtülüdür. Bu örtük ildə bir dəfə dəyişdirilir. Qapını örtən örtüyün üzərində Qurani-Kərimdən kəlamlar var.

 

Zəm-zəm çeşməsi
Kəbənin qapısı ilə üzbəüz müqəddəs Zəm-zəm çeşməsi yerləşir. Həzrət İbrahimin Hicazda qoyub-getdiyi körpəsi İsmayıl və onun anası Hacər susuzluqdan əziyyət çəkərkən möcüzə baş vermişdir. Körpə susuzluğa dözməyib ağlayır, ayaqlarını yerə döyürdü. Və elə bu zaman onun ayaqları altından su fəvvarə vurmuşdur. Çeşmənin suyu şəfaverici sayıldığı üçün, Kəbə Evinə gələn zəvvarlar, adətən, xüsusi qablarda Zəm-zəm suyunu özləri ilə vətənlərinə aparırlar.

 

QARA DAŞ
İndi həmin Qara daş Kəbənin cənub-qərb küncündə yerləşir. Bəzi rəvayətlərə görə, daş əvvəl ağ rəngdə olub və bir çox günahkar insanların ona toxunması nəticəsində zaman keçdikcə qaralıb. Zəvvarlar Həcc mövsümündə bu daşı öpməyə cəhd edirlər. Buna nail olmadıqda, heç olmasa, ona toxunmağı özlərinə şərəf hesab edirlər.
Maraqlıdır ki, 930-cu ildə Bəhreyndə məskunlaşmış kərmətilər Qara daşı oğurlayıbmışlar. Yalnız 951-ci ildə bu daş yenidən Məkkəyə qaytarılmışdır.
Kəbə iki dəfə yanmış, 1626-cı ildə isə Məkkəni sel basdıqda, suda batmışdır. Bu bədbəxt hadisələrdən sonra Qara daş 15 parçaya bölünmüşdür. İndi bu hissələr sement məhlulu ilə birləşdirilib və gümüş çərçivəyə salınıb. Daşın görünən hissəsi, təxminən, 16,5×20 sm-dir.

 


 

 

 

3 şərh

bloqçu
İstərdim gedim, görüm, ziyarət edim.
mucahide
Allah razi olsun… insaallah bütün müslümanlara nasib olar Hacc ziyarəti…
pascal
Adəmin Sif adlı oğlu da olub? Mən ancaq Qabil və Habili, bir də 2 qızları olduğunu oxumuşdum.