Vyaçeslav Tixonov

  • Kino

Görkəmli rus aktyoru Vyaçeslav İvanoviç Tixonov 1928-ci il fevralın 8-də Moskva vilayətinin Pavlovski-Posad şəhərində fəhlə ailəsində anadan olub. Valideynləri onu aqronom görmək istəyirdilər. Ancaq gələcək "Ştirlis" 1945-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirir.
Böyük kinoda ilk rolunu 1948-ci ildə "Gənc qvardiya" bədii filmində alır. Bu filmin çəkilişləri vaxtı aktrisa Nonna Mordyukova ilə tanış olur və onlar evlənirlər. Film ekranlara çıxanda onların oğulları dünyaya gəlir. Bu filmdən sonra rejissorlar onu bir müddət filmlərə çəkmirlər və aktyor teatrda müxtəlif rollar oynayır.
1957-ci ildə Vyaçeslav Tixonov M.Qorki adına kinostudiyaya aktyor qəbul olunur. Həmin ildə rejissor Stanislav Rostotskinin “Bu, Penkovda baş vermişdi” filmi ekranlara çıxır. Tixonov bu filmdə traktorçu Matvey Morozov rolunu oynayır. Rejissor Viktor İvçenkonun “Fövqəladə vəziyyət” filmində yaratdığı matros Viktor Rayski obrazı da ona tamaşaçı sevgisi qazandırır. Aktyor bundan sonra “May ulduzları” , “Miçman Panin” , “Optimist faciə”, “İki həyat” , “Bazar ertəsinədək yaşayaq” və digər filmlərdə müxtəlif obrazlar yaradır. 1960-cı ildə rejissor Sergey Bondarçukun çəkdiyi “Hərb və sülh” filmində yaratdığı Andrey Bolkonski rolu onu daha da tanıdır.

Vyaceslav Tixonov (Вячеслав Тихонов)
Aktyorun yaradıcılığında müharibə mövzusu və kəşfiyyatçı obrazları xüsusi yer tutur. “Cinahsız cəbhə”, “Cəbhə arxasında cəbhə”, “Düşmən arxasında cəbhə” trilogiyasında polkovnik Mılınski, “Yanğı“ filmində sovet kəşfiyyatçısı, “SİTA vəkil edilmişdir...” serialındakı general Konstantinov rolları onun zabit obrazını tamamlayır. Ona böyük şöhrət gətirən əsas obraz isə, sözsüz ki, “Baharın on yeddi anı” teleserialındakı Ştirlits obrazıdır. Tixonov bu rolla zəmanəsinin qəhrəmanına, milyonlarla sovet tamaşaçısının sevilmlisinə çevrildi, SSRİ Xalq artisti adına layiq görüldü. Aktyor 2009-cu il dekabrın 4-də 82 yaşında dünyasını dəyişib.

loading...

0 şərh