10 qısa əsər

Uzun əsərlər oxumaq üçün vaxtınız və səbriniz yoxdursa, bunu bəhanə edərək mütaliədən uzaqlaşmamalısınız. Çünki dünya ədəbiyyatında çox zaman tələb etməyən əsərlər də var.

1. «Sehrli ev» — Virciniya Vulf
Təxminən 700 sözdən ibarət bu əsər V.Vulfun modernist üslubunun təzahürüdür. Yazıçının digər əsərlərindən fərqli olaraq, bu əsər onun sonsuz fantaziyasının məhsuludur. «Sehrli ev» iki ruhun bir evdə gizlədilmiş xəzinə axtarışından bəhs edir. Sevginin gücü sehrli mövzusu və yazı üslubu olan hekayənin ana xəttini təşkil edir.

2. «Filin güllələnməsi» — Corc Oruel
Bu əsərdə fili öldürmək üçün çağırılan bir polis işçisindən bəhs olunur. Yazıçı zabitin əzəmətli varlığın əzablı ölümünə baxan zaman necə əziyyət çəkdiyini təsvir etməklə imperializmin əsl simasını göstərir.

3. "İldırımın səsi" — Rey Bredberi
Rey Bredberi 11 roman, 400-dən çox qısa hekayənin müəllifidir. Onun "İldırımın səsi" əsəri elmi-fantastik janrda indiyə qədər ən çox nəşr edilmiş və «kəpənək effekti» adlanan elmi fantastik mövzuda yazılmış ilk əsər sayılır.

4. «Bülbül və qızılgül» — Oskar Uayld
Oskar Uayld «Bülbül və qızılgül»də sevgi və fədakarlıq mövzusuna daha ciddi yanaşaraq nağılvari üslub seçmişdir. Özünü sevgi uğrunda qurban verməyə hazır olan bülbül nağıllarda rast gəlinən bir xarakter olsa da, sevgililər tamamilə gözlənilməz yollara addım atır.

5. «Kilimancaro qarları» — Ernest Heminquey
«Kilimancaro qarları» Hari adlı yazıçının xanımı ilə Afrikada səyahətdə olan zaman qanqrenadan ölməsindən bəhs edir. Heminqueyin «itirilmiş nəsli»nin nümayəndəsi olan Hari sevgisiz və xoş güzəran xatirinə ailə qurduqdan sonra bütün həyatı və istedadı məhv olur.

6. «Nəhəng qanadları olan qoca kişi» — Qabriel Qarsia Markes
Markesin sehirli realizm üslubunun meyvəsi olan «Nəhəng qanadları olan qoca kişi»də həyətlərindən mələk tapan cütlükdən bəhs olunur. Tezliklə, bütün şəhərə mələyin gələcək taleyi və onun niyə uça bilməməsi ilə bağlı müxtəlif fikirlər yayılır.

7. «Evelin» Ceyms Coys
İngilis ədəbiyyatının ən uzun əsərlərdən olan “Uliss” romanının müəllifi C.Coys eyni zamanda İrlandiya xalqının həyatından bəhs edən çoxlu hekayələr də yazıb. Bu əsər isə ailəsinə olan borcu və sevgilisi ilə xaricdə daha yaxşı yaşamaq imkanı arasında seçim etməli olan gənc qızın taleyindən bəhs edir.

8. "Üç sual" — Lev Tolstoy
Uzun romanlara fasilə verən Tolstoy, doğru zamanda doğru hərəkət etməyin yollarını axtaran kral barədə qısa hekayə yazır. Görəsən, böyük yazıçı bu sualına cavab tapa biləcəkmi?

9. «Simvollar və nişanlar» — Vladimir Nobokov
Nobokov bu hekayəni 1948-ci ildə, “Lolita” əsəri çap olunmamışdan yeddi il qabaq qələmə almışdı. Bu hekayə ad günündə ruhi xəstə oğullarını ziyarət etməyə hazırlaşan yaşlı valideynlərdən bəhs edir.

10. «Ritz böyüklüyündə brilyant» — Frensis Skott Fitscerald
“Böyük Qetsbi” romanı ilə tanınan Fitscerald bu hekayəsi ilə yenidən varlıların həyatına səyahət edərək, onları kəskin tənqid edib. 

Zümrüd
 

0 şərh