Kokteyl (cocktail)

Gözəl qadınlar, qadağalar, qələbələr və savaşların içkisi...
İçkilərimizlə doğmalaşa bilməyib, hələ də süfrəmizdə özünü qərib, yadelli hiss eləyən, bəxti ölkəmizdə yaşayan «ağ adamların» sayəsində, ayda-ildə bir dəfə açılan içkidən – kokteyllərdən danışacağıq. Biz nazlı-duzlu məclislərin sonunda, özü də təkcə xanımlara təqdim olunan qeyri-ciddi içki kimi tanıyırıq kokteyli. Doğrudanmı belədi?
Müxtəlif içkilərin qarışığından ibarət bu içki barədə nə bilirik?
Məncə elə bu qədərini: kokteyl müxtəlif içkilərin qarışığıdır. Vəssalam.
Stəkanınızdakı hər bir qarışıq kokteyldir – bu doğrudur. Amma kokteyl sadəcə axşamkı təsiri səhər oyanan adamın başını partladan alkoqol və ya heç bir şey anlamadığınız şirə qarışığı deyil.
İzninizlə, bir az uzaqdan başlayaq…

Kokteylin tarixi və ya bu içki kimindi?


Sizə elə gəlir ki, ancaq azərbaycanlılarla ermənilər yarpaq dolmasının kimə məxsus olmasını illər uzunu çəkişə bilərlər? Ay-hay! Kokteylin də azı beş-altı «müştəri»si var.
Çinlilər deyir ki, hələ 3000 il əvvəl onlar susuzluqlarını yatırmaq üçün müxtəlif meyvələrin şirəsini buz qırıntıları, qarla, düyü arağı ilə qarışdırıb, içirmişlər. Yəni kokteyl qədim Çin mədəniyyətinə məxsus içkidir.

Xoruza pivə içirmək?!


İngilislərin arqumentləri daha güclüdür. Onlar iddia edir ki, kokteylin yaranması qədim ingilislərin təşkil elədiyi xoruz yarışları ilə bağlıdır. O vaxt xoruzların döyüş ruhunu yüksəltmək üçün, davadan əvvəl onlara yüksək alkoqollu içkilərin qarışığını içirirmişlər. «Kokteyl» sözünün özü isə, ingilislərin iddiasına görə, «kok» (xoruz) və «eyl» (pivə) — nin birləşməsindən yaranıb – yəni «xoruz pivəsi».
Yeri gəlmişkən, xoruzlar bir yana, bu gün insanın da döyüş ruhunu yüksəldən kokteyllər çoxdur. Bunların arasında maraqlı adları olan «Mülkədar şilləsi», «Qaranlıq tufanlı gecə», «Uzun, əyri xəncər» kimi kokteyllər var...

Qısası, kokteyl...


kokteyl (cocktail) içkisiSöhbət zövqlü bir şeydən, xüsusilə içkidən gedirsə, məsələyə mütləq fransızlar da qarışmalıdır, qarışırlar da. Onların da özlərinə məxsus arqumentləri, ehtimalları var. Əvvəla deyirlər ki, Fransanın məşhur üzümlükləri və şərabları ilə zəngin Bordo vilayətində müxtəlif şərabların qarışığından ibarət içkini fransızlar «koquetel» adlandırırmışlar. Və bu içkini də Şimali Amerikaya bir çox şey kimi (!) fransız zabitləri aparıb.
Fransızların ikinci ehtimalı belədir: kokteylin reseptini Amerikaya zabitlər yox, Peyşo adlı əczaçı aparıb. 1875-ci ildə Peyşo Yeni Orlandoda meyxana açır. Və burada brendi, acılı ədviyyat və şəkərin qarışığı olan, qəribə stəkanlarda təqdim olunan içki satır. Adı Koqueters olan içkidən meyli çəkən və hər şeyin adını qısaca çağırmağa öyrəşmiş amerikalılar isə barmendən «kok – tey» tələb edirmişlər.

Yaşasın xoruz quyruğu!!!


Ara qarışıb, məzhəb itəndə, məsələyə ispanlar müdaxilə eləyir. Onlar da öz növbələrində iddia edirlər ki, «kokteyl» sözü ispanlara məxsus ifadə olan «kola di qallo»dan (xoruz quyruğu) gəlir. İspanlar rəngi və biçiminə görə xoruz quyruğunu xatırladan bir bitkini çox sevirlər. İspan kafelərində barmenlər bu bitkini hazırladıqları içkinin içinə salıb, qarışdırırmışlar. İspan kafelərinin müştərisi olan amerikalı dənizçilər bura gələndə barmenlərdən əllərindəki şeyin nə olduğunu soruşurlar. Barmenlər:
— Kola di qallo – deyir.
İspan kafelərində hazırlanan, xoruz quyruğu bitkisi ilə qarışdırılan içkini çox bəyənən amerikalı dənizçilər «Viva de koqs teyl!!!» (Yaşasın xoruz quyruğu!) deyə bağırırmışlar. Yarıispan, yarıingilis ifadəsi kokteylə aid olan ifadəyə çevrilir.
Amma heç kimin etiraz edə bilmədiyi bir fakt var ki, «kokteyl» sözü ilk dəfə Amerikada, Nyu-Yorkda nəşr olunan «The Ballance» qəzetində işlənib.

Tarixçəsi olan məşhur kokteyllər


Hətta kokteyl mədəniyyətindən uzaq olan adam da, qulağının bir ucu ilə «Martini», «Marqarita», «Qanlı Meri» sözlərini eşidib. Bunlar sadəcə kokteyl deyil – əfsanələri, tarixçələri olan məşhur içkilərdir. Bu içkilərin yaşı yüzü keçib, amma kokteyldən başı çıxan adamların sevimli içkisi olaraq qalır.

Qanlı Meri


Adı «qan-qan» deyən kokteylin ilk baxışdan olduqca sadə resepti var: tomat şirəsi və araq. Amma «Qanlı Meri»dən başı çıxan adamlar bilir ki, bu elə-belə tomat şirəsi və araq məsələsi deyil, kokteylin hazırlanmağı əsl ayindir. Bu kokteyli sevgilisinin şərəfinə yaradan amerikalı barmen Pit Benua düz on beş il içkinin üstündə işləyərək, onu mükəmməlləşdirib. İlkin tomat şirəsi və arağa sonradan tekila, tərxun yarpağı, limon şirəsi, qara istiot və duz əlavə edib.
Ev şəraitində hazırlamaq istəyən oxucuların nəzərinə: kokteylin onda altı hissəsi tomat şirəsi, onda üç hissəsi araq, onda bir hissəsi limon şirəsindən ibarətdir. Qalanları ədviyyat kimi səpmək və içinə yerləşdirmək olar. Vacib qeyd: Tomat şirəsinin içinə arağı və limon şirəsini elə-belə əndərmək yox, borucuq vasitəsilə süzmək lazımdır.

Özünü divara çırpan Harvey


Məşhur kinofilmlərdən birində nəhəng dovşanla adam söhbət eləyir. Və həmsöhbətinin kütlüyündən hirslənən dovşan əlacsızlıqdan özünü divara çırpır. Kokteylin adını filmdəki bu fraqmentlə əlaqələndirirlər.
İkinci ehtimala görə isə bu qarışığı dadan məşhur kaliforniyalı dalğıc Harvey sərxoş olaraq, özünü kafenin divarlarına çırpır. Kokteylinin təsirini görən barmen qarışığa «Özünü divara çırpan Harvey» adını verir.
O başdanxarabın içdiyi qarışıq isə onda altısı portağal şirəsi, onda dördü araqdır.
O, özünü divara nə vaxt və hansı şərtlər altında çırpıb, bunu bilən yoxdu, amma araq, portağal şirəsi, buz qırıntıları və iki çay qaşığı qalyano likörünün qarışığından ibarət kokteylin ən «bərkgedən»lərdən olduğu dəqiqdir.

Buruqsaçlı gözəlin şərəfinə – «Marqarita»


«Müəllif hüqüqları» Hilton otellər qrupuna aid olan «Marqarita» kokteylinin romantik tarixçəsi var. Buruqsaçlı, gözəl və gənc aktrisa Marqarita Seymz barlardan birinə baş çəkir. Aktrisanın gözəlliyinə vurulan barmen Karlos Herrera onu heyrətləndirəcək bir içki hazırlamaq qərarına gəlir. Buz qırıntılarının üstünə tekila, limon şirəsi, kuantro, limon dilimləri, bir tikə limetta atıb, qarışdırır və aktrisanı qonaq edir. Həm çox acı, həm də çox zərif olan içki aktrisanın beynini dumanlandırır. Gələcəkdə böyük ziyafət təşkil edən aktrisa barmendən öyrəndiyi reseptin əsasında kokteyl hazırlatdırıb, qonaqlarına təqdim edir. Qonaqların hamısı içkidən sərxoşluq keçirdiyi zaman, dilinin ucundakı dadı biznes məramı ilə vurnuxduran iş adamı Tommi Hilton təzə tamı brendə çevirmək qərarına gəlir.
İki gündən sonra Hilton qrupuna aid olan bütün mehmanxanaların restoranlarında menyuya «Marqarita» adlı kokteyl daxil olur. Təzə içkinin müəllif hüquqları isə təbii ki, nə barmenə, nə də aktrisaya çatır. Tommi Hilton kokteylə aktrisanın adını versə də, müəllif hüquqlarını mənimsəyir.

Qadağaların kokteyli – Skayvdrayver (Vintaçan)


Sovet dövründə iş zamanı arağın rəngini çayla dəyişdirib, babat vuran «ünsürlər» o vaxtkı kinematoqrafda at oynadan ən duzlu-məzəli obrazlar idi. Amma sən demə, qadağalardan dolayı arağın başına it oyunu gətirənlər təkcə sovet adamları olmayıb. Folknerin-zadın vaxtlarının Amerikasında – spirtli içkilərin ancaq xüsusi şərtlər altında satışına icazə verilən zamanlarda amerikalılar arağın rəngini portağal şirəsi ilə saraldıb içirmişlər. İçkiyə qoyulan qadağalar götürüləndən sonra isə yüksək alkoqollu içkiyə portağal şirəsi qatıb içmək ənənəsi davam eləyir. Bu dəfə məsələ qadağalarda deyil, amerikalıların bu sadə qarışığa öyrəşməsində idi. Tədricən kokteyl statusu qazanan sadə reseptə sonradan yaraşıq üçün bir dənə iri gilas əlavə olunur. İsti havalarda isə qarışığa bir neçə buz tikəsi də atmaq olar.

Daykiri — Yorğun mühəndis və sərxoş Heminquey


1896-cı ildə amerikalı dağ mühəndisi Jenniqs Koks dağların qoynunda yol çəkir. İşinə fasilə verəndə susuzluqdan ürəyi yanan mühəndis istiyə, günəşə lənət oxuya-oxuya özü və iş yoldaşları üçün içki hazırlamaq qərarına gəlir. Əlinin altında nə varsa – rom, layma şirəsi və buz parçalarını qarışdıraraq, içki hazırlayır. İçkiyə «Daykiri» adı verməyinin səbəbi məlum deyil, amma kokteylin ən məşhur içkilər siyahısında yer almasının səbəbi məlumdur. Bu içkinin vurğunu olan yazıçı Ernest Heminquey Daykirinin adını az qala bütün əsərlərində çəkərək, onu əməlli-başlı reklam eləyib.
Kitablara adı düşdüyünə görə məşhurlaşan kokteyllər az deyil. Əsasən, amerikalı yazarların romanlarında «at oynadan» kokteyllər sonradan həmin əsərdən daha məşhur olub. Fisceraldın, Raymond Çandlerin, Stiven Kinqin və bir çox adlı-sanlı yazarın əsərlərində qəhrəmanlar adətən, müəllifin rəğbət bəslədiyi kokteylləri içir.
Yeri gəlmişkən, bayaq yadımdan çıxdı, Heminquey təkcə bu kokteylin deyil, həm də «Moxito» deyilən, rom, şəkər tozu, layma, nanə və qazlı sudan ibarət olan, daha çox kubalıların sevimlisi olan kokteylin də vurğunu olub. «Moxito»nun mənası isə «sirli» deməkdir. Nanə və laymanın təravəti, buzun soyuğu, şəkərin şirnisi, romun acılığı bir araya gələndə, dadı qarşısında heç kimin özünü saxlaya bilmədiyi sirli içki əmələ gəlir. İçkinin ən qatı pərəstişkarları Kuba xalqıdır və elə Amerikanın özündə də Kuba inqilabının, Çenin, Fidelin heyranları hansısa ziyafət təşkil edəndə menyuda mütləq «Moxito» kokteyli olur.

Yaşasın Kuba!!!


Bu şüar deyil, kokteylin adıdır. Kubanın müstəqilliyinin ildönümündə, Amerika ordusunun zabiti bu ölkənin ruhunun simvolu olan «Bakardi» romuna Amerikanın yeni və ən dəbdə olan içkisi koka-kola əlavə edərək, badə qaldırır və «Kuba de Libre!» (Yaşasın Kuba!) deyə qışqırır. Amerikalı zabitin təsadüfi qarışığı hamının xoşuna gəlir. Sonradan bu qarışığı bir iki damcı layma şirəsi (bu layma şirəsi artıq məni əsəbiləşdirir!) sıxıb, kokteylə çevirənlər onu elə ilkin ifadə ilə çığırırlar — Kuba de Libre! Yəni Yaşasın Kuba!
Məncə kokteyllər barədə nə mümkünsə, hamısını danışdıq. Bu içkinin taleyindən söz düşmüşkən, onun bizdəki taleyindən də bir-iki kəlmə danışmaq lazımdı. Bizdə kokteyllər əsasən, bahalı kafelərdə, məşhur otellərin restoranlarında təklif olunur. Sarışın, əsasən rus, ya da ən azı rusdilli gənc oğlanlar bar piştaxtasının arxasında dayanıb, içki və meyvə şirələrinin, meyvə qabıqlarının, buz qırıntılarının, bitki yarpaqlarının qarışığından əsl möcüzə yaradırlar.
Sadə kafe-restoranda kokteyl istəsəniz, yəqin ki, sizə meyvə şirələrinin qarışığından başqa heç nə təklif edə bilməzlər. Hələ tikə-lülə-qaban üçlüyünə alışmış qarayanız oğlandan «Qanlı Meri» istəsəniz, yəqin ki, üstünüzə bıçaq çıxarar.
Mənbə: Lent.az

0 şərh