Şərqin ilk balerinası - Qəmər Almaszadə

Bu dəfə sizə Azərbaycan incəsənətinə böyük tövhə vermiş və Şərq dünyasının ilk qadın balerinası olaraq bir ilkə imza atmış, Azərbaycan baletinə ilk addımı ataraq baletdə qadın profilini yaradan Qəmər Almaszadədən danışacağıq.

Azərbaycanın və Şərqin ilk balerinası, baletmeyster, pedaqoq, SSRİ Xalq Artisti Qəmər Almaszadə 1915-ci il martın 10-da Bakıda anadan olub. O, ilk dəfə 6 yaşında özəl studiyada (sonralar – Opera Teatrının nəzdində məktəb, indiki Bakı Xoreoqrafiya Məktəbi) baletlə məşğul olub. Bir gün qonşusu Şura adlı qız ona rəqsə getdiyini, orada balet öyrəndiyini deyir. Həmin vaxt məşğələlərin qiyməti 7 rubl imiş, Qəmər xanımın isə 6 rublu varmış. O, pedaqoqun yanına gəlib və deyib ki, mənim pulum bu qədərdir. Müəllim isə çox təccüblənir ki, azərbaycanlı, müsəlman qız balet öyrənmək istəyir. Müəllim balaca müsəlman qızcığazının bu cəsarətli addımına heyrətlənərək «buyur, 6 rubla dərsə gələ bilərsən» deyib. 
Balaca Qəmər, bu adıımının tarixdə böyük izlərə səbəb olacağını bilməzdi...

Məktəbi bitirdikdən sonra 1930-cu ildən Azərbaycan Opera və Balet Teatrının balerinası olmuşdur. Eyni zamanda pedaqoji məktəbdə orta ixtisas təhsili alırdı. 1932-ci ildə R. M. Qlierenin "Şahsənəm" operasında kiçik rol oynayır. Qəmər xanımın bu addımı heç də asan olmayıb. Ailəsi və ərtafdakılardan xüsusilə kişilər tərəfindən gənc Qəmərin qərarı heç də müsbət qarşılanmayıb. Qəmər xanım ilk vaxtlar atasına deyib ki, guya gimnastika ilə məşğul olur. Bu yolda anası ona dəstək olurmuş. O, atasını yola gətirib ki, idman sağlamlığa xeyirlidir. Məsələnin üstü açılanda Qəmər xanım atasının sərt reaksiyası ilə qarşılaşıb.

Balaca bacısı Ədilə xanımın da baletə getməsi evdə ikinci bir narazılığın yaranmasına səbəb olur. Müsəlman ailəsindən iki qızın baletlə məşğul olması o dövr üçün normal sayılmırdı. Ancaq Qəmər xanım atasının yaratdığı maneəni keçib və məqsədinə çatıb. Çox bilinməyən bir faktı da var ki, azərbaycanlı qızın balerina olması ilə barışmayan müsəlman kişiləri hətta bir dəfə silahdan Qəmər xanıma atəş açaraq, dabanından yaralamışdılar. O dövr üçün qəbulolunmaz qərarına baxmayaraq anası və atası onu çox sevirmişlər. Atası onu `mənim sarışınım` deyə çağırırmış. Ailədə 4 uşaq olublar. Qardaşı Mürsəl İkinci Dünya Müharibəsində həlak olub. Bacısı Ədilə xanım da balerina olub. 28 yaşında vərəm xəstəliyindən vəfat edib. Hər iki bacı məşhur balerina Qalina Ulanovanın anası Mariya Romanovanın sinfində təhsil alıblar. 

Gələcək həyat yoldaşı Əfrasiyab Bədəlbəyli ilə tanış olanda, Qəmər xanımın 16 yaşı var imiş. Əfrasiyab bəy ondan 7 yaş böyük olub və Qəmər xanım ona «ailəmiz çox ciddidir. Ya elçi göndərməlisiniz ya da görüşə bilmərik». Bundan sonra Əfrasiyab bəy onlara elçi göndərib, Qəmər xanımla evlənir. Onların arasında çox güclü sevgi olub.

Əfrasiyab bəy «Qız qalası» baletini Qəmər xanıma həsr edib. Əsas partiyanın ilk ifaçısı da elə Qəmər xanım özü olub. Əfrasiyab Bədəlbəyli ilə birlikdə təhsillərini davam etdirmək üçün indiki Sankt-Peterburqa gediblər. Qəmər xanım A.Vakanova adına Leninqrad Xoreoqrafiya Məktəbinə daxil olub, Əfrasiyab bəy isə konservatoriyanın bəstəkarlıq şöbəsində təhsil alıb. 1936-cı ildə ali məktəbi bitirib, Bakıya qayıdıblar. 
Çox təəssüf ki, həyat bəzən gözlənilməz «sürprizlərlə» bizi kədərləndirir. Qəmər xanımın birinci hamiləliyi uğursuz olduqdan sonra daha uşaq istəməyib. Əfrasiyab bəyin övlad arzusu isə bitib-tükənmək bilmirdi. Ehtimal olunur ki, ailənin dağılmasına səbəb elə bu olub. Əfrasiyab bəy Qəmər xanımla olan ayrılığından sonra Yevgeniya adlı bir qadınla evlənir. Həmin xanımın oğlu onu «ata» deyə çağırırmış. Buna baxmayaraq, Əfrasiyab bəy Qəmər xanımla son günə qədər əlaqəsini kəsməyib. Onlar bir-birlərinin evinə qonaq gedir, nəyisə müzakirə edirdilər. Onların arasında olan dostluq, mehribanlıq ömürlərinin son gününəcən davam edib.

Yaşadığı çətinliklərə baxmayaraq Qəmər xanım qəşəng geyinməyi çox sevən xanım olub. Onun dərzisi fransız idi. Qəmər xanım hər zaman ən son materialları, modaları qarderobunda görməyi çox sevərdi. O, evdə həmişə hündürdaban çəkmələrdə gəzirdi. Hətta qonaq gedəndə də özü ilə geyinməyə hündürdaban nəsə götürürdü.

Ən bahalı ətirləri alardı. Qəmər xanımın qardaşı nəvəsinin dediyinə görə bir dəfə hansısa ölkədə satıcı deyib ki, «bu ətir sizin üçün çox bahalıdır». Cavabında isə Qəmər xanım bildirib ki, onun üçün bahalı ətir deyə bir şey yoxdur, neçəyə satsalar, alacaq.
Dəbdəbə aşiqi olmasına baxmayaraq qəmər xanım həm də qabiliyyətli ev xanımı idi, qonaq çağırmağı çox sevirdi. Teatrda belə həmişə şampanı, kürüsü, yaxşı konfetləri olurdu. Teatrın axrıncı mərtəbəsində kabineti var idi. Həmişə qonaqlı-qaralı olurdu. Arkadi Raykin, Vitali Vulf onun qonaqları olublar. Niyazi, Bülbül, hamısı bir ailə kimi idilər...

Həyatının son illəri 90-cı illərə təsadüf edən Qəmər xanım, baletin durğunluğuna şahid olur və bu onu daha da məyus edir. Davamlı olaraq Opera və Balet Teatrına gedib-gələn Qəmər xanım, incəsənət yoldaşlarıyla olan əlaqəni itirmək istəmirdi. Son iki ili heç nə etməyən balerinamız, öz qayğısına qalır, istirahət edirdi. Günün çox hissəsini evdə olur, ac itləri, pişikləri yemləyirdi...

Mərhəmətli qəlbi ilə də tanınan Qəmər xanım, haradasa kimsəsiz, ac uşaq görərdisə, mütləq onları evinə gətirib yedizdirərdi, qayğılarına qalardı. Ancaq təəssüf ki, bu cür xeyirxahlıqlar həmişə yaxşı nəticələnmir.
Xeyirxahlıq göstərdiyi uşaqlar bir dəfə onun evini qarət etmişdilər. Bu da ona maddi zərərdən əlavə həm fiziki, həm də mənəvi baxımdan pis təsir göstərmişdi. Bu hadisədən sonra Qəmər xanımın qardaşı onu yalnız qoymamaq üçün digər ailə üzvləri ilə birlikdə onun yanına köçürlər.

Qəmər Almaszadə 7 aprel 2006-cı ildə 91 yaşında dünyasını dəyişib. 
Azərbaycan baletinə bu cür tarix yazdırmış və şərqin ilk qadın balerinası kimi dünya tarixinə imzasını atmış Qəmər Almaszadəni hüzn və hörmətlə anırıq... 
 

0 şərh